Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Xalid Hüseyni “Və dağlardan səda gəldi”

kko_xalid_huseyni_ve_daghlardan_seda_geldiAnnotasiya

“Və dağlardan səda gəldi” (ingiliscə “And the Mountains Echoed”) — Xalid Hüseyninin 2013-cü ildə çapdan çıxmış üçüncü romanıdır.
Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanistanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtləriylə mübarizə aparmaqdadır.

Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeqanə ayaqqabılarından da keçməyə razıdır. Və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər.

Pəri və Abdulla, atalarıyla Kabil çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taleydən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.

 

Karandaşın izi ilə

Günahı keç, savabı keç,
Keçdin, bir yer görəcəksən,
Səninlə orda görüşək.
Cəlaləddin Rumi, XII əsr

***

Cəsarət etmək üçün itirməyə hazır olmalısan. Mənimsə itiriləsi heç nəyim yoxdur.

***

– Sən vəhşisən, qəddarsan. – Baba Əyyub dedi.
– Sən də mənim qədər çox yaşasan, başa düşərsən ki, qəddarlıqdır, xeyirxahlıqdır – bunlar eyni rəngin çalarlarıdır.

***

Bu gün mən axtardığım simanın lətafətini, gözəlliyini və sonsuz zərifliyini gördüm. – Ruminindir.

***

Bu hekayə sürətlə gedən qatar kimidir, yolun hansı hissəsindən qatarın içinə tullanırsan tullan, gec-tez son dayanacağa çatacaqsan. Amma düşünürəm ki, bu hekayəni elə bitdiyi yerdən başlamalıyam.

***

Məncə, həqiqət budur ki, bu həyatda hər birimiz gözləmə vəziyyətindəyik, bütün qəribəliklərə, heç vaxt dəyişməyəcək həqiqətlərə rəğmən hamımız həyatımızda qeyri-adi bir şeyin baş verəcəyini gözləməkdəyik.

***

Adam yaxşı iş görəndə onu sakitcə, ləyaqətlə edər. Camaat arasında çek kitabçasını imzalamaqdan daha böyük yaxşılıqlar var.

***

Adamlar həmişə belə deyir: “Məntiqsiz zorakılıq”. “Məntiqsiz qətl”. Güya qətlin məntiqlisi də olur.

***

Bir eqosu var ki, Polşanın ərazisindən böyük.

***

Jülyen Pəridən riyaziyyatda nə tapdığını soruşmuş, Pəri isə bunun ona rahatlıq verdiyn demişdi.
– Mən olsam, “çətin” sözünü seçədim.
– O da var.
Pəri riyazi həqiqətlərin daimiliyində bir rahatlıq tapdığını demişdi. Bu sahədə özbaşınalığın yolverilməz olması, iddialı olmağın mümkünsüzlüyü onu rahat edirdi. Riyaziyyat elə bir sahə idi ki, burda cavabların dəyişən olduğunu bilir, amma tapıla biləcəyini də anlayırsan. Cavablar ordaydı, sadəcə təbaşirlə yazı taxtasına yazılmağı gözləyirdilər.
– Başqa sözlə, həyatın tam əksi. – Həyatda belədir ki, axtardığın cavab ya ümumiyyətlə olmur, ya da cavablar həddən artıq qarmaqarışıq olur.

***

Yaratmaq – başqalarının həyatına vandal müdaxiləsi etmək deməkdir. Onları öz razılıqları və xəbərləri olmadan iştirakçıya çevirmək deməkdir. Sən onların arzularını, xəyallarını oğurlayırsan, üzlərindəki qırışları, əzablarını mənimsəyirsən. Özünə məxsus olmayan şeyi əldə edirsən. Və bunu bilərəkdən edirsən.

***

Müsyö Bustule, bir dəfə hardansa oxumuşdum ki, insan qar uçqunu altında qalanda hansı tərəfin yuxarı, hansının aşağı olduğunu bilmir. Xilas olmağa çalışdıqca altını qazıyıb bir az da özünü məhv edir. Mənim də hiss etdiyim bu idi. Sanki öz kompasımı itirmişdim. Yolumu tapa bilmirdim.

***

Mənim ailə haqqında öz nəzəriyyəm var. Evlənəndən sonra iki həftə lazımdır, dəqiq bilsin ki, bu izdivac alınacaq, ya yox. Qəribə olan odur ki, bir çox insan evliliyinin ilk iki həftəsində hər şeyi anlamasına baxmayaraq, illərlə özünü yalançı ümidlərlə aldadır.

***

Bu necə bir səfehlik, necə əsassız inancdır. Sənin idarə etmədiyin bir dünyanın itkisinə dözə bilməyəcəyin əzizlərini əlindən almayacağına inanmaq. Dünyanın səni məhv etməyəcəyinə inanmaq.

***

Bu məktəbi sizə hədiyyəm kimi qəbul etməyinizi istəməzdim. Bu, sadəcə binadır, onun əsl dəyəri isə içində olacaq. Onu dəyərli edən sizsiniz.

***

Çıxardığım nəticə budur ki, bir azca diqqət etsən, elə bütün kişilərin az-çox eyni olduğunu görəcəksən. Bəziləri nəzakətli, ağıllı olur. Bəziləri az, ya çox lətafətli olmaqla başımızı aldada bilir. Amma əslində onların hər biri öz qəzəbi içində boğulan balaca bədbəxt oğlanlardır.

***

Anam hesab edirdi ki, insan həyatda nə qədər pis yaşasa da, ləyaqətlə ölməyə haqqı var.

***

Elə bir an gəlir ki, adamı daşqından xilas edən kəndir onu boğmağa başlayır.

***

Yəqin ki, indi bir qədər irəli əyilərək dirsəklərini dizinə qoymuş, göz qırpmadan üyüdüb tökür. Üstündən çox illər keçib və həmin məxfi danışıq tərzi artıq mənə yaxşı tanışdır. Adamlar belə səslə danışanda, adətən, hansısa fəlakətin baş verdiyini deyir, gizlinləri etiraf edirlər. Sanki həmsöhbətlərinə yalvarırlar. Bu, hərbidən ölüm xəbəri gətirən, gecə yarısı qapını döyənlərin, etdiklərini etiraf etməsi üçün müştərilərini dilə tutan hüquqşünasların, gecə saat üçdə xəyanətkar kişilərin maşınlarını saxlamış polislərin eşitdiyi danışıq tərzidir.

***

– Atamı basdıranda ağlamışdın?
– Yox, ağlamamışdım.
– Bəs sən kədərli deyildin?
– Mənim kədərli olub-olmamağımı başqaları niyə görməlidir ki?
– Bəs mən ölsəm ağlayarsan, ana?
– Ümid edək ki, bunu heç vaxt öyrənə bilməyəcəyik.

***

Mən başa düşdüm ki, sənin daxili aləmin dünyanın vecinə deyil. Dünya sənin dərin və sümüyün altında gizlənmiş ümidlərin, arzuların, kədərin və sevincinlə maraqlanmır. Məsələ bu qədər sadə, cəfəng və qəddar idi.

***

Gözəllik böyük, çox vaxt layiqli-layiqsiz – kimə gəldi bəxş edilən bir hədiyyədir.

***

Amma mənim Kabildə öyrəndiklərim arasında bu da var: insan davranışı qarmaqarışıq və gözlənilməzdir, simmetriyaların düzgün olub-olmaması onu narahat etmir.

***

Uşaqlığımı keçirdiyim evə daxil olmaq bir qədər özünü itirmək kimidir. Elə bil çoxdan oxumağa başlayıb, sonra yarımçıq qoyduğum kitabın sonunu oxuyuram.

***

– Səndən bir şey soruşmaq istəyirdim, – anam deyir.
– Nədir o elə?
– Ceyms Parkinson. Corc Hantinqton. Robert Qreyvs. İndi də dostum Lui Gehriq. Necə olur ki, adamlar xəstəlik adlarını da inhisara bilirlər?

***

Sonrakı peşmanlıq kimə lazımdır? Bu, heç nəyi qaytarmır! İtirdiyimiz şeyləri qaytarmaq mümkün deyil!..

***

Amma mən hekayənin onların dilindən nəql olunan versiyasında özümü tanıya bilmirəm.

***

İnsan qocalanda geriyə baxıb, heç vaxt “kaş ona qarşı daha sərt olardım” demir. Heç vaxt belə demir. – Mehriban olmaq elə də çətin iş olmamalıdır.

***

Amma unutmaq deyilən şey yox idi. Abdulla hara getsə, Pəri orda dayanıb baxırdı. Köynəyinə yapışan toz kimi idi. Artıq evə tez-tez çökən sükut kimi idi Pəri. Sükut, sözlərə hamilə qalıb ağızdan çıxa bilməyən, dolub yağa bilməyən yağış kimi evə çökürdü.

***

Bütün həyatı boyu bacısı ilə yanaşı durub güzgüyə baxmaqdan boyun qaçırmışdı. Öz simasını Məsuməninki ilə yanaşı görmək onun bütün ümidlərini öldürürdü. Çünki beləcə, Yaradanın ondan nəyi əsirgədiyini çox aydın görə bilirdi. Camaat arasında isə hər yolda ötənin gözü güzgü idi. Bundan qaçmaq mümkün deyildi.

***

Sürücünün işi əsasən maşın sürmək olsa da, adətən, onun vaxtının böyük hissəsi gözləməklə keçir.

***

Mən artıq uzun bir ömür yaşamışam və bilirəm ki, başqalarını qınayarkən insan həm alçaqlıq, həm də xeyirxahlıqdan bəhrələnir.

***

– Hamı xoşa gəlmək istəyir. Sən olsan istəməzsən?
– Düzdür, amma mən heç kəsin xoşuna gəlmək üçün pul xərcləməzdim.

***

Kabil hər addımda minlərlə insan faciəsi deməkdir.

***

Bura Fransadır, Əfqanıstan deyil. Burda gənclərin həyatı və ölümü valideynlərin razılığı ilə olmur.

***

NV: Atam bu oyunlarımızdan çox tez yorulardı. Soyuq əlləri ilə başımı sığallayıb: “Atan indi getməlidir, maralım, get oyna”,- deyərdi. Məni belə çağırardı. Bu çox xoşuma gələrdi. Böyük bir bağımız vardı, o bağda o tərəf, bu tərəfə qaçaraq: “Mən atamın maralıyam! Mən atamın maralıyam!”-deyərdim. Mənə qoyduğu adın nə qədər məşum olduğunu çox sonralar anladım.
EB: Necə yəni?
NV: Atam maral ovuna gedirdi, müsyö Bustule.

***

EB: Həm həyatınız, həm də yazdıqlarınızla qadınlar üçün yeni sərhədlər, söz haqqı, legitimlik tələb edirdiniz. Siz əsrlər boyu atanız kimi kişilərin inhisarda saxladığı bir dünyaya meydan oxuyurdunuz. Deyilə bilməyəni deyirdiniz. Hətta belə demək olarsa, təkbaşına inqilab edirdiniz.
NV: Mənsə bu qədər vaxtı elə bilmişəm ki, yazdığım şeirlər seks haqqındadır.

***

Həyat örnəyimin, nəql etdiklərimin özünə forma qazanmasında, fotoqrafın qaranlıq otaqda çıxardığı şəkillərdəki kimi aydınlaşmasında və bu hekayənin özümdə hər zaman görmək istədiyim yaxşı şeyləri təsdiqləməsində mənə rahatlıq verən bir şey var.Bu hekayə məni yaşadır.

***

Balaca oğlan olarkən həmişə öz anamda görmədiyim, başqa analarda olan keyfiyyətləri düşünərdim. Anam heç vaxt əlimdən tutmaz, yanağımdan öpməz, mənə yatmazdan əvvəl nağıl oxumazdı. Bütün bunlardan şikayət etməyə başım qarışdığından, ən əsas, ən böyük həqiqəti görə bilməmişdim. Anam heç vaxt məni atıb getməzdi.

***

Atam çox xəfifcə həyatda bütün gözəl şeylərin kövrək olduğunu və asanca əldən çıxdığını söyləyirdi.

***

Öz köklərini tanımaq vacibdir. Şəxsiyyət kimi başlanğıcını hardan aldığını bilmək lazımdır. Əgər bunu bilməsən, öz həyatın sənə qeyri-real görünəcək. Tapmaca kimi olacaq. Başa düşürsən? Sanki sənə hekayənin ortasını danışırlar, əvvəlini isə bilmirsən.

***

– Buna məcbur olmadığım vaxtlar bu işi daha çox bəyənirdim.
– Elə hər şey belədir.

***

Evi heç vaxt tərk etməməyinin bir yaxşı tərəfi var ki, heç kəs sənin uşaqlıq oyuncaqlarını, əyninə balacalaşmış paltarları səndən xəbərsiz aparıb sata bilmir.

Tərcümə: Səbinə Mütəllimova

4.2 (84.52%) 31 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram