Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Truman Kapote “Qəbul edilən dualar”

truman-kapote-qebul-edilmis-dualar-capote-answered-prayers-kkoAnnotasiya

“Qəbul edilən dualar” (ingiliscə “Answered Prayers”) – Truman Kapotenin son və yarımçıq romanıdır. Yazıçı əsərində dövrünün zənginləri və məşhurları barədə Prusvari etiraf edir. Erotik zövqün bütün növlərini dadan yetim bir yazıçının karyerasından bəhs edən bu roman həmçinin bizə T.Kapotenin acımasız müşahidəsini və təhlükəli zəkasını nümayiş etdirir.

Karandaşın izi ilə

Qəbul edilməyən dualardan daha çox qəbul edilən dualara görə göz yaşı axıdılıb. (Müqəddəs Tereza)

***

Ötən gün məktəb uşaqlarının inşalarının yer aldığı jurnalda bir yazıya rast gəldim: “Əgər bir şey edə bilsəydim, planetimizin, Dünyanın mərkəzinə gedər, uran, yaqut, qızıl axtarardım. Pozulmamış bədheybətləri tapardım. Sonra vətənimə geri dönərdim.
Flori Rotondo, 8 yaş”
Əzizim Flori, sən bilməsən də, sənin nə demək istədiyini mən yaxşı bilirəm; səkkiz yaşında bunu necə bilə bilərsən ki?
Planetimizin mərkəzinə getmişəm; bu səyahətin səbəb ola biləcəyi istənilən fövqəladə cəfanı çəkmişəm. Uran, yaqut, qızıl axtarmışam və yolda olarkən, bu axtarış zamanı başqa şeylər də görmüşəm. Qulaq as Flori, mən Pozulmamış Bədheybətləri görmüşəm! Pozulmuşlarını da. Ancaq pozulmamış növlərinə nadir rast gəlinir: qara yerdombalan göbələyi ilə müqayisədə ağ yerdombalan göbələyi, bağçalarda yetişdirilən qulançarla müqayisədə yabanı qulançar kimi. Etmədiyim bir şey oldusa da, o da vətənimə geri dönmək oldu.

***

Bəlkə otağı dəyişdirim? Yuxarı çıxarım? Ya da lazım deyil. Mən qorxağam. Ancaq özümü aşağı atacaq qədər qorxaq deyiləm.

***

– Neçə yaşınız var?
– Avqustda iyirmi bir olacaq.
– Və özünüzü dahi hesab edirsiniz, eləmi?
– Bilmirəm, – yalan dedim, dahi olduğumdan əmin idim, – Bunun üçün bura gəlmişəm. Sizin rəyinizi öyrənmək istəyirəm.
– Bunu deyə bilərəm: iddialısınız. Bəlkə bu ötəri bir həvəsdir? Haralısınız, yəhudisiniz?

***

Kiməsə edə biləcəyin ən böyük pislik həmin adamın istedadsız olduğu halda, onu bunun əksinə inandırmaqdır.

***

Əgər bu riskə girmək istəyirsənsə, həyatını məhv etmə, imkanını dəyərləndir. Sənə kömək edərəm. Amma məsləhət deyil.

***

Beaton:
– Qocalığın ən kədərli həqiqətlərindən biri “ədəb yerimin” kiçildiyini görməkdir.
Kədərli sükutdan sonra Qarbo:
– Kaş mən də eyni şeyləri söyləyə biləydim.

***

Adətən yaradıcı qadınlar gözəl olmur.

***

Boyu bir neçə santimetr uzanarsa, çörək pulundan olacağını bilən sirk cırtdanları kimi xanım Lenqmen də bilirdi ki, adi oxucu onu oxuyub bəyənsə, nüfuzunu itirəcək.

***

On iki dənə yaxşı çəngəl yerinə, iki dənə həqiqətən yaxşı çəngəlim olsun, bəsimdir. Ona görə bu otaqlarda belə az əşya var. Hər şeyin ən yaxşısı ilə yaşaya bilirəm, buna da pulum çatmaz. Əşyaları üst-üstə qalaqlamaq təbiətimə ziddir. Mənə dənizin çox sakit olduğu bir qış günündə bomboş qumsal verin.

***

Ölçü hissi olmadığı halda, bir qadının necə yumor hissi ola bilər?

***

İlk düşüncəniz ondan əldə edəcəyiniz yarardırsa, bunu sevgi adlandırmaq nə qədər doğrudur? Çıxarlarınızın təmin olunma həvəsi və bunun səbəb olduğu vicdan əzabı başqa hisslərin inkişafını dayandırmazmı? Ən pak cütlüyü əmələ gətirən insanların belə ilk olaraq bir-birindən istifadə etmə – seks, sığınacaq, eqonun təmin edilməsi – düşüncəsinin cazibəsinə qapılmasını demək olar, amma bu yenə də elə də əhəmiyyətli deyil. Bununla başqa bir insandan həqiqətən istifadə etmə arasındakı fərq, yeyilə bilən göbələklə öldürücü göbələk arasındakı fərq kimidir: bunlar Pozulmamış Bədheybətlərdir.

***

İnsanı uyuşduran, mədəsini bulandıran və günortadan əvvəl martini içmək istəməsinə səbəb olan o rəddedici boz boşluq.

***

Belə bir Texas atalar sözü var: Qadınlar zəngli ilan kimidir, ən sonda quyruqları ölür.

***

Şərait dəyişdimi, alçaltmağın daha zövqlü növlərini ancaq alçaldan bir adam bilir.

***

Xatirələr dəqiq və mavidir. Maşın pəncərəsini silən şotkaların arasından ortalığa çıxan səhnələr kimi.

***

Bir yerdən nifrət etməyə başladınmı, fərqli şeylər hiss etdiyin anları xatırlamaq çətin olur.

***

Ayaq basdığın yerə diqqət et; kəsilmiş başları ayaqlama.

***

Qələbəlikdə qazanan olmur.

***

Aid olduğun yerdə olmaq çox gözəldir.

***

– İndi isə mənə həyatdan nə gözlədiyinizi deyin. Şöhrət və sərvətdən başqa. Onlar onsuz da məlumdur.
– Nə gözlədiyimi bilmirəm. Nə istədiyimi bilirəm. Bu da yetkin insan olmaqdır.
– Amma bu, heç birimizin heç vaxt ola bilməyəcəyi bir şeydir. Yoxsa yetkin insan dedikdə, çuvala qonmuş ruhla, müdriklik külünü nəzərdə tuturdunuz? Hər cür şıltaqlıqdan – pislikdən, inaddan və günahdan – məhrum biri olmaqdır? Mümkün deyil. Volter, Volter belə içində uşaqla, qısqanc, hirsli, daim barmaqlarını iyləyən pis bir uşaqla yaşayırdı. Volter o uşağı məzarınadək daşıdı, hamımız elə edəcəyik.

***

Dəyişməz və qüsursuz olmaq həqiqətən yetkin olmaq, bir obyekt olmaqdır; bir məbəd, rəngli şüşələrdən hazırlanmış pəncərələrin içində bir heykəlcik; tapılacaq bir şey. Ancaq insan kimi öskürmək və hiss etmək daha yaxşı şeydir.

***

İnsan iki halda möcüzəyə laqeyd ola bilmir: heç bir şeyi olmayanda və hər şeyi olanda; bunların ikisi də uçurumun dibidir.

***

Həm həyatda, həm sənətdə bir şeyin doğru olması, onun inandırıcı olması demək deyil.

***

Pornoqrafiyanın məqsədi masturbasiyaya təhrik etməkdən başqa nədir ki? At yetişdirmə fermalarında deyildiyi kimi, masturbasiya “qızışmış” kişilər üçün daha məqbul alternativdir.

***

Hər bir yazıçının bəzi hiylələri var və tənqidçilər gec-tez bu hiylələri tapır. Bunda bir şey yoxdur; kim olduğunu bildirdiyin müddət ərzində səni sevərlər. Mənim səhvim köhnə hiylələrimdən bezib yenilərini öyrənmək oldu. Tənqidçilərin bundan xoşu gəlmir; yazıçının hərtərəfli olmağını bəyənmirlər, inkişaf etdiyini və dəyişdiyini görmək istəmirlər.

***

Dürüst və peşəkar agent tapmaq hörmətli naşir tapmaqdan daha çətindir.

***

– Ona nə ad verəcəksən?
– İt.
– Sizi mən tapışdırmışam, heç olmasa ona Eysis adı ver.
– İt. Onun kimi. Sənin kimi. Mənim kimi.

***

Bir çox sirr əsla söylənməməlidir. Xüsusilə bu haqda danışandan çox, qulaq asanın başına dərt açan sirlər.

***

Qara qoyun ola bilərəm, amma dırnaqlarım qızıldandır.

***

– Gözlərimə bax və de görüm, həyatda səni ən çox xoşbəxt edən şey nədir?
– Yuxu.
– Deməli, yuxu. Ömrüm boyu eşitdiyim ən kədərli şey budur. Yata biləcəyin minlərcə ilin olacaq. İndi sənə məni ən xoşbəxt edən şeyi söyləyim. Ovçuluq etmək. Öldürmək. Cəngəllikdə aslan, fil, şir öldürmək. Onda rahatlayıram. Xoşbəxt oluram. Buna nə deyirsən?
– Bu da mənim ömrüm boyu eşitdiyim ən kədərli şey. Öldürmək, yox etmək, xoşbəxtliyi tapmaq üçün bunlar mənə çox kədərli gəlir.
– Bəli. Yunanlar vicdansızdır. Zəngin yunanlar. Onların insanlarla oxşarlığı çaqqallarla itlərin oxşarlığı kimidir. Çaqqallar itlərə oxşayır, amma təbii ki, it deyillər.

***

Psixoloqların niyə yüksək əmək haqqı aldıqlarını çox yaxşı başa düşürəm, çünki başqalarının yuxularını dinləməkdən daha darıxdırıcı bir şey ola bilərmi?

***

– Niyə mənim yanıma gəlmədin?
– Çünki sən varlısan. Yoxsullardan borc almaq daha asandır.

***

– O hekayəni bilirsən?
– Yox. Amma hiss edirəm ki, bir hekayə olmalıdır.

***

Bir zamanlar avara olmusansa, həmişə avara olaraq qalacaqsan.

***

Dənizin dibindən səthinə sürətlə və təhlükəsiz şəkildə çıxmaq istəyirsənsə, onda bir köpəkbalığı seç və remora balığı kimi ona yapış.

***

Başlanğıcda ən məkrli cinayətkarların beynində belə axmaqlıq olur.

***

Zənginləri, həqiqətən zəngin olanları başqa insanlardan fərqləndirən ən az bir cəhət var. Onların tərəvəzdən başı çıxır. Başqa insanlar… əşi hamının qızarmış ətdən, yaxşı bifşteksdən, lobsterdən başı çıxır. Amma çox varlıların evində həmişə ən yaxşı tərəvəzlərin yeyildiyinə fikir vermisənmi? Ən yaşıl lobyalar, ən kiçik köklər, kiçik dənəli qarğıdalılar, siçan gözündən balaca paxlalar və tər qulançarlar! Əhəng daşı kahısı! Çiy qırmızı göbələklər! Zukkini!

***

– Bir qadın belə bir şeyə necə dözə bilər? Mən olsam, boşanardım.
– Sən təbii ki, boşanardın. Amma səndə Ceyndə olmayan iki şey var.
– Nə?
– Birincisi pul, ikincisi şəxsiyyət.

***

Conesi, qulaq as, indicə bunu öyrəndim: Həmişə ortalıqda keçmiş ərini qamarlayacaq qadınlar olacaq. Həmişə.

***

Dünya zövqünə düşkün qadınlara şəfqətlə davrananlar yalnız “mavi”lərdir. Onları çox sevirəm, həmişə də sevmişəm, amma gün boyu bir “mavi”nin dostu olmağa hazır deyiləm, ondansa lesbian olaram.

Tərcümə: Lamiyə Göycəyeva

5 (100%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook