Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Teyyub Qurban “Dönməzlik”

kko_teyyub_qurban_donmezlikAnnotasiya

“Dönməzlik” – bütün həyatını Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Məmməd Əmin Rəsulzadə haqqında bədii əsərdir. Onun ailəsinin və yaxın adamlarının başına gətirilən müsibətlər də burada öz əksini tapmışdır.

 

Karandaşın izi ilə

Məmməd Əmin Rəsulzadənin Azərbaycan gənclərinə müraciəti:
Ey Gənclik!
Ey Türk gəncliyi!
Sənin öhdəndə böyük bir vəzifə var!
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Və onu min müşkülatla yüksəldərək dedi ki, bir kərə yüksələn bayraq bir daha enməz!
Əlbəttə, sən onun bu ümidini qırmayacaq, Azərbaycan türklərinin yanıqlı nəğmələrinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı bir daha o bina üzərinə dikəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan!

***

– Əziz dost! Müstəqil Azərbaycan Cümhuriyyətini yaratmaqla xalqa heç bir xoşbəxtlik gətirə bilmədiyiniz artıq real həqiqətdir. Mən səndən fərqli olaraq, Rusiyadakı inqilabın böyük tarixi əhəmiyyətini duyur və bu inqilaba arxalanmaqla Azərbaycanda hakimiyyəti ələ almağı zəruri hesab edirdim. İndi, səni Rusiyaya yola salarkən, mən bir daha təsdiq edirəm ki, biz hətta Rusiyanın tərkibində olsaq da, bu o demək deyildir ki, əsarətdə qalacağıq. Biz nəhəng bir ölkədə bir ailənin bərabər hüquqlu üzvü kimi yaşayacağıq. Öz milli varlığımızı bütün dünyaya tanıdacağıq.
– Nəriman bəy, Dünya Azərbaycanı deyil, yalnız və yalnız dediyiniz nəhəng ölkəni tanıyacaqdır.

***

Cəbrlə qəbul etdiriləndən səadət doğulmaz. Mənim Rusiya camaatına heç bir ədavət və nifrətim yoxdur. Fəqət öz istiqlalımız daha əziz və müqəddəsdir.

***

– Demək, bir-iki saata Dərbəndə çatırıq, Azərbaycanı tərk edirik.
– Dərbənd Azərbaycandır, Koba.

***

– Emin, sənin atan axund olub, mənim atam pinəçi. Bəlkə də ona görə sən millətçisən, mən isə beynəlmiləlçi. Çünki axund ancaq islamı təbliğ edir, onun yanına ancaq müsəlmanlar gəlir. Pinəçi isə hamının – rusun da, yəhudinin də, ingilisin də ayaqqabısını yamayır.

***

Çünki sən Bakıda həbsxanada olsan belə, Azərbaycanda kommunist rejimi qurula bilməz. İstəyirsən, hətta yüz doktor Nərimanov, milyon Şaumyan olsun.

***

– Bu, müvəqqəti məğlubiyyətdir. Azərbaycan gec-tez müstəqil demokratik dövlət olacaqdır.
– Nə tez, nə gec olmayacaq. Bu aksiomdur. Bunu elə Nərimanov da deyir.
– Nərimanov da öz müəllimi Lenin kimi səhv edə bilər.
– Bəs sənin müəllimin kimdir?
– Ən böyük müəllimim tarixdir, zamandır.

***

– Qaldı ki Qarabağ məsələsinə… Buna Lenin başda olmaqla hamı razıdır. Bircə Nərimanov etiraz edir. Onu da yerində oturtmaq asandır. Bu barədə mən öz təkliflərimi Lenin yoldaşa bildirəcəyəm. Yadıma sizin müsavatın himnini yazan Hacibəyovun “Məşədi İbad”ı düşür. O necə deyirdi? O olmasın, bu olsun.
– Bu sözləri Məşədi İbad arvad barədə deyirdi.

***

Ən işıq bir ömr istərsək günəş altında biz,
Durmalı iddiaya qarşı qeyrəti-rəşxan ilə.
Daima türk oğlu hifz etmişdir öz namusunu,
Əldəki süyfu-şücaət, dildəki iman ilə. (Məhəmməd Hadi)

***

Öz millətinə dayaq olmayanlara şagirdmi olmaq?!

***

Heyif ki, azadlıq məktəbində qəsbkarlar müəllimlik edir…

***

Hələlik isə, Qafqazda olmazın fəlakətlərə düçar olmuş zavallı millətim gözləri çıxarılmış bahadır kimidir. Onun gözlərini bolşeviklər ona görə çıxartdılar ki, başsız rəhbərlərinin iç üzünü görməsin. Bakıdan Rusiyaya daşınan neftdən xəbər tutmasın, ziyalılarımızın müsibətindən agah olmasın və ildən-ilə öz mənliyini də görməsin.

***

– Emin, belə bir Azərbaycan ancaq yuxu olaraq qalacaqdır, boş xülyadır. Çünki Avropa demokratiyasına əsaslanırsınız. Terroru inkar edirsiniz. Sən dərk edə bilmirsən ki, müsavatçı dost, kütləvi terroru qəbul və tətbiq etmədən Rusiyada və Qafqazda sabit dövlət yaratmaq olmaz. Biz bolşeviklər bütün digər partiyalardan fərqli olaraq, Rusiyada, o cümlədən Azərbaycanda vətəndaşları tərbiyə etmək üçün ona kütlə halında təlim verəcəyik. Bu təlimata asanlıqla uymaları üçün milləti lazım bildikdə kütlə halında cəzalandıracağıq.

***

– Doktor Nərimanov sözübütöv adamdır.
– Emin, ancaq o da sənin kimi millətçidir. Fərqiniz isə ondadır ki, sən idealist, o, materialistdir.

***

– Emin, səndən bir xahişim var. Bədəninə sarıdığın o bayrağı mən düşəndən sonra vaqonun ocağına at yansın.
– Yox, xahişinə əməl edə bilməyəcəyəm. O bayraq mənim məsləkimdir. Məslək yanmaz, yandırar!

***

Nəsibbəy Yusifbəyli Kürdəmirdə satqınlar tərəfindən qətlə yetirilmişdir. Fətəlixan Xoyski Tiflisdə erməni qatili tərəfindən güllə ilə vurulmuşdur. Həmin qatil bir ay sonra Həsənbəy Ağayevi qətlə yetirmişdir. Bütün bunlar da buradan, Moskvadan idarə olunur.

***

Zaman göstərəcək ki, insanlara hansı cəmiyyət əbədi səadət gətirər. Zorən yaradılan sovet rejimi, yoxsa Finlandiya kimi demokratik cəmiyyət.

***

– Hə, Anastas, sən Emin bəyin ölüsünə erməni konyakı vurdun, mən də dirisinə gürcü şərabı içirəm.

***

– Sonra yenə də Bakıya qayıdarıq. Bolşeviklərsiz Bakıya…
– Əmioğlu, bu nə vaxt olacaq?
– Olacaq, hər halda bu əsrdə olacaq.

***

Mənim üçün bir türk arxadaşımın ayaq dırnağının milyardda bir hissəsi bir kommunist rəhbərinin kəlləsindən qiymətlidir.

***

– Onlar üçün kommunist Azərbaycanı vardır, yalnız və yalnız, mücərrəd bir məkan vardır. Bizim üçün isə ana vətən. Onlar orada aprelin iyirmi yeddisini bayram edirlər. Biz burada matəm günü keçiririk. Onlar iyirmi səkkiz mayı tarixdən silməyə çalışırlar. Biz burada yaşadırıq. Onlar orada şəhidlərin basdırıldığı qəbiristanlığı Dağüstü parkına döndərirlər. Biz burada şəhidlərin ruhunu yaşadırıq…

***

Hilda adında bir alman qadınının evində kirayənişin qalmışam. Bu Avropa savadı almış dul xatunun babası türk olmuşdur. Leanda adlı bir qızı Sofiya universitenin türkşünaslıq fakültəsində oxuyurdu. Türklərin vurğunudur. Mən o çocuğu, “Leyla” deyə səsləyirdim. Hazırda o, Polşada – anasının yanında yaşayır. Bu məktubdur. Ünvanını üstünə almanca yazmışam. Yolun Polşaya düşəndə zərfi onlara çatdırarsan. İçərisində mənim əksim, xeyli para vardır. Bu iki boyunbağını da onlara hədiyyə edərsən. Birini mənim, o birini öz adından.

***

– Belə “bic” ermənilər hesabına Azərbaycanı azərbaycanlılardan təmizləmək olar. Erməni qızlarını azərbaycanlılara ərə verib, sonra da ərlərini partiya üzvü etmək və vəzifəyə gətirmək siyasətindən istifadə etmmirsiniz.

***

– Bilirsiniz də, o rus millətçi şairi Yesenin Bakıda qırx gün Şaqane adlı erməni qızı ilə gecə-gündüz qalmışdır. Amma uşağı olmayıb.
– Bir türk şairi ilə qalsaydı, yeddi oğul sahibi olardı…

***

– Bakı mətbuatında göndərdiyin antimüsavatçının Mirzə Bala adında bir müsavatçı ilə dialoqu dərc olunmuşdur. Rayevski müsavatçıya deyir ki, milləti sevirsinizsə, niyə xaricə qaçmısınız, müstəqil Sovet Azərbaycanına qayıtmırsınız. Mirzə Bala ona cavab verir: “Azərbaycan müstəqil olsaydı, onun adından Rayevski danışmazdı”. Görürsən, müsavatçı Moskva ideoloqunu dizi üstə qoymuşdur. Səhvini qandınmı, Anastas İvanoviç?
– Bəli, İosif Vissarionoviç! Gərək Rayevskinin əvəzinə Abramyanı göndərəydim.
– Yox, Anastas İvanoviç, bu sual-cavabı nə yəhudi, nə rus, nə erməni familiyası ilə aparmaq olmaz. Müsavatçı Mirzə Bala ilə antimüsavatçı, məsələn, Bala Mirzə dialoq aparmalıdır.

***

– Əvvəla, məlumat üçün bildirirəm ki, “Pravda” qəzetindəki o oçerkin müəllifi Sovet dramaturqu cildinə girmiş qatı müsavatçı Cəfər Cabbarlı idi. Rəsulzadənin ən yaxın dostlarından idi. Vaxtilə onu evində gizlətmişdir. Qohumları nəzarət altındadır.

***

Xalidə hiddətə gəlir:
– Qoca kaftar nənəndir, nəslindir, köpəkoğlu! – hıçqırtı ilə ağlayır.
Hərbçi Azərdən soruşur:
– Bu nə dedi?
Azər rus dilində cavab verdi:
– Valideynlərinizə rəhmət oxudu.

***

– Emin bəy anası, arvadı, qızları…bütün ailəsi sürgündə dünyadan köçmüşdür. Oğlu Bakıda güllələnmişdir. Bu ağır üzüntünü Berlinə necə çatdırasan?

***

Leyla:
– Xahiş edirəm, boyunbağını Azərbaycan Türk Cümhuriyyətinin başkanı özü boynuma taxsın.
Məhəmmədəmin əvvəlcə Hilda xanıma, sonra da Leyla xanıma baxır:
– O Cümhuriyyət indi yoxdur.
Leyla xanım ərkyana gülümsəyir:
– Emin bəy varsa, demək, Türk Cümhuriyyəti yaşayır!

***

Azər Şölənin o üzündən-bu üzündən öpür:
– Sən Naxçıvanın qolçomaq ailəsinin müəllim qızı, mən də Novxanının müsavatçı oğlunun rəssam balası. Heyif, heyif ki, nə qolçomaq atan, nə də müsavatçı qayınatan bizə xeyir-dua verə bildi. Allah onlara rəhmət eləsin. Nəslimizin əyilən qanadını biz ucaltmalıyıq. Bakı ilə Naxçıvanın Azərbaycan mayası bizə bir oğul qismət eyləsin, düşmənlərimizin acığına.

***

Məhəmmədəmin:
– Hörmətli zabit, bu məsələni elə burada həll edək. Vəsiqəsini yaza bilərsiniz – Fətəlibəyli Düdənginski. Bu da fotosu. And içmiş kimi hesab edin. Bu gündən sonra bir nəfər azərbaycanlı güllələnsə, məsuliyyət sizin boynunuza düşəcəkdir!

***

Yaşasın Stalin! Beş-altı nida işarəsi.

***

– Bolşeviksiz Azərbaycan olar?
– Ermənistan heç olmaz.

***

Yadda saxlayın ki, iyirmi yeddinci komissar, bütün azərbaycanlılar Rəsulzadə kimi və Rəsulzadənin səcdə etdiyi Dağıstan lotusu, Rusiyanın Qafqazda ən qəddar düşməni Şeyx Şamil kimi qatı millətçidirlər. Yəhudi, erməni və rus qadınları ilə evlənsələr də, beynəlmiləlçi olmurlar. Odur ki, hamısı, lap semiçka satanı da Qafqazdan sürgün edilməlidir.

***

İsrafil Məmmədov: “Mən Belorusiyanın Pustınka kəndində öz Şamxorumu qoruyuram”. Zavallı, sənin Şamxoruna ermənilər dolublar.

***

Sinfi yol – millətin bir əli ilə o biri əlini kəsmək yoludur, gec-tez sağlam milləti şikəst edəcəkdir. Milli yol – millətin bütövlüyü və bölünməzliyi yoludur. Mən bu yol ilə irəliləyən karvanın dəvəsiyəm. Səhralara düşsəm də, yüküm əziyyət və əzab daşları olsa da, bilirəm ki, bədənimə sarıdığım üçrəngli bayrağı Azərbaycan müstəqillik zirvəsinə aparıram, mütləq mənzil başına çatacağam.

***

– Möhtərəm fürer, tarix göstərir ki, bəşərin ürəyi zorla alınmaz.

***

– Biz almanlar dözə bilməzdik ki, Almaniyanın dövlət arabasının bir təkəri Marks, digəri Engels olsun və bu arabaya Lenin və Stalin adında iki at qoşulsun. Alman xalqı bu arabayla haraya gedəcəkdi?
– Kommunizmə doğru!
– Bəs fürer arabasında?
– Diktatura zirvəsinə doğru!

***

– Emin bəy təcili Almaniyadan qovulsun! Amma tapşırın ki, təhlükəsizliyi təmin edilsin. Alman torpağı türk qanına batmasın.

***

Bir də vaxtı fövtə vermədən Türkiyə-Azərbaycan Cəmiyyəti yaratmalıyıq. Avropadan Azərbaycana yol nə Rusiyadan, nə də İrandandır. Yalnız və yalnız Türkiyədəndir.

***

– Ana, mən yaxşı çəkirəm, yoxsa ata?
– Sən nə çəkirsən?
– Canavar.
– Bəs atan nə çəkir?
– Stalin atanı çəkir.
– Demək, oğul, atan səndən yaxşı çəkir.

***

Sözdə millətlərin azadlıq və istiqlallarına hörmət etdiklərini elan edən və Lenin ilə Stalin imzalarıyla “millətlər istəsələr Rusiyadan ayrılıb tamamilə müstəqil dövlətlər qura bilərlər!” deyən bunlar işdə əksinə hərəkət edirlər. Qızıl Ordunun üstün qüvvələriylə Qafqaziya cümhuriyyətlərini basdılar və zorla sovetləşdirdilər… Az bir zaman içində əldə silah olaraq müdafiəyə qalxan xalq kütlələrini vəhşiyanə bir surətdə əzdilər. Milli, dini və məhəlli nə qədər müəssisə varsa, hamısını yıxdılar. SOvetlərin hər tərəfində qurduqları, tarixdə misli görünməmiş istibdad rejimini burada bərpa etdilər.
Yalan və aldadıcı şüarlarla məmləkətə gələn bu zülmkarlar əvvəlcə bu yalanlara uyan yerli kommunistlərdən bir çoxunu dəxi suyu sıxılmış limon kimi, sonradan bütün işlərdən atdılar. Sözlərdə hər nə qədər “Sovet Azərbaycan Cümhuriyyəti” varsa da, həqiqətdə bu cümhuriyyət sovet imperatorluğunun hər haqq və səlahiyyətindən məhrum bir vilayətindən başqa bir şey deyildir. Sovet Azərbaycanındakı bütün idarələr Moskvadan gələn əmrlərə və oradan göndərilən amirlərə tabedir…
Lakin dünyadakı bütün azad insanlar və millətlərlə bərabər haqq və səlahiyyətə sahib olmamaqdan siz qətiyyən məyus olmayın. Azadlıq və insanlıq haqları bütün dünyada qalib olacaq və o zaman siz də 1918-ci ildə olduğu kimi, yenidən azad olacaqsınız. O gün uzaq deyildir!

***

Sizə də əyan olsun. Sən demə, Sovet kəşfiyyatı Fətəlibəylini aradan götürmək üçün dəhşətli bir əməliyyat həyata keçirib. Eynən Fətəlibəyliyə oxşayan bir nəfər azərbaycanlı KQB işçisi tapıblar. Kim bilir, bəlkə də, Azərbaycandan gətiriblər. Bu satqın soydaş Əbdürrəhmanı izləyib, həmən o evə gəlməyən gecə onu vəhşicəsinə, baçına çəkiclə vura-vura qətlə yetirib. Üst paltarını əynindən çıxarıb, meyiti qəbiristanlığa atıb. Özü isı Fətəlibəylinin sənədləri ilə, qiyafəsi ilə Münhendə mehmanxanada bir neçə gün qalıb ki, cinayət ört-basdır edilsin. Guya Fətəlibəyli sağdır.
Fətəlibəylinin qatili onun qiyafəsində Münhendə yoxa çıxdıqdan sonra, alman dostlarımız Fətəlibəylini təzədən dəfn etdilər. Həm də müsəlman qaydası ilə kəfənə tutulub torpağa tapşırıldı.

***

Əbdürrəhman Fətəlibəyli sağ ikən əqidəsi heykəlinə çevrilmiş bir insandır.

***

Ey mənim ulu xalqım! Mən haqqı tapıb göstərdim və dedimm ki, bir kərə yüksələn bayraq bir daha enməz.
Azərbaycanın gələcək cəngavər nəsilləri! Əgər siz günlərin bir günündə şəhidlərin qəbiristanlıq yerindən yüksələn qəsbkar abidəsini yerə endirsəniz, Bakının küçə və meydanlarını millət düşmənlərinin heykəllərindən təmizlənsin…yox, yox, mənə heykəl yapmayın. Novxanıya gedin…tabutunu oğul kimi çiynimdə apara bilmədiyim, məzarını görmədiyim atam Axund Ələkbərin ruhunu şad eləyin. Onda mənim sümüklərim də qürbətdə sızıldamaz…
…Yox, əgər yenə haqqı nahaq tapdasa, xalq milli hissi ölmüş kütlə kimi qalmış olsa…onda yenə də Novxanıya gedin. Fəqət bu dəfə bütün bağlardakı meyvə ağaclarının quru budaqlarını toplayıb nəhəng bir tonqal qalayın…Sonra da Türkiyəyə gəlin…Sonra da torpağın altından mənim Azərbaycan torpağına dönmək vüsalındakı sümüklərimi çıxarın…Sonra da – geri çevrilib çarpayıda əyləşir, bədəninə sarınmış bayrağı açır – sümüklərimi, bax bu bayrağa bükün. Sonra da aparın Novxanıda qaladığımız o nəhəng tonqala atın. Yansın, külü çıxsın. Sonra da o külü dəniz qırağına aparın və Xəzərə səpələyin ki, bir dalğada ürəyimin çırpıntısı yaşasın və sahilə gələnlər qulaq versinlər: A-zər-bay-can…A-zər-bay-can…A-zər-bay-can…

***

Məhəmmədəmin Rəsulzadənin sağ qalmış yeganə oğlu Azər Rəsulzadə Qazaxıstanın Karaqanda şəhərindən Bakıya qayıdır.

5 (100%) 1 vote

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram