Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Qabriel Qarsia Markes “Vəba günlərində eşq”

kko_qabriel_qarsia_markes_veba_gunlerinde_esqAnnotasiya

“Vəba günlərində eşq” (ispanca “El amor en los tiempos del cólera”) – Nobel mükafatçısı Qabriel Qarsia Markesin bu romanı gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məhəbbəti haqqındadır.

Əsərin qəhrəmanı Florentina Ferminaya əbədi məhəbbət bəxş edəcəyini desə də, o daha imkanlı şəxsə doktor Xuvenal Urbinoya ərə gedir.
Ancaq bütün çətinliklərə, qadağalara baxmayaraq Florentina öz məhəbbətindən bir addım da geri çəkilmir və sevgilisinə qovuşacağı günə olan inamı onu heç vaxt tərk etmir.

Karandaşın izi ilə

Labüd bir şey idi: acı badam qoxusu ona hər zaman uğursuz eşqləri xatırladırdı.

***

Amma yetərindən artıq bildiyini heç vaxt gizlətmək istəmir və adının yaratdığı nüfuzdan aşkar şəkildə yararlanırdı. Bəlkə də məhz buna görə o, layiq olduğundan az sevgi qazanmışdı.

***

Ancaq heç bir prinsipi olmayan məxluq dərdi həzz alaraq çəkə bilərdi.

***

Bu evə nitqi olmayan heç bir varlıq girməyəcək!

***

Yaddaşı olmayan onu kağızdan düzəldir.

***

İnsan sevdiyi əşyalarla birlikdə ölməlidir.

***

Həkim öncə onu, sonra da anasını eyhamlı sorğuya tutaraq bir daha müəyyən elədi: eşqin və vəbanın simptomları eynidir.

***

Oğlan onun bəyənəcəyi kişi tipi deyildi. Eynək şüşələrinin arxasındakı atılmış körpə görüntüsü, keşiş geyimi, mübhəm davranışı, rəftarı – bütün bunlar insanda maraq doğururdu, amma marağın da eşqin min bir tələsindən biri ola biləcəyini heç düşünməmişdi.

***

Yaxşı, mənə badımcan yedirtməyəcəyinizə söz verirsinizsə, sizinlə evlənərəm!

***

– Əsl müharibə dağlarda gedir, – dedi. – Özümü tanıyandan bəri şəhərlərdə insanlar güllə ilə deyil, hökmlərlə öldürülür.

***

Haradasan, burda olmayan?

***

– O, çirkin və kədərlidir, amma başdan-ayağa eşqin özüdür.

***

– Xoşbəxtəm, – qadın dedi, – çünki evdə olmadığı üçün indi onun dəqiq harada olduğunu bilirəm.

***

– Dil satıcılara lazımdır. Alıcını, necə olsa, hamı başa düşür.

***

– Yox, zəngin deyiləm. Pulu olan yoxsulam. Bunlar başqa-başqa şeylərdir.

***

– Məni ən çox üzən ölüm deyil, eşq ucbatından ölməməkdir.

***

İstənilən kişinin qocalıqda atasına bənzədiyini yalnız o zaman anladı.

***

Qonşuların əvvəl-axır gördüyündən daha çox öyrənəcəyini bilirdi.

***

– Sevmədiyi bir adamla məqsədli nikah – qəhbəliyin ən alçaq formasıdır bu.

***

Tanımazdan öncə onda bir çox şübhələr yaradan kübar həyatım atavist qaydalardan, cəfəng mərasimlər və əzbərlənmiş kəlmələr sistemindən başqa bir şey olmadığını bilmirdi.

***

Qüsursuz bir ər idi: nə yerdən bir şey qaldırıb götürür, nə işığı söndürür, nə də qapını bağlayırdı. Səhər hələ dan yeri ağarmamış paltarının bir düyməsi əskik olduqda “Adamın gərək iki arvadı ola, – dediyini eşidirdi, – biri sevişmək üçün, biri də düymələrini tikmək üçün”.

***

O kişi idi və deməli, gücsüz idi.

***

Bunun yol açdığı həqarət duyğusuna dözmək, xəyanətin xəcalətinə, qəzəbinə, haqsızlığa dözmək daha çətin idi. Ən pisi də, Tanrı lənət eləsin, bir zənci ilə. Əri düzəliş etdi: mulat.

***

Hər yaşın özünə görə geyim tərzi vardı. Amma qocalığın tərzi yeniyetməlikdən dərhal sonra başlayır, ta qəbir evinədək davam edirdi. Geyim sadəcə yaş deyil, cəmiyyətdə layiqli yer tutma mənası verirdi. Gənclər lap babaları kimi geyinirlər, vaxtından əvvəl taxdıqları eynəklərlə özlərini daha möhtərəm hala gətirirdilər. Otuz yaşdan sonra çəliklə gəzmək yaxşı əlamət sayılırdı. Qadınlar üçünsə yalnız iki yaş vardı. Ərə getmə yaşı – o, iyirmi ikini keçmirdi, – bir də sonadək qartıma yaşı: evdə qalmış qızlar. O birilər – ərdə olanlar, analar, dullar, nənələr, – onlar ayrı bir növdür. Yaşlarını yaşadıqları illərə görə deyil, ölmək üçün yerdə qalan illərə görə hesablayırdılar.

***

…ona rəsmlərindən daha çox bənzəyən şlyapalarını…

***

Hərflərin klaviaturanın üstündəki yerlərini yadda saxlamasından ötrü üç gün, yazarkən eyni zamanda düşünməyi öyrənməsindən ötrü altı gün, yarım qutu kağızı cırıb atdıqdan sonra ilk məktubunu bircə orfoqrafiya səhvi olmadan yazması üçün üç gün vaxt itirdi.

***

Məktublarının mütəmadiliyi isə barmaqlarının məharətindən asılı idi: öncə həftədə bir, sonra iki, ən nəhayət, gündə bir məktub. Poçtda bayraq asdığı günlərdən bu yana poçt sisteminin inkişafı onu sevindirirdi.

***

Yüksəkliyin ürək üçün yaratdığı təhlükələr, ciyərlərin soyuqlaması, yerli əhalinin riyakarlığı, mərkəzçilik siyasətinin doğurduğu ədalətsizliklər. Buna görə də dünyanın yarısını tanıyırdılar, amma öz ölkələrinə bələd deyildilər.

***

İnsanlar səfərdəki ordular kimi ən zəif gedənin sürəti ilə irəliləyir.

***

– Yaxşı, bu lənətə gəlmiş gediş-gəlişləri nə zamanadək davam etdirəcəyinizi güman edirsiniz?
Florentina Arisanın cavabı gecələrlə birlikdə düz əlli üç il, yeddi ay, on bir gündən bəri hazır idi.
– Bütün həyat boyu, – o dedi.

Tərcümə: Əziz Rzazadə

4.4 (87.27%) 11 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook