Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Haruki Murakami “Norveç meşəsi”

kko_haruki_murakami_norvech_meshesiAnnotasiya

“Norveç meşəsi” (yaponca “Noruwei no Mori”) – yapon yazıçısı Haruki Murakaminin 1987-ci ildə çap olunmuş romanıdır. Romanın adı “Bitlz” qrupunun “Norwegian Wood” mahnısından götürülüb. Bu mahnı əsərdə Naokonun sevimli kompozisiyası kimi tez-tez qeyd olunur. Meşə mövzusu və obrazı da kitabda təsvir olunur.
Əsərdə XX əsrin ikinci yarısında Yaponiyadakı çətin insan talelərindən söhbət açılır. Bu roman hər şeydən əvvəl insan itkisi və seksual həyatı müzakirə mövzusuna çevirir. Əsas qəhrəman və hekayəçi – Tooru Vatanabe Tokio universitetində oxuduğu illəri xatırlayır. Onun xatirələri sayəsində oxucu Vatanebinin iki qızla – gözəl, amma psixoloji problemi olan Naoko və emosional, həyatsevər Midori – münasibətinin şahidi olur.
2010-cu ildə Çan An Hunq “Norveç meşəsi”ni ekranlaşdırır. Film ilk dəfə Venesiya kinofestivalında nümayiş etdirilir.

Karandaşın izi ilə

O vaxtlar hara baxırsan bax, nə hiss edirsən elə, nə fikirləşirsən fikirləş, nəticədə hər şey bumeranq kimi özünə qayıdırdı. Bax belə bir yaş dövrü idi.

***

Lakin onun simasının yaddaşımda aşkara çıxması bir az vaxtımı alır. İllər ötdükcə daha çox vaxt lazım olur. Kədərlidir, ancaq faktdır.

***

Ağrı yoxdur. Tamam yoxdur. Hər zərbə məna kəsb etməyən səs doğurur. Və hətta bu səs də nə vaxtsa yox olacaq. Yox olan hər şey kimi.

***

– Qulaq as, Vatanabe. Sən məni sevirsən?
– Əlbəttə.
– Onda iki xahişimi yerinə yetirərsən?
– Lap üç olsun!
– İkisi bəsdir. Birinci, başa düş ki, belə gəlib mənimlə görüşdüyün üçün sənə minnətdaram. Çox şadam. Sanki nicat tapdım. Hətta belə görünməsə də.
– Yenə gələcəm. Bəs o biri?
– İstəyirəm, hökmən məni xatırlayasan. Belə yanında olub var olduğumu həmişə xatırlaya biləcəksən? Həmişə-həmişə?
– Əlbəttə, həmişə xatırlayacam.

***

O əlbət bilirdi. Bilirdi ki, nə vaxtsa onun haqda xatirələrim içimdə sönəcək. Ona görə məni çağırmadan dura bilmirdi:”Məni heç vaxt unutma. Var olduğumu xatırla”.

***

Bəlkə, bu elə də vacib deyil. Axı bu haqda heç kim fikirləşmir. Fikirləşənlər də mən ağılda olanlardır. Özüdə mənim də ağlıma bu elə-belə gəldi, düşüncələrimdə dərinə dalmaq həvəsim yox idi.

***

Olurdu dostlarıma deyirdim : ” Bu tip hətta pərdələri də yuyur!”. Mənə heç kim inanmırdı. Heç kim heç bilmirdi ki, pərdələri hərdən yumaq lazımdır. Hesab edirdilər ki, pərdə, pəncərənin əlavəsindən başqa bir şey deyil.

***

Sanki iki hissəyə bölünmüşdüm. Gah özümə qaçırdım, gah özümdən qaçırdım.

***

O məndən soruşdu :”Qulaq as, Vatanabe. Qızla görüşəndə onunla nə haqda danışmaq lazımdır?” Yadımda deyil nə cavab verdim, amma sual açıq-aydın səhv adama ünvanlanmışdı.

***

Bu səsləri eşidəndə Naokoya yazığım gəlirdi. Ona lazım olan mənim əlim deyildi, başqasınınkı idi. Ona lazım olan mənim bədənim deyildi, başqasınınkı idi. Anlaşılmaz dilxorluqdan yaxamı qurtara bilmirdim ki, mən – mənəm.

***

O yanımda oturdu və nə oxuduğumu soruşdu. Dedim ki, “Böyük Qetsbi”ni oxuyuram. Maraqlı olub-olmadığını soruşdu. Cavabında söylədim ki, artıq üçüncü dəfədir oxuyuram və hər dəfə daha maraqlı gəlir.
– “Böyük Qetsbi”ni üç dəfə oxuyanla dostluq etməyin əleyhinə deyiləm.

***

– Demirəm ki, müasir ədəbiyyata inanmıram. Sadəcə zamanın sınağından çıxmamış əsərlərdə vaxtımı itirmək istəmirəm. Həyat qısadır.
– Bəs hansı müəllifləri bəyənirsən?
– Balzakı, Danteni, Cozef Konrado, Dikkensi, – cəsarətlə sadalamağa başladı.
– Müasir adlandırmaq olmaz.
– Elə ona görə də onları mütaliə edirəm. Hamının oxuduğunu oxusan, hamı kimi fikirləşməyə başlayacaqsan. Belə yalnız məhdud insanlar edir. Normal insan belə etmir. Başa düşdün, Vatanabe? Bu yataqxanada normal bir sənsən bir də mən. Qalanları apar tulla.

***

Bədənimdən nəsə düşdü, əvəzində heç nə yaranmadı. Yerində təkcə boşluq qaldı. Buna görə bədənim qeyri-təbii şəkildə yüngülləşdi, səslər boşluqda itdi.

***

Nəsə baş verirsə və ya əksinə, baş vermirsə, nəticədə mənə elə gəlir ki, hər şey əvvəlcədən müəyyənləşdirilib.

***

– Heç kim tənhalığı sevmir.
– Mən sadəcə peşman olmaq istəmirəm.
– Memuar yazanda qeyd elə.

***

Məmur olmağa can atanların doxsan beş faizi zir-zibildir.

***

Bax mən belə insanam, nə iştahım var, nə ehtirasım. Bir dənə marağım var.

***

Centlmen – istədiyini deyil, lazım olanı edəndir.

***

Səninlə görüşmək imkanını itirəndən sonra mənə necə lazım olduğunu anladım.

***

Sadəcə indi çox yorulmuşam. Yağış altındakı meymun kimi.

***

– Necə fikirləşirsən, varlıların əsas üstünlüyü nədədir?
– Bilmirəm, nədə?
– Onlar pullarının olmadığını deyə bilərlər.

***

Bilirsən, anam öləndə atam mənlə bacıma nə demişdi? “Özümü indi elə pis hiss edirəm ki. Ananızı itirməkdənsə, kaş sizin ikinizi itirərdim”.

***

Onun gözlərinə baxdım. O da mənimkilərə baxdı. Heç başa düşə bilmirdim ki, danışdıqlarının nə qədəri ciddidir, nə qədəri zarafat. Uzun müddət baxdım və bu müddət ərzində mənim üçün artıq nə danışdığının fərqi yox idi.

***

Bu incə, isti və heç bir məqsəd güdməyən öpüş idi.

***

– Sevdiyin qız var?
– Var.
– Onda niyə bazar günləri həmişə boş olursan?

***

Amma bizim üçün bu “əgər” çox böyükdür

***

– Gecə zorlamaq fikrinə düşsən, səhv salma, – Reyko dedi. – Naoko – çarpayıda sol tərəfdə yatandır. Qırışsız olan.

***

O xəstə idi. Özüdə ətrafında olanları xarab edən çürümüş alma kimi.

***

– Vatanabe, niyə belə kədərlisən?
– Yəqin, hələ də bu dünyanı sevə bilməmişəm ona görə.

***

– Ən azından məni heç nəyə məcbur eləmədin.
– Nəyəsə məcbur etmək üçün səni hələ yaxşı tanımıram.

***

Sənə rast gəldim deyə, bu dünyanı azacıq da olsa sevə bildim. İçimdə elə hiss var.

***

Axı dünya adi insanların üzərində qurulub. İstismar edilənlər də elə adi insanlardır.

***

– Hə, necədir? Dadlıdır?
– Dadlıdır.
– Lap yaxşı. Bu yaşadığınıza sübutdur.

***

Midori, hara gedirsən get, hər yerdə eyni şeydir.

***

– Saxlamağa çalışmayacam. Ərə getməyib, məni gözləmək istəyir, qoy gözləsin.
– Belə de!
– Hesab edirsən ki, zibiləm?
– Hesab edirəm.

***

Gedə bildiyim qədər gedirəm. Gücümün yüz faizini istifadə edirəm. İstədiyimi götürürəm, istəmədiyimi yox. Həyat elə buna deyirlər.

***

Fərq, gecikmiş səhər yeməyi ilə erkən nahar kimi idi. Eyni yemək, eyni vaxt, müxtəlif ad.

***

Naokonun ölümünə görə ağrı hiss edirsənsə, yaşadığın müddət ərzində o ağrını içində saxla. Ona görə öyrənməli olduğun nəsə varsa, qoy həmin şey səni öyrətsin.

***

Məktub nədir ki? Kağız. Yandırsan da, ürəkdə qalan elə qalacaq, qalmayanlar isə lap o məktubları üstündə gəzdir, qalmayacaq.

***

Sentyabrın ikinci həftəsi belə bir nəticəyə gəldim ki, universitet təhsili boş şeydir. Və qərara aldım ki, universitet təhsilini dözüm üçün məşq hesab edim.

***

Niyə oğlanlar uzunsaç qızları xoşlayır? Əsl faşistdirlər. Adamın ürəyi bulanır. Niyə oğlanlar elə düşünür ki, uzunsaç qızlar mütləq zərif, həssas, incə olur? Uzun saçı olan pis qızlardan iki yüz əllisini elə özüm tanıyıram.

***

– Yaşıl rəngdən xoşun gəlir?
– Söhbəti nəyə gətirirsən?
– Ona görə ki, əynindəki vodolazka yaşıl rəngdədir.
– Elə də xoşlamıram. Nə fərqi var ki, hansı rəngdir?
– Mənim adım Midoridir ( yaponca “yaşıl”).

***

– Hiss edirəm ki, universiteti bitirəcəksən. On il, ya iyirmi ildən sonra biz səninlə mütləq görüşəcəyik. Və bizi nəsə bir-birimizə bağlayacaq.
– Nəsə söhbətimiz Dikkensvari gedir.

***

Fikirləşdim ki, onların həqiqi düşməni hakimiyyət yox, təxəyyül çatışmamazlığıdır.

***

– Deməli biz indi əksinqilabçı elementlərik?
– İnqilab qalib gəlsə, səninlə birgə teleqraf sütununda yan-yana asılacağıq.

***

Bu gözəl qızın :”Bugün pis bəzənmişəm, ona görə heç yerə getmək istəmirəm” deməyinə oxşayır. Kifir qız belə söyləmiş olsaydı, hamı ona gülərdi.

***

– Qadınlarda menstruasiya olduğu kimi, kişilər də masturbasiya edir. Kim olur olsun, hamı.
– Sekslə məşğul ola biləcək qızı olan da?
– Hə, iş onda deyil. Bax qonşu otaqdakı Keyoda oxuyan oğlanı götürək. O kəflənir, sonra isə görüşə gedir. Deyir belə daha etibarlıdır.

***

Bax mən belə ölümdən qorxuram. Ölüm kölgəsi yavaş-yavaş içindən həyatı sıxışdırıb çıxardır, ayılırsan ki, hər tərəf qaranlıq, heç nə görünmür, ətrafdakılar səni canlı varlıqdan çox meyit kimi qəbul edir.

***

Nəyisə başa düşmədiklərini bildirməməkdən ötrü əldən-ayaqdan gedirlər. Ona görə hamı eyni kitabı oxuyur, eyni şeydən danışır, Con Koltreynə qulaq asır və ya Pazolininin filminə baxır. Və özlərini elə göstərirlər ki, guya bunlardan yana ürəkləri gedir. İnqilab elə budur?

***

Dörd bir yanın təbiətdir, bütün insanlar sakitcə yaşayır. Elə sakit ki, hərdən fikirləşirsən, bəlkə doğru dünya elə budur.

***

Hansı nəslə aid olduqlarını göstərmək üçün başlarında lələk gəzdirən hindular kimi, biz də üstümüzdə səhvlərimizi gəzdiririk.

***

Bizi müalicə edən həkim deyir ki, indi görüşə gələn adamlarla az-az ünsiyyət qurmağın əsl vaxtıdır. “Görüşə gələn adamlar”, normal dünyadan olan normal insanlar deməkdir. Bu sözləri eşidəndə sənin üzündən başqa heç kimin üzü gözümün qabağına gəlmir.

***

Məktubu stolun gözünə qoydum, əynimi dəyişdim və çıxdım. Mənə elə gəldi ki, məktubun yanında olsam, onu daha on dəfə, iyirmi dəfə də oxuyacam.

***

– Ürəyini aça bilənlə bilməyənin fərqini görürəm. Məsələn, sən bilərsən. Daha dəqiq desək, istəsən aça bilərsən.
– Açanda nə olacaq ki?
– Onda xoşbəxt olacaqsan.

***

Sən axmaq deyilsən, sən adisən. Mən də səndə çox şeyi başa düşmürəm. Adi adamların hamısı belədir.

***

– Sənin haqda çox şey bilmək istəyirəm.
– Adi adamam. Adi ailədə anadan olmuşam, böyümüşəm, xarici görünüşüm adidir, müvəffəqiyyətlərim də həmçinin, adi insanlar kimi də fikirləşirəm.
– Yeri gəlmişkən, sənin sevimli yazıçın Skot Fiscerald yazıb ki, özünün adi olduğunu söyləyən insana inanmaq olmaz.

***

Tərpənmədən uzun-uzun bu balaca alova baxırdım. Bu od mənə yanmış insan ürəyinin sonuncu titrəyişini xatırladırdı. İstəyirdim onu qucaqlayım və etibarlı şəkildə qoruyum.

***

– Ən yaxşı elədiyin iş nədir?
– Belə, heç nə. Düzü, bir-neçə şey var ki, onları etməyi sevirəm.
– Nəyi?
– Yürüşə çıxmağı, üzməyi, kitab oxumağı.
– Deməli, təklikdə icra olunan işləri sevirsən.

***

Bu qırışların ona yaraşdığını söylədim.
– Ancaq bundan sonra qadına “sizin gözəl qırışlarınız var” demək olmaz.

***

Hələ bir az əvvəl hamının qabağında öz qızları ilə öyünürdülər, indi övladları psixi xəstələr üçün olan xəstəxanadan çıxmırdı. Artıq ərə də vermək olmazdı…

***

Belə gözəl və ağıllı olsaydım, yəqin daha namuslu olardım. Bu cür gözəl və ağıllısan, daha nə lazımdır? Hamı səni əlləri üstündə gəzdirəndə,

***

Söylədiyi yalanın miqdarı həmsöhbətindən asılı idi.

***

– Sonra nə olduğunu bilmək istəyirsənsə, sabah danışaram. Hekayə uzundur, bir dəfəyə qurtarmaq olmur.
– Siz lap Şəhrizadsınız ki.

***

İnsan ki, yalan danışmağa başladı, ələ düşməmək üçün sonsuzadək yalan danışacaq.

***

– Xoruldamırdıq ki? – Reyko soruşdu.
– Yox, qətiyyən yox, – cavab verdim.
– Şükür, – Naoko dedi.
– Qonaqpərvərliyimizdən irəli gəlir, – Reyko əsnəyərək söylədi.

***

– Deyəsən, tez gəlmişəm. İndi durmusan nədir?
– Əl-üzümü yuyum, üzümü qırxım. On beş dəqiqə gözlə, yaxşı?
– Gözləməyinə gözləyərəm, amma hamı gözlərini baldırlarıma zilləyib baxır.
– Təbii. Qısa ətəkdə kişi yataqxanasına gəlmisən, ona görə də hamı baxır.
– Qorxusu yoxdur. Bugün çox gözəl alt paltarı geymişəm. Çəhrayı, dalğalı krujevalı.
– Bu daha pis.

***

– Bura bax, burda qalanların hamısı masturbaiya edir?
– Deyəsən, hə.
– Bəs kişilər bunu edəndə qadın haqda düşünürlər?
– Yəqin. Səhmlərin kursu, fellərin zamana görə dəyişməsi, Süveyş kanalı haqda fikirləşib masturbasiya edən kişi, çox güman yoxdur. Yəqin, əsasən qadınlar haqda düşünürlər, yəqin…
– Süveyş kanalı?
– Misalçün dedim.
– Bəs konkret qadın haqda fikirləşirlər?
– Axı niyə bunları öz oğlanından soruşmursan? Niyə bazar günü səhər tezdən mən sənə belə şeyləri izah etməliyəm?
– Mənə maraqlıdır. Ondan soruşanda deyir ki, qıza belə şeyləri soruşmaq yaraşmaz.
– Düz deyir.

***

– Sən “Kapital”ı oxumusan?
– Oxumuşam. Təbii ki, hamısını yox. Hamı kimi.
– Onu başa düşürsən?
– Nəyisə düşürəm, nəyisə yox. “Kapital”ı həqiqətən oxumaqdan yana əvvəlcə başa düşmək üçün lazımi məlumat sisteminə yiyələnməlisən. Əlbəttə, mənə elə gəlir ki, marksizmi ümumi şəkildə başa düşürəm.

***

– Sən niyə bugün belə qısa ətəkdəsən?
– Xoşunuza gəlir?
– Pilləkəndən necə qalxdın?
– Elə belə də qalxdım. Qoy hamı görsün.
– Səni bir müddət xəstəxanaya qoymaq lazımdır. Başını yarıb, yaxşıcana yoxlamaq. Bizim xəstəxanamızda isə çox xahiş edirəm, liftdən istifadə elə. Bizə əlavə xəstələr lazım deyil. Onsuz da axır vaxtlar işimiz başımızdan aşır.

***

Mənə təsir edən görüşə bilməməyimizdir. Ancaq elə var olmağın kifayətdir ki, Tokio həyatına tab gətirib dözə bilim. Yatağıma uzanıb, səhər oyananda sənin haqda olan düşüncələrim məni məcbur edir ki, özümə bunları deyim: “bəs belə, gəl bu günü insafla başa vuraq”.

***

– İspan dilini öyrənməyə başlamısan?
– Əlavə xarici dilin heç bir ziyanı yoxdur. Ümumiyyətlə, uşaqlıqdan dil öyrənməyə bacarığım var. Fransız dilini də özüm öyrəndim. Onu demək olar ki, mükəmməl bilirəm. Bu oyun kimidir. Birində qaydanı öyrəndinmi, qalanları da eyni şeydir. Qızlarla da belədir.

***

– Bərabər olmayan imkanlar mühiti, digər tərəfdən bu elə bir mühitdir ki, sən də öz bacarığını ortaya qoya bilərsən.
– Bu nəsə çox eqosentrik alındı.

***

Xaçuminin ölümü ilə nəsə yox oldu. Və bu dözülməz hüzn və ağrı verir. Hətta mənim kimi adama da.

***

Bitmiş adamam. Qarşında gördüyün xatirə qalıqlarından başqa bir şey deyil. İçimdə dəyər verdiyim hər şey çoxdan ölüb, mən sadəcə bu xatirələrin izinə düşərək yaşayıram.

***

– Məgər qatarda heç nə satmırdılar?
– Od qiymətinə olan iyrənc sendviçləri deyirsən? Onları aclıqdan gəbərən at da yeməz.

***

O bilirdi ki, Naqasava başqa qızlarla əylənir, amma heç vaxt bu barədə ona bir kəlmə də narazılıq etmirdi. O Naqasavanı həqiqətən sevirdi, ancaq bununla yanaşı özünü ona sırımırdı.
– O mənim üçün çox yaxşıdır, -Naqasavanın özü belə deyirdi.
Mən də fikirləşirdim ki, elədir ki var.

***

Bu cansıxıcı duyğunu nə harasa apara bilirdim, nə də gizlədə. O bədənimi saran külək kimi idi, nə forması var idi, nə çəkisi. Onu heç bədənimdə də saxlaya bilmirdim. Obrazlar gözümün qabağından gəlib keçirdi. Onların dedikləri sözləri isə qulaqlarım eşitmirdi.

***

Miskin adamlar küləyin istiqamətindən asılı olaraq gah hiddətlə çıxış edirdilər, gah da acizanə gizlənirdilər.

***

Dünya indi yunan faciələrindən də vacib problemlərə cəlb olunub. Bu xahiş deyildi, bildiriş idi. Müəllim dedi ki, hal-hazırda dünyada yunan faciələrindan ciddi problem olduğunu hesab etmir.

***

– Qız siqareti daha incə söndürməlidir. Yoxsa belə biədəb görünür. Onu kobud şəkildə söndürmək olmaz, götürürsən və sakitcə ucundan başlayaraq söndürürsən. Belə basmaq lazım deyil. Özüdə heç vaxt burnundan tütü çıxartma. Və bir də normal qızlar oğlanla birlikdə nahar edəndə üç ay dalbadal eyni lifçikdə gəzdiyindən danışmır.
– Sonra nə deyə bilərsən?
– Qızlar “Malboro” çəkmir.
– Nə fərqi var? Nə çəkirsən, çək, eyni zibildir. Bəs sən çəkirsən?
– İyunda atmışam.
– Niyə?
– Zəhləmi tökdü. Gecə vaxtı siqaretin qurtarır, başlayırsan əziyyət çəkməyə və s. buna oxşar hallar. Ona görə də atdım. Nədənsə asılı olmaqdan xoşum gəlmir.

***

Arxadan budlarının necə ensiz olduğu bilinirdi. Sanki onlar boy uzananda enlənmə mərhələsini buraxmışdılar.

***

Mistika, macəra və məişət romanlarından başqa heç nə satılmır ki. Və bir neçə faydalı məsləhətlər seriyasından olan kitablar: “Şaşki oynamaq qaydası”, “Bonsai”, “Toy mərasimlərinin təşkili”, “Seks haqda nəyi bilmək lazımdır”, “Siqaret çəkməyi necə tərgitməli” və s. və i.

***

Həm də “Valideynlərin məşğuliyyəti” sütununda yazılmışdı: “Kitab mağazası idarəçiliyi”. Sinifdə buna görə hamı mənə həsəd aparırdı. Guya ürəyim nə qədər istəyir, hansı kitabları istəyir oxuya bilərdim.

***

“Rektorun yalançı seçkilərini yox etmək”, “Bütün qüvvələri yeni ümumuniversitet tələbə tətilində cəmləşdirmək”, “Yapon imperiyasının “istehsalla elm birliyi” kursunu geri döndərmək”

***

Xörəyini tək yeməsən həzm prosesində bir problem olmaz ki?

***

– Tək olmaq xoşuna gəlir? Səyahətə tək çıxırsan, xörəyi tək yeyirsən, mühazirələrdə tək oturursan.
– Tək olmağı heç kim sevmir. Ancaq zorla da heç kimi özümlə danışmağa məcbur etmirəm. Bundan yalnız məyusluq doğur.

***

– Yəqin, ona görə ki, çox gözlədim. Axı mən mükəmməl olan birini axtarıram. Ona görə çətindir.
– Mükəmməl məhəbbət?
– Yox, baxmayaraq ki, iştahım güclüdür, amma buna heç ümid də etmirəm. İstəyirəm hər şeyi mən istəyən kimi etsin. Məsələn, indi sənə desəm ki, çiyələkli tort istəyirəm, sən hər şeyi atıb qaçıb almalısan. Sonra nəfəsin kəsilə-kəsilə qayıdıb deyirsən: “Bax, Midori, bu da sənin çiyələkli tortun” və mənə uzadırsan. Mən isə cavabında “artıq onu istəmirəm” söyləyib, pəncərədən aşağı vızıldadıram. Bax istədiyim budur.

***

Yəqin, “gözəllik nədir”, “necə xoşbəxt olmaq olar” kimi suallar mənim üçün çox darıxdırıcı və çətindir deyə, başqa meyarların təsiri altında düşürəm. Məsələn, ədalət, düzlük, universallıq kimi meyarlara.

***

Kiməsə məktub yazmaq necə yaxşıdır. Stol arxasına keçib, karandaş götürüb öz fikirlərini kiməsə çatdırmaq istəyəndə yazmaq – bu, doğrudan əla şeydir.
Əlbəttə, hər şeyi kağızda yazıb qurtarandan sonra demək istədiklərinin yalnız bir hissəsini ifadə etdiyini görürsən və məncə bunun özüdə yaxşı şeydir. İndi elə bircə kiməsə yazmaq istəyimin yaranmasından dolayı xoşbəxtəm.

***

Tennis və basketbolla məşğul oluram. Baksetbol komandasını növbə ilə müalicə alan xəstələrdən (“xəstə” sözünü sevmirəm, ancaq neyləmək olar) və tibbi heyətdən yığırlar. Ancaq oyun vaxtı elə aludə oluruq ki, xəstələrlə həkimləri bir-birindən ayırmaq çətin olur.

***

– Birinci, kömək etməyi istəmək lazımdır. Və başa düşməlisən ki, sənin özünə də başqasının köməyi lazımdır. İkinci, səmimi olmaq lazımdır. Yalan danışmaq, uydurmaq, deməyə utandığın şeyləri ört-basdır etmək olmaz.

***

– O heç vaxt yalan danışmır və tərki-dünyadır.
– Maraqlıdır, o boyda qadınla yatıb – və tərki-dünyadır? – Naoko gülərək dedi. – Neçəsi ilə dedin yatıb?
– Yəqin ki, səksən olacaq. Onun vəziyyətində nə qədər çox qadınla yatırsa, ayrıca əldə edilmiş aktın mənası bir o qədər sürətlə aşağı düşür. Onun istədiyi də elə budur.
– Tərki-dünyalıq budur?
– Onun üçün budur.

***

Bizim münasibətimizlə kişi ilə qadının adi münasibəti arasında çox böyük fərq var idi. Sanki onunla hardasa bitişmişdik, münasibətimiz bax belə idi. Nə qədər uzağa gedirsən get, fəqri yoxdur, maqnit kimi səni dala çəkirdi və sən yenə öz əvvəlki yerini tuturdun. Kidzuki ilə əlaqəmiz çox təbii başlamışdı. Heç nəyi götür-qoy eləməyə ehtiyac qalmamışdı və heç seçimimiz də yox idi.

***

Bu adam yalandan qorxuram deyəcək qədər həyasızdır, bir vaxtlar qorxmadan yalan danışdığı kimi.

***

– Ən çox səhərləri sevirəm. Sanki hər şey yenidən başlayır. Ona görə nahar vaxtı kədərli oluram. Ən az isə gecələri xoşlayıram. Hər günüm bu cür hisslərlə keçir.
– Elə bu cür hisslərlə də mənim kimi qocalırsınız. “Bax, səhər açıldı, budur gecə də düşdü” deyə fikirləşəndə heç başınızı qaşımağa vaxtınız da olmayacaq.
– Sizə baxanda adama elə gəlir ki, qocalmağınıza görə sevinirsiniz.

***

– Bəzi hissləri içində saxlamasan yaxşıdır, həm sənə aiddir, həm mənə. Ona görə əgər ürəyini boşaltmaq istəsən, mənə boşalt. Onda bir-birimizi daha yaxşı başa düşərik.
– Məni başa düşəndə nə olacaq ki?
– İş onda deyil ki, nəsə olacaq. Dünyada elə insanlar var ki, qatarların hərəkət cədvəlini əzbərləməkdən xoşları gəlir, bütün günü yola düşmə və varid olma cədvəlinə baxırlar. Elələri də var ki, kibrit çöpündən bir-neçə metr uzunluğu olan gəmi modelləri düzəldir. Bu dünyada kiminsə səni belə başa düşməyə çalışmağında nə var ki?
– Deməli, hobbi kimi?
– Əgər hobbidirsə, hobbi deyə bilərsən. Adətən insanlar bunu “sevgi” ya da “simpatiya” adlandırır. Yox əgər sən buna “hobbi” demək istəyirsənsə, qoy hobbi də olsun.

***

Ən azından, üçüncü növ alışqandansa, ikinci növ kibrit olmaq daha çox xoşuma gəlir.

***

Yaxşı qabiliyyətləri olan insan onları bir araya gətirmək üçün kifayət qədər qüvvə sərf etmirsə, bütün bu qabiliyyətləri məhv olub gedir.

***

Hesabı vermək istəyirdim, amma Midori əlimi itələdi, pul qabından şax bir onluq çıxardı və hesabı ödədi.
– Hər şey qaydasındadır, maaşım üstümdədir, həm də axı səni mən dəvət eləmişdim. Yox əgər, qəti faşistsənsə və istəmirsənsə qadın səni qonaq etsin, onda bu başqa məsələ.

***

– Bura bax, bilirsən indi nə istəyirsəm? – sağollaşmamışdan qabaq məndən soruşdu.
– Heç bir fikrim yoxdur, – cavab verdim.
– İstəyirəm bizi dəniz quldurları tutsun və lüt soyundursunlar. Sonra üz-üzə bərk bağlasınlar.
– Bu nəyə lazımdır?
– Tutaq ki, əxlaqsız dəniz quldurlarına rast gəlmişik.
– Məncə sənin özün elə əxlaqsızsan.

***

Elə zəhlətökən mübahisələr idi ki! Hamı özünü elə göstərir ki, guya bu dünyada hər şeyi başa düşür və hamısı çətin sözlərlə danışır. Heç nə başa düşmürdüm və hər dəfə sual verirdim: “İmprealist istismarı nə deməkdir? Bu şərqi-hind kompaniyaları ilə necə əlaqəlidir?” və ya “İstehsal-təhsil ittifaqının dağıdılması o deməkdir ki, universiteti bitirəndən sonra, kompaniyada işə düzəlmək olmayacaq?”. Ancaq heç kim başa salmırdı. Əvəzində hiddətlənir və elə mənim özümü də danlayırdılar.

***

Şənbə günü Sindzükinin qaranlıq küçələrində üç saat veyllənib, ehtiras, alkoqol ve enerjinin naməlum şəkildə törəmiş qarışığını xərcləyərək bu dünyaya tamaşa edib, öz ehtirasımın lüzumsuz, rəzil və miskin olduğunu hiss etdim.

***

Axır dörd ay sənin haqda çox düşünürəm. Çox düşündükcə də, ağlıma səninlə insafsızcasına davranıb-davranmadığım gəlir. Fikirləşirəm ki, gərək sənə qarşı daha dürüst olardım və daha ədalətli hərəkət edərdim.
Bilmirəm, bəlkə belə fikir yürütmək düz deyil. Axı yaşıdlarım əsasən “ədalət” kəlməsini işlətmir. Adi bir qızı nəyinsə ədalətli olub-olmaması az maraqlandırır. Adi bir qız ədalətdən çox, “gözəllik nədir” və ya “necə xoşbəxt olmaq” kimi məsələlərlə məşğuldur.

***

Qalan vaxt kitab oxuyur, musiqiyə qular asır, toxuma ilə məşğul oluruq. Burda televizor və radio yoxdur, əvəzində yaxşı kitabxana və fonoteka var.

***

Deyərdim ki, o vaxtkı cəsarətli gözəllik idi. Yeniyetmə qıza məxsus və bir də geri dönməyəcək yüngül yerişlə öz-özünə addımlayırdı.

***

Biz indi səninlə elə şeydən danışdıq ki, bu haqda yalnız qeyri-mükəmməl vücudlarımız danışa bilərdi. Bir-birimizlə yalnız nöqsanlarımızı paylaşdıq.

***

– Vatanabe, bax sən, ingilis dilində felin lazım şəklinin indiki və keçmiş zaman forması necə yaranır, bunu izah edə bilərsən? – birdən Midori soruşdu.
– Yəqin ki, bilərəm, – mən dedim.
– Onda de görüm, gündəlik həyatda belə şeylərin nə faydası?
– Gündəlik həyatda belə şeylərin faydası yoxdur. Ancaq hesab edirəm ki, belə şeylər konkret fayda gətirməsə də, başqa şeylərin nizamlı şəkildə qavranılması üçün məşqdir.
O ciddi sifət alıb bir qədər fikrə getdi, sonra dedi:
– Afərin sənə! Heç bu haqda fikirləşməmişdim. Sadəcə bütünü bu felin lazım şəkli, differensial və Mendeleyev cədvəlində bir xeyir görmürdüm. Ona görə belə mənasız şeyləri görməməzdən gəlirdim. Deməli, düz yaşamamışam?
– Necə görməzdən gəlirdin?
– Belə, hesab edirdim ki, onlar yoxdur. Hətta sinus və kosinusları da bilmirəm.
– Onda necə belə məharətlə məktəbi bitirib universitetə daxil olmusan?, – təəccüblə dedim.
– Sən lap axmaqsan ki Vatanabe. Sadəcə başa düşmək lazımdır, universitet imtahanlarını isə heç nə bilmədən də vermək olar. Hər şeyi altıncı hissimlə duyuram. Yalnız üç variantdan doğru olanı seçin yazanda tapıram.

***

İnqilab oldu olmadı, sadə insanlara hər hansı bir xarabada mövcudluğunu davam etdirməkdən başqa heç nə qalmır. İnqilab nədir ki? Ən yaxşı halda idarə adları dəyişiləcək.

***

Gözlərinə baxanda bu insanın indicə öləcəyini görmək olardı. Bədənində heç bir həyat enerjisi qalmamışdı. Onda qalan yeganə şey ötüb keçmiş həyatın zəif, anlaşılmaz izi idi. Bir də ancaq bütün mebeli daşınmış və sökülməyini gözləyən köhnə ev belə təəssürat yarada bilərdi.

***

– Bax, qoltuqağacı olan o kişi baldırlarıma tamaşa edir! Bax, o da, eynəkli, göy pijamada olan da,- məmnun halda dedi.
– Bəs nə etsinlər? Belə ətəkdə olanda hamı baxacaq.
– Yaxşı görək. Onsuzda hamı burda darıxır. Hərdən gənc qızın ayaqlarına baxmaqda fayda var. Bəlkə həyəcanlanıb daha tez sağalarlar?
– Əksi olmasa yaxşıdır.

***

Uydurma olmadığına sübut hər şeyi xırdalığına kimi xatırlamağım idi. Ancaq həqiqətən baş verməsi üçün də çox gözəl idi.

***

Metronun ən qızğın vaxtını xatırladan, adamlarla dolub-daşan “Kinokuniya” mağazasına getdim və Folknerin “Avqust işığı”ını aldım.
Altının yarısı kitabı bağlayıb kafedən çıxdım və sadə bir şam yeməyi etdim. Burda fikirləşdim ki, görəsən məni daha neçə belə onlarla, yüzlərlə bazar günləri gözləyir?
“Sakit, dinc, tənha bazar”, ucadan söylədim.

***

– Yeri gəlmişkən, bu günlərdə imtahan nəticələrini elan etdilər. Keçdim, – Naqasava dedi.
– MİD imtahanını deyirsən?
– Rəsmi şəkildə “diplomatik xidmətə dövlət qulluqçularının seçilməsi üçün birinci dərəcəli imtahan” adlanır, axmaqlıqdır hə?

***

– Vatanabe ilə nədəsə oxşayırıq, – Naqasava dedi. – Vatanabe də özündən başqa heç nəyə həqiqi maraq göstərmir. Əlbəttə, aramızda fərq də var: xudbin və ya alturist. Öz fikirlərindən, öz hisslərindən, öz hərəkətlərindən başqa heç nəyə marağı yoxdur. Ona görə özünü başqalarından ayrı dərk edə bilir. Elə bu cəhətinə görə Vatanabe xoşuma gəlir. Amma bu oğlan hələ bunu aydın başa düşməyib deyə ora-bura sürüklənir və əzab çəkir.
– Guya kim sürüklənib əzab çəkmir? – Xasumi dedi. – Sən özün sürüklənib əzab çəkmirsən?
– Təbii mən də sürüklənib əzab çəkirəm. Ancaq mən buna sınaq kimi baxıram. Əgər siçanı da cərəyana qoşsan, o da əzabın az olduğu yolla getməyi öyrənəcək.
– Axı siçanlar sevmir.
– Siçanlar sevmir, – Naqasava təkrar edib mənə baxdı. – Əla! Heyif, bircə musiqi müşayiəti çatışmır.

***

– Başa düşürsən, Vatanabe… Mən elə də ağıllı deyiləm. Sadəlövh və inadkar qadınam. Nə sistemin, nə də kimin günahkar olmasının mənə aidiyyatı yoxdur. Ərə getmək, hər gecə yaxşı insanın qolları arasında yatmaq və ona uşaq doğmaq bəsimdir. Bu qədər. İstədiyim elə budur.
– Onun əldə etmək istədiyi isə tamam başqa şeydir.
– Axı insanlar dəyişir, elə deyil? – Xasumi soruşdu.
– Yəni, cəmiyyət içinə çıxıb çətinliklərlə qarşılaşır, əzab çəkir və böyüyür. O mənada?
– Bəs necə. Bəlkə məndən uzaqda olanda mənə qarşı hissləri dəyişə bildi?
– Belə şeyi yalnız adi adam haqda demək olar. Axı o tamam ayrı cür adamdır. Elə güclü etiqadı var ki, heç təsəvvür edə bilməzsən. Özüdə etiqadı günbəgün artır. Tənbeh ediləndə güclü olmağa çalışır. Sən axı belə adamdan nə gözləyə bilərsən?
– Yenə də, Vatanabe, gözləməkdən başqa çarəm yoxdur.
– Naqasavanı bu qədər sevirsən?
– Sevirəm, – tərəddüd etmədən cavab verdi.
– Ehh, – ah çəkdimş Sonra pivəni içib qurtardım. – Çəkinmədən sevdiyini söyləmək əla şeydir.

Tərcümə: Lamiyə Göycəyeva

4.1 (82.07%) 29 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook