Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Kolum Makken “Rəqqas”

kolum-makken-reqqas-colum-mccann-dancer-kkoAnnotasiya

“Rəqqas” (ingiliscə “Dancer) – 2003-cü ildə “Esquire Magazine” irland yazıçısı Kolum Makkeni “Ən yaxşı və Ən Parlaq” gənc novellist adlandırıb. O həmçinin Puşkart, İrlandiyanın Runi, “İrlandiyanın ilin əsəri” və Monako şahzadəsi Qreysin İrlandiya Xatirə Fondunun mükafatına layiq görülüb.

2011-ci il iyunun 15-də “Qoy bu böyük dünya fırlansın” romanı K.Makkenə Beynəlxalq Dublin mükafatını gətirib. Bu tarixdə ikinci hal idi ki, irland yazıçısı ədəbiyyat sahəsinin ən gəlirli mükafatına laureat olurdu.

1941-ci ilin soyuq Başqırd qışı. Miskin bir evin taxta döşəməsi üzərində kiçik oğlan rəqs edir, cırıq başmaqlarının altından toz çıxır. 20 il sonra Parisdə bütün dünya bu oğlanın yalın ayaqları altındadır.

Balet dühası, tarixin ən sirli və anlaşılmaz rəqqası Rudolf Nuriyev baletdə inqilab etmiş, SSRİ-dən qaçmış, qlamur ikonaya çevrilmiş, nəinki pa hərəkətləri, həmçinin davaları ilə məşhurlaşmışdı – o, eyni simada həm bədheybət, həm gözəl idi. Paparassilər gün boyu onun ardınca gəzirdi, o, atdığı hər addımla kübar dairələrin yüzlərlə icmalçısına çörək pulu qazandırırdı. Barəsində milyon kərə yazılmasına baxmayaraq, şəxsiyyəti hələ də sirr olaraq qalan rəqqas özündə bir çox sima gizlədirdi. Həqiqətdə necə insan idi – ürəyiaçıq eqoist, əliaçıq xəsis, utancaq qalmaqalçı yoxsa xeyirxah yaramaz?

Kolum Makkenin “Rəqqas” romanı belletristik bioqrafiya deyil, təxəyyüllə reallığın birləşdiyi romandır. Bu kitab növbəti dəfə dahi rəqqasın qlamur və ya əksinə, qorxunc obrazını yaratmaq cəhdi deyil. Bu, fantastik həyatın arxasında gizlənən mənaya varmaq cəhdidir. K.Makken Nuriyevi həmişə onun həyatının kölgəsində qalan insanların – bacısının, təsərrüfat müdirəsinin, pinəçisinin, ilk müəlliminin qızının dili ilə anladır.

 

Karandaşın izi ilə

Xatırlamıram, həmin gecə yata bildim ya yox, ancaq çox sadə bir fikrimi yaxşı xatırlayıram: uzun illər keçib, mən isə onu hələ də sevirəm və belə məqamlar, bütün itkilərimizə baxmayaraq, ona hiss etdiyim məhəbbət – bugünkü və gələcək məhəbbətim mənə axmaqlıq kimi gəlmirdi.

***

Axı ulduzlar tavandan maraqlıdır.

***

Keçmişimiz! Heç nəyə baxmayaraq, necə dəhşətdir. Ələlxüsus bu keçmiş gözəl keçmişdirsə.

***

Əsas hamıdan yüksəyə tullanmaq deyil, hamıdan çox havada qalmaqdır.

***

– Havada qalmaq!
– Hə… Allahın saqqalından tutub sallanmaq.

***

Ağıllı insan qaranlığa ayaq bassa da, bir ayağı ilə basır.

***

Yarı dönmələr üzərində işləmək.
Ürək bulanmasından xilas olmaq.
Kütləvi səhnədə yer almaq.
Dəzgah üçün möhkəm palıd dəyənək tapmaq.
Öhdəsindən gələ bilmədiyim şeylərlə məşğul olmaq.
Bethoven 16 yaşında iki nömrəli konsertinin ikinci hissəsini yazmışdı.

***

Cavan oğlan, rəqsin sehri sırf təsadüfi bir şeydir. İstehza isə ondan ibarətdir ki, bu sehrə varanlar hamıdan çox işləyənlərdir. Bu baş verdikdə isə yalnız bir şeyə zəmanət verilir: bir daha bu sehrə rast gəlmək olmayacaq. Bəziləri üçün bu, fəlakət, başqaları üçün fərəhdir. Buna görə yaxşı olardı ki, sənə dediklərimin hamısını unudub, yalnız bir şeyi yadda saxlayasan: həyatın əsl gözəlliyi ondan ibarətdir ki, hərdən onda gözəlliyə rast gəlmək olur.

***

– O mənim xoşuma gəldi.
– Kim?
– Şəhər. Xoşuma gəldi.
– Nəyi?
– “Nevski prospektinə inanmayın! Hər şey yalandır, hər şey arzudur, heç nə göründüyü kimi deyil!”- Qoqoldan sitat gətirməklə məni bir xeyli təəccübləndirdi.

***

Yəqin, hamımız axırda, uzun axtarışlardan sonra başa düşürük ki, hər bir insan həqiqətən təkcə özünə məxsusdur.

***

“Uzunboğaz çəkmədən şampan şərabı içməyənədək səndən yaxşı heç nə çıxmayacaq” sözlərinin müəllifi olan ukraynalı şairin kimliyini müəyyənləşdirmək.

***

O bir dəfə demişdi ki, yaxşı səsə pis həyat, pis səsə isə yaxşı həyat səbəb olur. Dahi isə bunların hər ikisini özündə birləşdirməlidir.

***

Rudikin sözləri bizə gecikmə ilə çatırdı. Bəzilərində isə onlar səsi azaldırdılar. Anam sonra and içirdi ki, “xoşbəxtəm” sözünü eşidib, ancaq əlbəttə ki, “qayıdacam” eşitmək istərdi.

***

Bir dəfə o, mənə zirzəmidə yaşayan qız haqqında danışmışdı. Yuxarıya qalxan qız özünü tanımamış və geriyə, torpağın altına qayıtmaq istəmişdi. Biz hamımız bizə tanış olan yerə qayıdırıq.

***

İndi hər şeyin pis olduğunu fikirləşirsən. Səhərə sağ çıx, görərsən!

***

Çayın suyunu bulandırmayan dəyirman pis dəyirmandır.

***

Həyat çörəkdən başlayır. Çörək isə yoxdur.

***

Dünyanı yaxşılaşdırmaq istəyi elə də bahalı bir şey deyil. Əsas məsələ bunu necə etməkdir.

***

Atam dedi: “İnsanın gələcəyi yoxdursa, keçmişdən başqa daha nə haqda düşünə bilər ki?”

***

Tamara, heç nə asan deyil, sənin hər şeyi asanlaşdırmaq cəhdlərin belə.

***

Uzun müddət ayağınla suyun isti-soyuq olduğunu yoxlasan, üzməyi öyrənə bilməyəcəksən.

***

Siyasət əlində siqaret tutan gonbullar üçündür.

***

Edit Piaf eyvandan baxır. Jan Kokto kölgəlikdən gülür. Marlen Ditrix divanda yayxanıb. Deyirlər, Leonard Berstayn artıq oteldən çıxıb bura gəlir. Bəlkə, Pikasso da gəlib çıxdı. Kimsə Prustdan sitat gətirməyə başladı. Hər şey mənim üçün!
Cangüdənlərimlə otelə qayıdanda sahildə süpürgəçinin Mosartı zümzümə etdiyini eşitdim. Düşünürəm ki, məni artıq heç nə təəccübləndirə bilməz, yuxularım belə.

***

Qorxumu azğınlığımın altında gizlədirəm. Rəqsim isə onun təzahürüdür.

***

– Fransız tənqidçilər deyirlər ki, rəqs edəndə siz tanrı olursunuz.
– Şübhə edirəm.
– Tənqidçilərə?
– Yox, fransızlara. Və tanrılara.

***

Fransa tamaşaçısı – yaxşı tamaşaçılar həmişə fransızdırlar, Livanda, Nyu Yorkda, Buenos-Ayresdə, Vyanada, Londonda olsalar belə.

***

Onlar dinclik, səssizlik nöqtəsi axtarırlar. Nə zamanın, nə məkanın, yalnız paklığın olduğu nöqtə.

***

Bekket kafedə piştaxtanın arxasında dayanıb. Başı ilə məni salamladı. Deyəsən, o, qəhvəni konyaka tökür, konyakı qəhvəyə yox.

***

Bir işin keyfiyyətini həmin işin tamaşaçıya necə təsir etməsi ilə ölçmək olar.

***

Bu dünyada hansı yalnızlığa düçar olmağımızdan asılı olmayaraq, yəqin, yalnız olmayanda bütün bunların izahı veriləcək

***

– Müsyö Nuriyev, nəyinsə peşmanlığını çəkirsinizmi?
– Heç bir sözümdən və əməlimdən imtina etməzdim. Elə hey geriyə boylananda pilləkəndən düşmək olar.
Çox fəlsəfi. Mən oxuya bilirəm.

***

Ad günümü yalnız ona görə qeyd etdim ki, ad günümü unudum. Otuz bir yaş. Marqo gözəl büllur qədəh almışdı, Erik isə “Gucci”-dən saat hədiyyə etmişdi. Mən isə yalnız bir şey – çimərlikdə gəzmək istəyirdim.

***

Gedib parka çıxdım. Burda Parisin son nalbəndi bugünlük ilk atını nallayırdı.

***

Erik dedi ki, qocalar güllərdən yaxşı yaşayır – işləri azdır, ürəkləri istəyəndə də kölgəyə çəkilə bilirlər.

***

İnsan həyatı yaxşı həyatdırsa, insanın özündən yaşca böyükdür.

***

Yerə yıxılarkən ağacın çıxardığı səs ağacın sındığına görə üzrxahlığıdır.

***

Rudi bir dəfə ona demişdi ki, onlar əl və əlcək kimidirlər. Maraqlıdır, o nə idi? Əl yoxsa əlcək?

***

Xərçəng. Dərmanlar. Həblər. Yuxugətirən həblər, arıqlamaq üçün həblər, ağrıkəsici həblər, həyata qarşı həblər, qısqanclıqdan tutmuş bronxitə qədər istənilən xəstəliyə qarşı həblər, xəyanətə qarşı həblər, xainliyə qarşı həblər, yöndəmsiz yerişə qarşı həblər, həblərə qarşı həblər.

***

Peşman olduğum yeganə şey peşmanlıqlarımın sayının az olmasıdır.

***

Uzun illər əvvəl dayım mənə demişdi ki, dünyaya quş kimi gəlsəydim, bir qanadım qırıq olardı.

***

Bir gün bu dəhşətli məqam şirin xatirəyə çevriləcək.

***

Sonra o soruşdu ki, bağışlamağı öyrənmək üçün bu dünyada kifayət qədər çox yaşamamışammı? Bağışlamaq? Nə aidiyyatı var? Daha sadə və əhəmiyyətli şeylər var – heç yerdə sabun tapılmır və unitazımız su buraxır.

***

Çiyinlərini çəkib bütün həyatı boyu izləndiyini dedi – nə fərqi var bunu KQB edir yoxsa MKİ?

***

İstənilən dəyişikliyin səbəbi olmalıdır. Əks təqdirdə keçmişə hörmət hissi qalmayacaq.

***

Bu elə görünürdü ki, sanki onunla şahmata oxşar əcayib bir oyun oynayırıq – bircə şah qalanadək bütün fiqurlarımızı itirməyə çalışırdıq, sonra isə onu taxtaya yıxıb deyirdik: “Budur, taxta sənindir, indi mənə izah elə görüm, necə məğlub oldum”.

***

– O öləndə başında şlyapa var imiş.
– Kimin başında?
– Sergeyin. O həmişə şlyapa taxırdı, ancaq heç vaxt evdə taxmazdı. Rusiyada bu ədəbsizlik sayılır.
– Belə de! Onda bütün ruslar ədəbsizdirlər, elə?
– Sən mənə qulaq asmırsan.
– Əlbəttə, asıram.
– Onda imkan ver, sözümü bitirim.
– Səhnə sizin ixtiyarınızdadır.
– Belə. Arvadı ilə tezliklə görüşəcəyinə inandığı üçün şlyapa taxıbmış.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook