Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Oskar Uayld “Diqqətə layiq olmayan qadın”

kko_oskar_uayld_diqqete_layiq_olmayan_qadinAnnotasiya

“Diqqətə layiq olmayan qadın” (ingiliscə “A Woman of No Importance”) – Əsil-nəcabətsiz gənc oğlana kübar təbəqənin məşhur qadın ovçusu lordun yanında katiblik vəzifəsi və xaricə səfər təklif edilir. Sevimli oğlunun karyerasının belə başlanmasına əvvəl sevinən ana sonra niyə qəti surətdə oğlunun bu təkliflə razılaşmağına qarşı çıxır?

Karandaşın izi ilə

Miss Uersli, bizim dövrümüzdə çörək pulunu özü qazanan adama kübar cəmiyyətdə rast gəlmək müşkül məsələ idi. Bu nəsə xoşagəlməz bir şey sayılırdı.

***

İngiltərədə gənc qızın əks cinsin hər hansı bir üzvü haqqında heyranlıqla danışması qəbul edilməz haldır. İngilis qadınları ərə gedənə kimi öz hisslərini gizlədirlər. Sonra isə açıb ortalığa qoyurlar.

***

Həqiqətən onun soyadları yadda saxlayıb, simaları unutmaq kimi qəribə bacarığı var.

***

Missis Ollonbi. Məncə qaçmaq qorxaqlıqdır. Bu təhlükədən yaxa qurtarmaq deməkdir. Təhlükəyə isə həyatmızda elə tək-tük hallarda rast gəlirik ki.
Ledi Kerolayn. Zənn edirəm, indiki cavan qadınların həyatdakı yeganə məqsədi odla oyun oynamaqdır.
Missis Ollonbi. Ledi Kerolayn, odla oyun oynamağın birinci şərti odur ki, heç yanmamalısan. Oyunun qaydalarını bilməyənlər yanırlar.

***

Ledi Statfild. Ah, dünya qadınlar üçün yox, kişilər üçün yaradılıb!
Missis Ollonbi. Bizim yaşayışımız daha şəndir. Onlara nisbətən bizim qadağalarımız daha çoxdur.

***

Ledi Kerolayn, daima artan qadın təsiri siyasi həyatımızda gələcəyə ümid bəxş edən yeganə şeydir. Qadınlar həmişə əxlaq tərəfdədirlər, həm şəxsi, həm ictimai.

***

Ledi Statfild. Tanıdıqlarımın hamısı deyir ki, siz çox əxlaqsız adamsınız.
Lord İllinqvort. İndiki dövrdə insanların özlərini aparmağı sadəcə dəhşətdir: adamın arxasınca bütün həqiqəti deyirlər.

***

Ledi Kerolayn. Hətta çox gözəldir. Bu amerikan qadınları ən yaxşı bəyləri çırpışdırırlar. Onlar niyə öz evlərində oturmurlar? Axı həmişə baş-beynimizi aparırlar ki, Amerika qadınlar üçün cənnətdir.
Lord İllinqvort. Ledi Kerolayn, elədir ki var. Məhz bu səbəbdən Həvva kimi bacardıqları qədər ordan daha tez qaçmaq istəyirlər.

***

Ledi Hanstenton. O, inanılmaz gözəl geyinir. Bütün amerikan qadınları gözəl geyinir. Onlar paltarlarının hamısını Parisdən sifariş edirlər.
Missis Ollonbi. Ledi Hanstenton, deyirlər, yaxşı amerikan qadınlar öləndən sonra Parisə düşür.
Ledi Hanstenton. Eləmi? Bəs pislər?
Lord Ollinqvort. Onlar Amerikaya.

***

Lord İllinqvort. Bununla belə, İcmalar palatası demək olar ki, zərərsiz müəssisədir. Qanuni yolla insanları səxavətə çağırmaq olmaz – və bu yaxşı şeydir.
Kelvil. İcmalar palatasının yoxsulların əzabına şəfqət göstərdiyini inkar edə bilməzsiniz.
Lord İllinqvort. Bu onun xəstəliyidir. Ümumiyyətlə əsrin xəstəliyidir. Şadlığa, gözəlliyə, canlı həyata şəfqət göstərmək lazımdır.

***

İndi insanlarda bayağı vərdiş yaranıb: onlarla fikrinizi bölüşən kimi ciddi danışıb-danışmadığnızı soruşurlar. Ehtirasdan başqa heç nə ciddi deyil. İntellekt nə indi, nə də əvvəl ciddi olmayıb. Bu ifa etdiyin alətdir, vəssalam. İntellektin mənə məlum olan yeganə ciddi forması britaniya intellektidir. Britaniya intellektində isə nadanlar barabanda çalan kimi çalırlar.

***

Ledi Hanstenton. Məgər siz qəzetlərdə yazılan hər şeyə inanırsınız?
Lord Ollinqvort. İnanıram. İndiki dövrdə onsuz inanılmaz şeylər baş verir.

***

Hər şayənin kökündə yaxşı yoxlanılmış əxlaqsızlıq dayanır.

***

Ledi Kerolayn. Uşaqları da var?
Kelvil. Hə.
Ledi Kerolayn. Nə qədər?
Kelvil. Səkkiz.
Ledi Stetfild diqqətini lord Alfredə yönəldir.

***

Missis Ollonbi. Maraqlıdır, çirkin qadınlar ərlərini həmişə qısqanır, gözəllər isə heç vaxt.
Lord İllinqvort. Gözəl qadının buna vaxtı yoxdur. Onlar elə məşğuldurlar ki, başqalarının ərlərini qısqanırlar.

***

İyirmi illik məhəbbət qadını xarabalığa çevirir; iyirmi illik evlilik isə onu nəsə ictimai bina halına salır.

***

Lord İllinqvort. Qadında yumor hissi qədər eşq macərasına ziyan gətirən ikinci bir şey yoxdur.
Missis Ollonbi. Ya da kişidə bu hissin çatışmamazlığı qədər.

***

Missis Ollonbi. Məgər o belə müəmmalıdır?
Lord İllinqvort. Müəmmadan da çox – o əhval-ruhiyyədir.
Missis Ollonbi. Əhval-ruhiyyə uzun çəkmir.
Lord İllinqvort. Onun gözəlliyi də elə bundadır.

***

Ağıllı insanlar heç vaxt qulaq asmır, axmaqlar isə həmişə susur.

***

Yaşını gizlətməyən qadına heç vaxt inanmaq olmaz. Yaşının neçə olduğunu deyən qadın istənilən şeyi deyə bilər.

***

Lord İllinqvort. Siz kimi pozğun hesab edirsiniz?
Missis Ollonbi. Məsumluğa heyran olan kişiləri.
Lord İllinqvort. Bəs pozğun qadın kimə deyirsiniz?
Missis Ollonbi. Kişiləri yormayan qadınlara.

***

Missis Ollonbi. Tərifimizi verin.
Lord İllinqvort. Sirsiz sfinkslər.

***

Lord İllinqvort. Bilirsinizmi ki, fikirləşdiyim hər şeyi həyata keçirə bilirəm.
Missis Ollonbi. Bunu eşitdiyimə təəssüfləndim. Biz qadınlar bəxtsizləri sevirik. Biz onların dayağıyıq.
Lord İllinqvort. Siz qaliblərin önündə səcdə edirsiniz. Onlara yaltaqlıq edirsiniz.
Missis Ollonbi. Biz dəfnə çələngiyik, onların keçəlini örtürük.
Lord İllinqvort. Siz onlara həmişə lazımsınız. Bircə zəfər anından başqa.
Missis Ollonbi. Bu anda onlar maraqsız olur.

***

Lord İllinqvort. Qocalmaq niyyətində deyiləm. Ruh dünyaya qoca gəlir, vaxt keçdikcə cavanlaşır. Həyatın komediyası bundadır.
Missis Ollonbi. Bədən isə gənc doğulub, getdikcə qocalır. Həyatın faciəsi bundadır.
Lord İllinqvort. Bəzən isə komediyası. Hansısa müəmmalı bir səbəbə görə sizin həmişə xoşunuza gələcəm.
Missis Ollonbi. Çünki heç vaxt mənə pərəstişkarlıq etməmisiniz.
Lord İllinqvort. Elədiyim elə o olub.
Missis Ollonbi. Doğrudan? Fikir verməmişəm.
Lord İllinqvort. Böyük xoşbəxtlikdir! Bu hər ikimiz üçün faciəyə çevrilə bilərdi.
Missis Ollonbi. İkilikdə bunun öhdəsindən gələrdik.
Lord İllinqvort. İndi ölümdən başqa hər şeyin öhdəsindən gəlmək, yaxşı ad-sandan başqa hər şeyə dözmək olar.

***

Lord İllinqvort. Həyat kitabı bağdakı kişi və qadınla başlayır.
Missis Ollonbi. Kəşf ilə isə sona çatır.
Lord İllinqvort. Gözəl qılınc oynadırsınız. Ancaq rapiranızın ucluğu düşdü.
Missis Ollonbi. Əvəzində maska hələ üzümdədir.
Lord İllinqvort. Bu səbəbdən gözləriniz daha çox parıldayır.

***

Diqqət yetirdiyim tək şey o idi ki, kişi yaxşı ərdirsə, onda dəhşət darıxdırıcı, pis ərdirsə, çox lovğa olur.

***

Biz Ernestlə nişanlananda o, qarşımda diz çöküb, and içdi ki, ömrü boyu başqa heç kimi sevməyib. O vaxt mən çox cavan idim, heç sizə deməyə də ehtiyac yoxdur – ona inanmadım. Bədbəxtlikdən, toydan beş ay keçənə qədər bu barədə heç kimdən heç nə soruşmadım. Və onda öyrəndim ki, o mənə həqiqəti söyləyib. Belə bir etirafdan sonra isə kişi tamamilə maraqsızlaşır.

***

Kişilər həmişə qadının ilk məhəbbəti olmaq istəyir. Onların belə mənasız şöhrətpərəstliyi var. Biz qadınlar belə işlərdə daha diqqətliyik. Biz kişilərin son məhəbbəti olmaq istəyirik.

***

Ceyn, qadınlar elə savadlı olub ki. İndi bizi xoşbəxt evliliklərdən başqa heç nə təəccübləndirə bilməz.

***

Kişi zavallı, bacarıqsız, ciddi və etibarlıdır. Kişi artıq milyon il dərrakəli olan bir cinsdəndir. O özüylə bacara bilmir. Bu onun qanındadır. Qadının tarixi isə tamam başqadır. Biz sağlam düşüncənin varlığına belə gözəl etiraz olmuşuq. Biz onun xətərini lap əvvəldən hiss etmişik.

***

Missis Ollonbi. İdeal kişi? İdeal kişi bizimlə ilahəylə danışan kimi danışmalı, uşaq kimi rəftar etməlidir. O, bizim bütün ciddi xahişlərimizə rədd cavabı verməli və bütün şıltaqlığımıza göz yummalıdır. Nazımızla oynamalı və nəyəsə həvəs göstərməyimizi qadağan etməlidir. O həmişə düşündüyünü danışmamalı, danışdığını isə düşünməməlidir.
Ledi Hanstenton. Amma, əzizim, o bu ikisini eyni vaxtda necə edə bilər?
Missis Ollonbi. O, başqa gözəl qadınlara laqeyd olmamalıdır. Bu ya onun zövqsüzlüyünü sübut edər, ya da çox yaxşı zövqü olduğuna şübhə oyadar. O, bütün qadınlarla mülayim olmalı, amma onlara onu cəzb etmədiklərini söyləməlidir.
Ledi Statfild. Hə, həmişə başqa qadınlar haqda eşitmək xoşdur, çox xoşdur.
Missis Ollonbi. Ondan nəsə soruşsaq, cavabı yalnız bizim haqda olmalıdır. Bizdə olmayan məziyyətlərə görə bizi tərifləməlidir. Əvəzində yuxumuza belə girməyən yaxşı cəhətlərə görə bizi məzəmmət edəndə amansız, tamamilə amansız olmalıdır. O bizə faydalı bir şeyin lazım olduğuna inanmamalıdır. Bunu bağışlamaq olmaz. Əvəzində bizə heç lazım olmayan şeyləri başımızdan tökməlidir.
Ledi Kerolayn. Başa düşdüyüm qədərilə, ona yalnız bir şey qalır: bizi kompliment və hədiyyələrlə bəzəmək.
Missis Ollonbi. Cəmiyyət içində bizi həmişə nüfuzdan salmalı, təklikdə isə tamamilə ehtiramlı davranmalıdır. Buna baxmayaraq, dava salmaq istəsək, həmişə buna dözməyə hazır olmalıdır, dərhal bədbəxt görkəm almalı və hardasa iyirmi dəqiqədən sonra bizi haqlı olaraq tənbeh etməli, yarım saatdan sonra isə tamam özündən çıxmalı və saat səkkizə on beş dəqiqə qalmış, düz şam yeməyinə əynimizi dəyişdirməli olduğumuz bir vaxtda bizi əbədi tərk etməlidir. Qadın onla birdəfəlik ayrılandan, o isə qadına hədiyyə etdiyi bütün o mənasız şeyləri geri qaytarmaq istəmədikdən, onunla daha görüşməyəcəyinə və ona gic-gic məktublar yazmayacağına dair söz verdikdən sonra o, ürəyinin parçalandığını hiss etməlidir, bütün gün hər yarım saatdan bir faytonçusu ilə ona teleqram və məktublar göndərməli, klubda tənhalıqda şam etməlidir ki, hamı onun necə bədbəxt olduğunu görsün. Beləliklə, qadının ona tənha olduğunu hiss elətdirmək məqsədilə həmişə əri ilə çölə çıxdığı, dəhşətli bir həftədən sonra, ona üçüncü, axırıncı görüşü təyin etmək olar. Axşam üstü, özünü yaxşı aparsa və qadın həqiqətən ona qarşı amansız davranmışsa, ona səhv olduğunu boynuna almağa imkan yaratmaq lazımdır; boynuna aldıqdan sonra qadının borcu onu bağışlamaqdır. Bundan sonra qadın hər şeyi müxtəlif variasiyalarda yenidən başlaya bilər.

Ledi Kerolayn. Ancaq siz mənə demədiniz, ideal kişi nə ilə mükafatlandırılacaq?
Missis Ollonbi. Nə ilə mükafatlandırılacaq? Əbədi ümid etmək imkanı ilə. Bəsidir.

***

Ledi Kerolayn. Miss Uersli, deyirlər sizdə, Amerikada çox şey yoxdur. Deyirlər, sizdə nə xarablıqlar var, nə də nadir tapıntılar?
Missis Ollonbi. Cəfəngiyyatdır! Onların anaları və davranışları var. Bəsidir.

***

Siz, varlı ingilislər, necə yaşadığınızı özünüz də başa düşmürsünüz. Necə düşə bilərsiniz ki? Siz öz cəmiyyətinizdən ən xeyirxah və ən yaxşı nə varsa, hamısını qovursunuz. Siz sadə və saf olan hər şeyi məsxərəyə qoyursunuz. Belə, başqasının hesabına, insanları istismar edib yaşamaqla fədakarlığı ələ salırsınız. Yoxsullara bir tikə çörək atanda isə bunu yalnız onları bir müddətlik sakitləşdirmək üçün edirsiniz. Bütün dəbdəbəniz, dövlətiniz və incəsənətinizlə yaşaya da bilmirsiniz, heç bunu da bacarmırsınız. Baxıb zövq ala biləcəyiniz, toxunub oynada biləcəyiniz, məhv etmək iqtidarında olub və məhv etdiyiniz gözəlliyi xoşlayırsınız. Həyatın, ali həyatın gözəgörünməz gözəlliyi haqda isə anlayışınız yoxdur. Sizin ingilis cəmiyyətiniz mənə cılız, xudbin, ağılsız görünür. Bu cəmiyyət nə görür, nə eşidir. O, al-qırmızı paltarda cüzama yoluxmuş xəstələr kimi uzanıb. O rənglənmiş tabut kimi yerindən tərpənmir. Onda hər şey saxtadır, saxta.

***

Sizdə, İngiltərədə qadınlara qarşı ədalətsizdirlər. Qadının rüsvayçılığının elə kişinin rüsvayçılığı olduğunu boynunuza almayınca, həmişə də ədalətsiz olacaqsınız. Və odlu sütun olan Xeyirxahlıq, dumanlı sütun olan Pislik çox pis görünəcək. Ya da heç görünməyəcək. Görünsə də siz onlara baxmayacaqsınız.

***

Kişi pislik etmək üçün kifayət qədər böyükdürsə, o, bu pisliyi düzəltmək üçün də kifayət qədər böyükdür.

***

Ayrı-ayrı fərddə olduğu kimi xalqda da narazılıq inkişafa doğru birinci addımdır.

***

Uşaqlar valideynlərinə məhəbbətlə başlayırlar. Sonra onları mühakimə edirlər. Və demək olar ki, onları heç vaxt bağışlamırlar.

***

Unutmayın, əlinizdə həyatın ən gözəl şeyi – gənclik var. Gənclikdən yaxşı heç nə yoxdur. Yaşlı adamların artıq həyata borcu var. Qocalar isə arxivə verilib. Amma gənclik həyatın ağasıdır. Gənclikdə hər şey qabaqdadır. Hamı dünyaya padşah kimi gəlir və elə padşah kimi də sürgündə ölür. Cerald, gəncliyimi geri qaytarmaq üçün hər şey etməyə razıyam – bircə səhər durub gimnastika etmək və cəmiyyətə faydalı insan olmaqdan başqa.

***

Yaxşı bağlanmış qalstuk həyatda atdığınız birinci ciddi addımdır.

***

Hər bir qadınla elə danışın ki, sanki ona aşiq olmusunuz. Hər bir kişi ilə isə sanki o sizin zəhlənizi töküb. Və birinci mövsümün sonuna sizdə qeyri-adi nəzakət davranışlarına malik kübar cəmiyyət adamının ad-sanı olacaq.

***

Cəmiyyət olmadan dolanmaq olmaz. Qadınların dəstəkləmədiyi kişi həyatda uğur qazana bilməz. Qadınlar isə cəmiyyəti idarə edir. Qadınlar siz tərəfdə deyillərsə, onda işiniz bitmiş sayılır. Belə olduğu təqdirdə, ən yaxşısı, vəkilliyə, dəllallığa, ya da jurnalistliyə üz tutmaqdır.

***

Qadın rəsm əsəridir. Kişi problem. Əgər həqiqətən qadının nə düşündüyünü bilmək istəyirsinizsə, – bu isə həmişə təhlükəlidir, – ona baxın, amma ona qulaq asmayın.

***

Qadın materiyanın ruh üzərində qələbəsidir, eynilə kişilərdə olduğu kimi – əxlaq üzərində ruhun qələbəsi.

***

Cerald. Məgər qadın təsiri nəcibləşdirmir?
Lord İllinqvort. Yalnız intellekti nəcibləşdirir.
Cerald. Ancaq cürbəcür qadınlar var, düz deyil?
Lord İllinqvort. Cəmiyyətdə yalnız iki cürü olur: kifirlər və boyananlar.

***

Evli kişinin xoşbəxtliyi evlənmədiklərindən asılıdır.

***

Həmişə aşiq olmaq lazımdır. Məhz bu səbəbə görə evlənmək lazım deyil.

***

Sevən adam əvvəlcə özünü aldadır. Bu isə başqalarını aldatmaqla qurtarır.

***

Zira dünya axmaqlar tərəfindən yaradılıb ki, ağıllı insanlar orda yaşasın!

***

Günahkarla müqəddəs arasındakı yeganə fərq ondan ibarətdir ki, müqəddəsin həmişə keçmişi, günahkarın isə gələcəyi var.

***

Bütün dünya iki sinfə bölünür: biri qara camaat kimi fövqəladə şeylərə inanır, o birilər isə fövqəladə şeylər edir…

***

Qadınlar bizi eyiblərimizə görə sevirlər. Əgər bu eyiblərin sayları kifayət qədərdirsə, onlar bizə nəhəng ağlımızı da bağışlaya bilərlər.

***

Ledi Statfild. Həyatın sirri hər şeyə yüngül yanaşmaqdadır.
Missis Ollonbi. Həyatın sirri yersiz hisslərə qapılmamaqdadır.
Ledi Statfild. Həyatın sirri sizi dəhşətli dərəcədə aldadanda, peşmanlıqdan zövq almaqdadır.
Kelvil. Ledi Statfild, həyatın sirri nəfsə qalib gəlməkdir.
Lord İllinqvort. Həyatın heç bir sirri yoxdur. Həyatın məqsədi, əgər o varsa, həmişə günah axtarmaqdır.

***

Qadına yaddaşlı olmaq lazım deyil. Qadında yaddaşın olması zövqü öldürür. Həmişə qadının şlyapasına baxıb onun yaddaşının olub olmamasını demək mümkündür.

***

Missis Ollonbi. Bu günkü ay necə gözəldir.
Lord İllinqvort. Gəlin gedək, onu seyr edək. İndiki dövrdə dəyişkən şeyləri seyr etmək çox xoşdur.
Missis Arbetnon. Axı sizin güzgünüz var.
Lord İllinqvort. O qəddardır. O yalnız qırışlarımı göstərir.
Missis Arbetnon. Mənimki daha yaxşı tərbiyə görüb. Heç vaxt mənə düzünü demir.
Lord İllinqvort. Deməli, o sizə aşiq olub.

***

Əzizim, nə demək istədiyinizi başa düşmürəm və başa düşmədiyimə görə çox şadam.

***

İstənilən təsir zərərlidir, yaxşı təsir isə hər şeydən pisdir.

***

Yetmiş yaşı ötmüş kişilərdən yana ölürəm. Onlar qadınlara həmişə qəbirə qədər məhəbbət təklif edirlər.

***

Heç nə ilə günahı təmizləmək olmaz. Mən ləkələnmişəm, o isə yox. Bu qədər. Kişi ilə qadının adi hekayəsi, həmişə belə olub və həmişə də belə olacaq. Onun sonu da adi sondur. Qadın əzab çəkir. Kişi heç nə olmamış kimi çıxıb gedir.

***

Sevdiyin naminə edilən heç bir xidmət rəzil, heç bir qayğı balaca deyil.

***

Yalnız məhəbbət insan həyatını qoruyub saxlaya bilər.

***

Onlar çox vaxt bizə qarşı ədalətsizdirlər, zira həyatlarının kədərində bizi günahlandırır, həyatlarının sevincini bizlə paylaşmırlar…

***

Xəstələr yastıqlarını düzəldən əlin təmiz olub-olmadığını soruşmur, ölüm ayağında olan adam üçün fərqi yoxdur, onun alnını öpən dodaqlar günahkar öpüş tanıyıb ya yox.

***

Qəlb yaralarla yaşayır. Həzz qəlbi daşa döndərə, sərvət onu quruda bilər, ancaq dərd…yox, dərd onu sındıra bilməz.

***

Sevilirsə, yoxsuldurmu?

***

Lord İllinqvort. Siz qadınlar yalnız duyğularla və duyğular naminə yaşayırsınız. Heç bir həyat fəlsəfəniz yoxdur.
Missis Arbetnon. Bəli, haqlısınız. Biz qadınlar yalnız duyğularla və duyğular naminə yaşayırıq. Ehtirasla və ehtiras naminə, əgər bilmək istəyirsinizsə. Lord İllinqvort, mənim iki ehtirasım var: oğluma məhəbbətim və sizə nifrətim. Onları məhv edə bilməyəcəksiniz. Biri o birini qidalandırır.
Lord İllinqvort. O nə məbəbbətdir ki, oxşarı – nifrətsiz var ola bilmir?
Missis Arbetnon. Bəli, bu Ceralda duyduğum məhəbbətdir. Bunun qorxulu olduğunu düşünürsünüz? Bəli, qorxuludur. İstənilən məhəbbət qorxuludur. İstənilən məhəbbət faciədir. Lord İllinqvort, mən nə vaxtsa sizi sevirdim. Sizi sevmək qadın üçün elə faciədir ki.

 

Tərcümə: Lamiyə Göycəyeva

4 (80%) 1 vote

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook