Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Con Verdon “Fikrində bir ədəd tut”

 

Annotasiya

Fikrində bir ədəd tut” (ingiliscə “Think of a Number“) – amerikalı yazıçı Con Verdonun 2010-cu ildə işıq üzü görən debüt romanı, detektiv Devid Qörni seriyasının birinci kitabıdır.

Nyu-York Polis Departamentinin əməkdaşı Devid Qörni təqaüdə çıxıb və həyat yoldaşı ilə şəhər kənarına köçüb. Devidin tələbəlik yoldaşı Mark Melleri bir gün ona müraciət edir. Mark Melleri anonim təhdid məktubu alır. Məktub müəllifi Markdan ürəyində bir üçrəqəmli ədəd tutmağı, sonra zərfin içindəki ikinci zərfə baxmağı tələb edir. Mark ikinci zərfin içindəki məktubda fikrində tutduğu üçrəqəmli ədədi görəndə dəhşətə gəlir, təlaşa düşərək detektivə müraciət edir.

Bu hadisədən sonra ard-arda müəmmalı qətllər baş verir. Bəs qocaman detektiv qurbanlarını aradan götürməzdən əvvəl onları bu cür məktublarla dəhşətə gətirməyi sevən silsilə qətllər ustasını tapa biləcəkmi?

Karandaşın izi ilə

Madlen hər fürsətdə ərini kahasından, evdən, işdən, nəhayət, özündən çıxarıb harasa aparmağa çalışırdı.

***

Büdrəməyini piruet kimi göstərməyə çalışır.

***

Təcrübəsi ona deyirdi ki, bir adam öz qərarını iki səbəblə izah edirsə, deməli, üçüncü, gerçək səbəbi var və onu demək istəmir.

***

Pion şanlı tarixə iddia edən xırda şəhərcik idi və iddiaları gerçək mənzərələrini iki dəfə üstələyirdi.

***

İttiham inkarçılıq divarını dağıtmır, əksinə, onu daha da gücləndirir.

***

Madlen onun iradına məhəl qoymadan həkimi ilə söhbətini davam etdirmişdi – böyüklər uşaqlarından danışırmış kimi.

***

Mən özümlə bağlı həqiqəti üzə çıxarmaq istəyirəmsə, özümü o həqiqəti bildiyimə inandırmaqdan əl çəkməliyəm. Mən yolumun üstündəki daşı götürmək istəyirəmsə, ilk növbədə onun nə olduğunu dərk eləməliyəm…

***

Bilirsiniz o daş nədir? O daş sizin öz nəzərinizdəki obrazınızdır. Sizin öz xəyalınızdakı obrazınız sizin gerçək zatınızı buxovlayır, onu zənginləşməyə qoymur, işıqdan, dostlardan məhrum edir. Xəyalınızdakı, təsəvvürlərinizdəki obrazınız sizin həqiqi simanızı öldürməyə çalışır. Nə qədər ki sağsınız, bu mübarizə gedir.

***

Ən böyük ağrılarımız, iztirablarımızın səbəbi qəbul etmək istəmədiyimiz səhvlərimizdir. Bəs nəyə görə o səhvlərimizi etiraf etmək istəmirik? Çünki onlar bizim gerçək təbiətimizə heç cür uyğun gəlməyən səhvlərdir. Biz bədəndə iki fərqli adama çevrilirik. Bir-birinə nifrət edən iki adama. Yalançıya və yalana nifrət edənə. Oğruya və oğurluğa nifrət edənə. Bu iki adamın təhtəlşüurda davası qədər ağrılı bir şey yoxdur. Biz ondan qaçmağa çalışırıq, amma o da bizimlə bir yerdə qaçır. Hara qaçırıqsa, o davanı da özümüzlə ora aparırıq.

***

Biz hamımız belə düşünməyə meyilliyik: mənim problemim düşdüyüm vəziyyətlə bağlıdır, sənin problemin isə öz fərdi keyfiyyətlərin ilə.

***

Qəribədir xatirələr. Adamın içində elə səssiz uyuyar ki, deyərsən, heç yoxdur. Amma bir qoxudan, rəngdən, səsdən elə oyanar ki… Bir hənirtidən perikən qırqovul kimi…

***

Bu həyatda iki şeyin mövcudluğu dəqiqdir: ölüm, bir də şübhə.

***

Qörni kişiləri tualetdə özlərini aparmalarına görə iki kateqoriyaya bölürdü: özünü soyunub-geyinmə otağındaymış kimi sərbəst, təklifsiz aparanlar; özünü liftdəymiş kimi utancaq aparanlar, narahat hiss edənlər.

***

– Meyliniz nə çəkir? Qəhvə, ya çay?
– Qəhvə.
– Mənim də. Bu çay mənə heç çatmır. İstevənsiniz, yoxsa pişiksevən?
– Yəqin ki, itsevən.
– İtsevənlər qəhvəyə üstünlük verirlər. Pişiksevənlər isə çaya. Fikir vermisiniz?

***

Köpəkbalığı ilə dolu sularda üzgüç yoxa çıxırsa, gedib sörfinqçidən yapışmağın mənası yoxdur.

***

Qörni noyabrı heç sevmirdi. Noyabr onun üçün işıqsız, günəşsiz, payızla qış arasında boz, tutqun bir ay idi.

***

Madlen artıq yerinə girib balışına dirsəklənərək Tolstoyun “Hərb və sülh” romanını oxuyurdu. Qörni onun mütaliə üslubundan heç baş açmırdı. 3 ildi ki, Henri Devid Toronun “Uolden, yaxud meşədə həyat” kitabı ilə “Hərb və sülh” romanı arasında qalmışdı. Gah ona keçirdi, gah buna.

***

Yorğun vaxtlarında bütün həyatını böyük bir fəlakət, uğursuzluq kimi görürdü. Ona elə gəlirdi ki, peşəsi ilə bağlı uğurları nə qədər böyükdürsə, şəxsi həyatındakı fəlakət o qədər ağırdır. Bilirdi ki, bunlar keçici haldır, lakin yenə də onun təsirindən çıxa bilmirdi.

***

Qadın gülümsədi, lakin heç nə demədi. Devidə elə gəlirdi ki, Madlen onun ruhunu da bədəni kimi aydın görür. Bu dəyərləndirilməsi onun özünə də qəribə görünürdü, çünki Devid ruha inanmırdı və həmin sözü başqa bir yerdə heç vaxt işlətmirdi.

***

Həmin həkim bir dəfə Devidə həyatın mənasını belə izah etmişdi:
– Həyatın mənası insanların bir-birinə mümkün qədər yaxın olmasıdır.
Bu dəyərləndirmə Devidə “Yük maşını yük daşımaqdan ötrüdür” kimi bəsit və mənasız görünmüşdü. Başqa bir seansda həmin psixoterapevt həmin tonla, mənalı-mənalı demişdi:
– Təcrid edilmiş həyat məhv olmuş həyatdır.

***

Belə çıxır ki, biz tanış şeyləri onları həmişə gördüyümüz kimi, keçmişdə gördüyümüz kimi qavrayırıq. Bəlkə də keçmişdə ilişib qalmağımız nostalgiyanın, keçmişin həsrətini çəkməyimizin deyil, qavradığımız məlumatların beynimizdə qısa, kəsə yollarla emal olunmağının nəticəsidir?

***

Adamı öldürən silah deyil, adamdır. Bu həqiqətlə razılaşmamaq mümkün deyil. İnsanı öldürən insandır.

***

Bir flügel küləyin qarşısını nə qədər alırsa, ədliyyə sistemi də cinayətkarlığın qarşısını o qədər alır.

***

Madlen şəxsi münasibətindən çıxış etməyi xoşlamırdı. O, sadəcə, düzgün bildiyini edirdi. Təbiətcə çılğın, spontan olan Madlenin bu cür prinsipiallığı Devidi də çox təəccübləndirirdi. Madleni Madlen edən bu prinsipləri idi. Elə ona görə də Devid onu alaqaranlıq ömrünün mayakı sayırdı.

***

Devid maşından düşüb Madleni bərk-bərk qucaqladı. Həyatı bağrına basırmış kimi.

Tərcümə: Anar Mahmudov

 

4.8 (96%) 5 votes

Hal-hazırda şərh yazmaq mümkün deyil.

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram