Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Sesilia Ahern “Göyqurşağının bitdiyi yer” / “Sevgilərlə, Rozi”

sesilia-ahern-goy-qursaginin-bitdiyi-yer-cecilia-ahern-where-rainbows-end-kkoAnnotasiya

“Göyqurşağının bitdiyi yer” (ingiliscə “Where Rainbows End”) – irlandiyalı yazıçı Sesilia Ahernin ikinci romanıdır. Əsər 2004-cü ildə nəşr olunub. Roman epistolyar üslubda, məktublar, elektron poçtlar, mesajlar və məqalələr şəklində qələmə alınıb. Qısa bir müddətdə Böyük Britaniyada bestsellerə çevrilən kitab 2005-ci ildə Almaniyanın “Corine” mükafatına layiq görülüb.
“Göyqurşağının bitdiyi yer” uşaqlıqdan dostluq edən Rozi Dyun və Aleks Stüartın münasibətindən, əsl məhəbbəti tapmaq üçün hərdən çox vaxtın lazım olduğundan bəhs edir.

Karandaşın izi ilə

Həyat gülməlidir, elə? Arzulayırsan, planlar qurursan, hər şeyi nəzərə aldığını fikirləşirsən, hansı istiqamətə doğru getməli olduğunu bilirsən və birdən… bütün yol nişanələri yox olur, yer ayağının altından qaçır, şimal və cənub yerlərini dəyişir… Və başa düşürsən ki, azmısan. Sən demə,yolu azmaq necə asanmış.

***

Aleks, mübarizə apara bilmirəm. Mən həmişə asan yolları seçmişəm – biz həmişə asan yolları seçmişik. Hələ bu vaxta kimi həyatımda düzəldilməsi qeyri-mümkün olan şeylər baş verməyib. Bir neçə ay bundan öncə ən böyük problemim ard-arda iki riyaziyyat dərsi və allah eləməmiş, burnuma çıxan sızanaq idi.
İndi isə mənim uşağım olacaq. Uşağım. Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar günləri bu uşaqla mənimlə olacaq. İstirahət günlərim, yay tətillərim olmayacaq.
Dərsdən qaça, özümü xəstəliyə vura və ya anama məktub yazdıra bilməyəcəm. İndi mənim özüm ana olacam. Özüm-özümə məktub yaza bilsəydim.
Qorxuram, Aleks.
Rozi

***

Rozi: Sən allah, başlama! Boşandığın gün həyatının ən xoşbəxt günü idi! Ən bahalı şampan şərabını almışdın, içib kluba getmişdik və sən təsəvvür edə biləcəyin ən idbar kişini tovlamışdın…
Rubi: Neyləmək olar, hərə özünə görə qəm çəkir…

***

Özünü avtobusun yuxarı mərtəbəsindən tullanmaq istəyəcək qədər sevmədiyin işə getməyə məcbur edə bilməzsən.

***

Hər şey necə sürətlə dəyişir. Təzə-təzə nəyəsə öyrəşməyə başlayırsan və budur – hər şey dəyişir. Təzə-təzə kimisə başa düşməyə başlayırsan və budur – o böyüyüb.

***

Bütün həyatımız vaxtla ölçülür: günlər saatlardan ibarətdir. Saatlarımızı məvacibimiz, düşüncəmizi isə illər müəyyən edir.

***

Rubi: Rozi, qulaq as. Deyəsən, özümün pəhrizini yaratmışam. Düşünürəm ki, bunu axmaq jurnalların birinə satmaq olar.
Rozi: Nə pəhrizidir elə?
Rubi: Beləliklə, yalnız özünə oxşayan qidanı yeyə bilərsən.
Rozi: Əla ideyadır! Jurnal redaktorlarının sevinclərindən şalvarlarını başlarına çəkəcəyinə əminəm…
Rubi: Qulaq as! Məsələn, Teddi həmişə mənə pomidoru xatırladır – elə təravətli, qırmızı sifəti var ki… Elə istəyirəm ki, Teddinin başını araq və “Tabasko” ilə blenderə salım. Bu onun firma kokteyli olacaq – “Qanlı Teddi”! Ofisdəki Saymon isə Brüssel kələminə oxşayır. O da iy verir və …
Rozi: Yaşıldır?
Rubi: Yox, sadəcə olaraq, iy verir.
Rozi: Bəs mən nəyə oxşayıram?
Rubi: Yaxşı sualdır… hmm… məncə, soğana oxşayırsan.
Rozi: Soğana? Niyə? İy verirəm və insanları ağladıram? Soğana? Niyə? İy verirəm və insanları ağladıram?
Rubi: Niyə təkrar yazırsan?
Rozi: Biz soğanlar, həmişə hər şeyi təkrarlayırıq.
Rubi: Necə gülməli soğansan. Yox, sadəcə iş orasındadır ki, qatların çoxdur, mənim düşündüyümdən belə çoxdur. Bəs mən nəyəm?
Rozi: Sən… piroqsan. Şirin və üstündə gilənarı olandan.
Rubi: Həm də yağlı və zərərli.
Rozi: Rubi, pəhrizi axı özün fikirləşmişdin. Deməli, piroqa oxşayırsansa, onu yeyə bilərsən… bir də bunu düşün…
Rubi: Maraqlı fikirdir… Çoxdan fikir vermişəm ki, balaca piroq tikəsi belə əhvalımı yaxşılaşdırır. Yaxşı, axmaq ideyadır. Bu pəhriz yalnız meyvə və ya tərəvəzə oxşadığın halda sərf edər. Mənim Qarim isə heç oxşamır. Olsa-olsa həyat tərzi ilə.

***

Bəli, evliliyimiz idealdan çox uzaqdır və romanlarda yazılanlara oxşamır. Qreq ayağımın altına qızılgül ləçəkləri tökmür, hər istirahət günü Parisə aparmır. Ancaq saçımı kəsdirəndə, həmişə diqqət yetirir. Gözəl paltar geyinəndə kompliment deyir. Ağlasam, göz yaşımı silir. Özümü tənha hiss edəndə, sevdiyini hiss elətdirir. Yaxşı öpüşlə müqayisədə Parisin nə əhəmiyyəti var ki…

***

Deyirlər, onun qardaşı daha çox maşınlar, kurortlar və qadınlarla maraqlanır? Görəsən niyə həmişə qadınları maşın və kurortlarla eyni kateqoriyaya daxil edirlər?

***

Deyəsən, həyat elə bundan ibarətdir: insanlar gəlir və gedir.

***

Qreq dedi ki, mən həmişə göy qurşaqlarının ovuna çıxıram. Bəlkə artıq dayanmaq vaxtıdır.

***

Uşaq kimi ümid edirdim ki, otuz yaşım olanda ətrafda nələrin baş verdiyini azacıq da olsa başa düşəcəm.
Yox, belə bir şey olmadı.
Tədricən anlamağa başlayıram ki, nə əlli, nə altmış, nə yetmiş, nə səksən, nə doxsan yaşımda müdriklik və təcrübə idealıma bir addım belə yaxın olmayacam. Uzun ömür sürmüş, bütün dünyanı gəzmiş, bir sürü uşaq dünyaya gətirmiş, bir çox şəxsi faciələr yaşamış, iblisləri ilə mübarizə aparmış və həyatdan çoxsaylı amansız dərslər almış insan ölüm yatağında belə bunu düşünür: “İlahi, cənnətə düşəndə hər şeyi başa düşəcəm”. Sonra isə ölür, göylərdəki başqa insanlara qoşulur, buludlarda oturub hələ dünyada qalan sevdiklərini izləyir. Və düşünür ki, bəlkə növbəti həyatında hər şeyi anlayacaq…
Stef, mənə elə gəlir ki, hər şeyi başa düşmüşəm. Uzun illər düşünmüşəm və indi anlayıram ki, heç kimin, öz taxtında oturan Tanrının belə dünyada baş verənlərlə bağlı təsəvvürü yoxdur.

***

– Təxəyyülümüzü sinif otağımızın divarları ilə məhdudlaşdırmamalıyıq. İrəliyə baxmaq lazımdır. Perspektivləri görmək, uğurun ətrini hiss etmək, gələcək mükafatı duymaq lazımdır.
– Yenə Opraya baxmısan?

***

Nə qədər əlləşsəm də xoşbəxtlik, uğur və sabahkı gündən əminliyin yaşadığı başgicəlləndirici yüksəkliyə çıxa bilmirəm.

***

Bizdə hər şey minimalist ab-havasında olacaq. Ona görə yox ki, dəblə ayaqlaşıram, ona görə ki, mebelim yoxdur.

***

Qulaq as… axı bu istənilən pəhrizdən yaxşıdır! Restoranın üstündə yaşamaq və həmişə bu qoxunu almaq lazımdır. Onda yemək haqqında düşünmək belə adamın ürəyini bulandıracaq.

***

Kati: Ana, kişilərə nifrət edirəm.
Rozi: Əzizim, təbrik edirəm, klubumuza xoş gəldin. Üzvlük kartını poçtla alarsan. Necə təntənəli məqamdır, heyif ki, fotoaparatım yoxdur!

***

Etiraf etməliyəm ki, o, göründüyü kimi elə də pis adam deyil. Direktorlarla müqayisədə, kifayət qədər xoş qadındır. Adı Culiyadır. Təsəvvür edirsən? Sən demə, onun adı da var imiş. Özü normal, qadın adı. Mən də elə bilirdim ki, adı ya Vladimirdir, ya da Adolf.

***

İnsanlar “bu uzun hekayədir” deyəndə, adətən bu o deməkdir ki, hekayə o qədər qısa və mənasızdır ki, danışmağa belə utanırsan.

***

– Sən demə, bütün ağ ayılar solaxaydır.
– Maraqlıdır, elə? İlbizlər…
– İlbizlər də solaxaydır?
– Yox, əvəzində onlar fasiləsiz üç il yata bilirlər.
– Bəxtəvərlər…

***

Artıq başa düşməyə başlamışam ki, ev yer deyil, qəlbinin aldığı vəziyyətdir.

***

Niyə kinoda yağış kimi xoşa gəlməyən bir şey də romantik görünür?

***

Bax, bir ay əvvəl otuz altı yaşın tamam oldu. Yəni qırxa dörd ilin qalıb. Onda nə olacaq? Qırx yaşında otuz doqquz və ya qırx bir yaşında olduğundan çox fərqlənəcəksən? İnsanlar bütün bunları yaşla bağlı psixologiya kitablarını satmaq, təbrik açıqcalarına axmaq şeylər yazmaq, çatlara ad qoymaq və həyat böhranlarına haqq qazandırmaq üçün uydurublar.

***

Uşaqlıqdan valideynlərini güclü görməyə, onlara görə baş verənlərlə bağlı mühakimə yürütməyə alışmısan. İlişib yıxılırsansa, ağrıyıb-ağrımadığını hələ başa düşmədən, ilk iş valideynlərinə baxırsan. Onlar qorxub sənə doğru qaçırlarsa, onda ağlamağa başlayırsan. Yox əgər gülüb “pis, yer, pis yer!” deyə yıxıldığın yeri döyməyə başlayırlarsa, sən də gülməyə başlayırsan, durub qaçmağa davam edirsən.
Dünyanın axırı çatanda bunu ilk valideynlər biləcək. Valideynlər uşağın öz emosiyalarını yoxladığı barometrdir.

***

Qotur maaşı olan qotur işim var. Qotur kirayə haqqı olan qotur mənzilim var. Qotur kişi ilə qotur seksə vaxtım yoxdur.

***

Qayınata ilə işləmək onun qızı ilə yaşamağa oxşayır.

Tərcümə: Lamiyə Göycəyeva

3 (60%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook