Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Kolin Makkalou “Tikanlıqda şərqi deyənlər”

Annotasiya

“Tikanlıqda şərqi deyənlər” (ingiliscə “The Thorn Birds”) – Avstraliyalı yazıçı Kolin Makkalounun 1977-ci ildə işıq üzü görən ailə saqası tez bir zamanda bestsellərə çevrilir. London universitetlərindən birinin apardığı araşdırmaya əsasən dünyada hər dəqiqə bu romanın iki nüsxəsi satılır.
1915-ci ildən cərəyan etməyə başlayan hadisələr yarım əsri əhatə edir. Kitab yeddi hissədən ibarətdir. Hər bir hissədə əsas qəhrəmanlardan birinin xarakteri açılır. Əsərdə Yeni Zelandiyada kasıb çoban kimi fəaliyyət göstərən Kliri ailəsinin daha sonra Avstraliyanın ən böyük malikanələrindən biri hesab edilən Drogedanın sahibkarlarına çevrilməsindən bəhs edilir.

 

Karandaşın izi ilə

Bir quş haqda əfsanədə deyilir… Bütün ömrü boyu yalnız bir dəfə oxuyan quşun səsi Yer üzünün ən gözəl, ən təsirli ifası olur. Günlərin bir günü o üz yuvasını tərk edir və tikanlı kol axtarışına çıxaraq onu tapana qədər sakitləşmir. Kolların arasında şərqisini deyə-deyə sinəsini ən uzun, ən iti tikana batırır və ölüm şərqisini daha böyük əzabla ifa etməyə davam edir. Tikan ürəyini parça-parça etsə də, ağrısına qalib gələrək, ölüm ayağında torağay quşundan, bülbüldən belə gözəl oxuyur. Yer üzünün yeganə şahanə nəğməsi ölüm bahasına başa gəlir. Amma həmin an bütün dünya nəfəsini saxlayaraq sükuta qərq olur və Tanrı da göylərdə gülümsəyir. Belə çıxır ki, ən gözəl şeylər yalnız böyük iztirablar bahasına başa gəlir… Hər halda, əfsanə belə söyləyir.

***

… əgər özünə və övladlarına yeni geyim alıb-almamaq arasında seçim etmək lazım gəlirdisə, özünü ixtisara salırdı. Bu, milyon öpüşdən daha üstün olan məhəbbətin sübutu idi.

***

Mənim rahibələrə çox böyük hörmətim var, onları mühakimə etməyə haqqımız çatmır, amma çubuqlarından daha az istifadə etmələrini istərdim. Əlbəttə, bizim kimi küt irlandiyalıların beyninə elm yeritmək üçün çubuğa da ehtiyac var.

***

– Necə düşünürsünüz, onun Cillini fəaliyyətinin mərkəzi hesab etməsini nə təmin edə bilər?
– Bunu söyləmək çox çətindir. Gərək qeyri-adi nəsə baş versin. Min ruhun eyni anda xilası, topal və korlara şəfa vermək… Lakin möcüzələr dövrü çoxdan keçmişdə qalıb.
– Lütfən sadəlövh olmayın, mən buna şübhə edirəm. Sadəcə Tanrı texnikasını dəyişib, bizim dövrdə o, pulları işə salıb.

***

Mən tamamilə sağlamam, lakin altmış beş yaşın da öz zəhmi var. Birdən başa düşürsən ki, qocalıq başına gələ biləcək bir şey deyil, o artıq başına gəlib.

***

Ailənin kasıb olmasına baxmayaraq, mətbəxdəki yemək masasının arxasında bir neçə kitab rəfi yerləşirdi.

***

Yaşlıyam, onsuz da zamandan başqa bir şeyim qalmayıb.

***

Xeyr, Meggi müqəddəs deyil, başqalarından da heç nə ilə fərqlənmir. Sadəcə heç vaxt şikayətlənmirdi. Bu, bir istedaddır, bəlkə də lənətdir?

***

Məlumatsızlıq məlumatsızlıqdan doğur. Bədən və şüur oyanmadığı zamanda onlar bu məsələlərdən agah olan kəslər tərəfindən oyadılacaq.

***

– Heç nə məni nə Tanrının, nə iblisin mövcudluğuna inandıra bilmir. Bunun sübutu olacaq heç nəyə rast gəlməmişəm.
– Mən də görməmişəm, ancaq din sübuta əsaslanmamalıdır, Meri. Bunun kökündə inam durur, katolik kilsəsinin təməlini inam təşkil edir. İnam yoxdursa, heç nə yoxdur.
– Çox etibarsız təməldir.

***

Qocalıq kinli Tanrının ən böyük qisasıdır. Niyə o, vücudumuzla bərabər ruhumuzu da qocaltmır?

***

– Hər şeyin, hətta hisslərin də doğulmaq haqqı var.
– Söhbətin nədən getdiyini anlayırsan, düzdür?
– Çox güman ki, hə.
– Hər doğulan şey yaxşı deyil, Meggi.
– Elədir, ancaq o doğulubsa, deməli, belə lazım idi.

***

– Gülməlidir, sözsüz. Hər şey yanıb kül olarkən ağlıma qəribə şeylər gəldi. Nə öləcəyimi, nə uşaqlarımı, nə də bu gözəl evin yanıb məhv olacağını yox, iş səbətimi, bitirmədiyim toxuma işimi, neçə illərdir yığdığım müxtəlif cür düymələrin saxlandığı qutunu, bir də Frenkin bir vaxtlar mənim üçün düzəltdiyi peçenye üçün ürək formasında olan qabları düşündüm. Onlarsız necə yaşayacağımı fikirləşdim. Bütün bunlar xırda şeylərdir, ancaq onları heç nə əvəz edə bilməz, onlar dükanda satılmır.
– Hə, bütün qadınlar eynidir. Maraqlıdır. 1905-ci ildə yoldaşım yanan evə daxil olarkən arxasınca qışqırdığım yadıma gəlir. Birdən görürəm ki, əlində bitirməmiş əl işi ilə çıxır. Ev yansa da, özümüz sağ qaldıq. Yeni evimiz hazır olar-olmaz arvadım əl işini bitirdi. Yəqin, yadınızda olar, dəbdən düşmüş naxış idi: “Mənim əziz evim” yazısı vardı.

***

Qadınlar qızlarını düşünməyə həvəsli olmurlar. Qız övladı nədir? Keçdiyin keşməkeşli həyatı xatırladan biridir. Sən keçdiyin yolu, sənin tökdüyün gözyaşlarını tökəcək gənc surətindir qız övladı.

***

– Nəhayət, rahatlandım! Görəsən, qalstuku kim icad edib, hələ bir hər özünə hörmət edən kişinin onu taxmalı olduğunu qərarlaşdırıb? O adamı tapsaydım, onu elə öz icad etdiyi qalstukla boğardım.

***

Qızların ziyandan başqa bir xeyirləri yoxdur. Onları yedir, içir, böyüyəndə də gedib başqasının evində işləsinlər.

***

– Meqin puluna yaşamaq istəmirəm.
– Riyakarlıq etməyin! Məgər onunla pullarına görə evlənməmisiniz?
– Ola bilsin, pulun da rolu olub, amma onunla xoşum gəldiyi üçün evlənmişəm.
– Xoşunuz gəlib? Onu sevməmisiniz?
– Sevmək? Bu nə deməkdir? Bu, qadınların uydurmasıdır.

***

Bir dəfə büdrəyən insana həyatın döngələri yaxşı məlum olur.

***

Qədim yunanlar hesab edirdi ki, bir şeyə qarşı dəlicəsinə məhəbbət Tanrılara qarşı günah işlətməyə bərabərdir. Sevilən şəxsi Tanrılar çox qısqanır və onun ömrünün bahar çağında məhv edirlər. Bu, hamımız üçün bir dərsdir, Meggi. Hədsiz məhəbbət kafirlikdir.

***

Sağ qalmaq üçün öldürmək qəddarlıq deyil.

***

– İlk dovşanı İngiltərədən gətirən avstraliyanı görüm lənətə gəlsin, lənətəgəlmiş vətənpərvər! – Bob deyinirdi.
Əvvəllər Avstraliyada dovşanlar yox idi, onları vətəndən bir xatirə olaraq ingilislər gətirmişdi. Onlar materikin ekoloji tarazlığını pozdular. Burada onları məhv edəcək yırtıcı heyvan yox idi, gətirilmə tülkülər də bu iqlimə öyrəşə bilmədilər. Zamanla insan yırtıcı rolunu öz üzərinə götürsə də, bu, dovşanların kökünü kəsməyə kifayət etmədi.

***

Günahkar olduğunu başa düşmək və ruhən səndən təmiz insanın qarşısında əyləşmək ağır idi.

***

Mən bir qadınla yaşamaqdan və onun belə bir sevinc yaşada bilməsindən xəbərsiz idim. Onun yanından bir addım belə uzaqlaşmaq istəmirdim və bu yalnız cinsi yaxınlığa görə deyildi, onunla söhbət etməyə, susmağa, bişirdiyi yeməkləri yeməyə, ona gülümsəyib fikirlərini bölüşməyə can atırdım. Onun üçün ömrümün sonuna qədər darıxacağam.

***

Qəribədir, əkizlər, daha doğrusu, Cims saatlarla Şimali Afrikadan danışırdı. Oranın şəhərləri, insanları, yeməkləri, Qahirədəki muzey, gəmidəki həyatlarından bəhs edirdi. Ancaq onlardan Qazala, Benqazi, Tobruk və Elameyn uğrunda döyüşləri barədə bir söz qoparmaq olmurdu, o dəqiqə mövzunu dəyişdirirdilər. Sonralar müharibə bitəndə qadınlar təkrar-təkrar bunun şahidi olacaq – qızğın döyüşlərin getdiyi yerlərdə vuruşan kişilər bu haqda danışmayacaqlar, veteran klublarına üzv olmayacaq və müharibəni xatırlada biləcək hər şeydən uzaq duracaqlar.

***

– Cims, sənə nə olub? Bəlkə, mənə söyləyəsən?
Cims əzab dolu gözlərini qaldırdı və ürəyini aça bilməsinin mümkün olmadığını sübut edəcək şəkildə başını yellədi.
– Yox, Meggi. Bunlar qadına söyləniləcək şey deyil.
– Bəs bütün bunlar geridə qalanda və sən ailə quranda necə? Yoldaşınla da hisslərini bölüşməyəcəksən?
– Məgər biz evlənəcəyik ki? Çətin. Müharibə insanın bir çox arzularını dəf edir. Müharibəyə getmək üçün dəridən-qabıqdan çıxdıq, amma indi ağıllanmışıq. Evlənsək, oğullarımız ola bilərdi. Nəticə nə olacaq? Onların da böyüyüb müharibəyə getməsi, bizim etdiklərimizi və gördüklərimiz təkrarlamaları üçün yol açmalıyıq?

***

İmkanlı qadınlar gec qocalır.

***

– Hələ də başa düşmürəm. Aktrisa!
– Bəs səhnədən başqa harada qışqıra və haray qopara bilərəm? Bunu etməyimə nə evdə, nə məktəbdə, nə də başqa yerdə icazə verirlər! Lənətə gəlsin, mən isə həm qışqırmağı, həm haray qoparmağı sevirəm!

***

– Bəs evlənmək fikrin var?
– Əsla! Ömrümü uşaqların burnunu silib altlarını təmizləməklə keçirmək istəmirəm. Özünü məndən üstün tutan kişinin qabağında qulluqçuluq edim? Xeyr, olmaz!

***

Vinidiumdan olan bir romalı
İridiumdan olan köynək geyinirdi.
Onlar soruşdular:
– Geyimin qəribə deyil ki?
O isə cavabında: Id est bonum sanguinem praesidium. (Bədən üçün əla müdafiədir).

***

– Sən heyratamiz qadınsan, ana.
– Razılaş ki, heç vaxt övladlarıma nə etmələri, necə yaşamaları gərək olduğunu söyləmədim.
– Düzdür. Buna görə sənə həmişə minnətdar olmuşuq.

***

Artur onun çay içə-içə kitab oxuduğunu görüb ona yaxınlaşdı.
– Nə oxuyursunuz?
Castina başını qaldıraraq gülümsədi.
– Prustu.
– Məncə, çox yorucu yazır. Necə düşünürsünüz?
– Prust yorucu yazır? Bunu ancaq dedi-qodu həvəskarı olmayanlar iddia edə bilər. Çünki Prust, əslində, qoca qeybətçidir.

***

Mən heç vaxt aşiq olmayacağam! Sevdiyin insan səni öldürür. Bir kəsə ehtiyacın olduğunu hiss edən kimi onun səni öldürdüyünü görəcəksən. İnsanların hamısı belədir!

***

Fikir eləmə, qızım. Tanrı sənə qarşı çox səxavətli davranıb, ağıldan məhrum edib. İnan, onsuz daha yaxşıdır. Sən heç vaxt güclü cinsin rəqibi olmayacaqsan.

***

Bilirsiniz, səhnədə xarici görünüş bir o qədər əhəmiyyət daşımır. Vacib olan tamaşaçılara gözəl olduğunu sübut etmək bacarığıdır.

***

İngilislər üçün çay günün ən mühüm içkisi sayılır, elədir? Çay süfrəsi arxasında çox şeylər baş verir. Saat ikidən altının yarısına qədər istədiyin zaman söhbətlər aparmaq olar, söhbət etdikcə də insan daha da susayır.

***

İtiriləsi bir şeyin olmadıqda çox şeyə nail olmaq olar, ağrını hiss etməyən insanı heç nə yaralaya bilməz.

***

– Mənə elə gəlir, şöhrətpərəst kişilər qadınları ilə yaxşı davranmırlar, herzchen, hə? – Reyner kefsiz halda soruşdu.
– Çünki şöhrətpərəstlər özlərinə iradəsiz, key qadınlar seçməyə üstünlük verirlər.

***

Səhnədə tam yad bir obrazı canlandırmaq maraqlıdır, bununla belə, əslində o yad insanın sən ola biləcəyini düşünmək insanı həyəcanlandırır. Bütün sirr də bundadır. Başqa qadına çevrilmədən onun rolunu və taleyini mənimsəmək.

***

– Eynən Napoleon və Çörçil kimi. Əgər adam məşhur dövlət xadimidirsə, özünün ölkəsinin taleyində rol oynayacağına əmindir. Bəs sən özünü ölkənin taleyini həll edən insan hesab edirsən?
– Bir almana sual ünvanlayanda ehtiyatlı olmaq lazımdır, Castina. Yox, özümü belə bir insan saymıram. Siyasətçilərin tale ilə oynadıqlarını təbii hesab etmələri də çox pis haldır. Bəlkə, çox nadir hallarda bu prinsip özünü doğrulda bilər, ancaq əksər bu cür insanlar yalnız özlərinə və ölkələrinə zərər verməkdən başqa bir şeyə nail olmurlar.

***

– Qocalığın da öz məqsədi var, Meggi. O, ölümdən qabaq səhvlərimizi götür-qoy etməyə imkan yaradır.
– Əlbəttə, o vaxta qədər düşünmək qabiliyyətimizi itirməsək.
– Ola bilsin, qocaqlıqda ağıllarını itirənlər keçmişi ilə barışa bilməyən insanlardır?

***

Ağrılar azalanda xatirələr də təsəlli ola bilir.

***

– Səndə ən çox xoşladığım, yox, sevdiyim xüsusiyyətin məni yerimdə oturtmaq bacarığın olub. Heç vaxt sənə qalib gələ bilməmişəm.
– Onda gələcəyə bu cür yanaş, herzchen. Mənimlə eyni damın altında yaşadıqca, mübahisələrdə mənə qalib gəlməyin yollarını öyrənmək şansını əldə edəcəksən. Mənə olduğun kimi lazımsan, Castina. Üzündən nə bir çilin getməsini, nə də beynindəki hansısa hüceyrənin dəyişməsini istəmirəm.

***

Tikanı sinəsinə batıran quş təbiətin sarsılmaz qanununa tabe olur. O özü də sinəsini ən iti tikana batırıb gözəl nəğməsini oxuyarkən öləcəyini anlamır. Tikan ürəyini parça-parça etdiyi an ölüm barədə düşünmür, o, sadəcə oxuyur… səsi tükənənə, nəfəsi kəsilənə qədər oxuyur. Fəqət biz sinəmizi tikana batırarkən əzab çəkəcəyimizi bilirik. Başa düşürük. Amma yenə də bunu edirik. Bu həmişə belə olacaq…

 

Tərcümə: Aytən Cavanşir

4.8 (95.71%) 14 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook