Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Aqata Kristof “Qalın dəftər”

kko_aqota_kristof_qalin_defterAnnotasiya

“Qalın dəftər” (fransızca “Le grand cahier”) – İkinci Dünya müharibəsi dövründə yaşamış əkiz qardaşların həyatından bəhs edən, macar-isveçrəli yazıçı Aqota Kristofun fransızca qələmə aldığı romandır. İlk dəfə 1986-cı ildə İsveçrədə nəşr olunan bu əsər dərhal tənqidçilər tərəfindən böyük heyranlıqla qəbul edilmişdir. Sonradan müəllif “Qalın dəftər”ə “Sübut” və “Üçüncü yalan” hissələrini artıqmaqla onu trilogiya səviyyəsinə qədər genişləndirmişdi.
Ötən əsrin ən qəddar əsərinin qadın tərəfindən yazılması rəmzi xarakter daşıyır. Onun hekayələrini əyləncəli adlandırmaq olmaz: zira onlar çox həqiqidir. Kitabın əsasını əkiz qardaşlar Klaus və Lukas tərəfindən yazılmış gündəlik təşkil edir. Ancaq romanın gedişatında qardaşlar bir adama çevrilir. Və yalnız son anda oxucu oxuduqlarının həqiqət yoxsa yalan olduğunu aydınlaşdırır.

Əsərdən seçilmiş hissələr

Nənəmiz anamızın anasıdır. Onun yanına köçənə qədər, bilmirdik ki, anamızın anası var.
Biz ona Nənə deyirik.
İnsanlar ona İfritə deyirlər.
O bizə “qancıq balaları” deyir.

***

İşləmək çətindir, ondan da çətini heç nə etməmək və kiminsə işləməyinə baxmaqdır- ələlxüsus, bu işləyən yaşlı adamdırsa.

***

Ruhu möhkəmləndirmə məşqləri

Nənə bizə deyir:
– Qancıq balaları!
İnsanlar bizə deyir:
– İfritənin uşaqları!
Başqaları deyir:
– Ağıldan kəmlər! Quldurlar! Yaramazlar! Eşşəklər! Donuzlar! Donuz balaları! Əclaflar! Zibillər! Oğraşlar! Canilər! Qatillər!
Belə sözlər eşidəndə üzümüz qızarır, qulaqlarımız uğuldayır, gözlərimiz yanır, dizlərimiz əsir.
Daha qızarmaq və əsmək istəmirik, özümüzü söyüşlərə və təhqirlərə öyrəşdirmək istəyirik.
Mətbəxdəki stolda üzbəüz oturub, düz gözlərimizin içinə baxa-baxa bir-birindən pis sözlər deyirik.
Birimiz:
– Pox! Göt!
Digərimiz:
– Oğraş! Bicbala!
Sözlər beynimizə yeriyənə kimi davam edirik, heç qulaqlarımıza da düşmür.
Ancaq keçmişdən də sözlər var.
Anamız bizə deyirdi:
– Əzizlərim! Sevimlilərim! Xoşbəxtliyim! Dəyərli balalarım!
Bu sözləri xatırlayanda gözlərimiz yaşla dolur.
Bu sözləri unutmalıyıq, çünki indi onları bizə heç kim demir və onların xatirəsi ağır bir yükdür.
Onda məşqi əvvəldən başlayırıq və başqa cür edirik.
Biz deyirik:
– Əzizlərim! Sevimlilərim! Sizi elə çox istəyirəm ki…Heç vaxt sizi tərk etməyəcəm…Yalnız sizi sevəcəm…Həmişə…Hər şeyimsiniz…
Uzunmüddətli təkrardan sözlər mənasını itirir, daşıdıqları ağrı azalır.

***

“Yaxşı” və ya “Pis” olduğunu təyin etmək üçün asan bir qaydamız var: inşa həqiqi olmalıdır. Biz olanları, gördüklərimizi, eşitdiklərimizi təsvir etməliyik.
Məsələn, “Nənə ifritəyə oxşayır” yazmaq qadağandır; ancaq “İnsanlar Nənəyə İfritə deyir” yazmaq olar. “Kiçik Şəhər gözəldir” yazmaq qadağandır, çünki Kiçik Şəhər bizim üçün gözəl ola bilər, başqası üçün yox. Həmçinin “Denşik xeyirxahdır” yazırıqsa, bu doğru deyil, çünki denşik bizim bilmədiyimiz pis şeylər edə bilər. Ona görə biz sadəcə belə yazırıq: “Denşik bizə ədyal verir”. Biz “fındığı sevirik” əvəzinə, “çoxlu fındıq yeyirik” yazırıq. Çünki “sevmək” sözü etibarlı deyil, onda dəqiqlik və obyektivlik çatışmır. “Fındığı sevmək”lə “Anamızı sevmək” eyni şey deyil. Birinci ifadə ağızda xoş dadı, ikinci isə hissi bildirir.
Hissləri bildirən sözlər dəqiq deyil; ən yaxşısı onların istifadəsindən çəkinmək və əşyaların, insanların və özünün, yəni faktların dəqiq təsvirinə tutunmaqdır.

***

Sədəqə istəmək məşqləri

Biz çirkli və cırıq paltar geyinirik, ayaqqabılarımızı çıxarırıq, üzümüzü və əllərimizi qaraldırıq. Küçəyə çıxırıq. Durub gözləyirik. Əcnəbi zabit qabağımızdan keçəndə sağ əlimizi salamlama əlaməti olaraq qaldırırıq və sol əlimizi uzadırıq. Çox vaxt zabitlər dayanmadan, bizi görmədən, bizə baxmadan keçirlər.
Nəhayət, bir zabit dayanır. Bilmədiyimiz dildə nəsə deyir. Bizə suallar verir. Cavab vermirik, bir əlimizi yuxarı, o birini irəli uzadıb hərəkətsiz dayanırıq. Onda o, ciblərini eşələyir, çirkli ovcumuza qəpik və şokolad qoyur, başını yırğalaya-yırğalaya çıxıb gedir.
Dayanırıq.
Yanımızdan qadın keçir. O deyir:
– Yazıqlar. Sizə verməyə heç nəyim yoxdur.
Başımızı sığallayır.
Deyirik:
– Çox sağ olun.
Başqa qadın bizə iki alma verir, bir başqası suxarı.
Yanımızdan qadın keçir. Əlimizi uzadırıq, dayanır və deyir:
– Utanmırsınız, sədəqə istəyirsiniz? Gedək evimə, sizə görə yüngül işim var. Məsələn, odun doğramaq, ya da şüşəbəndi təmizləmək. Gücünüz çatar. Sonra hər şeyi yaxşı etsəniz, sizə şorba və çörək verərəm.
Cavab veririk:
– Xanım, sizin üçün işləmək istəmirik. Sizin şorbanızı və çörəyinizi yemək istəmirik. Ac deyilik.
O soruşur:
– Onda niyə dilənirsiniz?
– Bu zaman insanın nə hiss etdiyini bilmək və adamların reaksiyasını müşahidə etmək üçün.
Gedə-gedə qışqırır:
– Dələduzlar! Hələ üstəgəl həyasızdırlar!
Geri qayıdanda yolda almanı, suxarını, şokoladı və qəpiyi sıx otluğa atırıq.
Başımızı sığallayan əli atmaq olmur.

***

Sonra, vaxt keçdikcə, gözlərimizi bağlamaq və qulağımıza ot tıxamaq lazım gəlmir. Kor rolunu oynayan sadəcə daxilə nəzər salır, kar rolunu oynayan isə səslərə qulağını bağlayır.

***

– Biz hədiyyə almağı xoşlamırıq.
– Bu niyə?
– Çünki təşəkkür etməyi xoşlamırıq.

***

– Heç kim sizə inanmayacaq. Onun söylədiyi hər şey yalandır!
– Yalandır, ya doğrudur, əhəmiyyəti yoxdur. Əsas odur ki, böhtandır. İnsanlar qalmaqalı xoşlayır.

***

Bir kişi deyir:
– Sən mumla. Qadınlar müharibədən heç nə qanmır.
Qadın deyir:
– Qanmır? Gicin biri gic! Bütün iş, bütün qayğı bizim üstümüzdədir: uşaqları yedizdirmək, yaralıları sağaltmaq. Siz, müharibə bitən kimi hamınız qəhrəmansınız. Ölsəniz qəhrəmansınız. Sağ qalsanız qəhrəmansınız. Şikəst olsanız qəhrəmansınız. Elə buna görə, siz kişilər, onu fikirləşmisiniz. Bu sizin müharibənizdir. Sizə lazım idi, özünüz də vuruşun, andır qəhrəmanlar!

***

– Cənab, odunlarınızı doğrayıb qurtardım.
– Yaxşı. Əmək fayda gətirir. Siz yaxşı görünürsünüz. Al yanaqlarınız var.
– Cənab, mənim əllərim donub.
– Gəlin! Göstərin! Nə iyrəncdir! Sizin bütün əlləriniz çat və yara içindədir.
– Cənab, bu donvurmadır.
– Siz yoxsulların həmişə nəsə iyrənc xəstəliyi olur.

***

Atamız peyda olanda biz üçümüz mətbəxdə işləyirik. Çünki çöldə yağış yağır.
Atamız əllərini çarpazlayır və ayaqlarını geniş açıb qapıda dayanır. O soruşur:
– Arvadım hardadır?
Nənəm gülümsəyir:
– İşə bir bax! Onun doğrudan da əri var imiş.

***

O, Babasının və Nənəsinin qəbri qarşısında dayanır.
Nənə ötən il ikinci infarktdan sonra öldü.
Baba çoxdan ölüb. Şəhər sakinləri deyirdilər ki, onu arvadı zəhərləyib.
Lukasın atası bu gün sərhədi keçmək istəyərkən öldü. Və Lukas heç vaxt öz qəbrinin harda olacağını bilməyəcək.

***

– Vermək almaqdan daha asandır, elə deyilmi? Təşəxxüs günahdır, müqəddəs ata.

***

Kimisə özünüzə aşiq etmək sizin üçün elə də çətin olmazdı. Yaraşıqlı kişisiniz. Və kədərli görkəminiz var. Qadınlar kədərli insanları xoşlayırlar.

***

– Onun çiyni əyridir.
– Hə. Ayaqları da. Xəstəxanada dedilər. Mənim günahımdır. Hamiləliyi gizlətmək üçün qarnımı korsetlə yığırdım. O şikəst olacaq. Kaş onu çayda batırmaq üçün cəsarətim çatardı…
– Belə danışma, Yasmina.
– O özünü bədbəxt hiss edəcək.
– Sən də bədbəxtsən, baxmayraq ki, şikəst deyilsən. Bəlkə o səndən, ya da digər başqa adamdan daha az bədbəxt olacaq.

***

Ölülər heç yerdə və hər yerdədirlər.

***

– Bu ölənlərlə gedənlər arasındakı yeganə fərqdir, elə? Ölənlər qayıtmır.
– Dəqiq bilinmir.

***

Qadınlara isə çətin vaxtlarda belə dərzi lazımdır.

***

Həkimlər mənə dərman yazıblar, ancaq siqaret çəkməyi atmasam və idman etməsəm, yaxşılaşma olmayacaq. Siqareti atmağı qətiyyən istəmirəm. Yeri gəlmişkən, heç iradəm yoxdur. Əyyaşdan iradə tələb etmək qeyri-mümkündür. Deməli, siqareti atmaq üçün əvvəlcə içməyi tərgitməliyəm.

***

Lukas, mən əminəm ki, hər bir bəşər övladı kitab yazmaq üçün doğulur. Və başqa heç nə üçün. Vacib deyil, dahiyanə olsun, ya adi olsun, ancaq heç nə yazmayan ümidsiz adamdır, o yalnız iz qoymadan bu dünyadan keçib.

***

– O vaxt lap uşaq idim. Amma heç nəyi unutmamışam.
– Unudacaqsınız. Həyat belədir. Zamanla hər şey silinib gedir. Xatirələr solur, ağrı sakitləşir. Mən həyat yoldaşımı bir quş, ya da bir çiçəyi xatırlayan kimi xatırlayıram. O, hər şeyin asan, sadə və gözəl olduğu bir dünyada həyat möcüzəsi idi. Əvvəlcə buraya ona görə gəlirdim. İndi isə Yudifə, sağ qalana görə gəlirəm. Bu sizə gülməli görünə bilər, Lukas, ancaq mən Yudifə vurulmuşam. Onun gücünə, onun mərhəmətinə, onun bu yad uşaqlara göstərdiyi şəfqətə.
– Mənə heç də gülməli gəlmir.
– Mənim yaşımda?
– Yaş yalnız bir detaldır. Əsas başqa şeydir. Siz onu sevirsiniz, o da sizi sevir.
– O, ərinin qayıtmasını gözləyir.
– Qadınların çoxu həlak olmuş və ya itkin düşmüş ərlərini gözləyir, ya da onlardan ötrü göz yaşı tökürlər. Amma özünüz indicə dediniz: “Ağrı sakitləşir, xatirələr solur”.
– Dedim ki, “sakitləşir”, “solur”, – amma yox olmur.

***

– Yetimlər valideynləri olmayan uşaqlardır. Mənim də valideynlərim yoxdur.
– Var. Anan var, Yasmina.
– Yasmina gedib. Bəs atam hardadır?
– Atan mənəm.
– Yox, başqası, əsl atam?
– O sən anadan olmamış ölmüşdü, bədbəxt hadisə nəticəsində, mənim atam kimi.
– Atalar həmişə bədbəxt hadisələr nəticəsində ölürlər. Tezliklə sənin də başına bədbəxt hadisə gələcək?
– Yox. Mən çox diqqətliyəm.

***

– Peterə bədbəxtlik üz verib?
– Yox, Peterə yox. Amma deyəsən, dostlarından birinə.
– Bu elə eyni şeydir. Bəlkə də daha pisdir.

***

– Bax, onun nə gözəl qara kirpikləri var.
– Bu tuşdur.
– Hələ dodaqları.
– Bu pomadadır. Onun yaşında bəzənmək olmaz.
– Düz deyirsən, Lukas. Kosmetikasız da o gözəl olardı.

***

Bizlərdən hər birimiz həyatımızda bir ölümcül səhvə yol veririk. Bunu dərk edəndə isə düzəldilməsi qeyri-mümkün olan artıq baş verib.

***

O deyirdi ki, yuxu üçün ideal yer sevdiyin insanlardan birinin qəbridir.

***

– Mən yalnız qardaşımı görmək üçün gəlmişəm.
– Niyə heç vaxt ona yazmamısınız?
– Biz ayrılmaq qərarına gəlmişdik. Ayrılıq tam olmalı idi. Sərhəd kifayət deyildi, sükut da lazım idi.

***

Həmişəki kimi yağış yağır. Xırda, soyuq yağış. O evlərin, ağacların, qəbirlərin üstünə tökülür. Onlar yanıma gələndə yağış onların cisimsiz üzlərindən axır. Onlar mənə baxır və soyuq daha da şiddətlənir. Divarlar qorumur məni. Divarlar heç vaxt məni qoruya bilməyib. Onların möhkəmliyi xülya, ağlığı başdan ayağa palçıqdır.

***

Hərdən elə olur ki, həyat ən kədərli kitablardan da kədərli olur.

***

Kitab nə qədər kədərli olursa olsun, o həyatdan kədərli ola bilməz.

***

– Fikirləşsən, həyatı sevmək olmaz.
– Fikirləşmə. Bax! Heç belə gözəl səma görmüsən?

***

Nəticə: ya müxtəlif zamanlarda yaşamış bütün direktorlar bir-birinə oxşayır, ya da onlar uzun müddət yaşayırlar.

***

Bir az pul qazanmaq üçün, hər dəfə imkan olduqca, vağzala sərnişin gözləməyə gedirdim. Onların çamadanlarını daşıyırdım.
Beləliklə kağız, karandaş, pozan və ilk yalanımı yazdığım qalın dəftərimi ala bildim.

***

Oğlan içərisində üç yalan olan protokolu imzalayır.
Sərhədi birlikdə keçdiyi adam onun atası deyil.
Oğlanın on səkkiz yox, on beş yaşı var.
Onun adı Klaus deyil.

***

– Təhsil almaq istəmirəm.
– Baxarıq, baxarıq. Klaus, məgər sizdə azacıq da olsa şöhrətpərəstlik yoxdur?
– Şöhrətpərəstlik? Bilmirəm. Sadəcə istəyirəm ki, rahat yaza bilim.
– Yazasan? Nə? Yazıçı olmaq istəyirsən?
– Hə. Yazıçı olmaq üçün təhsil almaq lazım deyil. Sadəcə çox səhv buraxmadan yaza bilməlisən.

***

– Çox maraqlıdır, bu dəftərlərdə yazılanları bilmək istərdim. Bu gündəlik kimi bir şeydir?
– Yox, bu yalandır.
– Yalan?
– Hə. Uydurma. Baş verməyən, ancaq baş verə biləcək hadisələrdir.

***

– Qorxmayın, hələ çox yaşayacaqsınız.
– Çox yaşamaq istəmirəm.
– Depressiyadan müalicə olan kimi, fikrinizi dəyişəcəksiniz.

***

– Belə güman edirəm ki, sizin də ailəniz var.
– Yox, həmişə tək yaşamışam.
– Niyə?
– Bilmirəm. Bəlkə ona görə ki, heç kim mənə sevməyi öyrətməyib.

***

Günəş, külək, gecə, ay, ulduzlar, buludlar, yağış, qar – hər şey möcüzə idi. Heç nədən qorxmurduq. Nə kölgələrdən, nə də böyüklərin danışdığı hekayələrdən.

***

Özünə suallar vermək hər şeyi bilməkdən daha pisdir.

***

Biz gündə yüz dəfə çap edirik: “Bizi xoşbəxtlik və bolluq əhatə edir”, əvvəlcə elə düşünürdüm ki, başqalarında elə belədir, biz – anamla mən ehtiyac içində yaşayırıq və “ona” görə əziyyət çəkirik.
Bununla belə, səhər tezdən işdən qayıdanda, öz işlərinə gedən başqa insanlarla qarşılaşanda heç yerdə xoşbəxtlik, xüsusilə bolluq görmürəm.

***

O vaxta kimi sağlamlığım artıq korlanmışdı. Ağ ciyərlərim qurğuşunla dolmuşdu, qanımda oksigen azalmış və zəhərlənmişdi. Bu saturnizmdir, çapçılar və mürəttiblərin xəstəliyi. Qarnımda kəskin ağrılar və ürəkbulanmam olur. Həkim dedi ki, bacardığım qədər çox süd içim və təmiz havada olum. Süd xoşlamıram.

***

Və düşünürəm ki, biz dördümüz yenidən birlikdə olacağıq. Anam ölən kimi yaşamağa başqa səbəbim olmayacaq.
Qatar yaxşı fikirdir.

Tərcümə: Lamiyə Göycəyeva

Qiymətləndirin

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook