Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Rabindranat Taqor “Fəlakət”

kko_rabindranat_taqor_felaketAnnotasiya

“Fəlakət” (Benqalca “Noukadubi”) romanı 1902-ci ildə yazılmışdır. Roman yaranan zaman hindistanın geniş oxucu kütləsi Taqoru əsasən şair və hekayə yazarı kimi tanıyırdı. O, romana özünəməxsus poetik çalar verməyi, bir çox sosial-məişət problemlərini üzə çıxarmağı bacarmışdı.

Əsərdən seçilmiş hissələr

Bu gün Okxoy yenə deyirdi ki, kişinin ağlı qılınca bənzər: hətta bu qılınc yaxşı itilənmədikdə belə təkcə ağırlığı ilə bir çox hallarda faydalı ola bilər, qadın ağlı isə karandaşyonan bıçaq kimidir: onu nə qədər itiləsən də, ciddi hallarda əsla vecə gəlməz. O biri söhbətlərin də hamısı bu ruhda idi.

***

Qızın gözəl olub-olmamasının heç bir əhəmiyyəti yoxdur… İnsan nə güldür, nə də kəpənək. İnsanın zahiri gözəlliyi əsas deyil.

***

İnsanın adını dəyişməklə taleyini də dəyişmək olarmı?

***

Bəxtinin lövhəsində müdəqqəs məhəbbətin fırçası ilə təsvir etdiyi bu qız…

***

Ulduzlu göydə planetlər daim hərəkətdədir, lakin bunların hərəkəti rəsədxananın və orada olan cihazların tamamilə sakit, hərəkətsiz qalmalarına heç bir maneə törətmir.

***

Dünyada səmərəsiz mübahisə edənlər çoxdur. Onların sayının artırmağın nə mənası var?

***

Qovluğu açıb içindən kağız çıxartdı və yazdı: “Mən şair olsaydım, bir poema yazıb sizə təşəkkürümü izhar edərdim, əfsus ki, mənim şairlik istedadım yoxdur. Lakin böyük yaradan məni töhfə vermək imkanından məhrum edərkən töhfəni qəbul etmək qabiliyyətini əsirgəməmişdir. Yalnız başqasının qəlbindəkini oxumağı bacaran bilər ki, bu gözlənilməyən töhfəni mən necə qəbul etdim. Axı hədiyyəni görmək və duymaq olar, mənim hisslərim isə ürəyimin dərinliyində gizlənmişdir.
Özünü həmişə sizə borclu sanan”.

***

Şəhərdəkilər yağışın yolunu əbəs kəsməyə çalışaraq, damları örtür, pəncərələri bərk-bərk qapayır, tramvayların pəncərələrini örtür, insanlar başlarına çətir tuturlar – şəhərdə yağış bax belə qarşılanır, bunların hamısına baxmayaraq, yağış hər şeyi, hər kəsi təpədən-dırnağadək isladır, palçığa batırır, amma meşələr, çaylar, təpələr, dağlar yağışı bir dost kimi qarşılayır, onu öz fərəhli səsləri ilə salamlayırlar. Onlar üçün yağış intizarla gözlənən əziz bir qonaqdır. Yerlə göyün qovuşmasının bu şən bayramında heç bir hüzn eşidilmir.

***

Ey zərif qanadlı səhər nəsimi,
Əs başım üstündə, qasidim ol, gəl!
Söylə ki, gözümə getməyir yuxu
Bilmədən necədir sevdiyim gözəl.

***

Ürəklər məhəbbətlə dolu olanda və vüsal anından hicran anınadək döyünəndə bir-birini anlamaq üçün kiçik bir eyham da kifayətdir.

***

– Axı mən bir az küt şagirdəm, sizi çox incidərəm.
– Mənim də bildiyim küt şagirdləri birtəhər öyrətməyə ancaq kifayət edər.

***

Yalnız məhəbbət səhvlər, pozuq ahənglər içərisində şənlik tapmağa qadirdir.

***

istər qərb əyalətlərində, istərsə də başqa bir vilayətdə – havanı dəyişmək ancaq bir neçə gün yaxşı təsir göstərir. Əvvəlcə insanın iştahası yaxşılaşır, çox yeməyə başlayır, sonra isə yenə hər şey əvvəlki kimi olur: yenə də mədəndə bir ağırlıq hiss edirsən, qıcqırma əmələ gəlir, hər nə yeyirsə, hamısı…

***

Sən həmişə beləsən: yeni bir dərman içəndə mütləq onda müstəsna bir keyfiyyət tapırsan.

***

Bu, Romeşin şakəridir. O, bir şey olanda gizlədir, məqamı gələndə fürsəti əldən verir, birdən yadına düşəndə həyəcanlanır, tələsir.

***

Ümumiyyətlə, axı adamlar sözdə azacıq bir həqiqət olanda hiddətlənirlər.

***

Qız həmişəki kimi Romeşlə musiqi dərsi keçməyə hazırlaşmışdı, lakin ürəyində başqa bir musiqi də eşitmək ümidində idi: elə bir musiqi ki, o yalnız aşiqlərin ürəyində səslənir və yalnız onların özləri eşidə bilirlər.

***

“Təcili iş!” Bu dünyada işləri təxirə salmaq olmur. Yalnız məhəbbət öz saatı çatanadək qapının yanında dayanıb səbirlə gözləməlidir.

***

Onun işi racə kimi, istədiyi qədər vaxt alır, məhəbbət isə yalnız sədəqə gözləməyə məcburdur.

***

Toy axı məhkəmə prosesi deyil ki, nə vaxta istəsən təxirə salasan və hansı günü istəsən təyin edəsən!

***

Qızına ər seçdikdə intixab etdiyin adamı bir dəqiqə də olsa gözdən qoymamalısan. Qızın birisinə ömür yoldaşı kimi verdikdə o adamın haqqında mükəmməl məlumat toplamalısan.

***

Dünya elə qurulmuşdur ki, dostluq bütün məşğələlərin ən etibarsızıdır. Ona görə də mən dostluğun böyük əhəmiyyətini çox yaxşı duyuram.

***

… lakin o, səs-küyə öz təbiəti etibarı ilə nifrət bəsləyirdi. Birisini ifşa edəndə, sirrinin üstünü açdıqda isə mütləq səs-küy başlanacaqdır.

***

İndi onun fikri bütün kainat ətrafında, dünyanın sakit, kədərsiz dövranı, intəhasızlığı ətrafında həyəcan, düşmənçilik olmayan yerlərdə cövlan edirdi.

***

Yalnız insanlar arasındakı çəkişmələrin və təşvişlərin sonu yox idi. Xoşbəxtlik və kədər, çətinliklər və fəlakət bəşəriyyəti ara vermədən həyəcanlandırır. Bir tərəfdən əbədiyyətin daimi dincliyi, digər tərəfdən yer üzündəki daimi mübarizə! Romeş də kədərli fikirlərə dalaraq öz-özündən soruşdu: bu cür ziddiyyətlər eyni zamanda necə yanaşı yaşaya bilər? Lap elə bu yaxınlarda məhəbbət onun nəzərində kainatın sirli dərinliyindən çıxan sakit bir əzəmətə malik həqiqət idi4; indi isə o, məhəbbəti real mühit tərəfindən əhatə olunmuş gördü. Mübarizə ilə dolu olan bu mühitdə məhəbbətin yolu çətinliklər və tikanlarla doludur. Bəs iki surətin hansı xəyali, hansı həqiqidir?

***

Ax, bu təhsil görmüş qızlar!.. Həyat haqqında düzgün və həqiqi təsəvvürləri yoxdur. Bu qədər oxumuşdur, hər şeyi bilir, amma yalanla üz-üzə gələn kimi həyat təcrübəsi çatmır ki, hər şeyi ayırd edə bilsin.

***

Boş yerə bəhs etməkdən, fal açmaqdan nə çıxır? Çay stolunun başında oturub psixoloji təhlillə məşğul olmaq vaxtı deyil.

***

Bu sakit günortaçağı Romeşin xəyalı boyalara qənaət etməyərək, gələcək səadətin şəklini çəkməkdə idi.

***

Bütün sirlərlə dolu olan, hər şeyə can verən sehrli qızıl əsa kimi gözəl bir sima.

***

Lakin, əziz Cogen, həyatda elə bir ciddi vəziyyət meydana çıxır ki, birinə belə, başqasına isə əksini deməyə məcbur olursan. Lakin iki rəvayətin biri həqiqətə müvafiq olacaqdır.

***

Romeşin varı da çoxdur, ağlı da varına layiqdir.

***

Qadınlar başqalarının rəyinə tamamilə laqeyd olaraq, iki dəfə ikinin dörd eləmədiyini dəlilsiz-sübutsuz təsdiq edərlər. Ağılla yanaşanlar üçün qara elə qaradır, lakin eşq birdən qadına desə ki, qara ağdır, qadın hər hansı sübuta qəzəblə hücum edəcək, hiddətlənəcəkdir. Anlamaq olmur ki, qadınlar mövcud ikən bu dünya necə bərqərar olacaqdır.

***

Lakin kişilərin xudpəsəndliyi hədsiz-hüdudsuzdur.

***

Beləliklə, qərar qəbul olundu. Geriyə yol yoxdur… Rədd olsun tərəddüd!..

***

– Yox, doğrudan sən əsil cinə rast gəlibsən?
– Əsil cinə yox, amma saxtalarına çox rast gəlmişəm. Ümumiyyətlə, dünyada həqiqi bir şeyə rast gəlmək çox çətindir.

***

Bu dünyada təmənnasız hörmətlə nə bir qətrə süd, nə də bir tikə balıq qazana bilməzsən, hər şey pul tələb edir.

***

Elə bir künc-bucaq varmı ki, o, sakit və rahat başını əysin və gözlərini yumub fikirləşsin: “Mən indi öz evimdəyəm”.

***

– Siz brəhmənsiniz? Salam. Sizin adınız Romeş-babudur, bilirəm. Bizdə belə bir qayda var: tanış olarkən adı soruşarlar. Bu adi nəzakət qaydasıdır. Doğrudur, indi bir çoxlarına bu adət xoş gəlmir. Hirslənibsinizsə, məndən intiqam alın, mənim adımı soruşun, mən də sizə öz adımı, atamın adını, babamın da adını söyləyə bilərəm.

***

– Mən yaxşı hesablamağı bacarsaydım, bu halda olardımmı? Yəqin ki, indi vergiyığan olmuşdum, elə deyilmi?

***

Təbiət nəyə qarşı üsyan edir? Fırtınanın gurultusunda bu sualın cavabını eşitmək mümkündürmü?… Göy və yer qiyam edərək qaynayır və qəzəbli gurultulu səsini başlarına atıb zülmətin, yalanın, riyanın görünməz və hissedilməz torlarından yaxalarını qurtarmaq istəyirlər. Külək haradansa, hüdudsuz genişlikdən qoparaq uçur və qaranlıq gecədə yalnız “yox” sözünü arasıkəsilmədən təkrar edirdi.

***

Müəmmanın həll edilməsinə imkan verməmək məgər cinayət imiş? Hərgah mən və siz uşaq çağlarımızda telequ dilini möhkəm öyrənmiş olsaydıq, yenə də dil bizim üçün çətin və anlaşılan olacaqdı. Halbuki telinqanlı bir uşaq üçün o dil su kimi saf və aydındır. Buradan çıxarılacaq nəticə ondan ibarətdir ki, bilmədiyimiz bir şeyi gərək mühakimə etməyək, pisləməyək. Siz heç ümid etməyin ki, anlaşılmayan bir işarəyə yuxusuz gecələr belə sərf etsəniz, mütləq onun mənasını aça biləcəksiniz.

***

Lakin dünyada elə insanlar var ki, onlara birinci dəfə rast gəldiyimizə baxmayaraq, ilk görüşdən onlarla yaxın oluruq.

***

Hər dəqiqə fikri dəyişmək yaxşı deyildir. Bu, qətiyyətsizlikdir.

***

Onun yaşı, görünür az deyildi, lakin üzü hələ cavan və təravətli idi; gicgahlarına azacıq dən düşmüşdü, sanki qocalıq onun haqqında öz hökmünü vermişdi, lakin bu hökmü yerinə yetirməyə hələ cəsarət etmirdi.

***

Toydan sonra qayınanasının sərt hakimiyyətini öz üzərində hiss etmədiyi üçünmü, ya başqa səbəblərdənmi Kəmalə çox tez inkişaf etmişdi.

***

Şoylocanın söhbət gəmisi öz səadət yükü ilə birlikdə axın boyu sakit və rahat üzürdü. Kəmalənin boş, davamsız qayığını isə dalğalar sahilə itələyib dayazlığa salırdı.

***

Təmkinlilikdən nə qədər çox sui-istifadə etsən, təmkinlilik o qədər azalar.

***

Təbiət boşluğu sevməz.

***

İşcil adamların bir nöqsanı olur: onlar özgələrinin bacarığına həmişə şübhə edirlər. Onlar həmişə qorxurlar ki, gördükləri işi başqası görsə, mütləq korlayacaqdır.

***

Biz kişilər olduqca səbirliyik. Ona görə də qadınların bizə olan nifrətinə təhəmmül edərək, üsyan qaldırmırıq. Mən təsəvvür edirəm ki, qadınlar bizim vəziyyətimizdə olsaydılar, necə dəhşətli üsyan qaldırardılar!

***

toz insanların arasında fərq qoymur, mənim üstümə çökdüyü kimi, sənin də üstünə çökür, ya yox?

***

Siz ingilis qaydalarını öyrəndiyiniz üçün bərabərlik haqqında yorulmadan danışmağı sevirsiniz. Süpürgəçi qadınların zəhmətini həqarət hesab edirsinizsə, nə üçün bunu nökərlərə rəva görürsünüz?

***

Birləşmək iki adama məxsus hadisədir. Lakin bu ikisindən biri təəssüratını qələmə alarsa, hamısını ifadə etməkdən aciz qalacaqdır, çünki ahəngi tapmaqda çətinlik çəkəcəkdir.

***

Külək yalnız o zaman otaqdan maneəsiz ötüb keçə bilər ki, qapıların hamısı açıq olsun. Kəmalə, əzizim, sənin ürəyinin qapılarını mən nə zaman aça biləcəyəm?

***

Mən bir mehman kimi sənin ürəyinin qapısında müntəzirəm. Sən məni qovma!

***

Böyük yaradan bizim ürəyimizi ata məhəbbəti ilə doldurubdur, ancaq bizə olduqca az ixtiyar veribdir.

***

İngilis romanlarını oxumağa vaxtını sərf edən qızların taleyi həmişə belə qurtarır… Axı roman oxuyanların hamısına belə bir təsadüf qismət olmur ki, özlərinin məhəbbət gəmiləri daşa toxuna, bunu hiss edələr!

***

Axı çay poetik ilham deyil ki, axşamüstü qürub edən günəşin şüaları ilə öz-özünə gəlsin.

***

Deməli, sən saxta pulsan. Xırdalamaq istəyən polis idarəsinə düşər.

***

Hər evdə kitabdan götürülmə hadisələr baş versəydi, həyat tamamilə dözülməz olardı.

***

Dünyada sənin xoşuna gələn şeyə nadir halda təsadüf edirsən, şeyləri olduğu kimi qəbul etmək gərəkdir.

***

Səhhətimin qayğısına qalmadığımın səbəbi odur ki, mən özümü yaxşı hiss edirəm.

***

Adaxlını sifarişlə tapmaq olmaz!

***

Qadın cinsi ağıldan kəmdir. Onlar dərk etmirlər ki, natiqlik edən ərdən isə dinc oturub qulaq asan ər yaxşıdır.

***

…doğrudur, yaxın adamların səhvlərini, nöqsanlarını böyüdənlərin, onlara böhtan atanların ağılları məhdudlaşır, xasiyyətləri şübhəli olur, ürəkləri də getdikcə daşa dönür.

***

İnsan heç nə itirməmişsə, itkinin ağırlığını hiss etməmişsə, demək, onun heç bir şeyi olmamışdır.

***

Hərgah biz bir şeydən məhrum olduqda başımızı aşağı, əllərimizi yanımıza salıb müti olaraq desək ki, əlimizdən çıxan nemət dünyadan əl çəkmək neməti, qüssə və göz yaşlarının neməti idi; o zaman müvəqqəti şey ədəbi olacaq, bizim üçün adi olan şey məbudumuz olacaq və ürəyimizin məbədində əbədi hifz olunub qalacaqdır.

***

Xəstəliyə görə də dərman yazılmalıdır.

***

Mənə qalsa, ilk təsadüfdə gözümüzə yaxşı görünənlər həqiqətən yaxşıdırlar. Qoy bəzən mən səhv də edim. Lakin öz miskin düşüncəmin nüfuzunu saxlamaqdan ötrü xeyirxah bir adamdan şübhələnməyə qadir deyiləm!

***

Həqiqətin nə olduğunu riyakar haradan bilsin? Həqiqət dediyin bir qızıldır, onu süni vasitələrlə əldə etmək olmaz!

***

O şey ki, həqiqətdə bizimdir, biz ondan heç bir zaman məhrum ola bilmərik. Biz yalnız bizə aid olmayan şeyləri itirə bilərik.

***

Mən dünyaya bir dilənçi kimi gəlmişəm, heç bir şeyim yox idi. Böyük bir məşəqqətlə, bir çoxlarının xeyirxahlıqları nəticəsində bədənim bərkidi, zəkam isə inkişaf etdi. Mən bu və ya digər bir şeyə etinasız olsam, özümə həddindən artıq güvənmiş olaram. İnsan özünün yarada bilmədiyi bir şeyi dağıtmağa, məhv etməyə haqlı deyildir.

***

Mən elə bir cəmiyyətin üzvü olsaydım ki, orada hamı müəllimdir, bir nəfər də olsa şagird yoxdur, onda utanardım. Orada öyrətmək istəyənlərin səs-küyü bir şey öyrənməyə imkan verməzdi.

***

məgər siz bilmirsiniz ki, dünya tərəqqisinin yükünü öz çiyinlərinə alanlar özgələrin evində nə olduğunu öyrənməyi müqəddəs vəzifələrindən biri hesan edirlər?

***

Mən adi bir insanam və yer üzündə ən sadə mövqelərdən birini tuturam. Yüksəkdə oturanlara əlim çatmadığı üçün mən onlara yalnız daş ata bilərəm. Mənim kimilərinin sayı-hesabı yoxdur. Ona görə də siz misilsiz bir yüksəkliyə qalxsanız mütləq bu daşlara hədəf olacaqsınız.

***

Daşlar da axı müxtəlif olur: bunlardan bəziləri sənə azacıq toxunur, bəziləri isə iz qoyur.

***

Səmimiyyət haqqında ali təlim həqiqəti açmağı bacarmaqdan ibarətdir.

***

– Nə əcəb uzun müddət görünmürsünüz?
– Məgər mən hər gün görünməyə layiqəm?
– Layiq olmayanlar qonaq getmək hüququndan məhrum olsaydılar, bizim çoxumuz tənha qalmağa məcbur olardıq.

***

Şübhəsiz olan bircə şey var: bizim həyatımızın dolaşıq düyününü ölüm qırmasaydı, axırda biz dəhşətli bir vəziyyətdə qalacaqdır.

***

İnsan yalnız güman edə bilər. Biz ümidimizi elə bir varlığa bağlamalıyıq ki, bütün müvəffəqiyyətlər yalnız ondan asılıdır.

***

Yer daima hərlənməsini davam etdirməkdədir. O hərlənərkən milyonlarca insanlar da yaxşı və ya pis əməllərini davam etdirirlər.

***

Nədir pəncərədən sallanıbsan? Sən ki quş deyilsən: qanadsız uça bilməzsən!

***

Qayınatanı elə yola salmaq lazımdır, qızının bizdə ac qalmayacağına əmin olsun.

***

Tamahkarlıqla əldə edilən uzun sürməz.

***

O nə təsəlli verə bilər? Bəzən insanlar arasında yenilməz əngəllər meydana çıxır. İnsan qəlbi nə qədər kimsəsizdir!

***

Deyirlər ki, qız o qədər də gənc deyildir və qəbul olunmuş qaydadan artıq təhsil almışdır.

Tərcümə: Əli Səbri

4.1 (82.86%) 14 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram