Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Anna Qavalda “Sadəcə birlikdə”

anna-qavalda-sadece-birlikde-anna-gavalda-hunting-and gathering-ensemble-kkoAnnotasiya

“Sadəcə birlikdə” (fransızca “Ensemble, c’est tout”) – Anna Qavaldanın 2004-cü ildə qələmə aldığı ikinci romanıdır. Gənc rəssam Kamilla Fok dəbdəbəli evin çardağında yaşayır. Öz istedadına şübhə ilə yanaşan Kamilla daha şəkil çəkməkdən imtina edib gecələr ofisləri təmizləməklə məşğuldur. Soyuq qış gecələrinin birində xəstə və ac rəssamı utancaq qonşusu Filiber tapır. Qızın vəziyyətinə görə narahat olan gənc onu öz evinə gətirir. Filiberin onunla birlikdə yaşayan aşpaz dostu Frank isə bütün bu olanlara qarşıdır.
Müəllif digər əsərlərində olduğu kimi bu kitabında da məhəbbət, tənhalıq, həyat, xoşbəxtlik kimi mövzulara toxunur.
36 dilə tərcümə olunan roman əsasında 2007-ci ildə baş rollarını Odri Tatu və Giyom Kanenin canlandırdığı eyniadlı film çəkilib.

Karandaşın izi ilə

Sən də bütün ağlar kimi həmişə haqlısan və heç vaxt qulaq asmırsan!

***

Eşidərdimi? Başa düşərdimi? Əlbəttə. Ona görə susdu.

***

Anandır… Hərçənd… Əmin deyiləm ki, söhbətin kimdən getdiyini başa düşürsən… Ana! Bu sözü yaddan çıxartmamısan ki? Ağıllı uşaqlar onları həyata gətirən şəxsə müraciət edəndə belə deyirlər.

***

Bundan əlavə, “xoşbəxt idi” və ya “xoşbəxt deyildi” nə deməkdir? Axmaq sözdür… Xoşbəxtdir! Xoşbəxtdir! Qızım, bu dünyaya axmaqlıq edib gül-çiçək toplamaq üçün gəldiyimizi zənn edirsənsə, deməli çox sadəlövhsən.

***

Problem ondadır ki, heç kim fikirlərini, hisslərini və istəklərini ifadə etmədən yaşaya bilməz.

***

– Hmmm… – o, instruksiyanı oxumağa başladı… – Belə… indi baxarıq… Mexaniki termostat, yığıla bilən şnur, tənzimlənə bilən güc, hava nəmləndiricisi və… təkərciklər! Bəli, madmazel!
– Əla. Onu çarpayının yanına apara bilərəm.
– Hmmm… Bilirsiniz… Başqa bir variant da var… Yataqda sizi sevgiliniz də isidə bilər.
– Haqlısınız, ancaq onun şnuru yığılmayacaq.
– Düz sözə nə deyəsən.

***

– Beş millimetr…
– Yəni?
– Beş millimetr buraxacam, yoxsa çölə çıxa bilməyəcəksiniz.
– Mənim papağım var…
– Mənim isə prinsiplərim.

***

Kamilla çölə tək çıxdı, işıq dirəyinə söykəndi.
“…02.12.03…00:34…-4°C…” Qarşı küçədəki “Optika”nın vitrininin yuxarısı ilə işıq saçan rəqəmlər keçirdi.
Matilda Kessler əsəbi halda hazırkı həyatının nəyə oxşadığını soruşanda gərək belə cavab verərdi.
“…02.12.03…00:34…-4°C…”
Budur.
Bax buna oxşayır.

***

Budur qış gəldi… kasıbların qatili…

***

– Deyin görüm, bu sizin mənzilinizdir?
– E-e-e… bəli…
– Neçə kvadrat metrdir?
– Üç yüz – bəlkə də daha çox…
– Belə, belə! Sualım sizə yersiz görünə bilər, amma deyin görüm nə işlə məşğulsunuz?
– Ümumdünya daşqınından xilas olmağa çalışıram.

***

Ağ: dəri, dişlər, əllər.
Qara: gözlər, kipriklər, qaşlar.
Qırmızı: dodaqlar, yanaqlar, dırnaqlar.
Uzun: bədən, saçlar, əllər.
Qısa: dişlər, qulaqlar, dabanlar.
Dar: ağız, bel, topuqlar.
Geniş: çiyinlər, budlar, ombalar.
Kiçik: gilələr, burun, baş.

***

– Gör neçə vaxtdan sonra belə qayğıma qalırlar…
– Bəsdirin.
– Həqiqətən belədir… Demək istəyirəm ki, əvəzində heç nə gözləmədən qayğıma qalırlar… Çünki siz… Yəqin siz heç nə gözləmirsiniz, düz deyirəm?
– Yox, bbuu nə ffikirdir… ağlınıza nnələr gəlib?!
– Heç nə gəlməyib. Sadəcə fakta aydınlıq gətirirəm: mənim sizə təklif edəcək heç nəyim yoxdur.

***

İşıq söndü, ancaq bunda qorxulu heç nə yox idi, əksinə.
“Əksinə, – o pıçıldadı, – əksinə…”

***

– Bəs siz balaca olanda? Məktəbiniz?
– Birbaşa altıncı sinfə getdim. Özü də pansiona. Dəhşət pis il olmuşdu. Həyatımın ən pis ili… Sanki məni böyük bir vannaya atmışdılar, mən isə üzə bilmirdim…
– Və?
– Və heç nə. Hələ də üzə bilmirəm.

***

Əzizim, bu gün hər şey çox sadədir: qarşınızda homo degenarisin əla nümunəsi, yəni cəmiyyət içərisində yaşamağa tamamilə yararsız, yeri dəyişdirilmiş, mənasız və anarxik bir məxluq dayanır.

***

– Adətən geri çəkilirəm, heç mübahisə etməyə də çalışmıram…
– Niyə?
– Elə.
– Çünki bu elə də yorucu deyil?
– Hə.
– İna…inanın ki, bu yaxşı strategiya deyil. Uzunmüddətli perspektivdə həmişə məğlubiyyətə gətirib çıxarır.
– Bilirəm.

***

Bir özün bax, həyatım bir heçlikdir, boşluqdur. Heç nə etmirəm. Heç nə görmürəm. Heç nə bilmirəm. Və ən dəhşətlisi də odur ki, heç nə başa düşmürəm.

***

Döşəmə Əskisi ordeni üzrə rəfiqələr…

***

Heç kim səndən mütləq gözəl bir şey etməyini istəmir ki… Boş ver gözəlliyi. Bunun üçün uşaqların çəkdiyi şəkillər və mağazalarda hədiyyəlik kağızlar var.

***

İncəsənət əsərinin mükəmməlliyi bütünlükdə ifadə vasitələrindən asılıdır. Rəssamlıqda belə iki vasitə var: forma və rəng. Rəng nə qədər təmizdirsə, tablo bir o qədər mükəmməldir…

***

Əlbəttə, axmaq-axmaq şeylər danışırdı. İncəsənət haqda fikir yürüdən hansı adam belə etmir ki?

***

– Bəs sən buna inanırsan?
– Nəyə?
– İlk məhəbbətin həm də son məhəbbət olduğuna?
– Bilmirəm… Ümid edirəm, elə deyil…

***

Bəlkə kinoya getsin? Bəs sonra filmi kimlə müzakirə edəcək? Heç kimlə bölüşə bilməyəcəksə, insanın emosiyaları nəyə gərəkdir?

***

Monten deyirdi ki, kitabın azalda bilməyəcəyi kədər yoxdur. Monten isə heç vaxt yalan deməyib.

***

Yenə eyni rutin: yuxu, metro, iş, ev.

***

Onun bu məhəllədən zəhləsi gedir. Burada pul müqabilində dünyada mövcud olan ən pis şeyləri – zövqsüzlük, hakimiyyət və təkəbbürü almaq olurdu.

***

O bu dünyada yeganə qız idi ki, nənəsinin toxuduğu şarfı taxsa da gözəlliyindən heç nə itirmirdi. Və o qız heç vaxt onun olmayacaqdı. Axmaq həyatdır.

***

– İnanclı adamsan?
– Yox. Hərçənd…daha çox, hə… Belə musiqilər dinləyəndə, son dərəcə gözəl bir kilsəyə girəndə və ya məni həyəcana gətirən tabloya baxanda – deyək ki, “Bakirə Məryəmin müjdələnməsi”nə, – qəlbim hisslərlə dolur, mənə elə gəlir ki, Allaha inanıram. Ancaq bu belə deyil: mən Vivaldiyə inanıram… Vivaldiyə, Baxa, Gendelə, Ancelikoya… Onlar… tanrıdırlar… Amma o, Ata Allah bəhanədən başqa bir şey deyil… Onun yeganə xidməti bundan ibarətdir: onların hamısını şah əsərlər yaratmağa ilhamlandırıb…

***

– Qal.
– Yox… Mən… Mən sizin ikiniz kimi deyiləm, tamam fərqliyəm… Nənəm demiş, əskilərlə salfetləri eyni qutuya qoymaq olmaz.

***

– Əskilər və salfetlər haqda danışdığın nağıl cəfəngiyyatdır. İnsanların birgə yaşamasına mane olan şey fərqlilikləri deyil, axmaqlıqlarıdır. Sən olmasaydın, heç vaxt pərpərəng yarpağını tanıya bilməzdim.
– Guya indi öyrənmisən, nəyinə lazımdır ki?
– Daha bir axmaq fikir. “Nəyinə lazımdır ki?” Niyə həmişə hər şeyi yararlı olub-olmamağı ilə ölçməliyik? Əşi, tüpürüm mənə lazım olub-olmayacağına. İndi bunun nə olduğunu bilirəm.

***

– Sən haqlısan. Heç nə alınmayacaq. Yaxşısı budur, rədd ol, get… İcazənlə, səni yola salmamışdan qabaq, iki şey demək istəyirəm. Birincisi intellektuallara, iylənmiş ziyalılara, ağıllılara, yumurtabaşlara aiddir… Ən asanı onlara lağ etməkdir. Bəli, bu çox asan və sadədir. Çox vaxt yumruqları bir işə yaramır, həm də onlar dalaşmağı xoşlamırlar… Dava daş döşənmiş küçələrdə uzunboğaz çəkmələrin gumbultusu, medalların və yekə qara maşınların cingiltisi qədər həyəcanlandırır, ona görə… Kitablarını, gitaralarını, karandaşlarını və yaxud fotoaparatlarını əllərindən almağın kifayətdir, budur, onlar, bu axmaqlar bir işə yaramırlar… Yeri gəlmişkən, diktatorlar çox vaxt məhz belə edirlər: eynəkləri sındırırlar, kitabları yandırırlar və konsertləri qadağa edirlər. Bu böyük əziyyət tələb etmir, üstəgəl, gələcəkdə problemlərdən sığortalanmış olurlar… Ancaq bilirsən nə var? “İntellektual” olmaq – oxumağı sevmək, diqqət və maraq göstərmək, dünyadan zövq almaq, həyəcandan əsmək, hər şeyin necə olduğunu başa düşməyə çalışmaq və gecə yatmağa uzananda bir gün əvvəl ilə müqayisədə özünü daha az axmaq hiss etmək deməkdir. Belədirsə, bəli! Mən intellektualam. Və bununla fəxr edirəm. Özü də çox fəxr edirəm. İntellektual olduğuma görə tualetdə yerə sərilən motosikl haqqında olan jurnallarını oxumadan keçə bilmirəm və bilirəm ki, “R 1200 GS”in elektron zibili var, bu da ona yüngül benzinlə işləməyinə imkan verir… Bax belə!

***

Altı yaşımdan etibarən əşyaların formalarının təsvirinə çalışmışam.
Əlli yaşıma kimi saysız-hesabsız şəkil dərc etmişəm. Ancaq yetmiş yaşıma kimi etdiklərimin hamısının heç bir dəyəri yoxdur.
Altmış üç yaşımda canlı təbiətin, heyvanların, ağacların, quşların və həşəratların strukturlarını dərk etməyə başladım.
Güman edirəm ki, səksən yaşıma kimi daha da inkişaf edəcəm; doxsan yaşımda əşyaların gizli məğzinə varacam; yüz yaşımda möcüzələr yarada biləcəm, yüz on yaşım olduqda isə bütün nöqtələrimə və xətlərimə həyat verə biləcəm.
Bu qədər uzun yaşayanlardan xahiş edirəm ki, sözümün üstündə duracağımdan əmin olsunlar.
Bu mən, rəssamlığa aşiq olmuş yetmiş beş yaşlı Hokusay tərəfindən yazılıb.

***

– Kamilla.
– Nə var?
– Mənə nəsə yaxşı söz de…
– Niyə?
– İl yaxşı başlasın deyə.
– Yox. Mən sənin üçün musiqi avtomatı deyiləm.
– Yaxşı görək… De gəlsin.
O çevrildi.
– Qoy əskilər və salfetlər bir qutuda olsun. Həyatda qarışıqlığa yer varsa, o daha əyləncəli olur.
– Yeni il münasibətilə sənə nəsə xoş sözlər deməyimi istəyirsənmi?
– Yox. Yax… Yaxşı de.
– Bilirsən nə var? Hazırladıqların tostlar əla idi.

***

– Vağzallardan yana ürəyim gedir.
– Mənim də,- Kamilla cavab verdi.
– Tanış olmadığın bir yerə düşəndə ekskursiya təşkil etməyə ehtiyac yoxdur: bazara, ya da vağzala get, hər şeyi başa düşəcəksən.

***

– Hər şeyi düzüb qoşub…. Lənət şeytana, Filu! Bir söz de!
– Frank…
– Nə var?
– Mənim altı bacım var…
– Və?
– Sənə sadə və aydın dillə deyəcəm: məğlubiyyətini qəbul et. Qadın istədiyi şeyi, Tanrı da istəyir…
– Bunu kim deyib?
– Atalar sözüdür.
– Çatdıq. Sizin ikiniz də bu sitatlarınızla lap zəhləmi tökmüsünüz.

***

Cəhənnəm sevdiyin insanları daha görməyə gücünün çatmamasıdır.

***

Həyat köhnə sehrbazdır, şlyapanın içindən dovşan çıxarmağı xoşlayır.

***

Milyonluq sual: Parisli qadını hissələrə parçalamadan donunu necə açmalı?

***

– Zibil, intellektual ilə yaşamaq təhlükəlidir.
– Əksinə! Çox xoşdur!
– Yox, təhlükəlidir… Dəhşət təhlükəlidir. Bütün günü orfoqrafik səhv buraxacağımdan ehtiyat edirəm.

***

Oğurladığım hər şeyi ayaqlarının altına sərirəm.

***

Ümumiyyətlə nədə əmin olmaq olar ki? Bu gün bir şey istəyirsən – gəbərib ölmək, səhər isə yuxudan ayılırsan və başa düşürsən ki, lazım olan tək şey bir neçə pillə aşağı düşüb, divarda elektrik açarını tapmaq və həyatı yeni rəngdə görmək imiş.

***

Nəvaziş, nəfəsini dərmə, yaralara məlhəm, təsəlli.
Ada sakinlərinin dediyi kimi, sentimental healing…

***

Əvvəllər geridə qalanların cərgəsində idilər? Həmişə uduzurdular? Qumarbazların da dediyi kimi, axı hər şey kartların necə paylanmasından asılıdır! İndi onların əlində pokerdə olduğu kimi kare var idi… Düzdür, tuz kare olmaya da bilər – keçmiş həyatlarında hər biri çox zərbə alıb, tale hər birini çox yaralayıb, ancaq onların hamısı sağalıb! – Kare!
Təəssüf ki, oyunu çox da yaxşı oynamayıblar…
Uduşa köklənsələr belə. Həm də silahsız şuandan, zərif pəridən, sadə oğlandan və bütün bədəni göyərmiş qoca xanımdan necə blef qabiliyyəti tələb etmək olar? Real deyil.
Nə isə. Yaxşı… Az pul qoyub “az-az” udmaq, qaranlıqda ədyalın altında uzanmaqdan qat-qat yaxşıdır…

***

“Pisdir, pisdir, pisdir, sadəcə olaraq dəhşətdir…”, – o düşünürdü – və səhv edirdi. Heç vaxt belə yaxşı olmamışdılar.

***

Onu özümüz korladıq. Dəhşət çox sevirdik… Ya da düz sevmirdik.

***

– Sən haqlısan. Utanmaq mənasız hissdir… İnsana heç bir xeyri yoxdur. Yalnız ətrafdakıların kefini aça bilər. Sənin utandığını görüb həzz alırlar. Sonra evlərinə qayıdırlar, pərdələri bağlayırlar, şap-şaplarını geyinirlər, bir-birlərinə baxaraq özlərindən razı halda gülümsəyirlər. Əlbəttə, onların ailələrində belə bir şey ola bilməz!

***

– Laqqırtıma niyə qulaq asırsan? Bu səni niyə maraqlandırır?
– İnsanların daxili aləmi açılanda xoşuma gəlir…
– Niyə?
– Bilmirəm. Avtoportretə oxşayır. Sizə də elə gəlmir? Sözlərlə yaradılmış avtoportretə…

***

Başqasının imkanlarından istifadə edəndə əliaçıq olmaq asandır.

***

Zibil. Kibrit qurtarıb. Niyə belə şeylər onun başına gəlir? Müqəddəs Fatimə və Hans Xristian Andersen, döyüş meydanını tərk etməyin. Bizimlə bir az da qalın.

***

Aralarına kitab qoydu. Onun kitabını. Van Qoqun qardaşına məktubları.

***

Mən başqa şeyi başa düşdüm. Sən başqalarının gözləntilərinə cavab vermirsənsə, etimadlarını doğrultmursansa, əzab çəkəcəksən. İt kimi əzab çəkəcəksən, axırda da gəbərib gedəcəksən.

***

Matilda xeyirxah, lovğa və abırsızcasına sərbəst idi – imkanlı ailələrdə böyüyən istənilən insan kimi. Atası məşhur kolleksiyaçı idi. Matilda həmişə gözəl əşyaların arasında yaşamış və heç vaxt heç nəyi – nə pul, nə dost və nə də düşmənlərinin sayını hesablayırdı.

***

Hardasa Luvr, Fransa akademiyası, Paris Məryəm Ana kilsəsi və Konkord meydanı arasında bir yerdə mobil telefonunu söndürdü, siqaret bükdü və onu çəkdi.
Pərdələr təsirli şəkildə enirdi.

***

Bax, mənim atam belə bir insan idi. Böyük xəyalpərəst… Saatlarla hərəkətsiz vəziyyətdə duran maşının sürətini dəyişə, qarajı tərk etmədən məni dünyanın o biri başına apara bilirdi.

***

– Sonra bir səhər yoruldu… Çox, çox yoruldu və damdan yıxıldı.
– Yıxıldı yoxsa özünü atdı?
– O çox nəzakətli adam idi – yıxıldı.

***

Altı nəfər pulsuz yeməkxanada iki talonla qidalanırdıq, donurduq, ictimai hamamda növbəyə dayanırdıq və hamıdan yaxşı yaşadığımıza inanırdıq… Bu gün bu nə qədər təzadlı səslənsə də, düşünürəm ki, biz haqlı idik. Çünki bizim ehtirasımız var idi… Böyük dəbdəbə…

***

Ağrı real idi və o, bunun yuxu olmadığını dərk etdi: ağrıdırsa, deməli, xoşbəxtlik də realdır.

***

Məhz həmin gün inancımı itirdiyimi düşünürəm: abbat Allahdan imdad diləmək yerinə, anasını köməyə çağırırdı… Bu mənə şübhəli gəldi.

***

And içirəm, bir gün uşaqlarım olsa, icazə verməyəcəm ki, maşınların arasında böyüsünlər. Heç vaxt. Rezin uzunboğaz çəkmələri, tilovu və sapandı olmayan uşaq uşaq deyil.

***

Necə yorulmuşam… Ulduza aşiq olmuş torpaq qurdu, bu sizin xoşunuza gələcəkmi…

***

Dost əli yaxşı şeydir. Uzadan şəxsin boynuna heç bir öhdəlik qoymur və həmin əli sıxan şəxsi təsəlli edir.

***

– Birinci dəfə özünü mənə təqdim edəndə demişdi: “Filiber de la Durbelyer”, mən isə – axı nəzakətli qızam – coğrafi prinsipə əsasən cavab vermişdim: “Syuzi…e…Belviski…” “O! – bərkdən qışqırmışdı. – Siz 1672-ci ildə Qabsburqlarla döyüşən Joffrua de Lajema Belviski nəslindənsiniz?” Vay canına… “Yox, – dilim dolaşa-dolaşa demişdim, – sadəcə Belvildənəm… Parisdə yerləşir…” Bilirsiniz ən gülməlisi nə oldu? O heç kefini pozmadı.

***

Əlcəklərini geyinərək əlavə etdi:
– Rəngə diqqət yetirin… Krem rəngi… İlahi… Mən klassizmin islaholunmaz pərəstişkarıyam…

***

Lazımlı məqamlarda gülmək üçün kifayət qədər içmişdim.

***

Filiber həmişə səhər yeməyində şokolad içirdi. Və südü daşmağa qoymayıb, son anda qazı söndürməkdən böyük zövq alırdı. Bu nə ayin idi, nə də maniya, bu onun gündəlik kiçik qələbəsi, qəhrəmanlıq, dünyanın görmədiyi zəfər idi. Süd enirdi və gün başlaya bilərdi: o vəziyyətə nəzarət edirdi.

***

Hər bir insanı ucsuz-bucaqsız kitab kainatında onu həqiqi oxucuya çevirəcək yeganə bir kitab gözləyir.

***

– Lazım deyil, ağlama…
– Ağlayacam. Ağlamaq istəyirəm və ağlayacam.
– Yaxşı, onda ağla.
– Səninlə elə asandır ki…

***

– Bəs sən mənə nə təklif edə bilərsən? – gərnəşərək maraqlandı.
– Ürəyin nə istəyir…
Sonra fikirləşib əlavə etdi:
– …Heç nə… Hər şey…
– Yaxşı. Mən razıyam.

***

Sənə yaxşı münasibət göstərən insanlara qarşı ehtiyatlı davranmaq lazımdır… Qocalanda özün görəcəksən ki, onların sayı çox azdır…

***

Onu çox sevirdi – və sevmirdi, özünü ona təslim etməyə hazır idi – və təslim olmurdu, çalışırdı – və inanmırdı.

***

Birlikdə olmaq üçün. Sadəcə birlikdə. Bu isə çətindir, çox çətindir. Özü də təkcə şizofreniklərlə dəlilər üçün yox. Hamıya açılmaq, inanmaq, özünü başqasının ixtiyarına vermək, hesablaşmaq, dözmək, başa düşmək çətindir. O qədər çətindir ki, hərdən tənhalıqdan gəbərmək perspektivi elə də pis variant kimi görünmür.

***

Xəbərin olmaması da yaxşı xəbərdir.

***

Dostları üçün də otağı olacaq. Və kim bilir, bəlkə onda dostları oldu?

***

– Bir şeyi başa düşmürəm…
– Nəyi?
– Sənin bacın var, elə?
– Var…
– Niyə onunla görüşmürsünüz?
– Bilmirəm.
– Bu ki əsl marazmdır! Onunla görüşməlisən!
– Niyə görüşməliyəm?
– Elə ona görə! Bacının olması, bu ki, sərvətdir!

***

Bizim axmaqlığımız olmasa belə dünya təhlükəli yerdir…

***

Müstəqillik düsturu = Heç kim + Heç kimə + Heç nə + Borcu deyil

***

Mən olduqca xəstəyəm… və, çox güman ki, bu sağalmaz xəstəlikdir
Mən axmaqlıq və qürur xəstəsiyəm,
Vaxtından əvvəl qərarlar və düşünülməmiş əməllər xəstəsiyəm,
Heç nə uğrunda axıdılan göz yaşları, ola bilməyən şeyləri uydurmaq xəstəsiyəm,
Heç vaxt mənə görə xəstələnməyən insanların xəstəsiyəm…
Xəstəyəm
və, çox güman ki, bu sağalmaz xəstəlikdir.

***

O şən idi.
Kədərli idi, amma şən idi.

***

Doğrudanmı?! Nəyin normal, nəyin normal olmadığını dəqiq bilirsiniz?

***

Hiss edirəm ki, atamla anam mənə ağıl deyil, instinkt səviyyəsində reaksiya verirlər. Onlar məni öz evlərində görmək istəyib istəmədiklərindən əmin deyirlər. Eynilə iti evə buraxıb buraxmamaq haqda düşünən insan kimi. İtin pəncələri həmişə çirklidir, üstəgəl tükü pırtlaşıqdır.
O, hamıya narahatlıq gətirəcək. Özü də möhkəm hürür.
Bir sözlə, çirkli heyvandır.

***

– Balaca, sakitləş… Dərd eləmə, hər şey alınacaq… Başqalarından yaxşı olmasa da, başqalarından pis də olmayacaq… Söz verirəm, alınacaq… Alınacaq… Biz heç nə itirməmişik – axı heç nəyimiz yoxdur… Gedək…

Tərcümə: Lamiyə Göycəyeva

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook