Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

Qabriel Qarsia Markez “Hüznlü fahişələrimin xatirəsi”

kko_qabriel_qarsia_markes_huznlu_fahishelerimin_xatiresiAnnotasiya

“Hüznlü fahişələrimin xatirəsi” (ispanca “Memoria de mis putas tristes”) – 2004-cü ildə çapdan çıxmışdır. Kitab yazıçının 20 illik fasilədən sonra nəşr olunan ilk bədii əsəri olub.
2007-ci ildə İranda fars dilində dəyişilmiş adla (ispanca “putas” fahişələr sözü, əzizlər kimi tərcümə edilmişdir)çapdan çıxmışdır. Birinci nəşr 5000 tirajla 3 həftə ərzində satılmış, təkrar nəşrə isə icazə verilməmişdir. İran rəsmilərinin verdiyi məlumata görə buna səbəb birinci dəfə senzura icazəsinin səhvən verilməsi olub.
Qoca, professional jurnalist, qadınlarla heç bir ciddi əlaqəyə girmək istəməyən, seksə görə həmişə pul ödəyən bir kişi öz doxsan illiyinə hədiyyə etmək istəyir – bakirə və cavan bir qızla bir gecə. Və gözlənilmədən ömründə birinci dəfə məhəbbəti dadır.
Bu kitab məhəbbət haqdadır. İnsanı mənasızcasına keçirdiyi həyatının sonunda yaxalamış məhəbbət haqda. Bu məhəbbət həm gözəldir, həm məhvedici.
Bu kitab həm də qocalıq haqdadır. Arzuların hələ var olduğu, amma gücün bitdiyi dövr haqda.

Əsərdən seçilmiş hissələr

Mən onun iyrənc təkliflərinə şirnikmirdim, o isə mənim prinsiplərimin təmizliyinə inanmırdı.

***

– nəyi bacardığımı, nəyi bacarmadığımı özüm yaxşı bilirəm». O, halını pozmadan dedi ki, müdriklər çox şeyi bilirlər, ancaq hər şeyi yox:

***

Bu gün səhər açılanda, nəhayət, qərara aldım ki, heç olmasa, vicdanımı sakitləşdirmək üçün, əslində, necə olduğumu özümə deyim

***

Bu gözəl qadının şəhərdə heç kimdə olmayan bir cəhəti də vardı: o, mənim anam idi.

***

Otuz iki yaşımda tək qalanda valideynlərimin otağına köçdüm, kitabxananın qapısını açıb, həyatda mənə lazım olmayacaq hər şeyi satmağa başladım və aydın oldu ki, kitablardan və üstünə val qalaqlanmış pianoladan başqa hər şey elə artıq imiş.

***

ömrüm boyu oxuduğum saysız-hesabsız kitabdan öyrəndiyim biliklərin gücünə inanmışam

***

Özümü xoşbəxt saymamaqdan ötrü ideal səhər idi

***

Uşaq vaxtı eşitmişdim ki, adam öləndə onun saçlarında yuva salmış bitlər ölənin doğmalarına xəcalət verərək, yastığın üstü ilə dəhşətlə qaçışırlar. Bu, məni o qədər heyrətləndirmişdi ki, məktəbə gedəndə saçımı dibdən qırxdırıb, itlər çimizdirilən cod sabunla keçəlimi yumuşdum. Başqa sözlə desək, uşaqlıqdan utancaqlıq hissinin məndə ölüm haqqında təsəvvürdən yaxşı formalaşdığını indi anlayıram.

***

Belim ağrıyanda mənim qırx iki yaşım var idi, çətin nəfəs alırdım, durub həkimə getdim. O, ağrılarıma əhəmiyyət vermədi: «Sizin yaşınız üçün normal haldır», – dedi. Mən onda yaşımı yada salıb, ilk dəfə qocalıq haqqında düşündüm

***

qocalığın ilk əlaməti – adamın atasına oxşamağa başlamasıdır.

***

Yaddaşımda o vaxta qədər tanış sifətlərin və adların siyahısı var idi, ancaq onlarla görüşdüyüm vaxt sifətlərlə adları birləşdirə bilmirdim.
Seksual mənada yaş heç vaxt məni qayğılandırmayıb, çünki imkanlarım məndən çox qadınlardan asılı olub – nəyi, necə, nə vaxt etmək lazım olduğunu onlar bilirlər. Xırda bir uğursuzluqla qarşılaşan kimi həkimə qaçan səksən yaşlı uşaqlara indi gülməyim gəlir, onların xəbəri yoxdur ki, doxsanda lap betər olacaq, ancaq artıq əhəmiyyəti olmayacaq: bu risk – sağ olduğunun əvəzidir.

***

Mənim öz əxlaq qaydalarım var idi. Heç vaxt dəstə halında və adamların gözü qabağında cinsi əlaqədə olmamışam, heç vaxt sirlərimi heç kimlə bölüşməmişəm, bədənimin və ruhumun sərgüzəştlərini heç kimə danışmamışam, çünki cavanlıqdan bilmişəm ki, bunların heç biri cəzasız qalmır.

***

Eybəcərlikdə tayı-bərabəri olmayan bir adam kimi karikaturaçıların sevimli obyekti.

***

Mən lazımi təhsili olmayan, işə həvəssiz yanaşan və valideynlərinin zülmündən qurtulmaq üçün məktəbə getməyin ən asan çıxış yolu olduğunu düşünən bədbəxt uşaqlara bir damcı da rəhmi gəlməyən pis müəllim idim.

***

nə qədər təhlükəlidirsə, bir o qədər bahadır.

***

Ona minnətdarlıq etməkdən savayı əlacım qalmadı və hamı kimi möhkəm surətdə inandım ki, Kolumb prospektindəki taksi sürücülərinin bilmədiyi şey yoxdur.

***

Təkcə parıltılı, qəddar gözləri diri qalmışdı və ondan başa düşdüm ki, əslində, o dəyişməyib.

***

Ölüvay at sifətin hətta bir az canlanıb». «Yəqin, başqa evlərdə otlamağımdandır

***

Yazıq qız, üstəlik, hələ fabrikdə də can qoyur, düymə tikir». Bu mənə elə də ağır iş kimi görünmədi. «Kişilər belə fikirləşir, – o etiraz etdi, – bu, daş qırmaqdan ağır işdi».

***

Səncə, bəs mən nə etməliyəm?» «Özün bilərsən, – onun halını pozmaması yerinə düşmürdü, – elə ona görə də müdriksən»

***

Aldanmayın, fikirləşməyin ki, sizin gözlədiyiniz, ümid elədiyiniz, gözünüz gördüyündən daha uzun sürəcək»

***

biz eşqbazlıqla eşqsiz, əksər vaxt da yarısoyunmuş vəziyyətdə və olduğumuzdan yaxşı görünmək üçün həmişə qaranlıqda məşğul olmuşduq. Həmin gecə çox böyük bir həzz kəşf etdim – mən yatan qadının bədəninə baxırdım və utancaqlıq, üzücü həvəs mənə mane olmurdu.

***

Anam ölüm ayağında mənə yalvardı ki, gənc ağ qadınla evlənim və bizim, ən azı, üç uşağımız, onlardan da biri qız olsun ki, bu qıza onun, ondan əvvəl anasının, nənəsinin daşıdığı adı verək.

***

Rəsmən evlənmək təklifi etdim.
Bu xəbər kübar klublarından çox, Çin məhəlləsində hay-küy yaratdı.

***

Həyatımıza heç nə ilə hesablaşmayan XX əsr soxuldu.

***

«Dünya irəliyə gedir». «Bəli, – mən bildirdim, – həmişəki kimi irəli gedir, ancaq günəşin başına fırlanır».

***

Bazar köşələrim də belə idi, keçmişin qalıqları arasından qazılıb üzə çıxarılan arxeoloji tapıntı kimi o yalnız qocalara yox, qocalmaqdan qorxmamaq üçün gənclərə də yarayırdı.

***

Məndən soruşanlara həmişə həqiqəti deyirəm: gəzəyən qadınlardan macalım olmadı evlənəm.

***

Mən heç vaxt sevməmişəm», – etiraf etdim. O, dərhal cavab verdi: «Mən isə sevmişəm. – Və öz işini dayandırmadan sözünü bitirdi: – Mən iyirmi iki il sizin dərdinizdən ölmüşəm». Ürəyim çırpındı. Vəziyyətdən ləyaqətlə çıxmaq üçün dedm: «Biz bir-birimizə heç də pis yaraşmazdıq». «Bunları mənə indi niyə deyirsiniz, – o hiddətləndi, – bu indi heç təsəlli üçün də yaramır»

***

Dörd il bu hissdən əziyyət çəkib, nəhayət, hər ikimiz bunu öz şüurumuzun mükəmməl olmamasının hesabına yazdıq.

***

Katibələrin hədiyyəsi dodaq boyası ilə öpüş izləri qoyduqları üç cüt ipək alt paltarı və onu soyundurmaq üçün öz xidmətlərini təklif etdikləri açıqca idi. Fikirləşdim ki, qocalığın gözəlliklərindən biri də budur – gənc qızlar sənin daha heç nəyə yaramadığını düşünüb, belə dilxoşluğu özlərinə rəva görürlər.

***

Şeytan mənim qulağıma vaxtında ağlıma gəlməyən sarsıdıcı cavablar pıçıldayırdı

***

Xoşbəxtliyə bax, qəzetdə oxudum ki, doxsan yaşın tamam olub, mən elə bilirdim yüzdür». Mən özümdən çıxdım: «Nədir, gözünə elə haldan düşmüş görünürəm?» «Əksinə, – o cavab verdi, – yaxşı göründüyünə görə təəccübləndim. Çox əladır ki, yaxşı qaldığına hamını təəccübləndirmək üçün yaşını artıq deyən qocalara oxşamırsan

***

Heyvanlara, eləcə də, hələ dil açmamış körpələrə uyğunlaşa bilmirəm. Mənə elə gəlir, onların ürəyi laldır. Deyə bilmərəm ki, onları sevmirəm, sadəcə, onlara dözmürəm, çünki onlarla davranmağı öyrənməmişəm. Kişinin öz iti ilə arvadından daha yaxşı dil tapması mənə qeyri-təbii görünür.

***

Hərbi patrul San Nikolas parkına daxil olmaq istəyən adamların sənədlərini yoxlayırdı. Belə bir şeylə heç vaxt rastlaşmamışdım, bunun məndə yaratdığı ağır təəssüratı isə qocalıq əlaməti saydım.

***

Əlimi sıxdı və xudahafizləşəndə dediyi sözləri həm xeyirxah məsləhət, həm də xəbərdarlıq kimi qəbul etmək olardı: «Özünüzdən muğayat olun».

***

«Özün bilən yaxşıdır, intəhası, onun paltarını bir-bir çıxartmaq ləzzətindən özünü məhrum edirsən, bilmirəm niyə, ancaq qocalar belə etməyi xoşlayırlar». «Mən isə bilirəm, – cavab verdim. – Soyundurduqca onlar bir az da qocalırlar»

***

Pələng yemək dalınca uzağa getmir»

***

Həqiqətən baş verən şeylər bəzən unudulsa da, heç vaxt baş verməyən şeylər həqiqətən olubmuş kimi yadda qalır.

***

yüz yaşında isə – müqəddəs. Birlikdə Puççininin eşq duetlərini, Aqustina Laranın bolerosunu, Karlos Qardelin tanqosunu oxuyurduq və bir daha inanırdıq ki, oxuya bilməyənlər bunun necə böyük xoşbəxtlik olduğunu təsəvür eləməzlər.

***

Mən tamamilə müflis olmaq dərəcəsinə çatdım, ancaq möcüzə hamısının əvəzini çıxırdı: bu yaşda mən hələ sağ idim.

***

Hər əşyanın öz yerində durmasına, hər işin vaxtında görülməsinə, hər sözün öz səpkisi olmasına həddindən artıq fikir vermək heç də nizama salınmış ağlın xidməti deyil, əksinə, təbiətimdəki nizamsızlığı ört-basdır etmək üçün uydurduğum bir üsuldur. Anladım ki, intizamlılıq heç də mənim üstün cəhətim deyil, yalnız öz əhlikefliyimə göstərdiyim reaksiyadır; səxavətli görünməyim xırdaçılığımı gizlətmək, ehtiyatlı adam kimi tanınmağım pis fikirlərimi pərdələmək üçündür, çünki barışdırıcılıq təbiətimdən irəli gəlmir, hirs-hikkəmin üzə çıxmasından qorxuram, ona görə dəqiqəm ki, başqasının vaxtını nə qədər az qiymətləndirdiyimi bilməsinlər. Və nəhayət, kəşf etdim ki, məhəbbətin ürəyə heç bir dəxli yoxdur, bu – Zodiak bürclərinin işidir.

***

Dünyanı hərəkətə gətirən yenilməz qüvvə heç də sonu xoşbəxtliklə bitən məhəbbət deyil, uğursuz məhəbbətdir

***

– Yanılmayın: dinc dəlilər gələcəyi yaxınlaşdırır.

***

Mübahisəni qızışdırıb, nisgili dəbə mindirdilər.

***

Delqadina, bilirsənmi, şöhrət – səninlə yatmayan, ancaq oyananda başının üstündə dayanıb, sənə baxdığını gördüyün gombul senyordur».

***

«Ayın bədirlənən vaxtı olmasa da, bu gecə dalım yanacaq». «Az sızılda, – o dedi. – Əgər yanırsa, demək, Allaha şükür, hələ dalın var».

***

«Sevgisiz seks – aşiq olmayanlar üçün təsəllidir».

***

«Doxsan yaşında velosipeddə necə xoşbəxt olmalı».

***

Əgər bu dünyada nifrət etdiyim bir şey varsa, o da boyunlarına düşübmüş kimi adamların sevincdən ağladığı bayramlar və iki min il əvvəl miskin tövlədə doğulan körpəyə heç bir dəxli olmayan bütün bu süni işıqlar, mənasız milad nəğmələri, kağız bəzəklərdir

***

Fransız yazıçısı, fransızların özündən çox dünyanın məftun olduğu Sent-Ekzüperinin «Balaca şahzadə»sini ona oxumağa başladım. Oyanmasa da, bu onu maraqlandıran ilk şey idi, ancaq o qədər maraqlandırdı ki, kitabı sona çatdırmaq üçün iki gecə dalbadal gələsi oldum. Biz sonra Perronun «Nağıllar»ını, «Müqəddəs tarix»i, «Min bir gecə»nin uşaqlar üçün işlənmiş variantını oxuduq

***

Gecələrin birində, sanki, səmada gün doğdu: o, ilk dəfə gülümsədi.

***

Bazar günü məqaləmi Nerudadan götürdüyüm «Pişik balaca ev pələngidir?» başlığı lə yazdım. Məqalə növbəti dəfə cəmiyyəti iki yerə, pişiyin tərəfində olanlara və olmayanlara parçaladı. Beş gün sonra qocalığına görə yox, cəmiyyətin sağlamlığı naminə pişiyi öldürməyin tamamilə mümkün olması fikri üstünlük qazandı.

***

«Yaxşı, – Rosa söz verdi, – ancaq jurnalist olduğuna görə sənə heç nə olmaz». «Sənə də, – əsəbiliklə bildirdim. – Sən bu hökumətdə yeri, çəkisi olan yeganə liberal siyasətçisən».

***

«Düymə tikəndə qadın nə barədə fikirləşir?

***

Tam bir həftə ev xələtimi gecə-gündüz əynimdən çıxarmadım, yuyunmadım, üzümü qırxmadım, dişimi təmizləmədim, çünki məhəbbət məni çox gec öyrətmişdi ki, insan kimdən ötrüsə özünü səliqəyə salır, ətirlənir, mənim isə heç kimim olmamışdı.

***

Həmişə elə hesab etmişəm ki, «məhəbbətdən ölmək» ifadəsi şairlərin uydurmasıdır. Ancaq həmin axşam onsuz və pişiksiz evə qayıdanda əmin oldum ki, belə deyil, mən özüm, qoca və tənha adam məhəbbətdən ölürəm.

***

«Nə bədbəxtəm, əgər məhəbbət budursa, bəs əzab nədir».

***

fotoşəkildə həqiqətdə olduğundan daha çox və daha pis qocalırsan.

***

Yubileydə məni öpən katibə xəstə olub-olmamağımla maraqlandı. İnanmaması üçün ona həqiqəti deməkdən xoşbəxtlik duydum: «Məhəbbətdən xəstəyəm».

***

Başa düşdüm ki, onu ayıq və paltarlı vəziyyətdə tanıya bilməyəcəyəm, heç vaxt görmədiyi üçün o da məni tanımayacaq. Onu xatırladan mahnılara qulaq asmamağa, o mahnıları oxumamağa, yada salmamağa çalışıb, çılğınlıq içində üç günə on iki cüt mavi və çəhrayi papış hördüm.

***

Əgər məhəbbət qarşısında belə aciz və gücsüzəmsə, demək, qocayam.

***

Bağda xəstə qadın düz gözümün içinə baxıb qışqırdı:
– Mən – sən axtardığın deyiləm.
Ancaq indi anladım ki, bələdiyyə dəlixanasının xəstələri burada saxlanılır.

***

Təbiətin qüdrəti məni heyran etdi, ancaq süni bəzək-düzək məni sarsıtdı: taxma kirpiklər, gümüşü lak çəkilmiş ayaq və əl dırnaqları, məhəbbətə heç bir dəxli olmayan ucuz ətir.

***

Qısqanclıq həqiqətdən çox bilir

***

Başqaları səni tanıdığı kimi olmağa məhkumsan Yuli Sezara

***

Tək-tənha ölməkdən betər bədbəxtlik yoxdur.

***

İndi geriyə dönüb baxanda yatağımdan gəlib keçmiş minlərlə kişi görürəm, ancaq onlardan ən fağırının belə mənimlə qalması üçün canımı verərdim. Allaha şükür, vaxtında öz çinlimi tapdım. Nə olsun, şeyi çeçələ barmağım boydadır, intəhası, bilirəm ki, təkcə mənimdir».

***

Oyat onu, qorxaqlığına, alçaqlığına görə şeytanın səni mükafatlandırdığı mərətinlə kişiliyini ona sübut et.

***

sevdiyinlə olmaq zövqünü dadmamış ölmə».

***

«Bu anı mən ömrüm boyu arzulamışam», – dedim. «Nə danışırsan! – o təəccübləndi. – Axı sən kimsən?» Mən heç sonra da bilmədim: o, doğrudanmı, hər şeyi unutmuşdu, ya bu onun sonuncu intiqamı idi.

***

O vaxtdan ömrümü illərlə yox, onilliklərlə hesablamağa başladım. Beşinci onillik həlledici oldu – birdən dərk etdim ki, az qala, hamı, məndən balacadır. Ən dolğunu altıncı onillik idi – artıq səhv etməyə vaxtım qalmırdı. Yeddinci onilliyi qorxu içində keçirdim, çünki bu axırıncı on il həm də sonuncu ola bilərdi. Ancaq doxsanilliyimin səhəri sağ-salamat və xoşbəxt halda Delqadinanın yatağında oyananda özümə təskinlik verdim ki, həyat – heç də axıb gedən coşqun Heraklit çayı deyil, doxsan il qovrulduğun ocaqda daha bir doxsan il də o biri böyrün üstə bişmək fürsəti verən möcüzəli bir şeydir.

Tərcümə: Saday Budaqlı

5 (100%) 2 votes

Şərh yaz

Visit Us On TwitterVisit Us On Facebook