Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Nermin Bezmen “Qurd Seyid və Şura”

nermin-bezmen-kurt-seyt-ve-sura-kkoAnnotasiya

“Qurd Seyid və Şura” (türkcə “Kurt Seyt və Şura) – Nermin Bezmenin türk ədəbiyyatının klassikləri arasında yerini alan romanlarından biri olan bu əsər Rusiyanın çarlıq dövrünün dəbdəbəli həyatından bolşevik inqilabı ilə İstanbula sürgün edilən həyatlardan bəhs edir.

Böyük bir eşqin, müharibənin, inqilabın, həsrət və kədərin hekayəsi ilə oxucunu əvvəldən sona kimi özünəməxsus bir dad, maraq və həyəcanla sürükləyən, uzun sürən səbirli araşdırmaların axtarıldığı “Qurd Seyid və Şura” romanının süjeti real hadisələrə əsaslanır, yazıçının babası Seyid Eminovun keşməkeşli taleyindən danışır.

Karandaşın izi ilə

Şuraya

Qarlar üzərində bir kirşədə
gedərkən tanıdım səni,
Uçarkən qar dənələri sarı saçlarında
Və zənglər çalarkən
uzaq kilsələrin birində.
Bayram günləri olmalı,
Keşişlər yeriməkdə, ilahilərlə
Və ilk dəfə qarşılaşıram
sevgili Şura, sənin xəyalınla…
Külək fit çalarkən
Və qarlar toz olarkən
atların ayaqlarında
Səni seyr etmək istəyirəm
Babamın söhbətlərində…
Babam illərlə bəhs etmiş
Heç unutmamış…
İki qədəhdən sonra kədərli
itib qədim bir rus mahnısında
Xatirələrlə vüsala çatıb
Xatirələr sürətlə uçar,
Miniblər kirşəyə.
Babam qovalarmış,
əlində bir qədəh araq.
Sonra gözündə axmayan yaşlar,
Tərifsiz bir həsrət
Rusiyaya və sənə…

***

İnsan yalnız qaldığını hiss edən kimi üşüyür.

***

Körpə Seyid o qədər çox ağlıyırmış ki, dualarda adının qarşısında “Qurd” ləqəbi də əlavə edilibmiş. Krımda əsrlərdən gəlmə inanca görə körpələr uzaqdan qurd səsini eşitdikləri üçün qorxudan ağlayırmışlar. Ancaq Qurd ləqəbi verildikdə bu qorxunu yenə bilirlərmiş. Hər nə hikmətdirsə, o gündən sonra Seyidin hıçqırtıları kəsildi, lakin adı Qurd Seyid qaldı.

***

Oğlum, darıxmaq yalnız sevdiklərin olduğu müddətdə ola bilər. Bu da insana xoşbəxtlik gətirməlidir. Yetər ki, sevdiklərin bir daha heç vaxt görməyəcəyin uzaqlıqlarda olmasın. Həsrət onda yaman olur.

***

İçməyə atanla başlasan, kişi kimi içməyi öyrənərsən. Yad biri ilə başlasan, el-obaya rəzil olarsan.

***

– Soruşursan ki, niyə otuz yaşından sonra evlənməlisən? Çünki bir kişi ancaq o yaşa kimi adam olur. Subaylıqdan bezir. İndi bu dediklərimin sənin üçün heç bir mənası olmaya bilər. Ancaq hələlik dediklərimə yaxşıca qulaq asmağa və beyninə yerləşdirməyə çalış. Öyrənməklə anlamaq fərqli şeylərdir. Məndən eşitdiklərini yaxşı öyrənə bilərsən, amma həqiqətən anlamağın üçün onları özün yaşamalısan. Bu da uzun illərini alacaq, oğlum.

***

Bəşər övladının doğumunda, həyatında, ölümündə qaydalar həmişə eynidir. Ancaq hər kəsin zaman cədvəli özünəməxsusdur.

***

– Vaxt keçdikcə başa düşəcəksən ki, insana ən böyük pislik düşüncəsiz qərarlarından gəlir.
– Bəs dostları?
– Sənə pislik edəcək dostlar da sənin seçimin deyilmi?

***

– Yaxşı, biz haqlıyıq, yoxsa yaponlar?
– Oğlum, müharibə varsa, bu o deməkdir ki, səbəb nə olursa olsun, hər iki tərəf özünü haqlı hesab edir. Əsl haqlının kim olduğunu tarix göstərəcək.

***

– Bundan başqa, ona mayor Moyiseyev deyə xitab etməlisən. Bilirsən ki, hərbçilərin rütbələri ilə çağrılmaqdan xoşları gəlir.
– Bir də əsilzadələr.

***

Bizə həmişə elə gəlir ki, nəsə qazanırıq. İşin ən pis tərəfi də budur.

***

Bu yaxınlarda daha bir şeyə fikir vermişdi. Yetkin insanların həyatlarında sevinc və kədərlər çox qısa aralıqlarla və çox dəyişikliklə baş verir.

***

Nəbadə sırf sevdiklərinlə birlikdə olmaq üçün inanmadığın işləri görəsən.

***

Kişi nə qədər böyüyürsə böyüsün atasının ölümünə ağlamağa haqqı çatmalıdır.

***

Sevimli oğlum, həyatda heç bir şeyə sevinmək üçün də tələsmə, üzülmək üçün də, razılaşdıq?

***

– Mişa! Mişa! Bilirsən, artıq Sankt-Peterburq yoxdur, Petroqrad var.
– Sənə bir şey deyimmi, Vladimir? Bu Petroqrad sözünə heç cürə öyrəşə bilmirəm. Sankt-Peterburq adının nəyi pis idi ki?
– Heç nəyi. Sadəcə almanca idi.

***

– Bu ağılsız insanlar bütün sistemi alt-üst edəcəklər, hiss edirsən? Bir neçə il bundan əvvəl idarə edilə biləcək şeylər bu gün artıq əldən çıxmış vəziyyətdədir. Küçədəki insanlar neçə qrupa ayrılıblar. Kim dostdur, kim düşməndir – bilmək olmur. Akademiyadakı tələbələrin arasında belə qruplaşmalar başlayıb. Amma bütün dərdlərin səbəbi idarəsizlikdir. Çarlıq tarazlığını itirib. Müharibə var, insanlar ölür. Ölənlərin yerinə indi də bizlər gedirik. Bəlkə biz də öldük, amma kimin üçün? Çar yoxsa Lenin üçün?
– Öləndən sonra nə fərqi var?
– Fərqi çoxdur. Mən Rusiya üçün ölərkən, İsveçrədə oturan bir adam sonradan gəlib Rusiyanı idarə edəcəksə, çox fərqi var. Əşi, müharibədə ölməsək belə, bunlar bizi onsuz da yaşatmazlar.

***

Ucsuz-bucaqsız rus çölləri, buzlu suların axdığı çaylar, qarlarda itən kirşələr, sevgililərdən bəhs edən nəğmə kədər və gözəlliklərin eşqi ilə dolu idi. Nəğmədəki gözəlliklər bir anlıq ətrafı bürüdü. Kədər isə onsuz da neçə vaxtdır ortadaydı…

***

– Görürsünüz? İnsanlar öz uydurduqlarına inanırlar. Bu uydurulan şeylər onları bədbəxt etsə, hətta həyatlarını qaraltsa belə. Bu daha yaxşı bir gələcəkdən ümidini kəsmiş insanların inanc ehtiyacıdır.

***

Daha çox danışmaqlarına ehtiyac yox idi. Hər ikisi də nə istədiklərini yaxşı bilirdi. Ən gözəl tərəfi isə o idi ki, hər ikisi eyni şeyi istəyirdi.

***

– Sağ ol, Yasəf. Bu yaxşılığını yaşadığım müddətcə unutmayacağam.
– Əla, onda yaşamağına bax.

***

Onsuz da bu münasibət həyatımız boyu davam etmək üçün başlamamışdı ki. Sadəcə biz davamlı olacağına özümüzü inandırmışdıq.

***

Yaşanan bu qədər il yuxu kimi idi. Bəlkə həqiqətən yuxu idi. Pis bir yuxu. Sabaha oyanacaqdı. Bəlkə də xatırladıqları bir yuxuydu. Bəlkə Aluşta adlı şəhər heç olmamışdı. Və Qurd Seyid deyə biri heç yaşamamışdı. Bəs digərləri? O qədər sevdiyi və o qədər itirdiyi insanların hamısı xəyal ola bilməzdi…

***

Onun kədərləri, sevincləri haqda danışıldıqda onlar sadəcə hekayə olacaqdı.

***

Kişi ağlamaz, əsgər ağlamaz, amma Qurd Seyid ağlayırdı…

***

Budur, getmişdi. Həmişəlik getmişdi, hiss edirdi. Onların eşqi kiçik bir yaraya belə dözə bilməyəcək qədər həssas idi. Və bu qarlı noyabr səhəri hər ikisi yaralı idi.

***

Zatən insan fəlakətlərdən sonra gələn təsəlliedici hadisələrə möcüzə demirmi?

***

Həyatın axışı çox nadir hallarda insanın öz əlinə keçir. Və o anlar insan tərəfindən fərq edilmədən keçib gedir. İnsan zəifliyini tale onu məğlub etdikdə görür. Onda da əlindən bir iş gəlmir.

***

Necə qəribədir, hər şey qaydasında olarkən insan Tanrıdan istəmək üçün çox az şey tapır. Ya da axmaq, əslində heç bir mənası olmayan şeylər istəyir. Lakin hər şeyini itirən insanlar üçün dua etmək asandır. Nəyə həsrət olduqlarını, nəyi əldən buraxdıqlarını, Tanrıdan nə istəyəcəklərini həqiqətən bilirlər.

***

Xatirələrini kassanın üzərinə qoyanda içi sızıldayaraq, hər birinə uzun-uzun baxdı. Necə qəribə idi, bunlara sahib olduğu müddətcə sanki keçmişi daha canlı xatırlayırdı.

***

Yeni şərtlər, çətinliklər, tanış olduqları yeni insanlar, hər şeyi günündə yaşayıb keçmək, bir sonrakı günə ayaqda qalmaq cəhdi, qısacası tale… Zatən tale bu deyildirmi? Həyatın insanın arzusu, idarəsi hüdudlarından kənar axışı deyilmi? Təsadüflər taleyin gətirdikləri xəyallara uyğun gəlirdisə, onlara “şans” deyib keçirdilər. Yoxsa, adı sadəcə “tale” olaraq qalırdı…

***

Elə bilirdi ki, xəyanətə xəyanətlə tab gətirə bilər. Amma tam əksi olurdu. Hər şey getdikcə çətinləşirdi. Qəribəsi o idi ki, bir-birilərinə o qədər oxşayırdılar ki, səhvlərdə belə biri digərini təkrarlamağa başlamışdı.

***

– Osman… qum saatında qum olmaq istərdin, yoxsa… rakı şüşəsində rakı?

***

– Sevgi? Bilmirəm… Sevgi sərhədlərinin nə ola biləcəyini çoxdan unutmuşam. Mənim sevdiyim hər kəs, hər şey Seyiddədir. Kislovodsku, qarlı şam ağaclarını, zəng və zınqırov səslərini, hər şeyi Seyiddə görürəm. Bu sevgidən yüksək bir şeydir. Bu nəfəs almaq ehtiyacı kimi bir şeydir, Alayn. Bunu sən başa düşməzsən. O mənim üçün geri dönə bilməyəcəyim ölkəmin yaşayan rəsmidir. İnan ki, onu görməsəm belə eyni şəhərdə, eyni yerlərdə gəzdiyini, nəfəs aldığını bilmək mənə bəsdir. O mənim İstanbuldakı Rusiyamdır.

Tərcümə: Lamiyə Göycəyeva

3.7 (73.33%) 6 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook