Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Yevgeni Çeşirko “Damdabacanın gündəliyi”

yevgeni-cesirko-damdabacanin-gundeliyi-evgeni-cesirko-dnevnik-domovogo-kkoAnnotasiya

“Damdabacanın gündəliyi” (rusca “Дневник Домового”) – Bu kitabda kobud, ancaq eyni zamanda əyləncəli damdabacanın gündəlik sərgüzəştlərindən bəhs edilir. Hər sətrində yumor olan bu əsər əvvəl müəllifin internet səhifəsində yayıldıqdan, oxucular tərəfindən bəyənildikdən və yüksək qiymətləndirildikdən sonra 2016-cı ildə kağız formatda işıq üzü görüb.

Əsərin müəllifi Yevgeni Çeşirko Stavropolda anadan olub, Şimali Qafqaz federal universitetini bitirib. Hərbi xidmətdən sonra daşınmaz əmlak sahəsində işləyir. Hazırda Y.Çeşirko “Damdabacanın gündəliyi”ndən əlavə Su pərisinin, Qulyabanının və başqa mifik obrazların gündəliklərini yazır, həmçinin kiçik hekayələr də qələmə alır.

 

Karandaşın izi ilə

1 sentyabr
Bilik günü. Pişik əlifbanı basıb yedi.

***

Pişiklə Kamasutranı oxuduq. Necə oxuduq?.. Şəkillərə baxıb at kimi kişnədik. Ancaq sonra xeyli düşündük.

***

Pişiklə “Animal Planet”ə baxdıq. Dedi ki, bütün şirlər axmaq “əzələ yığını”dır, çünki anabolik atırlar. Mənə elə gəlir ki, sadəcə paxıllığı tutur.

***

Pişiklə şampan mantarı ilə futbol oynayırdıq. Mantar Zinaida Zaxarovnanın ayağının altında qaldı və o, şkafa kəllə atdı. İndi onu Zinəddin Zidan adlandırırıq. Əlbəttə ki, gözlərinə görə.

***

Gecə qarının qulağına pıçıldadım ki, artıq evinə qayıtsa yaxşıdır. O isə durdu və pelmeni yeməyə getdi. Qadınlar… Heç bir məntiq yoxdur…

***

Xalkda Nitsşenin kitabını tapdıq. Bütün axşamı Pişiklə onu müzakirə etdik və bu qənaətə gəldik ki, qapının ağzına qoymaq üçün ən yaxşı vasitə izahlı lüğətdir, çünki o daha ağırdır.

***

1 dekabr
Qış. Pişiklə Yeni İli harada keçirəcəyimizi fikirləşdik. Qərara gəldik ki, mətbəxdə keçirək.

***

Elçilər gəldi. “Təmiz pasport – təmiz vicdan” əməliyyatı başladı. Pişik israr edirdi ki, əməliyyatın adını “Mənzildə fırtına” qoyaq. Ona izah etdim ki, mumlayıb otursun. Daha etiraz eşitmədim.

***

Sahibə pəhriz saxlamaq qərarına gəlib. Mətbəxdə oturub, kolbasa aşırır və pəhrizdən danışır! Piyli kolbasa! Gecə-gecə! O elə bilir ki, pəhriz saxlamaqla pəhriz haqqında danışmaq eyni şeydir.

***

Pişiyin yadına düşdü ki, mənə Yeni İl hədiyyəsini verməyi unudub. Divandan qopardığı rezin parçasını gətirdi. Dedi ki, onu ürək formasında gəmirib. Sən demə, hərdən üzündə sevinc əks etdirmək çox çətin olur.

***

Fikir verdim ki, Xalk emosiyalarını göstərməkdə çətinlik çəkir. Elə hey deyir: “Xoşbəxtliyə bir bax, ölməsəm yaxşıdır…” Ona baxıram və fikirləşirəm ki, həqiqətən belə edə bilər…

***

Axşam Pişiklə ulduzlara baxıb əbədilikdən danışırdıq. Başqa sözlə desəm, “Ulduzlar buz üstündə”yə baxıb mənzil-kommunal təsərrüfatı tariflərinin qalxmasını müzakirə edirdik.

***

Sahibə dedi ki, sabah anası qonaq gəlir. Nəhayət! Zinəddin, səni gözləyirik! Səni sevirik! Sənə inanırıq! Səndən yeməyi gizlədirik!..

***

22 aprel
Leninin ad gününü qeyd etdik. Pişik başa düşmür ki, heykəlin necə ad günü ola bilər.

***

Xalk cavab verdi ki, o bu dünyaya gəldikdən sonra qida zənciri öz mənasını itirib qida spiralına çevrilib.

***

Onun məntiqi hərdən mənə lisenziyalı müqaviləni xatırladır. Bir pox başa düşmək olmur, ancaq yaxşısı budur ki, razılaşasan.

***

Pişik də qonşunun BMW-sinin üstünü bulamaqla öz vətəndaş mövqeyini göstərdi. Nədir? Hərənin öz Qələbə Günü var…

***

Kuzmiç gəldi. Zinaida Zaxarovnanın hansı güllərdən xoşu gəldiyini soruşdu. Ona dedim ki, yeməli güllərdən.

***

Yır-yığış başladı. O, əvvəlki həyatında Hitler olsaydı, heç müharibə başlamazdı. Çünki bütün dörd ili sərhəddə dayanıb telini hansı tərəfə daramalı olduğuna qərar verərdi. Sonra isə əsəbiləşər və ağlamaq üçün alman tualetinə qaçardı. Bu çox qəribə səslənə bilər, ancaq çox təəssüf edirəm ki, Zidan Hitler olmayıb.

Deyəsən, qərar verdi, sol tərəfə. Pişik yemək qabına mərcə girdi. Yox! Sağa. Yoxsa sola? Xalk deyir ki, biz hal-hazırda böyük tennis tamaşaçılarına oxşayırıq. Əşi, onun üzündə qolf da oynamaq olar. Yazıq Kuzmiç…

***

Bir saat gecikdik. Və bununla da sübut etmiş olduq ki, heç nəyə baxmayaraq, Zinaida Zaxarovna da qadındır. Daha Pişiyin dediyi kimi, göy balinanın insanların qapısının ağzına atdığı balası yox.

***

Zinəddin sonuncu kökəni də yedi və evə yığışmağa başladı. Kuzmiç çox sarsıldı. Deyir ki, o kökələrin birinin içində üzük var idi. Xalk deyir ki, indi Zinaidada qida dəyərindən başqa da bir dəyər var.

***

Toyu iyulun əvvəlinə planlaşdırırlar. Xalk ayda-ildə bir dəfə zarafat etmək qərarına gəldi və dedi ki, Zinəddin gəlin buketini atsa, çox güman, həmin buket Yerin süni peykinə çevriləcək.

***

Mehtab. Pişik bütün gecə Xalkın beynin xarab etdi ki, onu hansısa Bella ilə tanış etsin. Baba gəldi və onu Krupskaya ilə tanış edə biləcəyini söylədi. Pişik dedi ki, 90 ildir ərini basdıra bilməyən qadına etibar edə bilməz.

Sahə müvəkkili gəldi. Pişik Bellası ilə ona da yapışdı. Soruşdum ki, Bellanın ona nə aidiyyatı var? Pişik sualıma belə cavab verdi ki, bütün qulyabanılar Bellanı tanıyır. Hətta poqonlular belə.

***

Zinəddin bu gün kök olmadığını, sadəcə sümüyünün ağır olduğunu söyləməklə əsrin bəyanatını vermiş oldu. Yəqin, gələcəkdəki arxeoloqlar da elə belə deyəcəklər: “Yox, bu mamontun skeleti deyil, bu sadəcə ağır sümüklü qadındır”.

***

Pişik belə bir nəzəriyyə irəli sürdü ki, insan həmişə yaşı qədər pelmeni bişirir. Müşahidə apardıq. Sən demə, Zinaida Zaxarovna Dunkan Maklauddur.

***

Ailənin yadına düşdü ki, artıq bayırda yay havası var və həyətdə günəş vannası qəbul etmək qərarına gəldi. Elə ki, Zinaida Zaxarovna əynində çimərlik geyimi evdən çıxdı, günəş tutulması baş verdi. Ailə bunu təsadüf adlandırsa da, Xalkla biz belə düşünmürük. Belə ki, öz gözlərimizlə Günəşin üstündəki ləkələrin “Nəyə görə?” ifadəsi şəklində birləşdiyini gördük.

***

Xalk dedi ki, Pişiyin yumorunda deşik açsaq, Qara Dəlik alınacaq.

***

Zinaida Zaxarovna Kuzmiçdən xahiş etdi ki, yanmış lampanı dəyişsin. Heç bir dəqiqə keçməmiş, onu cərəyan vurdu. Özü də elə vurdu ki, az qaldı işıq saçsın. Aramızda daha savadlı olan Xalk bunu lüstrasiya adlandırdı, mənlə Pişik isə Kuzmiç lampası. Kuzmiçin özü isə daha geniş təsvir verdi ki, həmin təsvirdən yadımda yalnız Qorkinin “Ana” romanının adı qaldı.

***

Zinaida Zaxarovna bu gün günəşin ilk şüaları ilə oyandı. Şüaların onun üzərindən keçib, sonra sürətlə kitab rəfinə doğru yer dəyişib Çernişevskinin “Nə etməli” əsərini işıqlandırmağa başladığını öz gözlərimlə gördüm.

***

Zinaida Zaxarovna çimərlikdə gəzir və öz ayaqları ilə çınqıl sahili qumlu sahilə çevirirdi. Bir neçə misirlinin xristianlığı qəbul etdiyini gördüm.

***

Hava proqnozuna baxdım. Deyəsən, qocalıram… Çünki maraqlı gəldi…

***

Anton lap zəhləmizi töküb. Elə hey deyir ki, SSRİ vaxtı daha yaxşı idi, ancaq bununla belə Rusiya istehsalı olan pendiri aşırmağa davam edir. Onu baba ilə tanış etmək lazımdır. Amma tarixə nəzər salsaq, görərik ki, iki kommunistin görüşü adətən inqilabla başa çatır. Xüsusilə bu kommunistlərdən biri bığlı, digəri keçəldirsə.

***

Nişanlısı Sahibəyə üzük hədiyyə etdi. Fikir vermişəm, qadınlar ağaclara oxşayır – yaşları çoxaldıqca halqaları da çoxalır…

***

Bu günü mədəniyyət günü elan etdim və Pişiyi məcbur etdim ki, “Hərb və sülh”ü oxusun. Bir saatdan sonra gəldi və hərbi oxuduğunu, sülhü isə həftəsonuna saxladığını dedi. Ondan soruşdum ki, Petya Rostov kimdir, o isə cavab verdi: “Rostov?.. Vorkuta!” – və getdi yatmağa.

***

Bu gün gündəliyimi kağıztikənlə tikirdim və bilmədən Xalkı da tikdim. Bax, belə audiokitab alındı.

***

Pişiyə dedim ki, əgər uçan siçanlar varsa, onu qısa müddətliyinə uçan pişiyə çevirə bilərəm. Bunun üçün o, stolun üstündəki sehrli kotleti yeməlidir…
Mənim üzərimdən uçarkən, üzümə elə baxdı ki, özümü ququ quşunun yuvası kimi hiss etdim. Görəsən niyə?..

***

Televizorda Babkinanın konsertinə baxdıq. İçimdə tozağacını qucaqlamaq, xorovodu başlı-başına buraxmaq və “Briqada” serialında baş rolu oynamaq kimi qarşısıalınmaz bir istək oyandı. Görəsən niyə?

***

Göyərçinlər uçub gəldi, pəncərə altlığını buladılar və uçub getdilər. Aydındır… Spam.

***

Zinaida Zaxarovna gəlmişdi. Onun yanında oturdum və üç saatın necə keçdiyini heç hiss etmədim. Xalk deyir ki, Eynşteynin nəzəriyyəsinə əsasən, yüksək qravitasiyaya malik obyektin yanında zaman əyilə bilər. Bilmirəm. Bir onu gördüm ki, əyilən yalnız stulların ayaqları oldu.

***

Baba gəldi, dedi ki, almanlar rus qışından qorxurlar. Düzünü desəm, mən daha çox monqol payızından ehtiyat edirəm. Çünki qeyri-müəyyənlik həmişə daha çox qorxudur…

***

Sahibə yatanda “Don Korleone” filminə baxdıq. “Səssiz” rejimdə. Onu oyatmamaq üçün. Şoloxov gəldi və dedi ki, bu nəsə sakit Dondur. Bir az oturdu, fikirləşdi və nəsə yazmağa başladı.

***

Sahibə bütün günü Pişiyi əzizlədi. Onun da ürəyi gedir nazlanmaq üçün. Nədir? Rusiyada həmişə miskinlərə mərhəmətli davranıblar… Ya da dövlət dumasına seçiblər.

***

Pişik biliyini artırmaq qərarına gəlib. İndi ağıllı sifətlə Ərciyəzin noutbukunun arxasında oturur. Ağıllı sifət deyir ki, pişiklə heç bir əlaqəsi yoxdur.

***

Sən demə, Vassermanın televizoru var. Yalnız bu televizor iki rejimdə işləyir: HD və totalitar. İkinci rejimi qoşdum, Belorussiya subtitrlərindən başqa heç nə dəyişmədi. Nədənsə tənbəki çubuğu çəkib kartof qızartmaq istədim…

***

Keşiş gəldi, Antona onun məzhəbini qəbul etməyi təklif etdi. Anton bildirdi ki, bu ona lazım deyil və ümumiyyətlə din xalq üçün tiryəkdir. Onun sözlərindən dərhal sonra dovşan gəldi və dedi ki, əgər belədirsə, o istənilən dini qəbul etməyə hazırdır, lazım gəlsə, lap ikisini birdən qəbul edər. Satqın…

***

22 dekabr
Bu gün Zinəddin gəldi və dedi: “Qoy o gün işığına həsrət qalım ki, Yeni İldən sonra mütləq pəhriz saxlayacam!”. Əlbəttə, bu sadəcə təsadüf də ola bilər, ancaq bu gün ilin ən uzun gecəsi idi.

***

Bu Yeni İli ayıq-başlılıq bayramı elan etdim, ona görə nə valeryanka olacaq, nə dovşan. Uzun sözün qısası, quru qanun elan etmişəm. Elə həmin dəqiqə alnımda ləkə əmələ gəldi və ölkəni dağıtmaq istədim.

***

2 yanvar
Köhnə rus adət-ənənəsinə əsasən, ayın 1-nin nə vaxt olduğunu yada salmağa çalışdıq. Pişik deyir ki, çox güman, bu, ayın 1-i olub. Hmm… Nənəmin də dediyi kimi: “Mən sənin nənənəm!”

***

Nəhayət Zinaida Zaxarovna rədd olub Kuzmiçlə öz evlərinə qayıtdılar. Hiss etdim ki, o uzaqlaşdıqca daha çox xoşuma gəlir. Deməli, məsafədən məhəbbət var imiş…

***

Pəncərənin qırağında oturmuşdum. Yatdım. Elə oradaca yuxudan ayıldım. Stabillik ustalığın əlamətidir!

***

Bütün günü yeyib yatdım. Dəhşət yoruldum. Yaxşısı budur, gedim istirahət edim.

***

– Bir az şəxsi sual verəcəm. Ərciyəzlə Sahibə dünyaya uşaq gətirməyi planlaşdırırlarmı? Bu barədə xəbəriniz varmı?
– Dünən bazarda idim və bilirsiniz, orda kimi gördüm? Yox, Praskovya nənəni yox. Maykl Ceksonu! Amma sonra məlum oldu ki, bu Varvaradır… Zəhmət olmasa, növbəti sual.

***

Ayının başı turislərin vedrəsində ilişib qaldı. Əlində çubuq meşədə qaçmağa və “Kral Artur axşama kimi qoşunu toplamaq əmri verdi” deyə qışqırmağa başladı. Bax belə. Hərdən ona baxırsan – pozitiv, şən heyvanın biridir. Hərdən isə qoyunun yekəsinə çevrilir.

***

Deyirlər, qorxunun gözləri böyük olur. Zırt. Qorxunun şalvarı qəhvəyi olur.

***

Yenə keşiş gəldi. Ağzı xaç formasında olan vintaçanı istədi. Pişik dedi ki, bizdə təkcə aypara formasında olan qalıb. Keşiş zarafatı düzgün qiymətləndirmədi. Hamımızı kafir adlandırdı və ingilissayağı getdi, yəni “gone”, daha Pişiyin dediyi kimi “ushel” yox.

***

Gecə Zinəddinin qulağına pıçıldadım: “Boş kassa!”. O da bir saniyə ərzində yastığının altından sinini çıxarıb pəncərənin qarşısında durdu. Pəncərə altlığındakı fikus dərhal cücərdi və hansısa Leon haqqında nəsə mırıldaya-mırıldaya batareyaya sarıldı.

***

Sınmış elektrik açarından Zinəddini cərəyan vurdu. Qadın açara elə hirslə baxdı ki, elektrikin utanaraq bu sözləri söylədiyini eşitdim: “Vurursa, deməli sevir”. Dəmir qadın! Yox, daha doğrusu, izolyator qadın…

***

Baba gəldi, almanlardan aldığı fotoşəkilləri göstərdi. Şəkillərin birində sağ küncdə Hitleri tanıdıq. Əsl kommunist kimi Anton dedi ki, həmişə sağçıları xoşlamayıb. Razılaşacam. Bir pox başa düşmədim, amma razılaşacam…

***

Xalk Pişiyə kölgəyə görə vaxtı təyin etməyi göstərdi. Pişik mayböcəyi tapıb gətirdi və dedi ki, böcəklərə görə hansı ay olduğunu bilir. Təcrübə keçirdim. Kəlləyə tıqqıltıya görə beynin olub olmadığını bilmək mümkün deyil.

***

25 may
Kuzmiç gəldi, domkratı istədi. Dedi ki, Zinəddin meşədə iki ağac arasında sıxışıb qalıb. Təqvimə baxdım. Hər şey düz gəlir. Son zəng…

***

Xalkla qadın məntiqi haqqında mübahisə etdik. Necə etdik… Oturduq, susduq…

***

Yeri gəlmişkən, Pişik onunla ona görə dalaşdı ki, Xalk ampirin Bellanın əri olduğunu qəbul etmək istəmirdi.

***

Pişik başa düşmür ki, evin içində daha maraqlı səyahət etmək mümkün olduğu halda, heç kimin tanımadığı bir yerə istirahətə getmək nəyə lazımdır? Ona izah etdim ki, “Zinaida Zaxarovna ətrafında 80 gün” turistik tur deyil, həyatın acı gerçəyidir.

***

Xalkla “Böyük partlayış nəzəriyyəsi” haqqında mübahisə edirdik. Başqa sözlə, Zinaida Zaxarovnanın Sahibənin plaşını əyninə dürtməyinə tamaşa edirdik…

***

Bütün qəsəbədə işıq söndü, sədrin evindən başqa. Əvvəlcə elə bildik, korrupsiyadır, əslində yanğın çıxdı… Yanğınsöndürənlər gəldi, yanğını söndürdü. Yanan təkcə ötən ilin müsahibat uçotu oldu. Əvvəlcə elə bildik, yanğındır, əslində korrupsiya çıxdı…

***

Zinaida Zaxarovna ilə Kuzmiç gəldi. Xalk uzun-uzun onlara baxdı, sonra isə dedi ki, arterial təzyiq məhz belə görünür…

***

Zinaida Zaxarovna gəldi. Mətbəxdə ayağı sürüşdü və borşun içinə girdi. Bu rəsmi versiyadır. Əslində isə borş Zinaida Zaxarovnanın üstünə töküldü. Ancaq ikili standartlar və saxta xülasələr əsrində bu kimi maraqlandırır ki?..

***

Nəhayət isitmə sistemini qoşdular. Fikus çiçək açdı, Ərciyəz corablarını çıxartdı, Xalk isə anabioz vəziyyətdən çıxdı…

***

Bekarçılıqdan tarakan Anton evin böyüyünü təyin etmək üçün seçki keçirməyi təklif etdi. Üç namizəd var idi: mən, Anton və Xalk. Seçkilər şəffaf və obyektiv keçdi. Ayı qalib gəldi.

***

Baba ilə tankın mühərrikini hissə-hissə yığdıq. Almanlar onu təmir etdikdən sonra, tank səssiz işləməyə başlamışdı və baba iki dəfə sükan arxasında yatıb qalmışdı… Eh, bu almanlar! Rusa xəsarət yetirmək üçün hər şey fikirləşib tapıblar…

***

Elmi tədqiqat aparmaq qərarına gəldik. Apardıq. Məlum oldu ki, o haqlıdır, mən isə yox… Köpək, Xalk ağıllıdır. Əvvəlcə adama elə gəlir ki, bundan öncəki cümlədə vergül lazım deyil, ancaq bu belə deyil.

 

Tərcümə: Lamiyə Göycəyeva

4.5 (90%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook