Дървен материал от www.emsien3.com

Дървени греди за покрив

İldiko von Kürti “Qəlb titrəyişi”

kko_ildiko_von_kurti_qelb_titreyishiAnnotasiya

“Qəlb titrəyişi” (almanca “Herzsprung”) – Onlar bir-birlərinə yaraşmırlar. Kişi yaxşı vəkildir, qadının isə Hamburqda kafesi var. Kişinin varlığına hələlik həyata keçirə bilmədiyi arzular hakim kəsilib, qadın isə onlardan baş çıxarmağa çalışır. Kişi mebelini sevir, qadın isə problemlərini. Bununla yanaşı onlar bir-birlərini də sevirlər. Ancaq günlərin bir günü hər şey darmadağın olur. Qadın qırıq qəlbi ilə maşına oturub gedir. İndi onu yalnız qisas maraqlandırır.

Karandaşın izi ilə

Mənim pis xasiyyətim, yaxşı qamətim var. Maşını yaxşı saxlaya bilir, ondan da yaxşı “yox” deyə bilirəm.

***

Kişilər elə hey özləri haqda danışanda zəhləm gedir. Onda mən özüm haqda nə vaxt danışım?
Yox, mən heç də diqqətsizlik və heyranlıq çatışmamazlığından o dəqiqə solan anemon gülü deyiləm. Gözlərini geniş açıb, elə “a-a-a” “o-o-o” qışqırırlar ki, sanki yanlarında olimpiya məşəli yandırılıb. Fu-u! Boyum bir metr altmış santimetrdir, amma çoxdandır uzun görünməyə çalışmıram. Hər kəs özünü hansı uzunluqda hiss edirsə, o uzunluqdadır. Başqalarına yuxarıdan aşağıya baxsan, özünü uzun hiss edərsən. Kişiləri isə ümumiyyətlə gərək alçaldasan ki, səni sevsinlər. Məndən niyəsini soruşma. Ancaq bu belədir.

***

Sevgilim məni arvadından boşanacağı ilə hədələyir.

***

Niyə hər eşq macərasından sonra mən zənginləşməliyəm, özüdə təkcə həyat təcrübəsi ilə yox. Bunu heç vaxt başa düşməmişəm. Yəqin bu səbəbdən mən Yeni il və ad günlərindən dərhal sonra ayrılmağa üstünlük verirəm.

***

Gözlərimi açıram və dəqiq bilirəm ki, kiməm. Amma “kim ola bilərdim”i dəqiq bilmirəm.

***

Mənim yaxşı xasiyyətim və pis qamətim var. İndiki dövrdə yaxşı xasiyyətlə yaxşı heç nə əldə etmək olmaz, elə ətli budlarla da. Axırıncı intizam məsələsidir.

***

Gecə ilə gündüz arasındakı o bir neçə dəqiqə ərzində özümü hər şeyə yenidən başlaya biləcək kimi hiss edirdim. Sakitcə durub, əvvəlki həyatımdan sakitcə çıxıb və sakitcə yenisinə başlamaq.
İçimdə yeni şeyə başlamaq arzusu – özümü belə, sanki çəkisizlikdəymişəm kimi iki halda hiss edirəm. Odri Hepbörn “Tiffanidə səhər yeməyi”ndə pəncərə altlığında oturub “Mun river”i oxuyanda:
“There’s such a lot of world to see” (Görüləsi elə çox dünya var ki)
Üzündə kədər. Nyu-Yorkda, gitara ilə, pəncərə altlığında, qamətli, qonşuların “Miss Hollaytli!” şikayətlərinə tüpürən. Pişiyi və lazım olmayan kişini sevmək və hələ bir oxumaq da. Əladır!

***

Günahkar olmadığım halda tez-tez üzr istəyirəm. Saç düzümümə, kövrək dırnaqlarıma, artıq çəkimə görə tez-tez hirslənirəm. Öz fikrimi deməmişdən əvvəl, yüzlərcə başqa fikirlərə qulaq asıram. Əvvəlki günlə müqayisədə heç olmasa üç yüz qram az ağır gələndə həmin günü uğurlu hesab edirəm.

***

Her kəsin bu həyatda tek sayda bir şeyi olmalıdır.

***

Kifayət qədər uzun müddət bir şey səni hirsləndirirsə, əvvəl-axır buna öyrəşirsən.

***

Ən pis cəhətim: sadəlövhlüyümdür. Çalışmağıma baxmayaraq, canıma hopmuş belə cəhətlərin kökünü kəsmək dəhşət çətindir. Buna görə özümə əsəbləşirəm, ancaq həqiqətən başımı tovlamaq çox asandır. Həmişə elə hesab edirəm ki, mənə yalnız düzünü deyirlər. Və indiyə kimi sədaqətə inanıram – təbii ki, özümünkünə yox. Bu artıq başqa mövzudur. Heç vaxt xırdanı saymıram və ömründə hələ mənim kimi füsunkar qadın görmədiyini deyən hər kəsə inanıram. Xasiyyətimin məşum cəhətlərinin bu cür birləşməsi hərdən həyatıma pis təsir göstərir.

***

Sadəlövhlük və kobud əməllərə qarşı qabiliyyətsizlik həyatımın növbəti iki il yarımını aldı. Bu Honko ilə keçirdiyim vaxtlar idi. Düzünə qalsa, onun adı Rüdiger idi, ancaq dəhşət istiqanlı, tərbiyəli və fağır olduğundan hələ məktəb vaxtı ona məşhur manyak qatilin adını vermişdilər.
“Ləqəbim – məndə olan ən pis şeydir”, – o həmişə deyərdi.

***

İyirmi yaşım olmasına baxmayaraq, hələ də başa düşmürdüm ki, itlərinin belə onlara qulaq asmadığı kişilərdən uzaq durmaq lazımdır.

***

O, mənə pedikür edirdi, başımı masaj edirdi və əgər evlənsəydik, hökmən ikili soyad götürər və Rüdiger Mayer-Şturm olardı. Oh!
Pərəstiş etdikləri qadının gözündən oxuduqları hər istəyi yerinə yetirməyə çalışan kişilərə qarşı deyiləm. Ancaq kişi ilə lox, əsl centlmen və necə deyərlər, hovuzkənarı boyu üzən insan arasında nazik bir sərhəd var.

***

Qadını başa düşən kişidən pis heç nə ola bilməz. Ya da beləsi: öz hisslərini nümayiş etdirib, həmişə özündən danışan kişi. Bu qətiyyətsizlik təsiri bağışlayır və münasibətlərin əsaslarını dağıdır.

***

Gəlin düzünü deyək: emosiya qadın işidir. Onu cikinə-bikinə kimi bilirik. Bu bizim sahəmizdir. Sadəcə bu performansın öhdəsindən daha yaxşı gəlirik: əsəbi tutmalar, sınan əşyaların tolazlanması, ağlamaq və həyacanlı gülüş, kişi ilə qadın münasibətlərində məsləhətçi kimi çıxış edən insanlardan sitat gətirmə; ya da vannada oturub hönkürərək Rendi Krouforda qulaq asmaq – bunun üçün həmişə səbəb tapılar.
Kişinin açıq-aşkar nümayiş etdirə biləcəyi yeganə hiss bizə duyduğu məhəbbətdir.

***

Hər şey tamamilə aydındır: yumşaqlıq sərtlik tələb edir. Qadınları başa düşən kişiyə təsərrüfat müdiri, ölüvay kişiyə isə qadın-şef lazımdır.

***

Bu çox utancvericidir. Məncə artıq hamı kişilərin atılmaq istəməyən qadınları atdığına öyrəşib. Bu əsl əzabdır, dramatik ifa olunmuş və hörmətə layiq. Belə şəraitdə özünü necə aparmalı olduğun haqda romanlar və faydalı məsləhətlər kitabları yazılıb. Bu hamının başına gəlib. Bu zaman təsəlli gərəkdir və sən təkcə kədərdən üç həftə ərzində dörd kiloqram kökəlsən, heç kim səni buna görə qınamaz.

***

Əlbəttə, onun məni atdığını bilsəydim, mən onu daha əvvəl atardım!

***

Təəssüf ki, ləyaqətli insan hesab etdiyim kişilərə heç vaxt aşiq olmamışam.

***

Hansı yollasa problemlərimin ətrafında dönüb dolaşıram. Onlar mənim vəfalı yoldaşlarımdır. Məşğuliyyət və danışmağa mövzum olsun deyə qayğıma qalırlar.

***

Yaxşı günlərin növbələşməsinə dözmək çətindir.

***

Əgər dünənki məclisdə öz-özümə gözəl görünmüşəmsə, sizi əmin edirəm, səhər tezdəndən çənəmə sızanaq çıxacaq. Özü də əl dəyməmiş ağrıyanlardan.
Əgər mənasız bir gecədən sonra dinməz-söyləməz və sakitcə mənzili tərk etmək istəyirəmsə, sizi əmin edirəm, evakuatorlar maşınımı aparıblar. Geri qayıtmalı və acizanə şəkildə polisə zəng etmək üçün icazə almalı oluram.
Əgər tez yıxılıb yatıramsa, onda, yüz faiz səhər saatın səsini eşitmirəm.
Əgər gecə spirtli içki içmirəmsə, fərqi yoxdur, səhər başım ağrıyır və yanaqlarım şişir.
Əgər aşiq oluramsa, lazım olmayan adama aşiq oluram.
Əgər məni atırlarsa, məhz, lazım olan adam atır.
Əgər arıqlayıramsa, ancaq mayenin hesabına arıqlayıram.
Əgər mənə CD-player hədiyyə edirlərsə, öz sevincimi bildirirəm, halbuki, dəqiq bilirəm ki, heç vaxt ondan istifadə qaydalarını öyrənə bilməyəcəm.

***

Yanımdan keçəndə o, mənə salam vermir. Bu hərəkətini də mən salamlayıram.

***

Bentenin yoldaşı bütün gecəni bir kəlmə də kəsmədi, amma bununla belə gözəl görünürdü. Pirs Brosnan kimi. Yəqin, xarici görünüşünün yaratdığı yaxşı təəssüratı korlamasın deyə ağzını açmırdı. Belə olduğu təqdirdə, o, kifayət qədər ağıllı adamdır.

***

Bentenin iştirak etdiyi hər yerdə, heç nəyə baxmayaraq, özümü kapitan Jil Sander haqda hekayədəki aborigen kimi hiss edirəm. Ramona Druzun yanında tam əməliyyat olunmamış, Qizella Bündhenin yanında çılpaq, Hans Maqnus Ensensbergin yanında savadsız kimi və s. hiss edirəm. Varlıların və gözəllərin arasında bu gün də sərbəst ola bilmirəm, – yəqin, ona görə ki, əksəriyyət məndən varlı və gözəldir.

***

O, yeganə qadındır ki, ürək edib ərini ata bildi. Baxmayaraq ki, özünün qırx, ərinin isə qırxa yaxın yaşı vardı.

***

Onun peşəsinin qadınları bir-birlərinə qarşı elə də nəzakətli deyillər. Ya rola gör, ya da kişiyə görə saçyolduya çıxırlar. Belə ki, rolum olmadığından, kişimi çox diqqətlə izləməliyəm.

***

Yaşım otuzdan bir az çoxdur, amma məni sekslə məşğul olmaq və ya Hyu Qrantın yeni filminə baxmaq kimi seçim qarşısında qoysalar, hələ fikirləşərəm…

***

O, sizin dalınızca qaçmadı deyə heç geri döndüyünüz olubmu?
Danışmağa bir şey olmadığı halda söhbəti tez-tez gözləmisiniz?
Mənim kimi tez-tez?

***

Yadımdadır, hələ fikirləşmişdim ki, o, növbəti Olimpiya oyunlarında talisman kimi əla görünərdi.

***

Yaxşı, mən onunla darıxırdım və ona xəyanət edirdim. Ancaq bu hələ başqasına onunla darıxmaq və ona xəyanət etmək haqqı vermir.

***

Üçə iyirmi dəqiqə işləmiş aydın oldu ki, mən bu dünyanın ən böyük axmağıyam.

***

Gece yarı havanın temperaturu iyirmi iki dərəcədən yuxarıdırsa, qadın on beş dərəcə temperaturda çıxmadığı hoqqalardan çıxa bilər. İsti hamını səfehləşdirir. Təəccüblü deyil ki, Avropanın cənub ölkələrində ali təhsilli adamlar soyuq ölkələrində, bol yağıntılı regionlarında olanlardan azdır.

***

Gör nə baş verir də. Cəsarətli adamlar etiraz əlaməti olaraq Şprinqer göydələninə “Molotov kokteyli” tullayırlar. Bəs mən? Mən isə uşaqlarıma şücaətlə poçt yeşiyi ilə mübarizə apardığımı danışmalı olacam? Nə var-nə var ora bu gic açıqcanı atmışam. Yox, çox sağ olun.
“Qadın ürəyi dibsiz okean kimi sirlərlə doludur”. Bunu “Titanik”də qoca Roza rolunda çəkilən Qloriya Stüart deyib.
Poçt yeşiyi haqda sirri isə lap dərinlikdə, belə deyək, okean-ürəyimin Marian çökəkliyində dəfn edəcəm.

***

Başqa bir insanın həyatında iz buraxdığını bilmək çox xoşdur.

***

Marlp – şarpeydir, qırışlı it. Əslində onun adı Miss Marpldır. Miss Marplın şərəfinə. Çünki ona oxşayır və ümumiyyətlə odur. Çoxlu-çoxlu qırışlar, davakar xasiyyət və onu ən az gözlədiyin yerdə peyda olma qabiliyyəti.

***

Bütün həyatım ikinci dərəcəli zarafata bənzəyir. Başıma həmişə elə işlər gəlir ki, əgər səhəri gün onları şən kompaniyada danışsam, bu özümə diqqət cəlb etməyin ucuz cəhdi kimi görünəcək.
Təəssüf ki, tez-tez çox şeyi sındırır, ya da korlayıram. Yalnız əşyaları yox. Məzəli sözü, ümidlə başlanan söhbətləri, yaxşı əhval-ruhiyyəni. Təəssüf ki, bunu bilərəkdən eləmirəm, bunun üçün kifayət qədər pis adam deyiləm.

***

Bəziləri hələ indicə doğulublar, ancaq artıq bərbərə getməlidirlər!

***

Orda bir ilə yaxın işləmişdim və hər gün öz-özümdən soruşurdum – niyə?

***

Cənab Zoldemann, təəssüf edirəm, ancaq siz sınaq müddətindən keçə bilmədiniz.

***

Qəti addımlardan xoşum gəlir – təəssüf ki, onlar mənə nadir halda müyəssər olur.

***

Qaranlıqda utananda qızarmaq olar? Ciddi şəkildə bu haqda düşünürdüm. Bu məni başqa bir fikrə gətirib çıxardı: tapdığı tapmamışdan qabaq necə adlandırırlar?

***

İstənilən adamın kəmağıllıq göstəricisi hesab etdiyi mövzuları İboyla müzakirə edə bilərəm. Bir dəfə bütün gecəni söz oyunu oynamaqla keçirdik. Tapşırıq ondan ibarət idi ki, bizə məlum olan bütün təmizləyici vasitələrin adlarını dəyişdirək. “Omo-seksualizm” kimi.

***

İnqeborq deyir ki, onun bu görkəmi ilə ağıllı olmaqdan başqa çarəsi yox imiş.

***

Gözə girən ziyalılığıdır, ona görə kişilərin yetmiş beş faizində o, əvvəl-əvvəl maraq oyatmır.

***

Bilirəm, mənim itim axmaq və eybəcərdir. Ancaq başqalarından fərqli olaraq Marplın məziyyətini müəyyənləşdirə bilmişəm: belə bir itin yanında həmişə yaxşı görünürsən və ətrafdakıların diqqətini cəlb etmədən sakitcə qocala bilərsən.
Səhərlər özün-özünə qorxunc görünürsən? Gözlərinin altı kisələnib?
Alnında sanki vintli yivdən salınmış zolaqlar var?
Dekolten isə quraqlıqdan sonrakı çölü xatırladır?
Başını dik tut, gülümsə, miss Marpla bax. Daha pis gündə olanlar var. Bu Tereza ana ilə yuxudan ayılmaq kimidir. İnqa Meyzel ilə göldə çimmək, İlya Roqovoy ilə saunada olmaq kimidir. Avtomatik olaraq bəxtinə ən yaxşı kart düşür.

***

Yaxşı, boynuma alıram, casusluğa meylliyəm. Və bu həvəsi mənlə bölüşməyən bir nəfər də olsa qadın tanımıram. Bir az qabağa gedib deyim ki, belə bir həvəsin yoxluğu qadın üçün qeyri-təbiidir.
Təsəvvür edin: qadın dostuna göndərilmiş, üstündə əl ilə ürək şəkilləri çəkilmiş açıqcanı oxumur. Bu xəstəlikdir.
Təsəvvür edin: qadın kişisinə faksla göndərilmiş, növbəti həftə keçiriləcək görüş planları ilə maraqlanmır. Şübhəlidir.
Təsəvvür edin: qadın stolun üstündə açılmamış, “şəxsi” nişanlı zərf tapır və onu açıb baxmır. Mobil telefonda “Sizə məlumat var” ifadəsini eşidir və poçtu açmır. Tamamilə qadınsayağı deyil, real deyil.

***

Ərin sənə vəfalıdır? Bu münasibətlə təbrik! Bəlkə, səndən başqa onu heç kim istəmir?

***

Çox şey kişilər üçün “boş şeydir”.

***

– Göz yaşı nəyə gərəkdir? Onu heç sevmirdim də. Ona görə pis oluram ki, mənim üçün heç bir əhəmiyyəti olmayan bir kişi məni aldadıb.
– Sevmirsənsə, deməli, bağışlaya biləcəksən.

***

Həqiqət və gizliliyə münasibət kişi ilə qadını fərqləndirən cəhətdir. Qadınlar aldadılmaq istəyirlər. Kişilər heç vaxt bütün həqiqəti bilmək istəmirlər.

***

Boynuma alıram, elə şeylər var ki, onları yalnız sonralar onlar haqda danışım deyə eləmişəm.

***

Qızlar, gəlin, düzünü deyək: rəfiqələrimizə hər şeyi danışmaq olmasaydı, çox şeyi heç etməzdik.

***

Ancaq heç nəyi dəyişmək olmaz.
Bu mənim həyatımdır.
Bu Hollivud deyil.
Onsuz hər şey kifayət qədər pisdir.

***

Meymunça, bax, sənə deyirəm, qaş almaq maniyaya çevrilə bilər.

***

Onun həqiqətən vacib şeylərə – paltara, boy və çəki indeksinə, kişilərə, qeybətə və imicə – az diqqət yetirdiyini görmək mənə pis təsir bağışlayırdı.

***

Mən çoxdandır “hər şeyi başa düşürəm”. Mənimlə həmişə iş görmək olar. Mən elə təbii, elə ünsiyyətcil, elə mehribanam ki. Necə də axmağam.

***

Bir az əvvəl həyat qaynayan yer kimi heç bir yer mənə boş görünmür.

***

Meymunça, təsəvvür elə: ikimiz də emosional olsaydıq, mebelimiz nə günə düşərdi?

***

– Filipp, – narazı halda dedim, – sən özün haqda çox az danışırsan.
– Nə danışmalıyam? Danışmalı olduğum hər şeyi artıq bilirsən.
Düşünürəm ki, cinslər arası uçurum bununla da izah edilmiş olur.

***

Hər şeyi cikinə-bikinə kimi xəbər verməyə, günün əsas hadisələrini geniş şəkildə müzakirə etməyə, hələ üstəlik onlara şərh verməyə hazır olduğum halda, darıxdırıcı qəzeti oxumaq nəyə lazımdır?

***

Özlərinə çox vaxt ayıran çoxlu kişi və bunu anlayışla qarşılayan çox az qadın tanıyıram. Bu çox vaxt ona gətirib çıxarır ki, kişi özünə sərf etmək istədiyi vaxtı arvadı ilə davaya sərf edir, çünki arvadı bu vaxtı onla keçirməyi tələb edir.

***

Yanımdakı eynilə mənim kimidirsə, bundansa, tək qalmağım yaxşıdır. Əks halda, nəzərə çarpmayacam.

***

Yadımdadır, ayda-ildə bir dəfə hətta acqarına baxmaqdan zövq aldığım kişinin yanında yuxudan ayılıb, çox sevinmiş və təəccüblənmişdim.
Çoxu, əlbəttə yalnız kişilər yox, səhər saatlarında elə də cazibədar görünmür. Belə olduqda ən yaxşısı, əgər sonra da ona səcdə etmək istəyəcəksənsə, dünən səcdə etdiyin adam hamama gedənə kimi gözlərini yummaqdır.

***

Təəssüf ki, kişilərin çoxu – bədbəxt məxluqlar! – elə görünürlər ki, sanki dallarını evdə qoyub çıxıblar. Cins şalvarda olanda, sanki, belləri dərhal ombaya ordan da dizə keçir. Özü də sorğuların nəticələrinə görə qadınların birinci kişinin dalına baxdığını bilə-bilə. Ancaq hərdən elə olur ki, bu baxış boşluğa zillənmiş olur.

***

Adətən hüquqşünaslar darıxdırıcı insanlardır. Onlar tamamilə haqlı olmadıqları halda da haqlı olmağa öyrəşiblər. Bunun üçün heç nəyə baxmayaraq haqlı olduqlarını göstərən görünüş alırlar.

***

Həqiqətən, hüquqşünasa boş şey danışdığını izah etmək çətindir, – özünün yalnız natamam sənətşünaslıq təhsilin varsa, lap çətindir, qeyri-mümkündür.

***

Kişi tənqidi öz əzəmətinə təhqir hesab edir. İmkan ver, özünü tanrı kimi hiss etsin. Və beləliklə, onunla daha heç bir problemin olmayacaq.

***

Rəqs edə bilən kişi cazibədar deyil. Həmçinin hisslərini nümayiş etdirməyə meylli, analarının ad günlərini yadda saxlayan və yaxşı mahnı oxuya bilən kişilər. Belələri heç xoşuma gəlmir. Belələrini tərbiyələndirmək, düzəltmək, danlamaq olmur, özünə hörməti geri qaytarmaq üçün onlara nifrət edə bilmirsən. Eynilə xəyallarımdakı kişiyə oxşayan biri ilə çox darıxardım. Lap çox.

***

Mənə elə gəlir, yoxsa doğrudan da qadınlara baxanda kişilərin problemi qat-qat azdır? Məncə, qadınlar olmasa, kişilərin ümumiyyətlə problemi olmazdı.

***

Kişi olmaq üçün on səbəb:
1. Nəhayət ayaqlarınızı qırxmaya, yalnız sızanaq və qaşınmaya səbəb olan başqa üsullardan istifadə etməyə bilərsiniz.
2. Davanın ortasında ayağa qalxıb, bir saatlığa qaçıb, özünüzə əl gəzdirib qayıdandan sonra şən halda soruşa bilərsiniz: “Hə, əzizim, sən artıq sakitləşmisən?”
3. Davanın ortasında hər hansı bir bara gedib, qabağınıza çıxan ilk qadına nə qədər axmaq olduğunuzu deyə və bu səbəbdən günahkarı kənarda axtarmaq lazım gəldiyini başa düşə bilərsiniz.
4. Hər böyük tədbirdən öncə nə geyinmək barədə şübhəyə düşməyə və buna üç gün qalmış pəhrizə başlamağa son qoya bilərsiniz.
5. Günün gec saatlarına kimi ən yaxın dostunuzla bilyard oynayıb, ona bu gün işinizi itirdiyinizi söyləməyə bilərsiniz.
6. Həmişə haqlı olduğunuzu düşünə bilərsiniz.
7. Həmişə kök olmadığınızı düşünə bilərsiniz.
8. Qadınların ümumiyyətlə ağılsız və anlaşılmaz olduğunu düşünə bilərsiniz.
9. Problemlər haqda danışmaq əvəzinə onları həll edə bilərsiniz.
10. Öz dərd-qəminizi yaymaya, sadəcə gedib bir-iki parç pivə içə bilərsiniz.

***

Kişilər özlərini pis hiss edəndə həmişə kiminləsə yatır. Kişilər Roma papası, ABŞ prezidenti və Daymler-Kraysler zavodlarının sahibi ola bilər.

***

Onun nə dediyini eşidirəm: “Yenə? Dörd saatdan sonra mənə bir də zəng elə. Onda oyanacam, siz isə təzədən birlikdə olacaqsınız”.
Dəstəyi asır.

***

Bu “Romeo və Cülyetta”nın son səhnəsində ayağa qalxıb aktyorlara: – “Ey, millət, düzlən!”, – qışqımağa oxşayır.
Şişirdilmiş hisslərimi ciddi qəbul etməyəndə əsəbiləşirəm. Axı mən əmək sərf edirəm. Belə qabiliyyət göydən havayı düşmür.

***

Sən mənsiz də mənlə yaxşıca dava edə bilərsən.

***

Öz hüquqşünas qəlbinin dərinliyində minnətdardır ki, biri onun həyatına rəng qatır.

***

– Kef elə, məndən əvvəl ağ-qara filmdə yaşayırdın.
– Həm də səssiz filmdə.

***

Kök və qorxaqdır – bizlərdəndir!

***

Kiçik bir qrup – təəssüf ki, onun içində mən də var idim – Mixael Şumaherin arvadının ətrafına toplaşmışdı. O danışırdı ki, əri hərdən, heç bir səbəb olmadan ona gül hədiyyə edir. Yəqin, qələbələrində ona verilənlərdir,- ürəyimdə fikirləşdim, amma ağıllı olub dilə gətirmədim. Əvəzində Korina Şumaherə lətifə danışdım:
“Bir qadın o birinə deyir: “Ərim mənə gül verib. Yenə gecə ayaqlarımı aralamalı olacam”.
O biri soruşur: “Niyə? Məgər vazan yoxdur?””

***

Kişiylə qeybət etmək olmur, ələlxüsus, o başqa kişilərin əhatəsindədirsə. Bu halda o, qeybəti özünə layiq bilmir. O, ümumiyyətlə həmişə onu əhatə edən dünyada nəyisə özünə layiq bilmir.

***

Marpl itimin mükafat alan itlərdən daha yaxşı göründüyünü deyəndə.
Məni qucaqlayıb, -meymunça, yenə hamını öz təbiiliyinlə heyran etdin -,deyəndə.
Gülümsəyib, -hm, təbiiliyə hələ özüm öyrəşməliyəm, -deyə fikirləşəndə.

***

Biz Maykl Ceksonu hələ normal dəri rəngində, sağ ikən görmüşük.

***

Bəlkə birinci reyslə cənuba uçum? Çünki adam bədbəxt olanda günəşdə qaralmağı daha məsləhətdir.

***

İyirmi kilometrlik ağrı-acıdan, əzabdan sonra radioda “Oldies but Goldies”-i tutdum, fatihəm artıq oxunmuşdu:
“Yesterday
All my troubles seemed so far away
Now it seems as though they’re here to stay
Oh I believe – in yesterday”.
Yesterday bitdi. Bu gün bu gündür. Bu gün isə zibil gündür.

***

O, bayramlarda homoseksual kimi geyinmiş heteroseksuala oxşayır.

***

Mən dəli deyiləm, sadəcə qırx ilə yaxındır ki, heç kefim yoxdur.

***

“Sən yatarkən”də Sandra Ballok çarpayının kənarında oturub, bu sözləri – “Həyatında bütün gecəni komada olan kişiylə danışacaq qədər tənha olmusanmı?”, – dediyi səhnəyə baxanda ürəyim ağrıyır.

***

Filipp qayıdanda belə qərara gəldi ki, rəfiqələrim məni xəbərdar etmədən hamilə qalıb ərə gediblər.

***

Köhnə filmlərə baxdığımda artıq başlanğıc titrlərdə hönkürməyə başlayıram…

***

Mən gələndən o bir dənə də sual vermədi. Tənbeh də etmədi. Bu nə dostdur!

***

Canım-gözüm, nə olub, olub, heç vecimə də deyil, sənə lazım olan şey yeni saç düzümüdür.

***

Tutuquşuma ona görə İkar adı verdim ki, məktəbdə İkar haqda, günəşə yaxınlaşanda qanadlarını yandırmağı haqda əfsanə keçirdik. Mənim İkarım bir gecə qəfəsindən çıxdı və uşaq otağındakı qızdırıcıya düşdü. Ütülmüş lələk iyi məni yuxudan ayıltdı, – təəssüf ki, çox gec idi. Bu hadisədən sonra uzun müddət özümü günahkar kimi hiss etdim. Öz-özümdən soruşurdum ki, onu belə adlandırmaqla taleyinə neqativ təsir göstərməmişəm ki? Nomen est omen.

***

İndi kimsə xətrimə dəyəndə qışqırıram. Atamla bütün davalarına qonşuları cəlb edən anamdan keçmə xasiyyətdir.
Bizim evdən solda yaşayan Röben xanım anamı, baxın görün, nəyin üstündə danlayırdı: anam atamla dalaşanda anamın cavabları demək olar ki eşidilmir. Məgər anam başa düşmür ki, dava-dalaş vaxtı sözlərin yalnız yarısını eşitmək adamı necə əsəbləşdirir?

***

Dostlar nəyə lazımdır? Bircə tənqid etmək üçün yox. Özü də əlbət ki, belə emosional-ekstremal anda.

***

Siqaret çəkdikcə, başgicəllənməm daha da artır və mən tam ciddi şəkildə fikirləşirəm ki, görəsən məni bu cır-cındırda ən yaxşı kim oynaya bilər. Xaricilərdən, yəqin ki, Culiya Roberts. Bəlkə Kemeron Dias da.

***

Kemeron Dias şikayət edirdi ki, sevgilisi ilə sekslə az məşğul olur. O saat rahatladım. Təsəvvür et: sən Kemeron Diassan və ayda bir dəfə sekslə məşğul olursan. Sonra Kemeron Dias olmadığını nəzərə alsaq, özünü qat-qat yaxşı hiss edirsən.

***

Burginin ekran təcəssümü üçün xaricilərdən birmənalı şəkildə Rupert Everet uyğun gəlir. Çox uyğundur! Çox, əsas da “Ən yaxın dostumun toyu”nda “Mənim adım Bonddur. Ceyn Bond” dediyi səhnədə.

***

İlahi, pərvərdigara! “Həyatım” adlanan bu çirkin komediyaya necə olub ki, düşmüşəm?

***

Təəssüf ki, günahı birinci özlərində axtaran qadınlardanam. Pro7 kanalında hava proqnozunu səsləndirsəydim, yəqin ki, aşağı təzyiq müşahidə olunan hər sahəyə görə üzr istəyərdim.

***

Məgər qadınlarda kişilərə nisbətən, bağışlayın, xromosom çoxdur?

***

Qadınların səhvi ondadır ki, onlar özlərini günahkar hiss edirlər. Kişilərin səhvi ondadır ki, onlar özlərini günahkar hiss etmirlər.
Əminəm ki, valideynlər qızlarına “bağışlayın”, “üzr istəyirəm”, “mənə görə oldu” sözlərini söyləməyə qadağa qoysalar, dünya inqilabi yolla yaxşılığa doğru dəyişiləcək.

***

Danılmaz həqiqətlərimdən biri budur: qeyri-adi şey yalnız qeyri-adi insanların əynində qeyri-adi görünür!

***

Prinsipcə BMW sürənlərdən zəhləm gedir. Adətən, öz vərdiş və xasiyyətlərini düzəltmək əvəzinə, maşınlarına külli miqdarda vəsait ayırırlar. Şəxsi statistikama əsasən, BMW-ni ən çox özlərini rahat və əmin hiss etmək üçün məsafə saxlamayan, sağdan ötüb keçən və qoca qadınlara özlərindən də qoca amma yaxşı qalmış Volkswagen Pololarını saxlamağa maneçilik törədən kişilər sürür.

***

Sükan arxasındakı qadından çox şey gözləmirəm. Düzünü desəm, sükan arxasındakı qadından yaxşı heç nə gözləmirəm.

***

Maşını saxlamağa korlar kimi yer axtarırlar. Qətiyyən dönməyə hazırlaşmadıqları halda uzun müddət döngə siqnalını basırlar. Üstündə ikidən çox yazı olan hər yol nişanının qarşısında sürəti azaldırlar. Dumanda o saat dayanmaq qərarına gəlirlər. Görüşünüz varsa və dar küçədə qabağınıza arxaya verə-verə tamamilə boş yerdə maşınını saxlamaq istəyən qadın düşübsə, yaxşısı budur ki, görüşünüzü təxirə salın.

***

Kişilər bədbəxt hadisəyə ona görə səbəb olurlar ki, özlərinə həddindən artıq çox qiymət verirlər, qadınlar ona görə səbəb olurlar ki, lazımi qiymət vermirlər.

***

Nəzəriyyəmə əsasən, burda da həyatdakı kimidir: kişilər qadınların davranış və reaksiyalarını pis başa düşür və qabaqcadan nə edəcəklərini bilmirlər. Bu küçə hərəkəti və eləcə də insan münasibətləri üçün də keçərlidir. Qadın sola dönmə siqnalı verirsə, kişi həqiqətən elə bilir ki, o, sola dönəcək. “Sənə nə olub?” sualına qadın “Heç, nədir ki?” deyə cavab verirsə, kişi həqiqətən elə fikirləşir ki, heç nə olmayıb.
Minilliklər boyu ana təbiətin qoynunda yan-yana yaşayırıq, erkəklər isə hələ də gözləyirlər ki, dişilər nə istədiklərini açıb deyəcəklər. Bu isə onların intellektini yaxşı xarakterizə etmir.

***

Qəzəb məhsuldar emosiyadır. Qəzəb səni enerjidən azad edir, cəld və qərarlı edir. Qəzəbli insan əzab çəkmir. Kədər passiv emosiyadir, sən ləng və qətiyyətsiz olursan.

***

Filipp fon Bülov hələ iş axtardığı vaxt müsahibədə “Hansı vəzifəni tutmaq istərdiniz?” sualına həmişə “Sizin direktorun vəzifəsini” deyə cavab verərmiş.

***

Yumor hissinin olması mənim zarafatlarıma ürəkdən gülmək deməkdir.

***

Baltik dənizini sevirəm. O, həmişə onu gözlədiyin, axırıncı dəfə qoyduğun yerdədir. O, etibarlı və zərifdir. Möcüzəvi Şimal dənizi kimi deyil. Adını vaxtında unutduğum kişi ilə S.Peter-Ordinqdə səyahətimizi həvəssiz xatırlayıram. Bir o yadımdadır ki, sevincdən şalvarımı çırmalayıb qum təpələrinə doğru qaçaraq, – “Dəniz! Dəniz!” – deyə qışqırırdım.
Bəli, dənizdə çəkilmə idi. Bir kilometr qaçıb ilk duzlu gölməçəyə çatdıq, daha bir kilometr və dənizə çatdıq. Yox, belə dəyişkən suları sevmirəm. Ümumiyyətlə, sürprizləri sevmirəm, təbii olsa belə.
Məncə Şimal dənizi nadinc və şıltaq qız uşağıdır, baş ağrısından əziyyət çəkən primadonnadır, Marlen Ditrix kritik günlərdə olan kimidir.

***

Şimal dənizi maşını yaxşı saxlaya bilən qadın olardı, daha yaxşısı isə “yox” deyə bilən, yaxşı qamətli və pis xasiyyətli qadın. Şimal dənizi mənim xoşuma gəlmir. Ondan qorxuram. Ah, elə istəyərdim, onun kimi olum.

***

Brokhauz deyiləm, ancaq Macarıstanı Balkanlara aid edən adam mənim iltifatıma ümid etməsin.

***

İş orasındadır ki, nə adlar, nə telefon nömrələri, nə üzlər yadımda qalır, ancaq bir dəfə qulaq asdığım istənilən axmaq mahnının sözləri yadımdadır. Hətta başa düşmədiyim dildə olan mahnıların sözlərini də əzbərə bilirəm.

***

Qarmaqarışıq mətnləri yadda saxlaya bilərəm, amma necə deyərlər, yaddaşla işlər fırıqdır. Bu səbəbdən hər ziyafətdə və ya seçmə tədbirlərdə mənə elə gəlir ki, bir sürü adamla tanış olmuşam.

***

Özü də uşaqlarına roman personajlarının adını qoyması heç xoşuma gəlmədi. Əkizlərə, Demian və Qoldmunda görə Herman Hesse, iki yaşlı qızı Malinaya görə İnqeborq Bahmann məsuliyyət daşıyır.

***

Yəqin arxa planda ildırım olmalı idi, ancaq elə səs gəlirdi ki, sanki unitazda su buraxılırdı. Bu bu gün “Ağ akula”ya baxmağa oxşayır: çox gülməlidir.

***

Keçmişim daha çoxdur. Gələcəyim isə əksinə.

***

Uğruna fotoalbomlar saxlamaq lazım gələn məhəbbətdən imtina etməzdim. Qırmızı dəridən üz qabığı olan, üstündə qızılı hərflərlə illər yazılmış qalın albomlar.
Gülən üzlərin şəkilləri, albomdan alboma qırışları artan, ancaq şən olaraq qalan üzlərin. Birlikdə səliqəyə saldığımız mənzillərin, yeni yuvaların, guşələrin şəkilləri. Məhəbbətin şəkilləri. Dəyişən məhəbbətin. Bitməyən məhəbbətin. Albomlarla dolu böyük bir stellaj. Məhəbbətlə dolu. Qarşılıqlı məhəbbətlə.

***

– Heç nəyi buraxma, heç nəyi şişirtmə, faktları öz xeyrinə təhrif etmə. Sadəcə hər şeyi olduğu kimi danış – nə olub?

İboyla danışanda dəqiq bilirəm ki, onu rəhmə gətirmək üçün ağlamağıma, fəryad etməyimə ehtiyac yoxdur. Bu ona heç təsir etmir, nə qəlbində mərhəmət baş qaldırır, nə də həmrəylik. Fikrini bildirmək və hökm çıxarmaq üçün onu yalnız faktlar maraqlandırır.

***

Bilirsiniz, üçgünlük saqqalı ilə Filippim Nevada səhralarında uzun müddət at çapan Klint İstvuda oxşayır: cəsarətli, qoçaq, susuzluqdan əziyyət çəkən.

***

Bilmirəm, qısqanclıq pis keyfiyyətdir? Şəxsən mən qısqanclığa səbəb olmayanda onu normal qəbul edirəm.

***

Ədəbsiz görünmək istəməzdim, ancaq, məncə, mənim “qısqanclıq və hər şeyi daha pis necə etməli” mövzusunda xüsusi qabiliyyətim var.

***

Hələ də bilmirəm ki, hansına daha rahat dözmək olar: sevgilinizin sizə xəyanət edərkən yaxşı yoxsa pis zövq nümayiş etməsinə.

***

Prinsipə görə yox, daha doğrusu, utancaq olduğumdan xəyanət etmirəm – hərçənd, nəticə yekunda onsuz da eyni şey olur.

***

Özünü kişi kimi, yəni hissiyatsız qadın kimi, üstəlik pis xasiyyətli qadın kimi aparmağı öyrənmək. Aldatmaq, istifadə etmək və – bay-bay.

***

Onun heç nədən xəbəri yoxdur – deməli, vicdan əzabı da çəkmir. O bilmir ki, mən hər şeyi bilirəm. O bilmir ki, telefonunda mesaja qulaq asıb, sonra da onu silmişəm. Nəzəri cəhətdən bilir ki, onu tərk etməyə səbəbim var, ancaq bilmir ki, bu səbəb mənə bəllidir.

***

Əmin idim ki, bu kişi mənlikdir. Tam əmin idim. On səkkiz yaşım tamam olanda birinci dəfə kazinoya girib, on səkkiz ədədinə yüz marka qoyanda əmin olduğum kimi. Romantikaya son qoymaq lazımdır. Nəticədə o yüz markanı uduzmuşdum.

***

Bəlkə beynimə yeritmişəm? Nə olsun ki? İndiyə kimi maraqlanmayıbsa, tezliklə maraqlanacaq. Şübhələr dövrü keçdi.

***

Xoşbəxtlikdən əynimə döşü vizual böyüdən lifçik geyinmişəm. Nobel mükafatına layiq ixtira. Bunu on il bundan qabaq suya girəndə tamam yastı görünən bütün qadınlar təsdiq edə bilir.

***

Xoş gəlmək istədiyimiz adamın bizi izlədiyini bilmək yaxşı olmazdımı?
Onda burnumuzu eşələməz, həmişə burun dəsmalından istifadə edərdik.
Onda birdən qələbəlik küçəyə çıxıb, bütün nəqliyyatı dayanmağa məcbur edən qadını ən axırıncı sözlərlə söyməzdik.
Onda insanların dalınca pis danışmaz, RTL2 kanalından daha çox incəsənət haqda verilişlərə baxardıq.
Onda supermarketin düz kassası önündə balaca uşaqlar ərzaq dolu arabamızı çevirsəydi, ya da yıxılmamaqdan yana şokoladlı əlləri ilə dəri şalvarımızdan yapışsaydılar, mehribancasına gülərdik.
Onda kitab mağazasında bizə əvvəllər kompyuter haqda kitab sifarişi etməyən praktikant qız xidmət göstərsəydi, səbrimizi basardıq.
Onda özümüzü ruhdan düşməyə qoymazdıq. Müntəzəm surətdə çivzələrdən canımızı qurtarar, dərimizi ölü hüceyrələrdən təmizləyər, dırnaqlarımızı yeməz və təzə yer eləmiş sızanağı qurdalamazdıq.
Onda zibili vaxtında atardıq.
Hə, bizə göz qoyulduğunu hiss etsəydik, bu dünya daha yaxşı olardı.

***

Tamaşaçısız aktrisa. Güzgüsüz bəzənirəm. Dinləyicisiz oxuyuram.
Musiqisiz rəqs edirəm.
Sevincsiz gülürəm.
Alqışsız baş əyirəm.
Kişisiz qadın.
Bədbəxtəm.
Təbiiyəm.
Əlacım nədir ki?

***

Həyat niyə belə ədalətsizdir? Onsuz da hər şeyi yaxşı olana iltifat yağdırır, tamam poxun içində olanlara qarşı isə mərhəmətsizdir?

***

Yunqun, Freydin və Adlerin davamçılarına yalan danışırıq.

***

Həmişə məsləhət almaq istəyirik. Həmişə bizim əvəzimizdən problemimizi həll edəcək insan axtarırıq.
Dostlarım! Mənim sizə qəti məsləhətim: problemləriniz haqda heç nə danışmayın. Onlardan uzaqlaşın. Başınızın ən uzaq küncünə atın ki, uzunmüddətli diqqətsizlikdən təhqir olunmuş halda geriyə dönsün. Onlar sizə ziyan vurmağa çalışacaqlar, amma siz onlara fikir verməyəcəksiniz, çünki başqa işlərlə məşğul olacaqsınız. Ona tərəf heç kimin çevrilib baxmadığını görən, arxa partada oturan sinif təlxəyi kimi problemləriniz də bir gün darıxdığından öz-özünə həll olacaq. Bəli, bu mənim nəzəriyyəmdir.
Kişilər fikirlərini başqa yerə yönəltməkdə ustadırlar. Onlar həmişə nə iləsə məşğul olduqlarından heç hiss etmirlər ki, problemləri var. Birdən başlarının tükünün töküldüyünü görəndə, tez skvoş oynamağa, ordan da pivə içməyə gedirlər. Ömrü boyu sevdikləri qadın onları tərk edəndə, onlar başqası ilə, heç olmasa döşləri böyük olan biri ilə yatırlar. Özlərini tənha hiss edəndə yenə pivə içməyə gedirlər. Kədərlidirlərsə, çox insanın eybəcər şəkildə öldüyü səhnələrlə bol olan filmə baxırlar – bu onları əyləndirir. Sonra yenə pivələnməyə.

***

Bəs sabah? Sabah mənim ad günümdür. Oyanış – hələ yata bilsəm – dəhşət olacaq.

***

Əla. Ətrafım bütün Silt kurortunun açıqcasıdır, içim isə Rumıniyanın hansısa sənaye rayonunda yağmurlu noyabr günü.

***

Kim depressiyama mane olur? Kim cürət edib pis əhval-ruhiyyəmi poza bilir?

***

O elə görünür ki, sanki həyatı boyu başına gələn ən böyük qəza BMW-sinin işlənmiş borusundakı dəlik olub.

***

Məsələn, mənim dişlərim sağlamdır. Çünki uşaq vaxtı yatmamışdan əvvəl yalandan dişlərimi təmizlədiyimi demirdim.

***

Səhv başa düşülməmək yana, əlbəttə ki, həmişə yalan danışıram.

***

Mənim sahəm qorxaq, rahat, ancaq heç nəyə baxmayaraq insani cəhətdən qiymətli yalandır.

***

Düzünü desəm, İbonun görünüşü məni qətiyyən narahat etmir. O bunu diqqətsizlik əlaməti kimi görür, mən isə əsl dostluq. Saç düzümü, köklüyü, dəlisov zövqü, açıq-mavi göz kölgəsi – o elə çoxdan dəbdə idi ki, deyəsən, təzdən dəbə gələcək – vecimə deyil.

***

Həmsöhbətinizin yumoru uğurlu ziyafət üçün zəruridir.

***

Niyə həyatım sevimli filmlərimə oxşaya bilməz? Məsələn, xoşbəxt sonluqla bitənlərə?

***

Sellüliti olan qadınla seksi necə adlandırmaq olar? Dalğalar boyu üzmək.

***

Öz yaşını kişi ilə eyni mahnını, bu vaxt sən 1987-ci ildəki orijinal ifanı, o isə 2000-ci ildəki remeyki xatırlayan zaman hiss edirsən.

***

Özüm haqda neçə lətifə ilə başqalarını zənginləşdirmişəm?

***

Birinci cinsi əlaqədən sonra partnyorum bununla həmişə kapron corab geyinmiş halda məşğul olduğumu soruşdu. O vaxtdan ayaqlarımı qırxıram.

***

Oliverlə bir müddət çimərlikdə uzandıq. Necə də xoşdur…İnsanlar sekslə məşğul olmaq istəyir, ancaq yaxşı davranış qaydaları məcbur edir ki, bir az gözləsinlər.

***

Deyəsən göy qübbəsi də alətlərlə dolu yeşik, mühərriklər və kartinqlərdə baş tutan yarışlar kimi kişi fəalliyyətinə aiddir. Rolların klassik paylanmasında özünü yaxşı aparsan, iş bu müqəddəs əşyalara gəldikdə kişilərdə xoş bir hiss yaranır ki, onlarsız hər şey məhv olardı.

***

Əvvəl erkəklər nizədişli pələngləri öldürürdülər, bu gün isə dişilərə Böyük Ayı bürcünün yerini göstərirlər. Zəmanə dəyişib, məzmun eynidir.

***

Sevgilim məni elə çox sevir ki, zəif cəhətlərimi də məhəbbətə layiq bilir və bu mənim xoşuma gəlir.

***

Qadın instinkti mənə deyir ki, incə yarı həqiqətlə kifayətlənim. Əllinin əlliyə. Ancaq bu da tərəqqidir.

***

Oğlan səhv heç nə etmirdi. Amma heç düzünü də etmirdi.

***

Biz uşaq planlaşdırmırdıq. Hələlik yox. Filipp bundan yana çox tədbirli idi, mən isə çox ağılsız. Hər iki keyfiyyət vəliəhd üçün maneə idi.

***

Yuxarıda qeyd etdiyim uşaqlıq dostum Kati uşaqlarını böyüdə-böyüdə ərinə xəyanət etməyə vaxt da tapırdı. Nümunə götürüləsi insan.

***

Hər qadına məsləhət verərdim ki, dayə tutsunlar. Ancaq Skandinaviyalı olmasın. Onlar sarışın, hər şeyə hazır olurlar, ailə bağlarını dağıdırlar. Şəxsən mən yetkin ingilis qadınını işə götürərdim. Böyük Britaniyadan olan qızlar ya Sara Fergüsona, ya da kraliçaya oxşayırlar. Adətən, belə qadınlara görə isə ailəni atmırlar.

***

Həyatımın əhəmiyyətli, qərarlı, sonradan dəqiq nə dediyimi xatırlaya bilmədiyim anlar – ən çox belə anlardan zəhləm gedir.

***

Təlimatları həmişə çaşdırıram. Çox vaxt onlara gözucu baxıram, sonra isə həmişə məni pis vəziyyətdə qoyan intuisiyama arxalanıram. Əsas da orfoqrafiya qaydaları, kişi psixologiyası və ya tekniki nailiyyətlərdən olan mobil telefonda internet, DVD-pleyer, ISDN sistemli avadanlıqlarla bağlı təlimatlarda. Nəticədə hansının istifadəsi daha çətindir: kişinin yoxsa CD-brennerin? Bilmirəm. Hər ikisində naşıyam, məndə bir neçə işlək standart funksiyalar çatışmır.

***

Köhnə centlmen məktəbi. Yəqin beləsi xanımı təsadüfən hamamında lüt yaxalasa, belə deyər: “Excuse me, Sir!”

***

– Filipp, – hərdən səhərlər hamama gedəndə onu hirsləndirirəm, – sən dişlərini nadir halda nümayiş etdirdiyin üçün onları təmizləməyə ehtiyac yoxdur.

***

Qəlb rahatlığımı, çoxlu plitka şokoladı, divan əvəzində trenajorda keçirdiyim, həzz aldığım nahar sonrası istirahəti nəzərə almasaq, heç vaxt kişiyə görə heç nədən imtina etmərəm.

***

Öz yaş əlamətlərimlə daha cavanını tapa bilməyəcəyimə əmin olduqda – yalnız onda – sənin yaş əlamətlərinlə barışacam.

***

Qadın bütün axmaq suallarına həmişə dürüst cavab almaq təhlükəsi ilə qarşılaşsaydı, hara gedib çıxardıq? Bəşəriyyət məhv olardı. Həqiqətən.

***

Əbədi məhəbbət haqda xülyalarıma, bərpaedici kremlərin həqiqiliyinə və telereklamların doğruluğuna inanmaq istəyirdim.

***

Yaraşıqlı bir neçə kişi üstümə atılmadı, bu da məni kədərləndirdi, ancaq şəxsi ləyaqət hissimin daha var olmaması ucbatından elə də toxunmadı.

***

O, şövqlə Qloriya Qeynorun mahnısının sədaları altında rəqs edirdi. Bütün əzab çəkən qadınlar bu mahnıda rəqs etməyi sevir. Ən möhkəmdən oxuyanlar isə ən bədbəxtləridir. Mən rəqs etmirdim, amma burnumun altında sakitcə züy tuturdum:
“Oh no not I
I will survive!
Oh as long as I know how to love
I know I ll stay alive”.

***

Adı yadda qalmayan, soyadı ərininki olan qadın.

***

Problemin klassik, sınanmış üsulla – şərab, rəfiqə və mahnı oxumaq – aradan qaldırılması üçün evə gedirəm.

***

– İndiyə kimi dərd çəkirsən? On il keçdikdən sonra? Doğrudanmı o belə məhəbbətə layiqdir?
– Yox əşi, üç aydan sonra özümə başqasını, ondan, o Ludgerdən qat-qat yaxşısını tapmışdım. Ancaq mənlə pis rəftar edənlər cəzaya layiqdirlər. Həm də bu artıq vərdişə çevrilib. Sanki pasxal şamları yandırırsan, ya da yeni il bəzəkləri asırsan. Hər il gəlib yumurta atıram.

***

Hamının düşmən kimi görmək istəmədiyi adam olmaq heç də pis olmazdı.

***

Barmağında üzük ola-ola mazağlaşan kişi qədər gözümdən heç nə düşə bilməz.

***

Çoxuna yaxşı təsir bağışladım, çünki heç kimə yaxşı təsir bağışlamaq istəmirdim.

***

Сердце, сердце, сбрось оковы
И оставь свою печаль.
Что зима взяла – не жаль:
Все с весной вернется снова.
Нет, не все, еще пропало!
Как прекрасен мир вокруг!
Ты полюбишь вновь, мой друг,
То, что ты любить желало!

***

Hər ikisində hamam xalatı olduğundan qadın kişinin geyim tərzini müəyyən edə bilməmişdi. Əks halda onun daxili xəbərdarlıq sistemi işləyərdi. Daha sonra Konradın badımcan rəngli köynəklərə və kovboy çəkmələrinə xoşagəlməz meylini görəndə isə çox gec idi.

***

Düzünü desək, istisna hal kimi tərbiyəli olmaq axmaqlıqdır.

***

Elə olur ki, insanlar bir-birinə uyğun gəlmir, və bundan heç kimin günahı yoxdur.

***

Sən ki kişini-olduğu-kimi-qəbul-etməmək məsələlərində ekspertsən!

***

Bir-birini dəlicəsinə sevən cütlüklər var, ancaq birlikdə ola bilmirlər. Çünki biri pəncərə açıq olanda yata bilmir, biri bağlı. Hərdən kompromiss əldə etmək qeyri-mümkündür. Pəncərə ya açıqdır, ya bağlı.

***

Elə bu dəm ağlıma tənha qalmaq üçün keçərli bir səbəb gəlir: hər dəfə tualetə gedəndə bəhanə axtarmayacaqsan.

***

Dostlar, başa düşün: biz onları dinc qoya bilmərik, çünki dincliyin necə ziyan olduğunu bilirik.

***

Hərdən öz-özümdən soruşuram ki, kişi ilə qadın bir-birini başa düşməyi öyrənsəydi, həyatımız necə olardı, cəmiyyətimiz necə dəyişərdi. İşsizlik sürətlə artardı. Bütün ailə psixoloqları və cinsi münasibətlər haqda kitab müəllifləri sənətlərini dəyişməli olardılar. Bir çox qadın təşkilatları maraqlı mövzu olmadığından dağılardı. “Telekom” şirkəti iflasa uğrayardı. Alkoqol və siqaret qəbulu kəskin azalardı. Gülçülər və zərgərlər əllifaizlik ziyana düşərdilər. Barışmaq üçün nə gülə, nə də bəzək əşyasına ehtiyac olmazdı. Çünki dalaşmayan heç barışmır da. Ən birinci isə arıqlamaq üçün həbləri, mənasız içkiləri, kitabları, qarşılıqlı yardım qrupları və piy əritmək üçün cihazları ilə birgə pəhriz sənayesi dağılardı. Çünki qadınlar başa düşəcəkdilər ki, kişilər arıq qadınlar üçün ölsələr də, köklərlə evlənirlər.
Bir-birimizi başa düşərdik – danışmağa mövzu da olmazdı.
Cürət edib, tezis irəli sürürəm: qadınla kişi bir-birini başa düşsə, həyat marağını itirər, cəmiyyətimiz özünü məhvə məhkum edərdi. Ancaq, hələ ki bəşəriyyət ikiyə bölünür -axtaranlar və tapdıqları ilə əzab çəkənlər – dünya fırlanacaq. Yalnız buna görə, dostlarım, yalnız buna görə, dünya fırlanır.

***

Belə, nə onunla, nə onun uğurları ilə zərrə qədər də maraqlanmıram, buna baxmayaraq, bu axşam hansı kostyumu geyəcəyini bilmək istərdim.

***

Gəlin düzünü deyək: təhlükəsiz olduğunu bildikləri üçün səninlə iş görmək istəyirlər. Ya da onlardan kök olduğunçün. Ya da direktorunun sənin dalınca pis danışdığı üçün. Ya da səndən başqa hamı ərinin xəyanətindən xəbərdar olduğu üçün. Ona görə başqalarına xoş gəlirsən ki, səndən üstün olduqlarını hiss edirlər. Hələ toxuculuq fabrikində işlədiyim vaxt qeybətimi etmədikləri üçün iş yoldaşlarıma çox əsəbiləşirdim. Heç vaxt haqqımda sonradan təkzib etməli olduğum nə bir şayiə, nə də iyrənc söhbətlər olardı. Bunu məziyyətlərimə təhqir kimi qəbul edirdim. Yalnız bir dəfə anbara yığma şöbəsindən olan iş yoldaşımın məni lovğa ifritə adlandırdığını eşitmişdim. Bu uzun müddət heysiyyətimi oxşadı.

***

Daxili gözəllik kimə maraqlıdır? Bizi ki rentgen şüalarından keçirmirlər!

***

Sözün düzünə qalsa, özümdən xoşum gəlir. Ancaq bu sevindirmir, daha çox əzab verir. Nə olsun ki? Heç nəyə baxmayaraq xoşuma gələn, xoş gəlmək istədiyim adamın xoşuna gəlmirəm.

***

Əslində, həmişə elə fikirləşmişəm ki, dolanbac yol taktikası ilə insan heç bir taktika olmadan da gedib çıxacağı yerə çıxardı. Amma daha tez.

***

Kədər kədərlənən üçün ziyandır. Qəzəb isə ünvanlandığı adama.

***

Sənə xəyanət olunduğunu öyrənmək çox pisdir. Ancaq bu hadisəni geniş ictimaiyyətlə paylaşmaq tamam başqa şeydir. Günahı təmizlənməli rüsvayçılıqdır.

***

Oxumuşdum, Amerikada qəribə qanunlar var. Tennesi ştatında, Memfisdə qadın yalnız o halda maşın sürə bilər ki, maşının qabağı ilə əlində qırmızı bayraq təhlükəni xəbərdarlıq edən kişi qaçsın. Belə hesab edirəm ki, bu qanun Almaniyada da qüvvəyə minməlidir.

***

Ancaq qadının həyatında elə şeylər var ki, rəfiqələri onun əleyhinə olsa belə, onları mütləq eləməlidir.

***

İllər uzunu yayılmayan kiprik tuşu axtarmışam. Onu tapan kimi – “Oil of Olaz”dan qara rəngli – şirkət iflasa uğradı və məşəqqətim yenidən başladı.

***

Çoxsaylı kosmetik məhsullar hər qadının gününü göy əskiyə bükür.

***

Amma onun pinsetlə problemi var, çünki məncə onun qaşları nümunəvi deyil. Neyləmək olar, hərə öz yükünü daşıyır. Və bu ədalətlidir.

***

Hər halda o, məndən hündür deyil. Bu onu xoşagəlimli edir. Ancaq, ola bilsin ki, o, məndən ağıllıdır. Bu onu eybəcər edir. Gözəl görünən və siyasətçilərlə söhbət edə bilən qadınlar məni qorxuzur. Onların yanında özümü rahat hiss etmirəm, onlar mənə ingilis dilini təkmilləşdirmə kurslarını qurtarmaq və hər gün “Frankfurter Alqemayne Zaytung” qəzetində felyeton oxumaq istəyimi yadıma salırlar. Tez-tez qərara gəlirəm ki, axşam təhsilimlə məşğul olacam. Tərs kimi televizorda həmin axşam mütləq nəsə yaxşı şey verirlər.

***

– Bente ilə mənə xəyanət etmisən?
– Əlbəttə yox.
– Niyə yox?

Tərcümə: Lamiyə Göycəyeva

4.5 (90%) 2 votes

Şərh yaz

error: Content is protected !!
Visit Us On TwitterVisit Us On FacebookVisit Us On YoutubeVisit Us On Instagram