Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

İrvinq Stoun “İztirab və vəcd”

kko_irvinq_stoun_iztirab_ve_vecdAnnotasiya

“İztirab və vəcd” (ingiliscə “The agony and the Ecstasy”) – amerikan yazıçısı İrvinq Stounun İntibah dövrünün böyük heykəltəraşı, rəssamı və şairi Mikelancelo Buonarroti haqqında bioqrafik romanıdır. Hekayəni daha dəqiq təsvir etmək üçün İrvinq Stoun İtaliyaya köçüb orada dörd il, əsəri bitirənə qədər yaşayır. Daşla işi oxucuya daha yaxşı çatdıra bilmək üçün yazıçı əlinə çəkic və kəski alıb daşyonan sənətini öyrənir. Dostlarının köməkliyi ilə arxivlərdən Mikelancelo və onun ailəsinə aid çoxlu sənədlər tapır. Romanın demək olar ki yarısı açıq sənədlər üzərində qurulmuşdur.

 

Karandaşın izi ilə

Əgər sima sənə artıq verilibsə, onu, bizim Duomo kilsəsinin fasadının planını yenidən çəkdikləri kimi, bir daha çəkə bilməmək çox pisdir.

***

Heykəltəraşlıq – sənətlərdən ən alisidir!

***

– Neçə yaşın var?
– On üç.
– Mənim şagirdlərim on yaşda başlayırlar. Son üç ildə nə edirdin?
– Məktəbdə, Françesko da Urbinonun yanında latın və yunan dili əzbərçiliyi ilə vaxtımı boş-boşuna sərf edirdim.

***

– Şəkil çəkməyi bacarırsan?
– Öyrənməyi bacarıram.

***

Səni az tanıyıram, amma təvazökarlıqdan danışsaq, o sənə lazımi miqdarda verilib. Deməli, sən istedadın olmadığı üçün deyil, boyalara laqeyd olduğundan mənim rəqibim olmaq istəmirsən?

***

Rəsm çəkmək üçün böyük əzələlər tələb olunmur.

***

Qirlandayonun Florensiyada yeganə rəqibi olan Rosselini ilə lap çoxdan arası yoxdur: onun da rəssamlıq emalatxanası var idi. Yeddi il əvvəl Qirlandayo, Bottiçelli və Rosselini papa Dördüncü Sikstin dəvəti ilə Romaya yenicə inşa olunmuş Sikstin kapellasının divarlarını çəkməyə getmişdilər. Rosselini onunla papanın rəğbətini qazanmışdı ki, ən qışqıran qırmızı, ən parlaq ultramarindən istifa edirdi, hər buludu, hər bəzəyi, hər ağacı qızıl suyu ilə işləyirdi, – və bu yolla ən arzuolunan pul mükafatını əldə etmişdi.

***

– Belə də şey olar! Lütf edib məndən dərs almağın üçün pul vermək?!
– Onda sizin üçün işləməyəcəm. Başqa çarə yoxdur.

***

Sən bütün nəzakət qaydalarını pozdun. Ancaq istədiyinə nail oldun!

***

Zira toskaniyalılar daşa aşiq öz sevgilisinə baxdığı şəfqətlə baxırdılar.

***

Daş toskan torpağının ən zəngin məhsullarından idi. Uşaqlıqdan hər toskaniyalı daşı toxunuşdan tanıyır, onun səthinin və dərin təbəqələrinin necə qoxuduğunu, qızmar günəş, yağış altında, ay işığında, soyuq tramontana küləyində özünü necə apardığını bilirdi. Min il yarım ərzində toskana sakinləri yerli, açıq rəngli daş – pietra serena çıxararaq zəhmət çəkiblər və ondan elə heyranedici, gözəllik ruhunu cəlb edən şəhər salıblar ki, özündən əvvəlki bir çox florensiyalı nəsillər kimi, Mikelancelo da deyirdi: “Duomonu görmədən, necə yaşaya bilərdim!”

***

– Tezliklə görüşənədək, tülkücük xəzçiyə belə dedi!
– Ooo, dərimi soyacaqlar, amma tülkücükdən fərqli olaraq sağ qalacam.

***

Ögey ana öz sevimli torta – kulebyaku yeməyini bişirirdi. Sübh tezdən yağda qızardılmış cücələrin əti döyülür, ona söğan, cəfəri, yumurta və zəfəran əlavə olunurdu. Sonra pendirli vetçina, un, zəncəfil və qərənfildən ravioli – pelmenə oşxayan kətələr hazırlanırdı, onlar da cücə əti, xurma və badam ilə lay-lay düzülür və səliqə ilə xəmirə bükülürdü. Hazır məmulata piroq forması verilirdi – onu ancaq qaynar kömürdə bişirmək qalırdı.

***

Lukresiya di Antonio di Sandro Ubaldini da Qalyano adı tam halda vərəqdə daha çox yer tururdu, nəinki onun cehizinin siyahısı, əks halda belə gənc qadının qırx yaşlı, saçları ağaran, beş oğlu olan dul kişiyə ərə getmək və Buonarroti ailəsini təşkil edən doqquz nəfərə yemək bişirmək nəyinə lazım idi?

***

Mikelancelo da, dörd qardaşı da ögey analarını la Migliore, misilsiz, deyərək çağırırdılar, çünki onun mətbəxt masasına gələn hər şey gərək ən yaxşı, misilsiz olaydı.

***

– Simiclik etməyi və pendirin qabığına da qənaət etməyi qurtar, Lodoviko. Səninki də elə pulları kisəyə yığmaqdır, ailə isə ac-yalavac gəzir.
– Ac-yalavac! Artıq üç yüz ildir ki, heç bir Buonarroti naharsız qalmayıb. Məgər sənə hər həftə Settinyanodan bir buzov gətirmirəm?
– Bəs niyə bazar çoşqa və göyərçinlə dolu ola-ola, biz hər gün ancaq buzov əti yeməliyik?

***

Lodoviko doyumlu yeməyi yeyir, stulu masadan kənara çəkir, aralanmış barmaqları ilə şişmiş qarnını şappıldadır və toskaniyalıya onsuz sönük və mənasız gün kimi görünən o müqəddəs cümləni deyirdi:
– Lap əcəb yedim ha!
Vaxt ötdükcə, qida isə həzm olduqca və cəlbedici ətirlər onun beynindən uçduqca, onu yenə nəfis naharın bahalığı haqqındakı ağır fikirlər bürüyür və o, yenə tutqun qəzəbli vəziyyətini alırdı.

***

Təbiət Lodovikoya ancaq bir bəxşiş verib – gur saçlar: onların bolluğu ona sinəsinə düşən enli saqqalla birləşən gözəl bığ buraxmağa imkan verirdi.

***

Mikelancelo bilirdi ki, atası qapını eyni zamanda üç açarla bağlayan, çox ehtiyatlı adamlardandır.
– Sabahınız xeyir, messer padre.
Lodoviko dərin ah çəkdi:
– Mən çox gec anadan olmuşam. Yüzcə il qabaq Buonarroti öz üzümlərini kolbasa ilə bağlayırdılar.

***

Bizim nəsil Mediçi, Strotsi və ya Tornabuoni qədər qədimdir. Buonarroti soyadını biz artıq üç yüz ildir daşıyırıq. – Səsi qürurlu enerji ilə dolurdu. – Üç yüz ildir ki, Florensiyaya vergi ödəyirik.

***

Atası Mikelanceloya əməyin kübar şəhərli üçün alçaldıcı məşğuliyyət olduğunu öyrədirdi və oğlan özü də görürdü ki, Lodovikonun bütün səyləri pul qazanmağa deyil, onları xərcləməməyə yönəlib.

***

– Doğrudanmı elə bilirsən ki, sənə həyatını korlayıb rəssam olmağa icazə verəcəm? Nəslimizin adını batırmaq? Axı üç yüz il ərzində bir nəfər Buonarroti olsun o dərəcədə alçalmayıb ki, çorək pulunu öz əllərilə qazansın.
– Doğrudur, – oğlan qəzəblə cavab verdi. – Biz axı sələmçilərik.
– Biz Florensiyada ən hörmətli sexlərdən olan pul mübadiləçiləri sexinə mənsubuq. Faizə pul vermək şərəfli peşədir.

***

Donatello ona görə müflis oldu ki, pullarını tavandan asılmış məftil səbətdə saxlayırdı və lazım olanda bütün dostları və köməkçiləri oradan pul götürürdü.

***

– Təsviri incəsənətlə məşğul olmaq eşşəyin başını torta ilə yumaq kimi bir şeydir, – Françesko dayı atalar sözünü əlavə edərək dedi, zira toskan müdrikliyi başdan-ayağa atalar sözlərindən düzəlmişdi. – it də gedəcək, ip də. Hamı elə bilir ki, əlindəki daş dönüb xalis qızıl olacaq. Boş arzudur!

***

Həmişə öz-özünə nənəsi təkrarlamağı sevdiyi sözləri deyirdi: “Səbr et! İnsan dünyaya gələndə, onunla birgə sənəti də dünyaya gəlir.”

***

“Xoşbəxtlik, – , deyə-deyə dururdu – təkcə o biri dünyada olur.”

***

nənə öz valideyn səlahiyyətindən ancaq ən kəskin ailə münaqişələri zamanı istifadə edirdi.

***

Əgər biz onlara kömək edə bilmiriksə, niyə mane olmalıyıq?

***

Vallah, başa düşə bilmirəm bu kimə oxşayıb? Əlbəttə ki, Buonarrotiyə deyil. Görünür korlanma anan tərəfdən gəlir. Burda Ruçellai qanı var!

***

– Həqiqətən öz üzərimdə heç bir müqəddəsin qazana bilməyəcəyi qədər qələbələr qazandım!

***

Qirlandayo onu öz bacısı ilə evləndirdi ki, onların ailəsinə işləsin, – Yakopo danışırdı. – Sən də ehtiyatlı ol, Mikelancelo! Gözü açıq ol!

***

Rəssamlıq – şəkil çəkməkdir, əsrlərə hesablanan rəssamlıq isə “mozaika”dır.

***

Florensiyada orta hesabla ayda doqquz bayram olur. Əgər bazar günlərini də nəzərə alsaq, onda belə çıxır, biz ancaq günaşırı işləməliyik.

***

Oğlan çılpaq insan fiqurunu çəkə bilmirdi və bunu öyrənməyə elə də həvəsi yox idi.
– Nəyə görə çəkmək lazımdır ki? – soruşurdu. – Axı biz həmişə təkcə üz və əlləri açıq təsvir edirik.

***

Gözlər görəni, əl də çəkə bilər.

***

Bütün ustad müdrikliyi Qirlandayonun öz masasının arxasındakı divara mıxladığı lövhəcikdə ifadə olunmuşdu. Ən yaxşı müəllim – təbiətdir. Hökmən hər gün rəsm çəkin.

***

Qadın portretlərini yağlı boya ilə çəkmək daha yaxşıdır.

***

– Yadında saxla, – Mikelancelonu öyrədirdi, – üz üç yerə bölünür: birinci saçlar və alın, sonra burun, sonra çənə və ağız. Və kişi fiqurunun proporsiyalarını əzbərlə. Qadınınkını hesablamıram, çünki elə bir qadın yoxdur ki, proporsional vücuda malik olsun. Biləklə birgə əlini aşağı salsan ombanın yarısına kimi çatır… Bax, görürsənmi? Kişi fiqurunun uzunluğu onun üzünün uzunluğunun səkkiz mislinə bərabərdir; əgər insan qollarını yanlara açıb dayansa, bu xəttin uzunluğu da üzün uzunluğunun səkkiz mislinə bərabər olacaq. Kişinin sol böyründəki qabırğaların qadından bir ədəd az olduğunu heç vaxt nəzərdən qaçırma.

***

Freskaya çəkilən temperanın ilk layını, xüsusən gənc, təravətli dərisi olan insanları çəkirsənsə, şəhər toyuğunun yumurtasının sarısından hazırlamaq lazımdır; kənd toyuğunun yumurta sarısı parlaq olur, o, ancaq yaşlı və ya qarabuğdayı insan bədənlərini çəkməyə yarayır.

***

Qirlandayonun emalatxanasında Çennininin rəssamlıq haqqında traktatının əlyazma siyahısı saxlanılırdı. Yakopo heç nə oxuya bilməsə də, hərdən şagird masasına əyləşib, ayaqlarını çarpazlaşdıraraq güya manuskripti oxuyurdu: əslində isə ondan cəmi bir neçə hissəni əzbərdən bilirdi.
“Əgər incəsənətlə məşğul olursunuzsa, həyat tərziniz elə olmalıdır, sanki ilahiyyatı, fəlsəfəni və ya başqa bir elmi öyrənirsiniz; başqa sözlə, yeməyiniz, içməyiniz sadə olmalıdır, heç olmazsa gündə iki dəfə… siz daş və dəmir qaldırmaqdan çəkinərək əllərinizi hər vasitə ilə qorumalısınız. Əlinizdə qüvvətsizlik əmələ gətirə bilən başqa səbəb də vardır ki, o, küləkdən titrəyən ağacın yarpaqlarından da möhkəm əsib titrəyəcək, – bu qadınlarla ifrat dərəcədə münasibətdə olmaqdır.”

***

– Bucardini, məni elə çəkmisən ki, bir gözüm haradasa gicgahımda çıxıb.
– Mənə elə gəlir ki, gözünü düz çəkmişəm, – burda hər şey naturada olduğu kimidir.
– O halda bunu təbiətin qeyri-mükəmməlliyinin üstünə ataq.

***

İndi onun dərrakəsini üzərində avamlıq və biliyin qara və ağ kvadratları növbələşən şahmat taxtasına bənzətmək olar.

***

– Rəsm gərək ruhu ovsunlasın, təzələsin və oxşasın. Kim mənə çılpaq bədənin buna yaradığını isbat edər? İnsanı gözəl libasda çəkməyi sevirəm…
– Mənsə istərdim onu Allah-Təala Adəmi yaratdığı şəkildə təsvir edim.

***

Budur Cotto, rəssam, heykəltəraş, memar – rəvayətə görə, Çimabue ona rast gələndə, Cotto çobanlıq edib qayada şəkil çəkirmiş. Çimabue onu öz emalatxanasına gətirdi və həmin çoban rəssamlığın bizans zülmətindən, bizans cansızlığından xilaskarına çevrildi.

***

Lodoviko kilsənin bütün qanunlarına, hətta onları pozanda belə hörmət edir.

***

Qirlandayonun necə gözü var idi! Onun diqqətindən heç nə yayınmazdı. Əgər ona Florensiyanı təsvir etməyi sifariş etmirdilərsə, oranı Qüds adı altında çəkirdi; fələstin səhrası Toskan səhrasına dönür, bütün bibliya personajları isə onun yerliləri florensiyalılar olurdu. Və Florensiya öz ruhuna görə xristianlıqdan çox bütpərəstlik şəhəri olduğundan, Qirlandayonun fırçası ilə məharətlə saxtalaşdırılmış portret və şəkillər hamının istisnasız xoşuna gəlirdi.

***

O, da həmçinin gördüyünü səhih şəkildə və ustalıqla çatdırmağı öyrənmək istəyirdi. Ancaq onun üçün əşyanın özünü deyil, onun vasitəsilə yaranmış hissləri göstərmək daha vacib idi.

***

Rəssam hamar səthə boya çəkir və perspektivin köməyilə insanları rəsmi bütövlükdə gördüklərinə inandırmağa çalışır. Ancaq rəssamın çəkdiyi insan və ya ağacın ətrafında dolanmağa çalış! Məgər aydın deyil ki, bu xəyal və sehrdən başqa bir şey deyil! Heykəltəraşı götür – ah, o əsl həqiqəti olduğu kimi oyur! Heykəltəraşlıq və rəssamlıq həqiqət və yalan kimidir… Rəssam səhv edəndə, adətən nə edir? İşini yeni boya layı ilə örtür. Heykəltəraş isə mərmər parçasında fikirləşdiyi formanı əvvəlcədən görməlidir. Heykəltəraş qırılmış hissələri yapışdırmağa qadir deyil. İndi heykəltəraşların yoxa çıxmasının səbəbi də bundadır. Əsər heykəltəraşdan rəssamla müqayisədə min dəfə çox dəqiqlik, düşüncə və bəsirət tələb edir.

***

Hər toskaniyalı anadangəlmə heykəltəraşdır. Ərazini əlinə keçirərək o, daş səkilər tikir, üzüm və zeytun bağları salır, onları dərəli-təpəli mənzərəyə məharətlə əlavə edirdi. Toskanlının heç bir ot tayası digərinə bənzəmir: o, tayaya gah yumru, gah oval, gah çətir, gah da çadır şəkli verir – ot tayasının forması buralarda sanki sahibin şəxsi nişanı idi.

***

İnsanların daşla rəftar etmək bacarıqlarına görə onların nə qədər mədəni olduqlarını söyləmək olar.

***

Florensiyalılar öz daş döşənmiş yollarıyla öyünürdülər – bütün şəhər fəxrlə danışırdı ki, bir dəfə məhkum olunmuş bir nəfəri asmaq üçün Sinyoriya sarayına aparanda araba daşlara görə atılıb-düşməyə başlamış və həmin adam qəzəblə qışqırmışdı:
– Bu lövhələri hansı axmaqlar yonub?

***

Özününkü olmayan işə girişmək səbətdə şorba bişirmək kimi bir şeydir.

***

Bir nəfər oğlunun qayığı Pizada saya oturanda, Arno sularına daxil olaraq belə demişdi: “Hətta ən kiçik köməyində bir xeyri var.”

***

Hər daşın öz ayrı xüsusiyyəti var. Onu dərk etmək lazımdır. Daşla ehtiyatlı davran, yoxsa parçalanacaq. Heç vaxt o yerə gətirmə ki, daş sənin əllərindən ölsün. Daş sevgi və bacarığa cavab verir.

***

Lap əvvəldən Mikelanceloya oyrətmişdilər ki, daşın bir sirri var – onun üstünü gecələr örtmək lazımdır, zira ona bədirlənmiş ayın şüaları düşsə, hökmən çat verəcək. Hər daş parçasının daxilində boşluq və dəliklər var. Onların üzə çıxmaması üçün daşı gişlə örtərək istidə saxlamaq lazımdır, bu zaman giş yaş olmalıdır. Çox isti daşın səthinə onu dağlarda kəsməmişdən əvvəl olduğu kimi kobud kələ-kötürlük verir. Buz daşın düşmənidir.

***

Marqerita Mikelancelonu öz oğlu ilə birlikdə iki il əmizdirmişdi, südü çəkilən gündən isə uşaqlara şərab içirirdi. Oğlanları təkcə messaya aparmağa hazırlaşanda su ilə yuyurdu.

***

Zeytun yığanlar çoxdanışan adamlardır: ağacda iki-iki oturaraq öz aralarında daim söhbət edirdilər, zira onlar üçün sükut az qala ölümə bərabər bir şey idi. Topolino dişlərini qıcayıb dedi:
– Göyərçini də qoyasan o biri göyərçinin quruldamasına qulaq assın.

***

Sabah Topolinolar ailəsində öz yerimi tutacağım gündür, hərçənd, bilmirəm sabah nə vaxt olacaq – bir həftədən yoxsa bir ildən sonra.

***

Rəsm üçün ən yaxşı vaxt günortadır. Amma boyalarla çəkməzdən əvvəl onları ovuşdurmağı öyrənmək lazımdır. Bilirsən ki, cəmi yeddi təbii boya mövcuddur. Gəl qara rəngdən başlayaq.
Mikelancelo, əgər sənə adi qara rəng lazımdırsa, hisdən istifadə et; yox əgər qara rəngdə hansısa çalarlar olmasını istəyirsənsə, qara boyaya bir az yaşıl qat, bax belə, bıçağın ucu ilə!… – Bədən tonlarını almaq üçün ikinin birə nisbətində qırmızı dəmir filizi və əhəng götürməlisən.

***

Rəssam olmaq – ilk növbədə əllərlə işləmək deməkdir!

***

– Boyaları necə qarışdırım ki, dünənki parlaqlıqda olsun?
– Hər dəfə qopartdığın boya hissəsinin çəkisini barmağının ucunda ölç. Bu işdə əl gözdən daha itidir.

***

Mikelancelo heç vaxt mələk görmədiyindən, onları necə təsvir etməyi bilmirdi. Qanadları çəkmək daha çətin idi: heç kəs ona deyə bilməzdi ki, onlar ətdən-qandan yaxud yun və ya ipək sexi hazırlayan hansısa şəffaf, görünən materialdandır. Üstəlik heç kəs parlayan halələrin nədən ibarət olduğunu izah edə bilməzdi, onlar nəsə metala bənzər bərk və ya göyqurşağı kimi yüngül idilərmi?
– Mənim mələyim xarratın oğludur, o, bizdən aşağıda yaşayır. Xarratı dilə tutdum ki, oğlanın qanadlarını kəssin.

***

Sənin rəsmə olan istedadını anlayaraq, gələcəyinə qibtə edirəm.

***

– Oh, Qranaççi, səndə heç olub ki, bir şeyi elə çox istəyəsən ki, artıq buna dözməyəsən?
– Yox. Hər şeyi asanlıqla əldə etmişəm.
– Necə də xoşbəxtsən.

***

Ondan əngəlsiz uzaqlaşmağa imkan verən birinə necə minnətdarlığını bildirəsən?

***

Bir torbada iki nəfər olanda, onu körpüdən aşağı atmaq daha çətin olur.

***

Əgər anan atdan yıxılmasaydı, səni süd anası üçün Topolino ailəsinə yollamazdılar, Topolinolara düşməsəydin isə daşyonan olmaq fikrinə düşməzdin.

***

– Yaxşı, bəs heykəltəraş nədir? Rəssamdan da betər. Heç bir sexə aid deyil. Odunçu və ya zeytun yığan kimi fəhlədir.
– Bir vacib fərqlə ki, – Qranaççi nəzakətlə, amma qəti şəkildə etiraz etdi, – zeytundan yağ alırlar, odunları şorba bişirmək üçün yandırırlar. Həm yağı, həm də şorbanı yeyirlər – budur onların sonu. Sənətin isə sehrli xüsusiyyəti var: zəkalar onu nə qədər dərk etsə, ömrü o qədər uzun olur.

***

Biz Florensiyalılar qəribə adamlarıq: yumşaqürəklik bizə yaddır, bircə damla qanımız da onunla zəhərlənməyib, amma buna baxmayaraq, asanlıqla ağlayırıq, gözümüzün yaşı qurumur.

***

– Öz atanı sevirsən, Qranaççi?
– Sevirəm.
– Sənə qibtə edirəm.
– Deməli, sən də atana qarşı daha mehriban olmalısan.
– Mehriban?
– Hə, əgər onun sənə pislik etməsini istəmirsənsə.

***

Biz hamımız Allahın yaratdığı kimiyik.

***

Müəllim də aşpaz kimi bir şeydir: əlinin altında möhkəm toyuq və ya bərk dana əti olsa, onu heç bir yaxşı sous yumşaq edə bilməz.

***

İndi isə işinizə başlayın. Əgər bir balaca istedadınız varsa, üzə çıxacaq.

***

Heykəltəraş üçün rəsm xüsusi bir şeydir. İnsan da, daş da üç ölçülüdür, onların ortaq cəhətləri daha çoxdur nəinki insanla rəssamın şəkil çəkməli olduğu divarın və ya taxta lövhənin.

***

Heykəltəraş üç ölçülü fəzanı göstərməlidir, ona tək hündürlük və en yox, həm də dərinlik lazımdır. Rəssam fəzanı doldurmaq üçün rəsm çəkir, heykəltəraş isə onu yenidən xəyalında canlandırmaq üçün. Rəssam hərəkətdə olmayan bir şeyi çərçivəyə alır, heykəltəraş isə şəkil çəkərək hərəkəti yaxalayır, gərilmiş insan bədəninin hər cizgisini, hər əyrisini aşkara çıxarır.

***

Atı tanıyırsansa, bütöv bir dünyanı tanıyırsan.

***

– Bertoldo sənin işini tərifləyirmi?
– Xeyr.
– İstedadın olduğunu deyir?
– Xeyr.
– Bəs gələcək üçün heç zəmanətlər verir?
– O, mənə məsləhətlər verir.
– Bu eyni şey deyil.
– Ammesso. Razıyam.
– Başqalarını tərifləyirmi?
– Hərdən.
– Belə, deməli, sən ən ümidsizisən.
– Ola bilməz.
– Niyə ki?
– Başqalarından yaxşı çəkirəm.
– Çəkirəm! Bunun nə mənası var ki? Əgər orada sənə heykəltəraş olmağı öyrədirlərsə, niyə heykəltəraşlıqla məşğul olmursan?
– Bertoldo icazə vermir.
– Niyə?
– Deyir, hələ tezdir.
– Bəs başqaları nəsə qayırırlar, kəsirlər?
– Hə.
– Məgər sənə bunun nə demək olduğu çatmır?
– Xeyr.
– Bu o deməkdir ki, başqalarının bacarığı səninkindən çoxdur.
– Hər şey əllərimi daşa uzatdığım vaxt məlum olacaq.
– Bu nə vaxt olacaq?
– Bilmirəm.
– Bəs daşla işləməyə başlamayanacan heç bir gəlirin olmayacaq?
– Olmayacaq.
– Sənə daşla işləməyə başlayacağın vaxtı deyirlər?
– Yox, demirlər.
– Elə düşünmürsən ki, bunun hamısı çox ümidsiz görünür?
– Xeyr.
– Nə düşünürsən onda?
– Çaşqınlıq içindəyəm.
– Və nə qədər çaşqınlıq içində qalacaqsan?
– Bertoldo sözünü deyənə qədər.
– Qürurun hardadır? Nə olub sənə?
– Heç nə.
– Bağlarda əldə etdiyin elə budur – “heç nə”.
– Öyrənmək qüruru itirmək demək deyil.
– Sənin demək olar on beş yaşın var. Yəni sən heç vaxt pul qazanmayacaqsan?
– Qazanacam.
– Nə vaxt və hansı yolla?
– Bilmirəm.
– İyirmi dəfə “xeyr” və ya “bilmirəm” dedin. Nə vaxt biləcəksən?
– Bilmirəm. Etməli olduğumu edirəm. Məgər bu məntiqli deyil?

***

Çolaqla ən azı bir il yerimək kifayətdir ki, özün də axsamağa başlayasan.

***

Heykəltəraşın əsl məqsədləri – dərinlik, qabarıqlıq, ölçü; bütün bunları rəssam ancaq xəyali perspektivə əl ataraq işarə edə bilər. Heykəltəraşın ixtiyarında isə möhkəm, duyula bilən reallıq aləmi var; heç kim onun rəsminin dərinliyinə addım ata bilməz, amma hər kəs onun heykəlinin ətrafına dolanıb onu bütün tərəflərdən qiymətləndirə bilər.

***

– Portretlər çəkməli olacaqsan.
– Düzünü deyə bilərəm?
– Yalan demək nəyinə lazımdır ki?
– Cəhənnəm olsun portretlər. Deyəsən, onları heç vaxt sevməyəcəm.
– Sənin yaşında “heç vaxt” mənim yaşımdakından çox-çox uzun sürür. Əgər acından ölürsən və Milan hersoqu səndən öz portretini tunc medalyon şəklində tökməyi istəyirsə…
Mikelancelo partladı:
– Hələ o dərəcədə yoxsul deyiləm.

***

Maestro, tacirin arvadı üçün aldığı paltarların bahalığından şikayət etməsi hekayəsini eşitmisinizmi? “Hər dəfə səninlə yatağa girmək, mənə bir qızıl skudoya başa gəlir”. Cavan arvadı isə ona cavab verir: “Əgər mənimlə tez-tez yatsan, bu səninçün hər gecə daha ucuz başa gələcək”.

***

Onun qardaşı – dominikanlı-rahibin son dərəcə ciddi həyat tərzi var; bəlkə ona görə, Baççio belə əxlaqsızdır.

***

– «Alla guerra di amor vince chi fugge», – dedi. – «Eşq savaşında meydandan qaçan qələbə qazanır».

***

– Səbir! Allah-Təala bizim belimizi məhz ağır yükü daşımağımız üçün düzəldib.

***

Bu eyni zamanda həm yaşayış evi və dövlət müəssisəsi, həm dükan və universitet, həm rəssamlıq emalatxanası və muzey, həm də teatr və kitabxana idi; və burada hər şeyə Mediçi zövqunə xas olan ciddi, əzəmətli sadəlik möhürü vurulmuşdu.

***

– İndiyədək memarlığın da az qala heykəltəraşlıq qədər böyük sənət olduğunu bilmirdim. – Mikelancelo dedi…
– Toskananın ən yaxşı memarı, Culiano da Sanqallo sənə deyərdi ki, memarlıq heykəltəraşlıqdan başqa bir şey deyil: fəzanı dolduracaq formanı yaratmaq sənəti. Əgər memar eyni zamanda heykərtəraş deyilsə, onun yaratdığı damla örtülmüş divarlardan başqa bir şey olmayacaq. Əgər işsiz qalsan, “Hüzn” əvəzinə saray və ya məbəd layihəsi təklif edə bilərsən.

***

Əsrlər boyu İtaliyada ancaq barelyef və ya hansısa müstəviyə bərkidilmiş heykəl olub. “David” tuncdan tökülmüş ilk qabarıq heykəl oldu – min il idi ki, onları tökmürdülər. Donatello gələnə kimi heykəltəraşlıq ancaq memarlığın bəzəyi idi – o, taxçalarda, qapılarda, xor və kafedralarda yerləşirdi. Donatello qədim romalılardan sonra qabarıq heykəllər düzəldən ilk heykəltəraş oldu.

***

Adının adi sədasında nə çox fərəh ola bilər, hərçənd günlərlə ona heç fikir vermirsən.

***

– Hamı sənin çox kobud olduğunu deyir. – O, masaya tərəf addım ataraq yaxınlaşdı. – Sənin yanında olanda, özümü möhkəm hiss edirəm. Niyə görəsən?
– Mən isə sənin yanında olanda, utanıram. Niyə görəsən?
– Bağlar üçün darıxıram.
– Bağlar da səninçün darıxır.
– Heç bilməzdim ki, orda yoxluğumu hiss edirlər.
– Hiss edirlər.

***

– Sən çox da söhbətcil deyilsən.
– Gəvəzəlik etməyə can atmıram.
– Onda niyə qoyursan ki, sənin əvəzinə gözlərin danışsın?
– Onlar nə danışır ki?
– Mənə çox xoş olan şeylər.
– Yaxşı, sən mənə onların dediklərini danışsaydın. Üstümdə güzgü yoxdur.
– Başqaları haqda düşündüklərimiz bizim şəxsi sirrimizdir.

***

Bu qorxu yox, ehtiram idi. Haradasa şüurunun dərinliyində hiss edirdi: “Bu eşqdir”.

***

– Bəs kopyaçı kopyalamalı deyil?
– Heykəltəraş kopyaçı deyil.
– Bəs şagird? Kopyaçı deyil?
– Xeyr. Şagird köhnəni nəzərə alaraq yenilik yaratmalıdır.
– Bəs yenilik haradan gəlir?
– İncəsənətin gəldiyi yerdən. Rəssamın qəlbindən.

***

– Sənin Favnın çox qocadır.
– Elə də olmalıdır.
– Buna şübhəm yoxdur. Bəs nə üçün bütün dişlərini, hamısını tam saxlamısan?
– Bəli, onun ağzını tamam başqa cür etdim. Sizin Favnda bu, qaydasında deyildi.
– Lakin sən, sözsüz, bilirsən ki, insanlar o yaşda tam qaydasında olmurlar?
– İnsanlar bəli. Amma Favnlar? – Hamı hesab edir ki, favnlar yarım keçidirlər. Bəs keçilərin dişləri tökülür?

***

Heykəltəraş zamanın hökmdarıdır: öz qəhrəmanının yaşını çoxaltmaq və ya azaltmaq onun əlindədir.

***

– … Sizi necə çağırmalıyam?
– Necə istəyirsən.
– Bircə möhtəşəm olmasın.
– Niyə ki?
– Gecə-gündüz eşitmək mümkün olan iltifatın nə mənası var…
– …yaltaqların ağzından?
– Mən bunu demirəm.
– Fikrində məni necə çağırırsan?
– Lorenso.
– Bunu sevgi ilə deyirsən.
– Elə hiss edirəm.
– Gələcəkdə məndən məhz hansı işlə məşğul olacağını soruşma. Səndən gözlənilməzi gözləməyə həvəsliyəm.

***

Böyük adamlarla bir süfrəyə oturanın gözünü gec-tez albalı çəyirdəyi ilə vurub çıxaracaqlar!

***

– Məndə qiymətli olan ancaq əllərimdir; onları qıfıla qoymaq istəməzdim.
– Əllərin elədir ki, onları gizlətmək günah olardı.

***

Bertoldo minuatür heykəltəraşı deyil, o sadəcə miniatür heykəltəraşdır.

***

– İstedad ucuz qiymətə verilir, baha başa gələn sənətə xidmətdir. O, sənə bütün həyatın bahasına başa gələcək.
– Həyat bizə başqa nə üçün lazımdır ki?
– Əfsuslar olsun ki, – Bertoldo ah çəkdi,- hərdən elə bilirdim çox şey üçün lazımdır: şahinlərlə ov, yeni yemək dadmaq həzzi, gözəl qızların ardınca sürünmək. Məgər Florensiya məsələni bilmirsən: “Ömür kef eləmək üçün verilib”. Heykəltəraş isə bir sürü heykəl düzəltməlidir. O, qırx, hətta, lazım gələrsə, Qiberti və Donatello kimi altmış il çalışmalı və sənəti zənginləşdirməlidir. O qədər şey etməlidir ki, bütün dünya onun əsərlərini tanısın.

***

– Dost olmağın nə demək olduğunu başa düşürsən?
– Bunu mənə Qranaççi izah etməyə çalışırdı.
– Mediçi üçün hamı, kim istədi, dostdur, eyni zamanda heç bir dostu yoxdur.

***

Düz sözə nə deyəsən: mən mərmər üzrə böyük heykəltəraş deyiləm. Amma, bəlkə, səni öyrədə-öyrədə böyük müəllim olacam.

***

Bu Vezuvi püskürməsi kimidir – onu dayandıra bilməzsən.

***

Fiçinonun qardaşı qızları onun haqqında acı-acı deyirdilər: O, Platondan bütöv bir dialoqu əzbər söyləyə bilər, amma ev ayaqqabılarını harda qoyduğunu daim yadından çıxarır.

***

Şəhərin ideal hökmdarı alimdir.

***

– Əgər sənin yeməyin, qalmağa yerin, mərmərin varsa, başqa nə arzulamaq olar?
– Həzzlər.
– Həzzlər? – Topolino ailəsi bu sözü dillərində oynatdılar, sanki bu onlar üçün hansısa yeni meyvə idi. – Məsələn, hansı həzzlər?
Mikelancelo bir anlıq fikrə getdi:
– Misalçün, kart oynamaq.
– Sən kart oynayırsan?
– Yox.
– Bəlkə onda başqa həzzin adını çəkəsən?
Bir saniyə də düşündü:
– Saman bazarında dəlləyə gedib, üzünü qırxdırmaq.
– Sənin saqqalın var?
– Hələ ki yoxdur. Amma mən Torricani kimi saçlarıma yağ çəkə bilərəm.
– Bəs sən istəyirsən ki, saçlarından yağ iyi gəlsin?
– Yox.
– Onda bu həzz deyil. Daha nə ola bilər?
Mikelancelo çarəsizlik içində idi:
– Məsələn, şənbə axşamları gəzməyə çıxan, zınqırov taxılmış başlıqlı qadınlar.
– Sənə o qadınlar lazımdır?
– Bunu ancaq misal üçün deyirəm. Mən şam alıb müqəddəs ananın qarşısına qoya bilərəm.
– Bu da həzz deyil, bu sənin borcundur.
– Bazar axşamın bir stəkan çaxır içmək?
– Bu adətdir.
Mikelancelo masaya yaxınlaşdı:
– Həzz dostlarına nəsə bir şey bağışlamaqdır.

***

İncəsənət əsəri məktəb tapşırığı deyil, əsərdə ancaq özünə xas olan, şəxsi bir şey qoymalısan. Onu sənə ürəyin pıçıldamalıdır.

***

Portretim, gördüyün kimi, çox ideallaşdırıb. Mən çirkinəm və bundan utanmıram, bütün rəssamlar isə elə bilirlər, mənə yaltaqlıq edəndə xoşuma gəlir. Bizim kilsədə Benosso Qossoli çəkib və o da iltifat göstərib – tünd dərimi açıq, fındıqburnumu düz, nazik saçlarımı isə Pikonun saçları kimi gözəl edib.

***

Bottiçellinin bütün rəsmlərində Simonetta var – o həm Bahardır, həm Venera, həm də Pallada. Belə son dərəcə gözəl, valehedici qadını hələ heç bir rəssam çəkməmişdi.

***

– Bu cür sən daha çox səhv edəcəksən, saqo və sənə onları düzəltmək çətin olacaq.
– Bəs, bu öyrənməyin ən yaxşı üsulu deyil? Öz səhvini məntiqi sonluğa gətirmək.
– Amma yaxşı məsləhət sənə vaxta qənaət etməyə kömək olardı.
– Vaxt məndə kifayət qədərdir.

***

Mərmər yunan sözüdür, “şəfəq saçan daş” deməkdir.

***

Florensiyalılar deyirdilər ki, Lorensonun yumşaq təbiətli və kef eləməyi xoşlayan ikinci oğlu qabiliyyətli gəncdir, amma onun bütün qabiliyyətləri hədər gedir, belə ki, onun həyatda arzuladığı ən əsas şey bütün qayğılardan uzaq durmaqdır.

***

Torpaq – kapital qoymaq üçün yeganə etibarlı yerdir.

***

– İnsana quş beyni verilməyibsə, Mazaççonu kopyalamaq məktəb tapşırığı deyil,.
– Deməli, indi beynim də səninkindən yaxşı deyil. – və acıqlı-acıqlı əlavə etdi: Əvvəllər elə bilirdim, sənin ancaq əllərin yaxşıdır.
– Rəssəmlığın mahiyyəti sənə aydındırsa, bunların eyni şey olduğunu bilməlisən.
– Onda yaxşı, sənə rəssamlıqdan savayı nəsə aydındırsa, necə mənasız olduğunu bilməlisən. Boş yerə demirlər: dəyərsiz adam – dəyərsiz həyat, böyük adam – böyük həyat.
– İnsan nə qədər böyükdürsə, o qədər çox iylənir.

***

Başqasının istedadına paxıllıq edən həmişə onu məhv etmək istəyir.

***

Eyni zamanda həm memar, həm heykəltəraş olmaq azdır, gərək üstəlik mühəndis də olasan!

***

Biri azadlığını itirəndə, bu başqalarını narahat etmir.

***

Bəs yenə sabah açılacağına əminsənmi?

***

– Mikelancelo… sən mənim davamçımsan… mən Donatellonun davamçısı olduğum kimi.
– Hə. Bertoldo. Bununla fəxr edirəm.
– Sənə öz var-dövlətimi vermək istəyirəm.
– Necə istəyirsiniz, Bertoldo.
– O səni… varlı… məşhur… edəcək. Bu mənim aşpaz kitabımdır.
– Onu xəzinə kimi saxlayacam.

***

Hamı tələsəndə, yoldan keçənlərin üzləri mənə külək vərəqləyəndə dəyişən kitab səhifələrini xatırladır. Bu qüdrətli linzalardan istifadə edərək, mən həm üzlərdəki ifadələri, həm də onların səciyyəvi xüsusiyyətlərini görürəm.

***

Polisiano soruşdu:
– Dünyəvi qida sənə xoş gəlirmi, Möhtəşəm Lorenso?
– Hər bir ölən adam kimi, – laqeyd tərzdə cavab verdi. – Oğluma öyüd-nəsihət vermək üçün güc toplamalıyam.
– Pyero, oğlum, dövlətdə mənim əlimdə olan hakimiyyət sənin ixtiyarında olacaq. Ancaq sən yadında saxlamalısan ki, Florensiya respublikadır və onun çoxlu düşünən beyni var. Eyni zamanda hamını razı salmağa imkanın olmayacaq. Düzlüyün tələb etdiyi yoldan azma. İlk növbədə bütün insanların xeyrini güd, onların müəyyən bir hissəsinin xeyrini deyil. Əgər bu cür davransan, Florensiyanı və Mediçini müdafiə etmiş olacaqsan.
Pyero Lorensonu alnından opdü. Lorenso nəzərini Piko və Polisioanoya dəyişdi, onlar o saat yaxına gəldilər.
– Piko, bircə ona təəssüf edirəm ki, Bağlarda bizim kitabxananı tikdirməyi bacarmadım: axı onun başına səni qoymaq istəyirdim.

***

– Qürurunu unut, Mikelancelo, – bu səninçün çox böyük təmtəraqdır. Pul kisən ki bom-boşdur.
– İndi mənim qürurdan başqa heç nəyim qalmayıb.

***

Doğrudanmı o toskan torpağında saraydan saraya, kilsədən kilsəyə, kəndbəkənd dolaşıb bıçaqitiləyən kimi qışqırmalıdır: “Mərmər heykəllər yonuram! Ey, mərmər heykəl kimə lazımdır!”?

***

Mən insana heyran oluram, amma insanı yaratdığı üçün Allah qarşısında diz çökürəm.

***

İnsana dost deməzdən əvvəl, Mikelancelo, onunla bir pud duz ye.

***

– Hətta yunanlar da meyit yarmırdılar, halbuki onların bunu qadağan edən kilsələri yox idi. Donatellonun da meyit yarmasına ehtiyac yox idi, amma o, insanı gözəl tanıyırdı. Yoxsa Fidiy və Donatellodan da yaxşı heykəltəraş olmaq istəyirsən?
– Ən yaxşı olmaq – istəmirəm. Amma, onlara bənzəməyən olmaq istəyirəm.

***

Rəsm dərk etmək deməkdir. Bu sınaq və intizamdır, bu sənin nə qədər dürüst olduğunu demək üçün ölçüləcəyin dəqiq ölçüdür. Rəsm etiraf kimidir: o, səni sonacan ifşa edəcək, halbuki özünün kimisə ifşa etdiyini düşünəcəksən. Şəkil şairin sətridir, götürülmüş mövzunun ilhamlandırmağa layiq olduğuna və müəllifin sətirə layiq həqiqətə sahib olduğuna şəxsən əmin olmaq üçün vərəqə çəkilmişdir.

***

Bütün insanlara anadangəlmə istedad verilir, ancaq əksəriyyətində bu atəş elə tez sönür ki!

***

İnsan rəssam ola biləcəyi üçün rəssam olmalı deyil, insan ona görə rəssam olmalıdır ki, rəssam olmaya bilmir. İncəsənət – o olmadan ömürboyu əziyyət çəkəcək kəslərin taleyidir.

***

Özü üçün alət düzəltməyən, heykəli də özü düzəltmir.

***

Bilirdi ki, yalnız günəşin sübh şəfəqləri mərməri özü haqqında həqiqəti deməyə məcbur edir. Mərmərdən keçərək, onu az qala şəffaf edir: onun bütün damarları, bütün qovuqları və bütün qüsurları amansızcasına açılır, üzə çıxır. Daşda diqqətli səhər günəşinin aşkarladığını artıq nə gündüz, nə də aşxam görmək olar.

***

“Heykəltəraşlıq – emal olunan metarialın bütün artıqlarını götürməklə onu rəssamın düşündüyü formaya gətirmək sənətidir.” Donatello

***

Piko della Mirandola hesab edirdi ki, bütün bəşəri biliklər bütövlük və tamlıq təşkil edir; o, əzəldən bəri mövcud olan bütün dinləri və bütün fəlsəfə sistemlərini barışdırmağa və birləşdirməyə can atırdı. Fiçino kimi, insanın əli çatan bütün biliklərə yiyələnmək istəyirdi. Bu məqsədlə çin mütəfəkkirlərini çin dilində, ərəbləri – ərəbcə, yəhudiləri – ivrit dilində oxuyurdu: onun fikrincə, ayrı-ayrı dillər tək bir universal dilin müntəzəm şaxələrindən başqa bir şey deyildi. Bununla belə o, italyanların ən istedadlısı, özünə düşmən qazanmadı, eybəcər Polisiano özünə dostlar tapmadığı kimi.

***

HUMANİZM.
Bəs bu sözün mənası nə idi?
Biz dünyanı yenə insanın, insanı isə öz ixtiyarına buraxırıq. İnsan nə alçaq, nə də rəzil olacaq, o, nəcib olmalıdır. Biz ölməz ruh müqabilində onun şüurunu tapdalamayacağıq, sıxışdırmayacağıq. Azad, güclü və yaradıcı ağıla sahib olmadan insanın heyvandan bir fərqi olmaz və o, ruhu olmayan bir heyvan kimi öləcək. Biz insana qandallı və diri-diri çürüyən qul tək doqma zəncirləri ilə bağlanmış olmasını yox, onun mədəniyyətini, onun ədəbiyyat və elmini qaytarırıq, onun düşünmək və özünü şəxsiyyət kimi hiss etmək haqqını qaytarırıq.

***

Qələmlə hər şeyi çəkərəm, hətta qadının boyunu da göstərərəm.

***

Əsl sənətkar üçün rəssam, heykəltəraş və ya memar olmaq azdır. Sənətkar istədiyi hər şeyi bütünlüklə ifadə etmək üçün şair olmalıdır.

***

– İşə sabah səhər başlayırsan. Bir də diqqət et ki, əlahəzrətin rəsmi gözəl olsun.
– Buna heç Mino da Fyezolenin özü də nail ola bilməz.

***

Bir neçə sətir oxuyandan sonra fikrə getdi. Bu möhtəşəm əfsanəvi döyüşün heykəlini düzəltmək ağlabatandırmı? Axı bunun üçün ən azı Qirlandayonun freskası böyüklüyündə mərmər daş lazım olacaq! Və heykəltəraş lapif və kentavrların əl atdığı çoxlu silahı – alova bürünmüş səcdəgahları, dəyənəkləri, mizraqları, maral buynuzlarını, nizələri, kökündən çıxarılmış ağacları necə təsvir edə bilər? Bu heykəl yox, xaos və mərəkə olar. Birdən bu yaxınlarda oxuduğu sətri xatırladı və onu yenidən axtarıb tapdı:
Özünü yetirdi qisasçı Afarey və qayanı dağdan qopardarkən,
Eqidə atmağa hazırdır…
Gözünün önündə kentavrın obrazı canlandı. Mikelancelo həyəcandan əsirdi. Nəhayət, o, heykəli birləşdirəcək həmin bəndi, həmin notu tapdı. Mövzunu tapdı! Əgər o, bütün silah növlərini göstərə bilmirsə, birini, ən qədim və universal olanını düzəldəcək: bu daşdır.

İyirmi kişi, qadın və kentavrların hamısı ümumi kütlədə birləşəcək; hər fiqur çoxüzlü insan təbiətinin müəyyən bir tərəfini əks etdirəcək, axı hər bir kişidə heyvandan, hər bir qadında kişidən nəsə bir şey var, bu zidd başlanğıclar bir-birləri ilə ölüm-dirim mübarizəsi aparmaqdadır.

***

İdeya yoxdursa, sənət əsəri də yoxdur – bu əlaqə rəssam üçün sadə olduğu qədər də əzablıdır.

***

Övladlarına bir yığın ad verən və sadə, qısa adın qısa ömür və cüzi xoşbəxtlik gətirəcəyinə inanan florensiyalılar bu sarayı Opera di Santa Mariya del Fiore del Duomo adlandlırmışdılar. Və saray bu böyük adı doğruldurdu – o, kilsənin arxasında qövsşəkilli düzülmüş evləri, emalatxana və kontorları sıxışdıraraq geniş ərazini tuturdu. Məhz burada Donatello, della Robbia və Orkanya öz mərmərlərini yonur, tunc heykəlləri tökə-tökə körüklə ocaq qalayırdılar.

***

O, meyit yarmağa cürət etməyincə, insan bədəninin içində hər bir orqanın təyinatını, onun rolunu və fəaliyyətini dərk etməyincə, bədəndə bütün hissələrin – sümük və qanın, beyin və əzələlərin, dəri və vətərlərin, bağırsaq və böyrəklərin – bir-birləri ilə necə bağlandığını və əlaqələndiyini başa düşməyincə heç vaxt istədiyi kimi heykəltəraş olmayacaq. Yumru heykəl bitmiş olmalıdır, ixtiyari bucaq altında baxılmalıdır. Heykəltəraş hərəkətin yaranma səbəbini bilmədən onu ifadə edə bilməz: əgər güc və ehtirası təcəssüm etdirən vücudun necə hərəkət etməsini və işləməsini ən kiçik təfərrüatları ilə görmürsə, əgər hər hansı bir jestin arxasında hansı əzələ hərəkətinin gizləndiyini bilmirsə, sözün qısası, əgər bütün orqanizmə tam olaraq nəzər sala bilmirsə, o, gücü, gərginliyi, konflikti, dramanı göstərə bilmir.

***

Açarlar başqa nə üçündür ki? Aydındır, qapıları açmaq üçün. Bəs mənim açmağa can atdığım neçə qapı var? Yalnız bir qapı. Ölüxananın qapısı.

***

Öləndən sonra başına nələr gələcəyinin insan üçün nə fərqi var ki. Axı göylərə təkcə ruh yüksəlir, bədən deyil. Hətta bıçağım ona batsa belə, onun ruhuna toxunmayacam.

***

Növbəti meyitin kəllə qutusunu açanda, Mikelancelo mat qaldı: insanlar bir-birlərindən o qədər fərqlənirlər, amma beyinləri demək olar ki eynidir!

Çıxarılmış beynə baxa-baxa təəccüblənib heyrətə gəlirdi: axı bu, ümumən kiçik sarı-ağımtıl, çəkisi uzağı iki funt ola bilən kütlə bəşərin bütün əzəmətlərini yaradıb – onun incəsənətini, elmini, fəlsəfəsini, dövlətçiliyini; o, insanı olduğu kimi – eyni zamanda həm xeyirxah, həm də qəddar edib.

***

Çarmıxa çəkmə – bu hər dəfə rəssamın avtoportretidir.

***

– Mikelancelo, səni yenidən sarayda görməyimizə çox şadıq. Bu gün biz Culianoya xoş gələn hər şeyi yerinə yetirməliyik.
– Culianonun xoşbəxt olması üçün məmnuniyyətlə istənilən şeyi edərəm.
– Gözəl. Bilirsən, bu səhər Culiano nə dedi? “İstəyirəm – dedi – mənimçün böyük, dünyada ən böyük qar arvad düzəltsinlər.” Sən də atamızın sevimli heykəltəraşı olduğundan, təbii ki, o dəqiqə yadımıza düşdün.
Mikelancelonun qəlbində nəsə qırılıb daş kimi düşdü. Uşaqlar çevrilib diqqətlə ona baxanda, o, hücrədəki meyiti və onun boğazından keçən iki borunu xatırladı: biri havanı udmaq üçün, o biri isə mədəyə qida ötürmək üçün. Niyə də qırılmış ümidləri udmaq üçün üçüncü boru olmasın?

***

İşinin qiymətləndirilməsi həmişə xoşdur.

***

Camaatın könlünə kim yol tapa bilər?

***

Qulaqlarında vuran nəbzin səsi ona dinləməyə mane olurdu, amma onun səsinin yumşaq musiqisinə köklənmişdi- bu musiqi onu qəlbinin dərinliyinə kimi sarsıdırdı.

***

– Vezuvinin ətrafında yaşayan biri lavadan qaçmağa macal tapmır: o, lavanın yaxınlaşdığını anlayana qədər onun altında qalır.
– Səndə sevgi olub?
– Qismən olub.
– Sevgi həmişə qismən olur.
– Bəs şərtiliklər olmayan, sadəcə sevgi olur?
– Doğrusu, bilmirəm. İnsanlar hərdən siyasi mülahizələrinə görə nigaha daxil olurlar,… Olur ki, övlad sahibi olmaq və qənaətlə yaşamaq üçün evlənirlər, – onda kəndli qadınları alırlar; olur ki, həzzlər üçün, cah-cəlala, geyimlərə can atdıqlarına görə tapışırlar… mənim kimi…

***

Toskan atalar sözü: “Zənglər kilsəyə başqalarını çağırır, ancaq özləri ora getmir.”

***

Florensiyalılarla romalılar bir-birlərinə qarşılıqlı nifrət bəsləyirdilər. Romalılar deyirdi: “Qapıda florensiyalıdansa evdə ölü yaxşıdır.” Florensiyalılar isə, öz növbəsində, S.P.Q.R. – “Roma senatı və xalq” – Roma yazısını qəsdən belə oxuyurdular – Sono Porci, Questi Romani. “Donuzdurlar bu romalılar”.

***

Hər kəs həqiqəti öz evinin bacasından görür.

***

Yəqin ki Sezara aid edilən kəlamı eşitmisən: “Xalqa çörək və tamaşa verin!” İmperatorlardan bəziləri düşünürdülər ki, xalqa su vermək də bunlar qədər vacibdir. Həmin imperatorlar hesab edirdilər ki, onların xalq arasında məşhurluğu ictimai hamamların nə dərəcədə yaxşı düzəldilməsindən asılıdır.

***

“Roma şəhər deyil, Roma kilsədir. Biz buranı qaydaya salmağa və nəyisə dəyişməyə qadir deyilik”. Mikelancelo onlardan niyə belə şəhərdə yaşadıqlarını soruşanda cavab bir olurdu: “Ona görə ki, burada pul qazanmaq mümkündür”.

***

Həyatım keçib gedir, gündən-günə daha da qısalır… Məgər həyat mənə ancaq ona görə verilib ki, özüm daşlaşıb heykələ dönüm? Onda onun adını “Səbr” qoymağa haqqın olacaq!

***

Arxiyepiskopu kilsə sənədlərini saxtalaşdırmaqda günahlandırırlar! Yepiskopu kuriyalara min dukata vəzifə satarkən tutublar! Və hər yerdə eyni şeydir.

***

Vakx – daxildən məhv olmuş, ləng, sarsıdılmış, artıq qocalmış; Satir – təravətli, gənc, şən, uşaqlıq və nadinc məsumluq simvoludur.
Bazar günü səhər Mikelancelo Qallini dama dəvət edib rəsmi ona göstərdi: Vakxın əli ilə hündürə qalxmış badə, onun saçlarını örtən üzüm salxımları və yarpaqlar: Vakx və Satiri birləşdirən uzun, əyilmiş üzüm budaqları; Vakxın söykəndiyi və Satirin oturduğu ağac kötüyü; nəhayət, Vakxın aşağı salınmış əlindən Satirin əlinə uzanan pələng dərisi və Satirinin haçalanmış dırnaqları arasında asılıb qalan pələng başı – pələngin çökük başı gələcəkdə Vakxın başına nə gələcəyinin xəbərdarlığı və simvolu kimidir.

***

Ruh yoxdursa, heykəl də yoxdur.

***

Dünyanı xaos bürüyüb, amma mərmər möhkəm şeydir. Mərmərin öz iradəsi, öz ağlı var, onun öz daimiliyi var. Əllərində mərmər olanda dünya yaxşıdır.

***

Bibliya bütlərə sitayiş etməyi və onları təsvir etməyi qadağan edir. Ona görə içimizdə kimin yaradıcılıq qabiliyyəti varsa, vaxtını rəssamlıq və heykəltəraşlığa deyil, ədəbiyyata sərf edir.

***

İsanın anası başını əyib oğluna baxırdı, tamaşaçıya isə onun üzünə nəzər salmaq lazım idi – üzündən elə bir kədər, bütün insan övladlarına şəfqət, yumşaq çarəsizliklə dolu sual oxunurdu: “Onu xilas etmək üçün nə edə bilərdim?” Və onun sevən qəlbinin dərinliyindən gələn başqa sual: “Əgər insanı xilas etmək mümkün deyilsə, olanların mənası nədir, nəyə görədir?”
Heykəli görən hər kəs hiss edəcək ki, oğlunun cansız bədəni dözülməz ağırlığı ilə Məryəmin dizlərində uzanıb və ondan da böyük ağırlıq onun ürəyindədir.

Mikelancelo əvvəlki “Pyeta”-ların kədərli, matəmli üslublarını inkar edərək, öz fiqurlarını sükut və dinclik havasında təsvir edirdi. İnsan gözəlliyi ruhun müdəqqəs paklığından ağrını göstərdiyi dəqiqliklə xəbər verə və həmin güclə də onu ucalda bilərdi.

***

Kim zamanın qaçışını qabaqlamağa çalışarkən uduzdu…

***

Heç kim heç nə bilmirsə – heç kim heç nəyə iddia etmir.

***

Bəzi insanların gözündə daş ölüdür, deyirlər: “daş kimi bərk”, “daş kimi soyuq”. Barmaqlarının ucu ilə divarların səthinə və kənarlarına təkrar-təkrar toxunanda, Mikelancelo üçün daş yer üzündə ən canlı varlıq idi – ritmik, həssas və sözə baxan; onda istilik, elastiklik, rəng, həyəcan var idi. Mikelancelo daşa aşiq idi.

***

Ot bitənə atlar aclıqdan qırılar.

***

– Belə qızmar gündə səni dövlət müəssisəsinə nə gətirdi?
– Qayğılar və təlaşlar, qonfalonyer, – Mikelancelo cavab verdi. – Buraya sizinlə şad xəbər bölüşmək üçün gələnlər olur ki?
– Məhz buna görə də, belə enli masa arxasında otururam: onun üstündə Florensiyanın bütün qayğılarına yer çatar.
– Sizin çiyinləriniz də enlidir.

***

Çoxları kəsildiyini görmək istədiyi əli öpür.

***

Bütün güc – yaşamaq lazımdır – deyən tək qanundadır.

***

Bəs nə üçün Florensiyanın ən yaxşı rəssamları Davidi ya incə oğlan, ya da özünə baxan və bəzənib-düzənən dəbpərəst kimi təsvir edirdilər? Yoxsa onlar Davidin ancaq bir təsvirini bilirdilər: “O sarışın idi, gözəl gözləri və xoş siması var idi.” – və ondan başqa heç nə oxumamışdılar? Niyə heç bir rəssam bu sözlər barəsində lazımi qədər düşünməmişdi: “Və əgər o, mənim üstümə atılırdısa, onu saçlarından tutub zərbə edirirdim və öldürürdüm. Sənin qulun şiri də öldürmüşdü, ayını da”.

***

İtaliya – Avropanın bağıdır,
Toskana – İtaliyanın bağıdır,
Florensiya – Toskananın çiçəyidir.

***

Bu uşaqlıq sevgisi olsa belə, məgər onlar bir-birlərini sevmirdilər? Əgər nə vaxtsa sevmisənsə, görəsən həmin sevgi ölə bilər? Sevgi elə az rast gəlinir və səni elə çətinliklə tapır ki…

***

Poeziya yaratmaq üçün hər birimizin öz əlifbası var.

***

– Əgər işin sonunda mənim daha çoxuna layiq olduğum qərara alınsa, idarə əlavə pul ödəməyə razıdır.
– Bu kimdən asılı olacaq?
– Onların vicdanından.
– Ah, vicdandan! Məgər sən bilmirsən ki, toskaniyalı pul kisəsini açmalı olduqda vicdanı səsini kəsəcək?

***

Leonardo möhtəşəm beyindir! Onun həndəsədəki tədqiqatları Evklidin əsərlərini dərinləşdirdi. Uzun illərdir ki, heyvanları yarır və dəftərləri ən dəqiq anatomik rəsmlərlə doludur. Geologiya ilə məşğul olarkən, dağların zivələrində, Arno çayının yuxarı axarlarında yerin altından balıqqulaqları ilə örtülmüş varlıqlar tapdı və onların nə vaxtsa suda yaşadıqlarını sübut etdi. O, həm də inanılmaz mexanizmlərin – çoxlüləli toplar, ağır yükləri qaldırmaq üçün kranların, nasosların, su və küləyin ölçü cihazlarının – mühəndisi və ixtiraçısıdır. Budur indi o, havada quş kimi uçan maşının yaradılması üzrə təcrübələri sona çatdırır. Gözqamaşdıran təmtəraqla geyinib özünü varlılara və əyanlara bənzədərək istəyir ki, dünya onun kim – Vinçidə mehmanxana sahibinin qızının nigahdankənar oğlu olduğunu – unutsun. İşə gələndə isə o, Florensiyada yeganə adamdır ki, sənin qədər çox və səylə işləyir: sutkada iyirmi saat. Məgər onu qoruyan zəriflik zirehlərindən əsl Leonardonu görməmək olarmı?

***

Hər kəsin öz gələcək papası var!

***

İşə görə heç bir mükafat – nə çar porfiri, nə də hakimiyyət və var-dövlət – insan üçün azadlıq və təkliyin əvəzini verə bilməz.
İş görmək – kiminsə tərəfinə keçmək, kiminləsə birləşmək deməkdir.

***

Dünya döyüş meydanıdır və insan dünyada həmişə ayıq-sayıqdır, təhlükə ilə üzləşməyə daim hazırdır. David – mübarizdir, o, qəddar, dəlilikdən gözləri kor olmuş qənim deyil, azadlığı qazanmağa qadir olan insandır.

***

Daş karxanasından çıxarılan mərmər artıq dağ yox, çaydır. O axa, istiqamətini dəyişə bilər. Mənim işim mərmər çayına öz məcrasını dəyişməkdə köməklik etməkdir.

***

– Mən indi dövlətli adamam.
– Var-dövlətin nədən ibarətdir ki?
– Evim olacaq.

***

– Qonşuluqdakı oğlanlardan topu səndən pis qovan yox idi. Doğrudan heyrət içindəyəm: oyunda belə kütlük – və heykəltəraşlıqda belə uğurlar. Axı sən indi ən dəbli rəssamsan.
– Deməli buna görə bura gəlmisən, sənin fikrincə dəbdəyəm?
– Başqa səbəb yox idi. De görüm, eskizlərə nə vaxt baxa bilərəm.
– Eskizlər mənlikdir. Sən isə hazır şəkli alacaqsan.
– Kardinal Pikkolominiyə təsdiq üçün eskizlər verirdin.
– Qoy səni əvvəlcə kardinal etsinlər!

***

“Müqəddəs ailə”
Tez bir zamanda Doni üçün rəsmin qaralamaları yığıldı: bir evin qarşısında o, möhkəm əlləri və çiyinləri olan gənc qızın şəklini çəkdi, başqa bir evin yanında – qıvrım saçlı, çəhrayı yanaqlı, yumrusifət oğlanı, üçüncü evdə – keçəl və saqqallı qocanı çəkdi. Mikelancelo bu fiqurları bir eskizdə birləşdirərək yaşıl ot üzərində yerləşən göstərişli bir kompozisiya qurdu…
Tezliklə Mikelancelo rəsmi sona çatdırdı – onun koloriti boğuq, monoton idi, rəngli mərmərə bənzəyirdi. Məryəmin paltarını Mikelancelo açıq-çəhrayı və mavi rənglərdə, körpənin ədyalını narıncı rəngin solğun və tünd dolğun çalarlarında çəkdi, Yusifin çiynini və əllərini solğun göy rəng etdi. Rəsmin ön planında seyrək şəkildə çiçək dəstələri görünürdü, arxa planda, sağda yalnız İohann təsvir olunmuşdu; onun dəcəl siması harasa yuxarılara yönəlmişdi. Özünə xoş olsun deyə Mikelancelo Məryəm və Yusifdən sol tərəfdə dəniz, sağda isə dağlar çəkdi. Dəniz və dağların fonunda isə daşdan hörülmüş hündür olmayan divarda oturan beş çılpaq gənci təsvir etdi. Günəşli, çox gözəl tunc fiqurlar elə təəssürat yaradırdılar ki, elə bil tamaşaçının gözü önündə yunan frizi dayanır.

***

Davidin üz cizgiləri onun bədəni ilə vəhdət təşkil etməlidir. Davidin siması söyləməlidir ki, hətta beş min sikl ağırlığında zirehli libasa geyindirilmiş olsa belə, şərə qalib gəlmək mümkündür. Onda həmişə müdafiəsiz qalmış bir nöqtə tapmaq olar; və əgər insanda xeyirxahlıq üstünlük təşkil edirsə, o, hökmən həmin zəif yeri təyin edəcək və ona yol tapıb, daxil olacaqdır. Davidin üzündə ifadə olunmuş hisslər deməlidir ki, onun Qoliafla olan vuruşması sanki xeyirlə şərin mübarizəsini simvolizə edir.

***

Söyləmək istədiklərimin çoxunu ifadə etmək xoşbəxtliyi mənə nəsib oldumu?

***

Tondo Pitti
O, ilk dəfə dairəvi müstəvidə heykəl yonmağa cəhd etdi; həmin müstəvini boşqab kimi bir az çökük edərək, fiqurları elə yerləşdirə bildi ki, daşın üstündə oturan və ən vacib personaj olan Məryəm maksimal həcm alsın; Müqəddəs ananın qucağındakı açılmış kitaba sıxılmış körpə ikinci planda görünürdü, Məryəmin çiynindən boylanan İohann isə boşqabın lap dərinliyində idi.

***

Başını yaxşıca sil. Qoy üstündə ancaq öz ətrin qalsın. O, heç olmasa təbiidir.

***

Hər kəs haqqını borclu olduğu qədər ödəyir.

***

– Ruzi-bərəkətin bolluğu lovğalıq yaradır, – Qalli dedi. – Əvvəlki kimi təvazökar qalmağınızı görməyimə şadam.
– Eşşəyə qızıl palan qoymaqla deyil. – Mikelancelo toskan atalar sözü ilə cavab verdi.

***

Qoy nağılları ballada oxuyanlar danışsınlar!

***

“Çimən adamlar”
Söhbət Piza yaxınlığındakı Kaşine adlı bir yerdən gedirdi, orada qızmar yay günündə florensiya qoşunları Arno şayı sahilində çadır qurmuşdu. Özlərini təhlükəsizlikdə hiss etdikləri üçün əsgərlərin çoxu çaya girib çimir, digərləri yaxınlıqda oturub quruyurdu, üçüncülər ağır yaraqlarını yerə qoyub otluqda dincəlirdilər. Birdən növbətçilər qaçıb gəldi. “Məhv olduq! – qışqırırdılar – pizalılar bizə hücum ediblər!” Əsgərlər çaydan çıxırdılar, sahildə oturanlar tez-tələsik paltar və yaraqlarını geyinib, əllərinə silah alırdılar… pizalıların üç hücumunu dəf etmək və düşməni darmadağın etmək üçün tam vaxtında.
Bu səbəb idi ki, qızmar günəş altında, bədənlərində su izləri qalmış böyük qrup cavan və yaşlı kişilərin, təhlükə anında, gərgin hərəkətə olan, təkcə üzlərində deyil, hər əzələlərində həyəcan oxunan kişilərin rəsmini çəksin; döyüşçülər ən müxtəlif pozalarda olacaq – yerdən silahı qaldırmaq üçün əyilmiş, və ya artıq düşmənlə qarşılaşmağa və öz həyatını müdafiə etməyə hazır vəziyyətdə. Bir sözlə, burada çox maraqlı bir şey yaratmaq imkanı var idi. Bu adamları elə çəkmək lazımdır ki, hər biri David kimi olsun: bir anlıq Cənnət Bağı verilmiş və oradan qovulmuş bəşəriyyətin ümumi portreti.

***

Eyni vaxtda həm var-dövlət qazanmaq, həm də əylənmək mümkün deyil. Cavanlığı qadınlara sərf etmək lazımdır, yetkinlik illərini gəlirli işlərə, qocalığı isə şar oyunlarına.

***

– Həqiqət? Məgər o, sənin kimi insana aydın deyil?

***

Və feodal çəkişmələri zamanı yaranmış toskaniyaların sevimli məsəli yadına düşdü.
Hər şəhərin özünün xeyli axmaqları var.
Amma Romaya gedən dörd qat axmaqdır!

***

– Hər şey ən gözəl şəkildə həll olunacaq.
– İcazə ver inanmayım.
– Müqəddəs ata buna söz verir.
– Müqəddəs atada yaddaş pozuntuları olur.

***

Heç kimin haqqı yoxdur ki, insandan öz qürurundan keçməsini tələb etsin.

***

Leonardo nə olursa olsun qədim rəssamlıq növü olan enkaustikanı bərpa etmək qərarına gəlmişdi. O, suvaq üçün resepti Pliniydən götürmüşdü, əhəngə mum qatırdı və qarışığın möhkəmliyi üçün ona kitrə əlavə edirdi. Freskanı çəkib qurtarandan sonra, döşəmədə tonqallar qalayaraq onu qızdırmağa başladı. Deyirdi ki, bir dəfə Santa Mariya Novellada kiçik freskalar üzərində işləyərkən artıq bu üsuldan istifadə edib və hər şey yaxşı olmuşdu. Lakin bu freskanın hündürlüyü doqquz arşinə yaxın idi; İstiliyin yuxarı hissəyə çatması üçün Leonardo böyük tonqallar qalamalı oldu. Güclü hərarət freskanın aşağı yarusuna təsir edərək mumu əritdi. Mum axmağa başladı… və özü ilə bütün rəngləri axıtdı.

***

Əlahəzrət indi istəyirdi ki, Mikelancelo Sikstin kapellasının tavanını bəzəsin, Sikstin kapellası bütün İtaliyada ən yaraşıqsız və biçimsiz, konstruksiya cəhətdən ən eybəcər, arxitektura tanrısının unutduğu bir tikili idi.

***

Çox vacibdir ki, hər birimizdə cəsarət olsun. Tanrıya yaltaqlığın yox, müstəqilliyin daha xoş olduğuna inanıram.

***

Anadan olmaq – ən böyük təhlükə bax budur… Bundan sonra artıq hər şeyin əvvəlcədən bilindiyi, kartların paylandığı oyun başlayır.

***

Məhəbbət öskürək kimidir, onu heç cürə gizlədə bilməzsən.

***

– Rəssamların sevgidən başı çıxmır. Dostum Qranaççi deyir ki, bu sadəcə əyləncədir.
– Bəs sən sevgi haqqında nə deyərdin?
– Mən ancaq səni görəndə nələr hiss etdiyimi söyləyə bilərəm…
– Söylə.
– Bu qasırğa kimidir… bədənini daşlara, yarğanlara çırpıb sonra tullayan, sahilə çırpan dalğalar tək yuxarı qaldıran axın kimi…

***

– Bu gün bir şey yemisən?
– Ancaq təhqir.

***

– Sevgiyə izah lazım deyil… Sevgi tələb edir ki, ondan həzz alsınlar.

***

– Dünya əhlinin çoxu kimi, Buonarroti, papa xəzinədarı haqqında yanlış təsəvvürə maliksiniz. Mənim məqsədim pul paylamaq yox, onları verməkdən mümkün qədər fəndgirliklə imtina etməkdir. …
– Papa dedi ki, mənə xoşbəst olmağım üçün kifayər qədər pul verəcək.
– Buna dünyanın bütün pulu bəs eləməz.

– Vəzifəm insanları mənə nifrət etməyə məcbur etməkdir. Onda onlar yanıma az-az gəlməyə çalışırlar.
– Əmin olun, yenə gələcəm.

***

Toskaniyalılar deyirlər ki, iştaha yemək vaxtı gəlir; Mikelancelo gördü ki, məharət iş vaxtı gəlir.

***

– Səninlə elə danışıram, elə bil arvadınam. Bizdə, boloniyalılarda, belə bir məsəl var: “Arvad və külək kimi bəladan canını qurtara bilməzsən”.

***

– Verdiyin vədləri papadan yaxşı yerinə yetirirsən.
– Mən səni sevirəm. Bu işi asanlaşdırır.

***

– Müqəddəs atanın son əmrinə tabe olmaq lazımdır.
– Bəs müqəddəs ata mənim pulumu verməyi əmr edib?
– Xeyr. Təkcə deyilib ki, siz heykəli qoyasınız.

***

Mikelancelo vaxtı öldürmürdü, vaxt onu öldürürdü.

***

– Mən heykəltəraşam, rəssam deyiləm!
Yuliy ümidsiz halda başını yellədi.
– Səni yola gətirmək üçün nə qədər əziyyət tələb olunurmuş! Peruciya və Boloniyanın fəthi belə mənə asan başa gəlmişdi.
– Mən papa dövləti deyiləm, müqəddəs ata. Qızıl vaxtınızı məni fəth etməyə niyə sərf edəsiz?

***

Söhbət həzzlərdən gedəndə, həmişə ciddiyəm.

***

– Bəs tavandan ağac dirəkləri çıxarandan sonra deşikləri necə edəcəksən?
– Deşikləri yamayacağıq.
– Və platforma aşağıda olandan sonra bir də tavana çıxıb onları necə yamamaq fikrindəsən?.. Qartalın belinə oturub uçacaqsan?
– Bu haqda düşünməmişdim.

***

Və əmin oldu ki, ən gözəl emalatxana onun öz başıdır.

***

– Belə dəstə ilə, knyaz kimi hara belə?
Rafael addımını yavaşıtmadan sərt cavab verdi:
– Bəs siz tək-tənha, cəllad kimi hara gedirsiniz?

***

Mən təklikdə də insanlar içində olduğum qədər tənhayam.

***

Necə də gözəl rəssam – Mikelancelo ehtiram hissi ilə düşünürdü – kainatı yaradan tanrı necə də gözəl rəssam idi! O, həm heykəltəraş, həm mühəndis, həm də rəssam olub. Fəzanın özü onun hökmü ilə əmələ gəlib və o, fəzanı öz möcüzələri ilə doldurub.

***

və təmiz havanı acgözlüklə udurdu, sanki öz-özünə sübut etməyə çalışırdı ki, həcmi var, üç ölçüsü var.

***

Boyunda gərginlikdən çinədan çıxıb
Lombard pişiklərində suda olduğu kimi,
Bəlkə də tək lombard pişiklərində yox.
Qarın çənəyə kip dirənib,
Saqqal səmaya qalxıb. Ənsə
Yapışıb belə, üzə isə fırçadan
Damcı-damcı rəng tökülür yuxarıdan
Və onu əlvan palitraya döndərir.
Budlar qarına sancılıb, dal sallanır
Ayaqların arasından gözlər addımları görmür.
Qabaqdan tamam gərilib, arxadan isə
qırış-qırış olub dəri. Bükülməkdən
əyri suriya kamanına çevrilmişəm.
Bulanır, əyri hökmlər çıxarır
Düşüncəm. Təbii! Məgər
Əyri silahla düz hədəf almaq olarmı?
… Elədirsə, qoru
Ləkələnmiş şərəfimi və zavallı əməyimi;
Bura mənim yerim deyil. Fırça mənim bəxtim deyil.

***

Ona əsas məqsədinə çatması bəs edirdi: plafondakı insanların həyatı gerçək həyatdan daha real idi. Yer üzündə yaşayanları isə o, kabus kimi görürdü.

***

Yuliy Romanı doladı: o sağaldı.

***

– Elə fikirləşmirsən ki, bəzi naxışları qızılla bəzəmək lazımdır?
Deməyin mənası yox idi ki, Mikelancelo özü də bunu etməyi düşünmüşdü. Ancaq yenidən taxtaları qurub tavana çıxmaq istəmirdi.
– Muqəddəs ata, o vaxtlar insanlar qızıl fikrini çəkmirdilər.
– Plafon yoxsul görünəcək.
… – Mən kasıb insanları təsvir etmişəm. – Onlar müqəddəslər idi.

***

Fikir ixtiyari kəskidən itidir.

***

Bizim üçümüz də bir cürə yaradılmışıq, oxşarlığımız quş, balıq və tısbağanınkından çox deyil.

***

Leonardo əmindir ki, ağacların yaşını gövdə kəsiyindəki halqaların sayına görə təyin etməyi öyrənəcək. Sən bir fikirləş! İnsan belə nadir istedada sahib olduğu halda niyə vaxtını ağacların halqalarını saymağa sərf etsin ki?

***

– Mən sonrakı mübaliğələrə görə cavabdeh ola bilmərəm.

***

İndi o, öz qəlbinin qapılarını da əvvəllər bağın qapılarını bağladığı kimi bərk-bərk bağladı.

***

Belə çıxır sizin adamlar qədim roma qaydasına əsaslanırlar: insan öz günahsızlığını sübut edənə qədər günahkardır.

***

“Lazımdır!” Bu italyan dilində olan sözlərdən ən gözəlidir.

***

– Mərmərləri? Bilmirəm. Mənim vəzifəm pulların hara xərçləndiyini göstərməkdir.
– Mənimki isə pulları niyə xərclədiyimizi göstərmək üçün mərməri çıxarmaq.

***

Böyük və həqiqətən layiqli insanlar fəlakətdən yeni hünər çıxarır və daha da güclü olurlar.

***

Romada bir vaxtlar o, Metello Vari ilə “Dirilmiş İsa Məsih” üçün razılaşma imzalamışdı və ilk növbədə bu işə başlamaq qərarına gəldi. Rəsmləri cızma-qara edərkən gördü ki, əli ona tabe olmur – o, İsa Məsihi dirilmiş təsvir edə bilmirdi, çünki onun təsəvvüründə İsa heç vaxt ölməmişdi.

***

– Allah-Təalanın mərhəmətinə inamınızı itirməyin. Mən öz xaçımın öhdəsindən gəldim. Ona qalib gəldim. Siz də bu cür öz xaçınıza qalib gələ bilərsiniz. Zorakılıq keçib gedir. Məhəbbət qalır.

***

İncəsənətdə istənilən əsər avtoportretdir.

***

Karrara öz meydanlarına mərmər döşəməyə qadir olan yeganə şəhərdir. Karraralılar özlərini nə onlardan cənubda yaşayan toskaniyalı, nə də şimaldakı liquriyalı hesab edirdilər; ancaq tək-tük sakinləri dağları tərk edib uzaq yerlərə gedirdi və heç biri yad yerlərdən qız almırdı və özgə adama ərə getmirdi;
Buradakı ən böyük şəhərlər, Karrara və Massa, qədim zamanlardan bir-birinə düşmən kəsilmişdilər. Hətta bu şəhərlərin ətrafındakı kəndlər də hərbi düşərgə ənənələri nəzərə alınmaqla tikilirdi, döyüş qüllələri və qalaları ilə, – hər kəs özünə, öz qülləsinə cavabdeh, qalan hər kəsə qarşı.
Karrara tək bir məhsul yığaraq yaşayırdı. Bu mərmər idi.
Karraralıların həyatı tam və həmrəy idi: biri varlananda, hamısı varlanırdı; biri aclıq çəkəndə, qalanları da ac qalırdı. Daş karxanalarında iş həmişə təhlükəli olduğu üçün, karraralılar vidalaşanda bir-birlərinə “hələlik” yox, “fa a modr” – “ehtiyatlı get” deyirdilər.

***

Mikelancelo bu qısaldılmış karrara şivəsini öyrənməli oldu, sözləri sanki kəski daş qayasını kəsib, ondan daş qırıntıları və çınqıl qopardığı kimi kəsirdilər: casa – ev – karraralılardan ca oldu, mamma ma-ya çevrildi, brasa – kəhrəba – bra kimi tələffüz edilirdi, bucarol – qalın kətan – buc kimi səslənirdi. Bu cür çoxsaylı təkhecalı sözlərə görə karraralılar tələsik, hətta çox sürətli danışırdılar. Onlar Mikelancelodan onun dünənki Qrotta Kolombara və Ronko karxabalarındakı axtarışları barəsində soruşurdular:
– Tapdın?
– Hələ yox.
– Tapacaqsan bugün?
– Hazırlaşıram.
– Ravaççionerə get.
– Nə var ki orda?
– Yeni blok qırıblar.
– Baxaram.

***

Çalış həyatına müxtəlif hadisələr növbələşməsi kimi deyil, bütövlükdə yanaşasan. Onda başa düşəcəksən ki, həyatın hər dövrü əvvəlkindən əmələ gəlir və inanacaqsan ki, yeni dövr qaçılmazdır.

***

– Necə bilirsən, cənnətdə papa Levə Vatikanda özünə rəva bildiyi əyləncə və həzzlərin heç olmasa az bir hissəsi veriləcək?
– İnanmağım gəlmir. Tanrı o qədər pul xərcləmək istəməz.

***

Günahım nədir? Məndə nə çatışmır? Fələyin iltifatı? İnsanlar o sirli dərmanı – uğur həblərini haradan tapırlar?

***

Kənd camaatı deyirdi: “Həyat yaşamaq üçün verilib”. Qranaççi deyirdi: “Həyat ondan həzz almaq üçün verilib”. Mikelancelo deyirdi: “Həyat işləmək üçün verilib”. “Səhər”, “Gündüz”, “Axşam” və “Gecə” deyirdi: “Həyat əzab çəkmək üçün verilib”.

***

O, həyatının payızına qədəm qoydu: təbiət kimi insanın da öz mövsümləri var. Məgər payızdakı məhsul yığımı yazdakı toxum səpinindən daha əhəmiyyətsizdir? Biri olmadan digərinin mənası itir.

***

Zaman onun daş karxanası idi: oradan ağ kristal qayalar kimi illəri bir-birinin ardınca çıxarırdı. Gələcəyin sıldırımlı dağlarında nə düzəldə bilərdi? Pul? Onları qazana bilmirdi. Şöhrət? Şöhrət hiyləli tələlər quraraq onu aldadırdı. Yeganə mükafatı iş idi, başqa mükafat yox idi. Ağ daşdan yerdə və göydə mövcud olan ən gözəl heykəlləri düzəltmək, onlarda ümumi həqiqəti izhar etmək – sənətkarın mükafatı və şöhrəti budur. Qalan hər şey xəyal, üfüqdə əriyən aldadıcı tüstüdür.

***

Necə də şərəfsiz sonluq, axı onun sinəsində çoxdan bəri yanan alov təmiz, həm də parlaq idi!

***

Qəzəb bildiyim ən yaxşı yanacaqdır. Yanır amma yanıb qurtarmır.

***

…nələri tullamaq mümkün idi: kontorkalar, masalar, kreslolar, qab-qacaq, nəhəng yaraqlar.
Məhəccərdən ağır skamya havanı vıyıltı ilə yararaq uçurdu. Mikelancelo görürdü ki, o, düz David heykəlinin üstünə düşür.
– Ehtiyatlı ol! – qışqırdı, sanki heykəl zərbədən qaça bilərdi.
Amma artıq gec idi. Skamya heykələ dəydi. Davidin sapand tutmuş sol əli dirsəkdən qopdu. O, meydanın daşlarına düşüb parçalandı.
Qoliaf Davidi heç cızmamışdı, ona heç bir zərər vurmamışdı, Florensiyada vətəndaş müharibəsi isə bir düym yan alsaydı az-qala onu darmadağın edəcəkdi.

Təkqollu, şikəst edilmiş “David” Sinyoriyanın meydanında məğlub edilmiş, viran qoyulmuş respublikanın simvolu kimi dayanmışdı.
Mühasirəyə alınan və darmadağın edilən tək şəhərlər deyildi. İnsan da mühasirəyə alınmışdı.

***

Budur o, “Qələbə”-ni yonur. Kimin üzərində qələbəni? Nəyin üzərində? Qalibin kim olduğunu bilmirsə, kimin məğlub olduğunu necə söyləyə bilər? Qalibin ayaqları altında məğlub olmuş adamın üzünü və başını düzəldir – yaşlı, dərddən əzilmiş adamı… onun özünü? Yəqin on və ya iyirmi ildən sonra belə görünəcək – uzun ağ saqqallı. Onu məhv edən nə oldu? İllər? Yoxsa, Qalib gənclikdir? Zira insan yalnız gənc olanda elə düşünə edə bilər ki, qalib olmaq mümkündür. Məğlub olmuş adamın bütün cizgilərində həm həyat təcrübəsi, həm müdriklik, həm də iztirab hiss olunurdu, yenə də gəncin ayaqlarında olan o idi. Məgər əsrlər boyu müdriklik və təcrübə beləcə tapdalanmırmı? Gənclikdə təcəssüm olunan zaman onları darmadağın etmirmi?

***

– Atam deyirdi ki, yemək tələb edən hədiyyəni heç vaxt qəbul etmək lazım deyil.

***

Sən isə, öz şübhə doğuran bəxtinlə, nəyəsə görə elə hesab edirsən ki, ölmək yaşamaqdan daha asan və yüngül olacaq…

***

Heykəltəraş üçün istənilən obyekt onun ideya və düşüncələrini bazara çıxaran arabadan başqa bir şey deyil!

***

İnsan onda qalan yaradıcı gücün miqdarından asılı olaraq qoca və ya cavan olur.

***

Mikelancelo yer üzündə hər kəsin öz törətdiyi əməllərinə görə məsuliyyət daşıdığına və insanda daxili məhkəmənin olmasına inanırdı.

***

Əminəm ki, insan qəlblərini onların beyinlərini boşaldaraq təmizləmək olmaz.

***

Həqiqəti bilməyin həyatını asanlaşdırmaqdan çox çətinləşdirəcək.

***

O, Urbinoya tapşırdı ki, yeni suvaq hazırlasın və divarın aşağısında, sağdakı ən qıraq küncü suvaqlasın. Urbino öz işini qurtaran kimi, Mikelancelo Byaco da Çezenanın karikaturasını çəkməyə başladı. Onu Aid səltənətində hakim kimi, eşşək qulaqları ilə təsvir etdi, bədəninin aşağı hissəsinə qorxunc bir ilan sarılmışdı; simasında təşrifat məmuru ilə şiddətli bənzərlik var idi: həminki sivri burun, həmin nazik, sanki köpək dişlərinin üstünə çəkilən dodaqlar. Mikelancelo bilirdi ki, bu çox da ləyaqətli intiqam üsulu deyil, amma rəssamın əlindən başqa nə gələ bilərdi ki?
– Görürsünüz, müqəddəs ata – təşrifat məmuru çığırırdı, – şayələr doğru idi! Buonarroti məni freskaya salıb. Və mənim məhrəm yerlərim olan hissədə hansısa iyrənc ilan şəkli çəkib.
– Bu paltarın əvəzinədir – Mikelancelo cavab verdi. – Axı bilirdim ki, siz çılpaq görünmənizə qarşı olacaqsınız.
– Heyranedici bənzərlik! – papa qeyd etdi, gözlərində isə hiyləgər qığılcımlar əmələ gəldi. – Mikelancelo, bəs demirdin ki, portret oxşarlığı səndə pis alınır?
– Qəflətən ilhama gəldim, müqəddəs ata.
Byaco da Çezena əsəbi halda ayaqlarını oynadırdı, elə bil cəhənnəm odunda onun şəklini deyil, özünü yandırırdılar.
– Müqəddəs ata, ona əmr edin, məni freskadan çıxartsın!
– Cəhənnəmdən çıxartmaq? – papa təşrifat məmuruna təəccüblə baxdı – Əgər o, səni ərafa yerləşdirsəydi, səni oradan çıxarmaq üçün var-gücümü əsirgəməzdim. Amma çox gözəl bilirsən ki, cəhənnəmdən çıxış yoxdur.

***

Birdən cəhənnəmdə adamı həyatda ikən bezdiyi işi həmişəlik görməyə məcbur edirlər?

***

– Sizin bundan qorumağa çalışırdım – Mikelancelo sakitcə dedi.
– Hesab edirsiniz ki, məhəbbətim elə cılızdır?
– Hətta sizin nəzakətinizdə də nəsə qəddarlıq var.
– Həyatın özü qəddardır, sevgi yox.
– Sevgi hər şeydən qəddardır. Bilirəm…

***

Zamanı qayalı dağa deyil, çaya bənzətmək olardı; o, məcrasını dəyişdiyi kimi, öz axın sürətini də dəyişirdi. O, arta, öz sahillərini basa və ya quruyub dar arx kimi sıza bilərdi; o, təmiz və aydın, öz yatağında sərbəst şəkildə tökülə və ya hər hansı çöküntü və zir-zibili canına çəkə və döngələrdə, əyri yerlərdə kirli qırıqları sahilə ata bilərdi. Mikelancelo cavan olanda hər gün ona xüsusi gəlirdi; hər birinin öz siması, öz vücudu, məzmun və forması var idi; gün bütöv və təkraredilməz idi, onu nömrələmək, qeyd etmək və yadda saxlamaq olardı.
İndi zaman sanki ərimişdi: həftələr və aylar yeknəsəq axınla, elə hey artan sürətlə axırdı. O, öz üzərinə o qədər iş götürürdü ki, onun üçün zaman parçasının özü dəyişdi, zamanın sərhədləri isə seçilməz oldu. Artıq illər ona ayrıca bloklar kimi deyil, üst-üstə qalanmış, insan öz rahatlığı üçün ayrıca zirvələrə və sıldırımlara böldüyü Apuan Alpları kimi görünürdü. Bəlkə, həftələr və aylar qısalmışdı və o, başqa ölçü vahidi qəbul edərək hesabı səhv salmışdı? Əvvəllər zamanın cizgiləri var idi, bərk idi, möhkəm kənarları vardı. İndi o, davamsız və axıcı olmuşdu. İndi zamanın siması əvvəlkindən Roma kampanyasının mənzərəsi Toskananın mənzərəsindən fərqləndiyi kimi kəskin fərqlənirdi. Onda o, elə bilirdi ki, zaman əzəldən dəyişməzdir, hər yerdə və hamı üçün eynidir, indi inandı ki, zaman insan xarakterləri və hava qədər müxtəlifdir.

***

Beton və daşa bütün xristian dünyasından yığılan iki yüz min dukat xərclənmişdi, amma bu pulların böyük bir hissəsi təchizatçıların və podratçıların pul kisələrinə axırdı – məhz onlar əllərindən gələni edirdilər ki, tikinti mümkün qədər çox uzansın. Bu ləngliklə, Mikelancelo düşünürdü, kilsəni Axirət gününə kimi tikəcəklər.

***

İndi Mikelancelo demək olar ki məmnun idi. Hiss edirdi ki, dartılmış, uzadılmış fiqurun təhrifinə əl ataraq insan haqqında hansısa həqiqəti söyləyir: “ürək yorula, üzülə bilər, lakin insanlıq öz həmişə cavan ayaqları ilə addımlaya-addımlaya yer üzündə daha da uzaqlara gedəcək.”

***

Günbəz – bu təkcə məbədin örtüyü deyildi; bu məqsəd üçün istənilən dam örtüyü bəs olardı. Gümbəz böyük incəsənət əsəridir, bu səmanın özündə əks olunan heykəltəraşlıqla arxitekturanın mükəmməl birləşməsidir. Göy qübbəsi isə, insanların təsəvvürünə görə, qübbələrdən ən mükəmməlidir, o, yer üzünü valehedici gözəlliklə örtərək üfüqdən üfüqə uzanır. Günbəz – bütün arxitektura formalarından ən təbiisi və ən ilahiləşdirilənidir: o, bütünlüklə bütün bəşəriyyətin altında yaşadığı hüdudun əzəmətli formasını təsvir etməyə yönəlib…

***

Axı indi, səksən iki yaşımda otuz doqquz yaşımdakından daha müdrik deyiləm. Ağ ciyərlərin funksiyası nəfəs almaq olduğu kimi ideyalar beynin təbii funksiyasıdır. Bəlkə də ideyalar Tanrıdan gəlir…

***

Həyat yaxşı idi. Allah-Təala məni tərk etmək üçün yaratmamışdı. Mən mərməri sevirdim, çox sevirdim, rəssamlığı da sevirdim. Memarlığı və poeziyanı sevirdim. Öz ailəmi və dostlarımı sevirdim. Tanrını, yerdə və göydə olan hər şeyin formasını sevirdim, insanları da sevirdim. Həyatı onun bütün tamlığı ilə sevirdim, indi isə ölümü həyatın təbii nəticəsi və sonu kimi sevirəm. Möhtəşəm yəqin ki razı qalardı: əgər mənim həyatıma nəzər salsaq, burada dağıtma qüvvələri yaratma qüvvələrinə qalib gələ bilmədilər.

***

Bertoldo və Möhtəşəm üçün yonduğu “Pilləkənin yanında İsanın anası” və “Kentavrların savaşı”, – onda platon dərnəyi ona gülürdü, çünki bu alimlərə “təmiz yunan” işi kimi görünmüşdü; Boloniyada Aldovrandi üçün yaratdığı “Müqəddəs Prokl” və “Müqəddəs Petroniy”; baş keşiş Bikyellini üçün ağacdan çarmıxa çəkmə; Romada taciri aldatmaq istədiyi “Yatmış Kupidon”; Yakopo Qallinin bağında düzəltdiyi “Vakx”; Kardinal Sen Deninin sifarişi ilə Müqəddəs Pyotr kilsəsi üçün “Pieta”; Florensiyada qonfalonyer Soderini üçün yaradılmış nəhəng “David”; Anyolo Doni istədiyi “Müqəddəs ailə”; Kaşinedə döyüşün rəsmi üçün “Çimən adamlar” adlandırılmış karton – Leonardo Da Vinçiyə olan rəqabət hissindən çəkilmişdi; Brüqqedən olan tacirlər üçün özünün ilk emalatxanasında düzəltdiyi “İsanın anası körpə ilə”; papa İkinci Yulinin portreti – talesiz bürünc heykəl; Sikstin plafonunda İkinci Yuli üçün çəkilmiş “Əhdi-Ətiq”; papa Üçüncü Pavelin arzusu ilə kapellanın bəzədilməsinin yekunlaşması üçün “Məhşər” freskası; Yulinin məqbərəsi üçün “Musa”; Florensiyada qalmış dörd yarımçıq “Nəhəng”; Mediçi kilsəsində “Səhər” və “Axşam”, “Gecə” və “Gündüz”; Paulin kilsəsində “Pavelin döndərilməsi” və “Pyotrun çarmıxa çəkilməsi”; özü üçün düzəltdiyi Kapitoliy, Piev darvazaları, üç “Pieta” heykəli… və obrazlar cərgəsi birdən dayanıb dondu: indi Mikelancelo xəyali baxışıyla yalnız Müqəddəs Pyotr kilsəsini görürdü.
Müqəddəs Pyotr kilsəsi… O, bu məbədə əsas portaldan daxil oldu, kilsənin enli nefində parlayan Romanın qalın gün işığına addım atdı, düz günbəzin altında, Müqəddəs Pyotrun sərdabəsinin yanında dayandı. Ruhunun yuxarıya, günbəzə doğru, onunla birləşib, onunla, fəza ilə, zamanla, səma ilə, Tanrı ilə birləşib qarxaraq bədənini tərk etməsini hiss edirdi.

Tərcümə: Sevinc Məmmədova

4.1 (81.54%) 39 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook