Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Marqaret Etvud “Damazlıq qızın hekayəti”

Annotasiya

“Damazlıq qızın hekayəti” (ingiliscə “The Handmaid’s Tale”) – Marqaret Etvud 1939-cu ildə doğulmuş kanadalı yazıçı, şair, tənqidçi, esseist və feministdir. Müəllif “Damazlıq qızın hekayəti” romanına görə 1987-ci ildə “Artur Klark mükafatı”na layiq görülüb. Antiutopiya janrında yazılmış əsərdə totalitar cəmiyyətin, siyasi ideyaların və cinsi zorakılığın real təsviri verilib. Romanda hadisələr XX əsrin 80-ci illərində, hərbi rejim tərəfindən yerlə-yeksan edilmiş ABŞ-da baş verir. Radioaktiv tullantılar nəticəsində təbiət çirklənib, insanlar xəstə və zəif olublar. Az zərər çəkən şəhərlər “Gilead” adı altında birləşdirilib və dini dəyərlərlə idarə olunan yeni cəmiyyət yaradılıb. Bu patriarxal dünyanı Tanrı qiyafəsi altında despotlar idarə edir, qadınlar isə insan yerinə qoyulmur. Bütün hüquqlarından məhrum olan qadınlar iki qrupa bölünür – qısırlar və damazlıqlar… Əsərin baş qəhrəmanı OfFredin dilindən danışılan əhvalatda zaman labirintinə düşən oxucu qorxunc səhnələrə şahid olmaqla bərabər, yazıçının incə yumorununda, müqayisəli təsvirindən zövq alır.

Karandaşın izi ilə

Çarpayı. Tək nəfərlik, döşəyi orta sərtlikdə, ağ yun örtüklü. Yataqda heç bir şey baş vermir, sadəcə yuxu, ya da yuxusuzluq. Çox düşünməməyə çalışıram. Başqa şeylər kimi indi fikirlərə də qənaət etmək lazımdır. Düşünülməsi dözülməz olan çox şey var. Düşünmək insanın şansını yox edə bilər, mənsə dayanmaq, tab gətirmək niyyətindəyəm.

***

…balıq gözünə bənzəyən güzgünü və orada əks olunan özümü görürəm: qırmızı bürüncəkli nağıl qəhrəmanının parodiyası, karikaturası, əyişdirilmiş kölgəsi olaraq təhlükəyə bərabər bir ani diqqətsizliyə doğru enirəm. Qana bulanmış bir rahibə.

***

Asanlıqla qazanılan kiçik hədəflərə sahib olmaq yaxşı şeydir.

***

Nələrisə etmək azadlığı və nələrdənsə qaçmaq azadlığı. Anarxiya dövründə nələrisə etmək azadlığı vardı. İndi nələrdənsə qaçmaq azadlığı sizə verilib. Bunu qiymətləndirməmək olmaz.

***

Biz seçmək variantlarının artıqlığı üzündən can verən bir cəmiyyətdəyik.

***

Ən pisi – başlara keçirilmiş torbalardır, bunlar, üzlərinin düşə biləcəyi haldan daha pisdir. Adamlar üzləri hələ boyanmamış kuklalara bənzəyirdilər, müqəvva kimi – bir növ elə müqəvva idilər, çünki vəzifələri qorxutmaq idi.

***

Uzanmaq və yatmaq arasındakı fərq. Yatmaq – həmişə passivdir.

***

Gələcək sizin əllərinizdədir, – deyə sözünə davam etdi. Əllərini bizə doğru uzatdı; bu – həm təklif, həm də dəvət mənasına gələn qədim bir jest idi, qucaqlaşmaq, qəbul edilmək üçün irəli atılmağı bildirirdi. Sizin əllərinizdə, – deyə öz əllərinə baxaraq təkrar etdi, sanki bu fikri ona əlləri vermişdi, amma əllərində heç nə yox idi. Boş idilər. Gələcəkdə dolmalı olan bizim əllərimiz idi; tutula bilən, amma baxıla bilməyən bir gələcəkdə.

***

Bu evdə hamımız bir-birimizə nəyə görəsə həsəd aparırıq.

***

Həmişəki kimi arsızca yaşayardıq. Arsızlıq cəhalətlə eyni şey deyil, üzərində çalışmaq lazımdır.

***

Heç bir şey bir andaca dəyişməz: tədricən qızıb qaynayan vannada hiss etmədən diri-diri yanıb ölə bilərsiniz.

***

Biz qəzetlərə mövzu olmazdıq. Şriftlərin kənarlarındakı ağ, boş yerlərdə yaşayardıq. Bu, bizə daha çox azadlıq verirdi. Əhvalatlar arasındakı boşluqlarda yaşayardıq.

***

Bədənimə baxmamağa çalışıram, ayıb və ədəbsizlik olduğuna görə deyil, onu görmək istəmədiyimdən. Məni bütünlüklə ifadə edən bir şeyə baxmaq istəmirəm.

***

Hələ vaxt var. Bu, hazır olmadığım çox şeylərdən biridir, – doldurulmayan vaxt miqdarı, heçliyin uzun parantezləridir. Ağ səsə bənzəyir zaman. Kaş ki, naxış vura biləydim. Toxumaq, hörmək, əllərimi nə iləsə məşğul etmək.

***

Gözləyirəm – yuyunmuş, daranmış, yeyib doymuş halda, bir qurbanlıq donuz kimi. Səksəninci illərdə bir ara donuz topları icad etmişdilər – donuzlar topları burunlarıyla ora-bura dığırladırdılar. Donuz saxlayanlar deyirdilər ki, bu, əzələləri inkişaf etdirir; donuzlara maraqlı gəlirdi, düşünməyə bir şey olduğu üçün sevinirdilər. Bunu “Psixologiyaya giriş” kitabından oxumuşdum; bunu və bir də, nə iləsə məşğul olsunlar deyə özlərini onlara verilmiş elektroşok alətlərinə çırpan qəfəsə salınmış siçanlar haqqındakı fəsli. Bir qarğıdalı dənəsi almaq üçün xüsusi mexanizmin düyməsini dimdikləməyə öyrədilən göyərçinlər haqqındakı fəsli də. Bu göyərçinləri üç qrupa ayırırdılar: birinci qrup – hər dimdiyə bir qarğıdalı dənəsi, ikincilər – düyməni iki dəfə dimdiklədikdən sonra bir qarğıdalı dənəsi alırdı. Üçüncü qrupa isə qarğıdalı dənəsi təsadüfi, necə gəldi verilirdi. Təcrübə aparan adam qarğıdalı dənəsini verməyi kəsdikdə, birinci qrup qısa müddətdə, ikinci isə bir az sonra təslim olur və düyməni daha dimdikləmirdilər. Üçüncü qrup əsla təslim olmurdu. Onlar ölənə qədər dimdikləyirdilər və bunu əsla buraxmırdılar. Hansı mexanizmin işə düşəcəyini kim bilə bilər?

***

Ətir – dəbdəbədir, onun xüsusi bir səbəbi olmalıdır.

***

Bizə yalnız qələbələri göstərirlər, məğlubiyyətləri – heç vaxt. Pis xəbərləri kim istəyər?

***

Ad – telefon nömrəsi kimidir, yalnız başqaları üçün yaradılır; ancaq bu doğru deyil, ad – mühümdür.

***

Məhdud imkanlar altında istər-istəməz hər şeyə inanırsan.

***

Məhdud imkanlar altında həyat eşqi ən qəribə nəsnələrdən yapışır.

***

Kişi – sadəcə başqa qadınlar istehsal etmək üçün qadının istifadə etdiyi bir vasitədir.

***

Hər qayda üçün həmişə bir istisna tapmaq mümkündür.

***

Bir qadın olaraq bir kişini əfv etməyinizin zəruri olduğu duyğusu ilə sizi heç vaxt şirnikləndirməyəcəklər. İnanın mənə, buna müqavimət göstərmək çox çətindir, amma unutmayın ki, əfv etmək də hakimiyyətdir. Onun üçün yalvarmaq – hakimiyyətdir, onu rədd etmək də, onu bəxş etmək də – hakimiyyətdir; bəlkə də, ən böyük.

***

Biz ikiayaqlı bətnlərik vəssalam: müqəddəs qablar, yeriyən qədəhlər.

***

İstəmək – zəiflikdir. Bu zəiflik hər nə olsa da, məni şirnikləndirir.

***

Perspektiv – mənim buna ehtiyacım var. Bir çərçivənin yaratdığı dərinlik illüziyası, düz səth üzərində formaların yerləşməsi. Perspektiv zəruridir, yoxsa sadəcə iki ölçü qalar. Üzünüzü divara yastılayaraq yaşayarsınız, ətrafda hər şey – nəhəng bir ön plana çevrilər, hər şey yaxında olar: detallar, saçlar, mələfənin sapları, üzün molekulları. Dəriniz – heç bir yerə aparmayan cığırlarla çarpazlanmış bir xəritə, bir mənasızlıq sxemi kimi. Bu günlə yaşayarsınız. Mənsə bununla yaşamaq istəmirəm. Zaman – tələdir və mən də onun içinə düşmüşəm.

***

Labirintdəki siçan da, labirintin içində qalmaq şərtilə istədiyi yerə gedə bilər.

***

Heç bir ana, uşağın ideal ana haqqında təsəvvürünə bütünlüklə uyğun gəlməz, məncə, bunun əksi də doğrudur.

***

“…qadınlar üçün bir üstəgəl bir üstəgəl bir üstəgəl bir – dörd etməz. “Bəs neçə edər? – deyə soruşdum, “beş”, ya da “üç” cavabını gözləyərək. “Sadəcə bir üstəgəl bir üstəgəl bir üstəgəl bir” – deyə cavab vermişdi”…

***

Bir üstəgəl bir üstəgəl bir üstəgəl bir, dörd eləmir. Hər biri tək qalır, onları birləşdirmək mümkün deyil. Birini digəriylə dəyiş-düyüş etmək də olmur. Bir-birlərini əvəz edə bilməzlər.

***

Xəyanət anı hər şeydən pisdir, şübhəsiz, sənə xəyanət edildiyini anladığın an: başqa bir adamın sənə bu qədər pislik arzuladığını… Sanki yuxarıdan ipləri kəsilmiş liftdəsən. Düşürsən, düşürsən və nə vaxt yerə çırpılacağını bilmirsən.

***

Gündəlik ruzim mənə bəs edir, bu məsələyə görə Sənin vaxtını almayacağam. Əsas məsələ bu deyil. Məsələ – bu ruzini boğulmadan uda bilməkdir.
Daha mühüm işlər var, məsələn, başqalarını hifz et, əgər onlar təhlükəsizlikdədirlərsə. Çox əzab çəkmələrinə izn vermə. Ölməlidirlərsə, qoy ölümləri tez olsun. Onlar üçün hətta Cənnət də təşkil edə bilərsən. Sənə buna görə ehtiyacımız var. Cəhənnəmi özümüz də yarada bilərik.

***

Bəşər övladının süqutu, düşkünlüyü – məsumluqdan idraklılığa düşmək idi.

***

“Daha yaxşı”, əsla “hər kəs üçün daha yaxşı” demək deyil. Kimlərəsə həmişə pisdir.

***

Nə etmək olar, bağışlayın məni. Mən keçmişdən olan bir qaçqınam və bütün qaçqınlar kimi tərk etdiyim, ya da tərk etməyə məcbur olduğum həyatın vərdiş və adətlərini bilaixtiyar xatırlayıram.

***

İntizarda olan qadın, daha çox, dəmiryolu vağzalında gözləyən birini xatırladır. İntizarda olmaq, eyni zamanda bir yerdir: intizarında olduğunuz yerdir. Mən bu otaqda intizardayam. Burada mən mötərizələr arasındakı bir boşluğam – başqa insanlar arasında.

***

Keçmişə dair bir film, keçmişlə eyni deyil.

***

Qorxu – güclü bir təkanvericidir.

 

Tərcümə: Samir Bulut

Topladı: Xavər Zahir

3 (60%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook